MƏKTƏB YOXSA PEŞƏ?

 

“BAKI TƏHSİLİ” “doqquzuncular”ın meyl və maraqlarını araşdırdı

 

Bu il ilk dəfə olaraq IX siniflərdə imtahanlar mərkəzləşdirilmiş qaydada keçiriləcək. Bu isə təhsilin sonrakı pilləsinə hazırlığın mühüm mərhələsi olmaqla bərabər uşaqların gələcək taleyi barədə qəbul edəcəkləri qərara təsir göstərən mühüm amildir. Məlumdur ki, 11 illik təhsildən sonra attestat ala bil-məyəcəyi ehtimalını göz önünə alan şagirdlər və onların valideynləri ən doğru seçimin peşə təhsili ol-ması qənaətinə gəlirlər. Amma bu barədə rəylər də birmənalı olmadığından, müxtəlif fikirlər səsləndi-rilir. Bəziləri üçün peşə təhsili əsas olsa da, digərləri üçün 11 illik təhsil vacibdir. Bəs görəsən “doq-quzuncular” özləri nə düşünür? Həyatlarının bu mühüm mərhələsində qərar qəbul etmək məsuliyyəti-ni dərk edirlərmi?

“Bakı Təhsili”nin qarşısına qoyduğu məqsədlərdən biri də  təhsil sistemində baş verən yeniliklərə icti-maiyyətin münasibətini öyrənmək olduğundan “Reyd” rubrikamızın budəfəki mövzusunu məhz bu-nunla bağlı seçdik. “Doqquzuncular”la görüşərək tədris ilinin sonundakı imtahanın onların həyatında hansı dəyişiklikləri yarada biləcəyi ilə maraqlandıq. Öncə onu qeyd edək ki, onlar ilk dəfə mərkəzləş-dirilmiş qaydada imtahan verəcəklərinin həyəcanını yaşayırlar. Bunun təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirsələr də narahatlıqları az deyil. İmtahan suallarından tutmuş təkrar imtahan şansı-na qədər bir çox məsələlərlə maraqlanırlar. Sorğumuzun iştirakçısı olan IX sinif şagirdləri ilə söhbət-dən ümumi bir nəticəyə də gəlmək olardı - bu da onların peşə təhsilinə marağının artmasıdır. Hazırda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin onların istək və tələblərinə hansı qaydada cavab vermə-si barədə də danışacağıq.  Ancaq bu barədə bir qədər sonra. Hələlik isə ilk olaraq getdiyimiz 306 say-lı məktəbin “doqquzuncular”ının fikirlərini sizinlə bölüşək.

 

OĞLAN ŞAGİRDLƏR NƏYİ SEÇİR?

 

