Litva Prezidenti həmyerlimizi “Litva Qarşısında Xidmətlərə Görə”
ordeni ilə təltif edib
Litva Respublikasının
Prezidenti Gitanas Nauseda Litva dövlətinin
bərpa edilməsinin
103-cü ildönümü münasibətilə Litva
Azərbaycanlıları Cəmiyyətinin
sədri, ədəbiyyatşünas,
publisist və tərcüməçi Mahir
Həmzəyevi “Litva qarşısında xidmətlərə
görə” ordeninin Cəngavər Xaçı
ilə təltif edib.
Azərbaycan Respublikasının
Litvadakı Səfirliyindən
AZƏRTAC-a bildiriblər ki,
soydaşımız Mahir
Həmzəyev Litvanın
dövlət müstəqilliyinin
bərpa olunmasında
və çoxmillətli
Litva vətəndaş
cəmiyyətinin qurulmasında
görkəmli xidmətlərinə,
çoxmədəniyyətli, demokratik və tolerantlı Litva cəmiyyətinin inkişafında
uzunmüddətli səmərəli
ictimai-siyasi və mədəni fəaliyyətinə
görə Litva Prezidentinin Fərmanı ilə 2021-ci il 15 fevral tarixində mükafatlandırılıb.
Qeyd edilib ki, M.Həmzəyev 1988-ci ildə Litvada başlanmış dirçəliş
hərəkatı və
dövlət müstəqilliyinin
bərpa olunması uğrunda mübarizənin
Litva milli azlıqları arasında
ilk təşəbbüsçülərindən
biri kimi çıxış edib,
1988-1991-ci illərdə fəaliyyət
göstərmiş Litva
Millətlərarası Əlaqələndirmə
Assosiasiyasının təsisçilərindən
olub. 1988-ci ildə Vilnüsdə yaşayan həmvətənlərimizlə birgə Litva Azərbaycanlıları Cəmiyyətini
yaradıb və o ildən bu təşkilatın
sədridir.
Bildirilib ki,
1990-1991-ci illərdə Litva
müstəqilliyi uğrunda
Xalq hərəkatı
Sayudis Seyminə üzv seçilib. 1991-ci il Vilnüs qanlı yanvar təcavüzü günlərində
Litva Millətlər Departamentinin xətti ilə Litva Hökumətinin yanında
yaradılmış Milli
İcmalar Şurasının
həmtəsisçisi olub
və otuz ilə yaxın bu Şuranın üzvü olaraq geniş fəaliyyət göstərib. 1992-1995-ci illərdə
Azərbaycan Respublikasının
Litvadakı Səlahiyyətli
nümayəndəsi olub.
2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda
keçirilmiş I, II, III və
IV qurultaylarında iştirak
edib və 2001-ci ildən indiyədək Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının
üzvüdür.
O, həmçinin çoxillik
səmərəli fəaliyyətə,
yüksək peşəkarlığa
və xüsusi nailiyyətlərə görə
1991-2018-ci illərdə Litva
Respublikası Seyminin Sədri, Litva Respublikasının Baş
naziri, Litva Respublikasının mədəniyyət
naziri və digər yüksək dövlət qurumları rəhbərləri tərəfindən
təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb. M.Həmzəyev
həm də Litva milli icmalarının
mədəniyyətlərarası dialoqunun genişləndirilməsi,
yeni dövr Litva-Azərbaycan ədəbi-mədəni
və tarixi münasibətlərinin qurulub
inkişaf etdirilməsi,
qədim Litva-Azərbaycan
mədəni əlaqələrinin
və Azərbaycan xalqının etnokulturoloji
dəyərlərinin orijinal
tədbirlər vasitəsilə
təşviq olunub tanıdılması sahəsində
müstəsna nailiyyətlərə
görə Litva Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən
dəfələrlə mükafatlandırılıb.
M. Həmzəyev 2002-ci ildən Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının
üzvüdür. Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvü və Litva Ədəbi
Tərcüməçilər İttifaqının həqiqi
üzvüdür. 2016-cı ildə Litva mədəniyyət nazirinin
Sərəncamı ilə
Litvanın Bədii Sənət Yaradıcısı
statusuna layiq görülüb. 2020-ci ildən
Litva Respublikası Seyminin Milli Təhlükəsizlik və
Müdafiə Komitəsi
sədrinin ictimai müşaviridir.
Qeyd edilib ki, elmi-mədəni, ictimai-siyasi və diaspor xadim olaraq
tanınmış M. Həmzəyev
1979-cu ildən Litvada yaşayıb çalışır.
BDU-nun filologiya fakültəsinin məzunudur.
Diplom işi “Azərbaycan-Litva ədəbi
əlaqələri” mövzusunda
olub.1984-1989-cu illərdə Vilnüs Universitetində litvaşünaslıq üzrə
aspiranturada təhsil alıb. Litva-Azərbaycan ədəbi, mədəni,
tarixi və ictimai-siyasi əlaqələri,
1918-1922-ci illər dövlətlərarası
münasibətləri mövzularında
elmi, publisistik, kulturoloji və komparativistik araşdırmalar
aparır, bədii və publisistik tərcümələr edir.
1985-ci ildə Vilnüs
Kitabsevərlər Cəmiyyətinin
məsul katibi seçilib və
1994-cü ildən bu qurumun sədridir.
M.Həmzəyev 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə “Tərəqqi”
medalına layiq görülüb, 2011-ci ildə
ona Azərbaycan Respublikasının Əməkdar
jurnalisti fəxri adı verilib. 2006-cı ildə Litva Prezidenti Valdas Adamkusun Fərmanı ilə “Litva qarşısında xidmətlərə
görə” dövlət
medalı ilə təltif edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi
müxbiri
Vilnüs
AZƏRTAC.- 2021.- 22 fevral.