PREZİDENT HEYDƏR ƏLİYEVİN YUBİLEYİNƏ VƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS

 

Mayın 31-də İzmir şəhərinin “Hilton” mehmanxanasının “Barbaros Paşa” salonunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi konfransda 30 xarici dövlətdən 120- dən çox nümayəndə iştirak edirdi.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konfransı giriş sözü ilə açaraq dedi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyat yolu, onun möhtəşəm siyasi fəaliyyəti xalqa, vətənə, dövlətə şərəfli xidmət nümunəsi kimi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Onun Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövr ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin çiçəklənməsi, sözün tam mənasında milli dirçəliş illəridir.

Azərbaycan Xalq Cühuriyyətinin qurucularından biri və ilk hökumətin başçısı Xan Xoyskinin Türkiyədə yaşayan nəvəsi Leyla xanım Keykurun çıxış edərək xatirələrini söylədi. O, xaricdəki Azərbaycan diasporuna, məlum səbəblər üzündən vaxtilə vətəni tərk etməyə məcbur olmuş soydaşlarımıza göstərilən böyük dövlət qayğısı üçün Prezident Heydər Əliyevə dərin təşəkkürünü, hörmət və ehtiramını bildirdi, dövlətimizin başçısını yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi.

Konfransda çıxış edən Milli Məclisin deputatları Nizami Cəfərov və Rafael Hüseynov, habelə Çingiz Bulud (Türkiyə), Natiq Ağamirov (Rusiya), Bülənd Gürcan (Belçika), Cavad Derəxti (İsveç), Oqtay Əfəndiyev (Ukrayna), Kamal Muradxanlı (Gürcüstan), İbrahimxəlil Balayev (Almaniya), Əli Yavuz Akpınar (Türkiyə), Nizami Hacıyev (Estoniya), Mahir Həmzəyev (Litva), Ramil Abbasov (Çexiya), Mustafa Alınca (Fransa), Yılmaz Toyran (Avstriya) və başqaları Azərbaycan tarixinin şanlı səhifələri olan Cümhuriyyət dövründən söhbət açdılar, Prezident Heydər Əliyevin apardığı müdrik, ardıcıl və səmərəli daxili və xarici siyasətin dünyada da müsbət qarşılandığını, böyük rəğbət doğurduğunu vurğuladılar.

Natiqlər türk dünyasının böyük oğlu Heydər Əliyevi yubileyi münasibətilə təbrik etdilər, ona möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın və ümumiyyətlə bütün türk dünyasının birliyi, əmin-amanlığı, tərəqqisi uğrunda əməli fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konfransın ünvanına göndərilmiş təbrik teleqramlarını oxudu.

Beynəlxalq konfrans diasporla bağlı bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi ilə başa çatdı.

 

X X X

 

Həmin gün axşam İzmir şəhərinin mərkəzindəki “Gündoğdu” parkında Azərbaycan Prezidenti Heydər Əliyevin yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 85-ci ildönümünə həsr edilmiş bayram konserti oldu.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, İzmir böyük şəhər bələdiyyəsi və Bornova bələdiyyəsi tərəfindən təşkil olunan konsertdə müğənnilərimiz İradə İbrahimova, Tünzalə Ağayeva, Fidan Hacıyeva xalq mahnılarımızı, gənc bəstəkarlarımızın əsərlərini ifa etdilər. Buraya toplaşan minlərlə izmirli mügənnilərimizin məharətli ifasını gurultulu alqışlarla qarşıladılar. Türkiyədə də populyar olan mahnılarımızı müğənnilərimizlə birlikdə oxudular. Bayram konserti atəşfəşanlıqla başa çatdı.

 

Tural Rzayev

 

AZƏRTAC-ın xüsusi müxbiri

 

İzmir

 

      AZƏRTAC.- 2003.- 31 may.