Qeyd edək ki, 631 şagirdin təhsil aldığı məktəbdə 2 IX sinif var.  Sinif otağının çatışmazlığı səbəbin-dən məktəbin ibtidai sinif şagirdləri hətta üç növbədə təhsil alır. 48 şagirdin IX sinifdə oxuduğu məktəbdə ilk sınağın nəticələrinin yaxşı olduğunu bildirən direktor Cümşüd Hüseynovun sözlərinə görə, ötən tədris ilində 8 şagird təhsilini peşə məktəbində davam etdirib. Bu il də məktəblə vidalaşıb peşə təhsilinə yiyələnmək istəyənlər az deyil. Maraqlıdır ki, bu fikirdə olanlar əsasən oğlanlardır. Qız-lar isə təhsillərini davam etdirib ali təhsil almaq niyyətlərini bəyan edirlər. Beləliklə, öncə IX a sinfi-nin 23 şagirdinin fikirləri ilə tanış olaq. Maraqlıdır ki, şagirdlərin böyük əksəriyyəti, daha doğrusu 18 nəfəri təhsilini sonrakı mərhələdə davam etdirib ali məktəbə sənəd vermək arzusundadır. Peşə təhsili almaq istəyənlərin sayı isə cəmi 5 nəfərdir və onların beşi də oğlandır. Sorğunun nəticələri göstərir ki, peşə təhsili almaq istəyənlərdən biri musiqiçi, biri maşinist, biri  mühərrik ustası, digəri isə dəmiryolçu olmaq istəyir. Bir nəfər isə IX sinfi bitirdikdən sonra texnikuma  daxil olmaq istəsə də, hansı peşəni seçəcəyini hələ dəqiqləşdirməyib. O ki qaldı təhsilini davam etdirmək niyyətində olanlara, onların ca-vabları daha maraqlıdır. Bir məqamı qeyd etmək yerinə düşər ki, şagirdlər sorğumuzu yazılı şəkildə cavablandırdılar. “Təhsilimi davam etdirəcəm” - deyə sualımızı cavablandıran şagirdlər arasında id-manla məşğul olmaq istəyənlərlə yanaşı biznesmen olmaq arzusunda olanlar da var. O da maraqlıdır ki, şagirdlərin yarıdan çoxu “ali məktəb” ifadəsindəki “ali” sözünü, o cümlədən sahib olmaq istədik-ləri peşənin adını da böyük hərflərlə yazıb.

Cavablara diqqət yetiririk. Məlum olur ki, şagirdlərin əksəriyyəti ali məktəbə qəbul olunmaq arzusunu bəyanlasa da, hansı ixtisası seçəcəklərini hələ qətiləşdirməyiblər. Ona görə də “Təhsilimi davam etdi-rəcəm” deməklə kifayətləniblər.

Cavablardan aydın olur ki, oğlanlar  arasında "biznesmen" olmaq istəyənlər var.  Hüquqşünas olmaq istəyənlər isə sayca digərlərini üstələyir - 3 nəfər. Üstəlik onların hər üçü oğlanlardır. Həkim olmaq is-təyənlər 2 nəfərdir, nəticələr göstərir ki, qızlar “ağ xalat” geyinməyə daha maraqlıdır.

İdmanla məşğul olmaq istəyən, özünü gələcəyin arxeoloqu, müğənnisi, müəllimi kimi də görmək istə-yənlər var.  Müəllimliyə maraq göstərənlər qız, idmanla, arxeologiya ilə maraqlanan oğlanlardır. Musi-qiçi olmaq istəyənlər də iki nəfərdir.

                          

VALİDEYNLƏR ÖVLADLARINI HARA YÖNƏLDİRLƏR?

 

IX b sinfində təhsil alan şagirdlər arasında da seçimini edənlərlə yanaşı bunu gələcəyin öhdəsinə bu-raxanlar var. Ancaq IX a sinfində təhsil alan həmyaşıdlarından fərqli olaraq IX b sinfinin 23 şagirdi arasında peşə təhsili almaq istəyənlər daha çoxdur. Sorğunun cavabı göstərir ki, şagirdlərdən 8 nəfəri təhsilini peşə məktəbində davam etdirmək niyyətindədir. Onlardan da yalnız 3 nəfəri yiyələnmək is-tədəyi peşə barədə qərarını verib. Bir nəfər tibb bacısı, biri xanəndə, biri isə rəssam olmaq istəyir. Di-gər 5 nəfər peşə məktəbinə gedəcəyini bildirsə də, hələlik məhz hansı peşəyə yiyələnəcəyini dəqiqləş-dirməyib.  Bunun səbəblərindən biri gələcəyin bu mühüm qərarının verilməsində valideynlərin rolu ilə bağlıdır. Amma tək səbəb bu deyil. Uşaqlarla söhbətdən aydın olur ki, onlar hansı peşəni seçəcəkləri-ni sadəcə olaraq bilmirlər, çünki hansı peşə məktəbində hansı peşəyə yiyələnə biləcəkləri barədə mə-lumatları yoxdur.

Haşiyə: Müşahidələr göstərir ki, son zamanlar mərkəzləşdirilmiş buraxılış imtahanları ilə əlaqədar pe-şə təhsilinə maraq və tələbat artıb. Bu isə peşə məktəblərinin təbliğatının zəiflətməsinə, başqa sözlə desək, şagird qəbulu üçün əvvəlki illərdə olduğu kimi axtarışa çıxmasına ehtiyacı aradan qaldırır. Ar-tıq onlar şagirdləri yox, şagirdlər onları axtarır. Bir neçə il əvvəl məktəblərlə sıx əməkdaşlığa maraq göstərən, dərs ilinin ortasından etibarən yollarını tez-tez təhsil müəssisələrindən salaraq elanlarını ve-rən, şagird və valideynlərlə görüşlər keçirən, başqa sözlə desək, fəaliyyət göstərməsi üçün uşaqlara ehtiyacı olan peşə məktəbləri artıq bu zəhmət və əziyyətə ehtiyac duymur. Bu isə son nəticədə şa-girdlərin öz istək və bacarıqlarına uyğun peşəyə yiyələnmələrinə mane olur. Əmək bazarındakı tələba-tı düzgün qiymətləndirərək peşə seçimi zamanı məhz bu amilə diqqət yetirənlər azlıq təşkil edir. Bir çoxları sadəcə peşəyə yiyələnmək xatirinə seçim etmək məcburiyyətində qalır ki, bu da bizi gələcəyin daha bacarıqlı  mütəxəssislərindən məhrum edir. Dəblə ayaqlaşmaq istəyi,  qız və oğlanların ənənəvi peşə arzuları da buna təsir göstərən amillərdən biridir. Sorğumuzun nəticələri peşə təhsilinə maraq və tələbatın artdığı bir zamanda peşə məktəblərinin, liseylərin fəaliyyətlərini daha da genişləndirərək təbliğatını doğru yöndə qurmasının vacibliyini də önə çıxarır. Şagird və valideynlərin əsas istəyi bu-dur.

Sinfin digər şagirdləri təhsillərini davam etdirmək və ali məktəbə qəbul olunmaq arzusundadır. Am-ma onlar da hələ gələcək peşələri ilə bağlı qərar verməyiblər. Yalnız bir nəfər hüquqşünas olmaq arzu-sunu bəyan edib. Şagirdlərdən biri isə təhsilini necə davam etdirəcəyinin mərkəzləşdirilmiş buraxılış imtahanının nəticəsindən asılı olacağını qeyd edib. Digər 13 nəfər isə gələcəyini ali təhsilli mütəxəssis kimi təsəvvür edir. O ki qaldı hansı ixtisasa yiyələnmək istəmələrinə, bu barədə qəti qərar vermək üçün hələlik tez olduğunu düşünürlər.

 

ŞAGİRDLƏR ARASINDA DƏB OLAN PEŞƏLƏR HANSILARDIR?

 

Daha sonra getdiyimiz 159 saylı məktəbdə isə vəziyyət bir qədər fərqlidir. O baxımdan ki, bu təhsil müəssisəsində şagirdlər arasında məşhur peşələr də, peşə məktəbləri, texnikumlar, kolleclər də artıq müəyyənləşdirilib. Direktor Vahid Xəlilovun sözlərinə görə,  məktəbdə 1192 şagird təhsil alır və on-ların da 97-si “doqquzuncular”dır. 5 sinifdə təhsil alan “doqquzuncular” arasında peşə öyrənməyə maraq göstərənlər var və belələrinin sayı az deyil. Hələ ötən il məktəbin 17 şagirdi təhsilini müxtəlif peşə məktəblərində, texnikumlarda davam etdirib. Artıq qız və oğlanlar arasında dəbdə olan, maraq doğuran peşələr də müəyyənləşdirilib. Qızlar və oğlanların zövqü kimi istəyi də fərqlidir. Qızlar əsa-sən dərzi, saç ustası kimi evdə də sərbəst şəkildə məşğul ola biləcəkləri peşələrə yiyələnmək istəyirlər. Oğlanlar isə boyaq ustalığına, tikintinin müxtəlif sahələrinə meyl göstərirlər ki, bunu da son illər ölkə-mizdə aparılan tikinti-quruculuq işləri ilə əlaqələndirmək olar. Başqa sözlə, tikinti sektorunun inkişafı əmək bazarında işçiyə olan tələbatı də artırıb və bəzi ailələr bunu gözdən yayındırmır. Digər məqam həm qız, həm də oğlanlar arasında kompüterə olan marağın artmasıdır. Kompüterə yiyələnməklə iş ta-pa bilmək şanslarının daha da artdığını düşünən şagirdlər peşə seçimində buna da diqqəti yönəldirlər.

159 saylı məktəbin şagirdlərinin hansısa bir peşəyə yiyələnmək marağının yaranmasında peşə məktəb-lərinin də rolu var. 306 saylı məktəbdən fərqli olaraq bu müəssisədə peşə məktəblərinin təbliğatının zəifliyindən şikayətlənmirlər. Direktor bildirir ki, hər dərs ilinin sonuna yaxın peşə məktəblərinin nü-mayəndələri şagirdlərlə görüş keçirir. Bu da şagirdlərin və onların ailələrinin son qərarını verməsinə təsir göstərir.

Şagirdlərlə görüşümüz zamanı onların fikirlərini dinləyib, təhsillərini necə davam etdirəcəkləri ilə ma-raqlandıq. Məlum oldu ki, onlar da digər həmyaşıdları kimi mərkəzləşdirilmiş buraxılış imtahanlarını ümumilikdə bəyənsələr də, yeni qaydanın məhz onların təhsil aldığı dövrə təsadüf etməsinə təəssüf-lənirlər. Beləcə, 21 şagirdin təhsil aldığı IX a sinfində təhsilini peşə məktəbində, texnikumda davam etdirmək niyyətində olanların sayı ilə maraqlanırıq. Məlum olur ki, 11 nəfər IX sinifdən məktəblə vi-dalaşmaq niyyətindədir. Onların da altısı qızdır. Qızlardan hansı peşəyə yiyələnmək istədiklərini so-ruşduqda böyük əksəriyyət rabitəçi olmaq istədiyini deyir. Aralarında ibtidai sinif müəllimi olmaq is-təyən, Maliyyə-kredit, Sənaye-pedaqoji texnikumuna qəbul olunmağı arzulayanlar da var. Yalnız şa-girdlərdən biri hələ hansı peşənin arxasınca getmək istədiyini müəyyənləşdirməyib. Bu dəfə də peşə seçimində hansı amili nəzərə aldıqları ilə maraqlanırıq. Məlum olur ki, rabitəçi peşəsinə yiyələnəcəklə-ri təhsil müəssisəsi yaxınlıqda yerləşir. Odur ki, ailələr bu amili - məsafə amilini göz önündə tutaraq övladlarının təhsilini məhz orada davam etdirməsi qərarına gəlib. Amma əsas səbəb təkcə bu deyil. Uşaqların sözlərinə görə, rabitə gəlirli və inkişaf edən sahə olduğundan daha asanlıqla iş tapa biləcək-lərini düşünürlər. Amma ATS-lərin elektronlaşdırılması ilə rabitəçilərə olan tələbatın da tədricən ara-dan qalxacağı fikri onları narahat edir.

 

PEŞƏ YÖNÜMÜ ÜZRƏ TƏBLİĞAT YETƏRİNCƏDİRMİ?

 

IX c sinfində apardığımız söhbət zamanı aydın olur ki, dərsdə iştirak edən 20 şagirddən 5-i təhsilini məktəbdə davam etdirmək istəmir. Onların da dördü qızlardır. Biri Tibb Texnikumuna daxil olmaq istəyir, digər həmyaşıdları pedaqoji, mədəni-maarif, maliyyə-iqtisad texnikumlarını seçib. Aralarında-kı yeganə oğlan isə rabitəçi olmaq niyyətindədir. Peşə təhsili almaq istəməsinin səbəbini isə “attestat ala bilməyəcəyəm” - deyə izah edir.

IX ç sinfində də vəziyyət oxşardır. Biri evdə təhsil olmaq şərtilə sinifdə cəmi 15 şagird var ki, onların da nə az, nə çox -  düz 11 nəfəri məktəbdə son günlərini keçirdiyini düşünür. Sinfin cəmi 4 şagirdi təhsilini  X sinifdə davam etdirəcək. Uşaqların hansı peşəyə maraq göstərmələri ilə maraqlanırıq, bu dəfə də “rabitə”- deyə cavablar alırıq. Bundan başqa, maliyyəyə, pedaqoji sahəyə, musiqiyə, idmana meyl göstərənlər də var. Sözarası öyrənirik ki, ötənilki “doqquzuncular”ın da əksəriyyəti məhz rabitə-çi peşəsini seçib.

IX b sinfinin 19 şagirdindən 5 nəfəri peşə öyrənməyə meyllidir. Burada da rabitəçi olmaq istəyən var. Onlarla yanaşı telefon ustası, rəssam olacağını deyən, maliyyə-kredit, pedaqoji texnikumu seçən-lər də var. Rabitəçi kimi iş tapmağın daha asan olacağını deyirlər. Telefon ustası olmaq istəyən həm-söhbətim isə işsiz qalmayacağına əmindir. Buna görə də artıq təhsilini hansı kollecdə davam etdirəcə-yini müəyyənləşdirib.

Son həmsöhbətlərimiz IX d sinfinin şagirdləri oldu. Öyrənirik ki, 20 şagirddən 7-si IX sinifdən get-mək istəyir. Getmək niyyətində olanlar əllərini qaldırır və bu dəfə yaranan vəziyyətdən məktəbin di-rektor müavini də təəccüblənir. Çünki IX sinifdən məktəblə vidalaşmaq istəyənlər arasında yaxşı oxuyanlar da var. Səbəbi ilə maraqlandıqda aydın olur ki, attestat ala bilməyəcəklərini və ya ali mək-təbə daxil ola bilməyəcəklərini düşünürlər. Şagirdlərdən biri fikrini belə ifadə edir: “Hələ ki, yaxşı oxuyuram. Amma inanmıram ki, ail məktəbə qəbul oluna bilim. Ona görə də IX sinifdən peşə öyrən-mək istəyirəm”.

O ki qaldı həmsöhbətimin hansı peşəni seçəcəyinə, bunu hələ müəyyənləşdirməyib. Uşaqlarla qısa söhbətdən aydın olur ki, dövrün ən məşhur, ən gəlirli və ən çox tələbat olan ixitsasları sırasında vergi, bank işi kimi ixtisasları ön sırada görürlər. Ancaq məktəbdə yaxşı oxumadıqlarından ali məktəblərdə bu ixtisaslara yiyələnmək arzularının da gerçək olacağı fikrindən uzaqdırlar. Əvəzində maşın ustası, telefon ustası, rabitəçi olub işsiz qalmayacaqlarına inanırlar.

Bunlar paytaxtın 2 təhsil müəssisəsinin şagirdlərinin timsalında “doqquzuncular”ın vəziyyəti, düşün-cələri ilə tanışlığa az da olsa imkan yaradır. Görünən odur ki, şagirdlər arasında peşəyönümlülüklə bağlı maarifləndirmə, təbliğat işinin aparılmasına böyük ehtiyac var.

 

 

 ELNARƏ

 

Bakı təhsili.- 2010.- 23 aprel.- S. 4-5.