Uşaqlar asudə vaxtlarını necə
keçirir?
“Bakı Təhsil”i məktəblərdə
istedadlı şagirdlərlə işin vəziyyətini
araşdırdı
Gənc
istedadlara qayğı, onların istedadlarının yönləndirilməsi,
daha da inkişaf etdirilməsi təhsilin pri-oritet sahələrindən
biridir. Ölkə Prezidenti İlham Əliyevin 17 aprel 2006 -
cı il tarixli sərəncamı ilə təsdiq edilən
“Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı”nın icrası məqsədilə həyata
keçirilən tədbirlər də məhz buna xidmət
edir.
Ölkə
səviyyəsində şagirdlər arasında müxtəlif
sahələrə həsr edilən yaradıcılıq
müsabiqələri, yarışlar, fənn
olimpiadalarının keçirilməsi istedadlı
uşaqların aşkarlanmasında və onların gələcək
fəaliyyətinə yardım göstərilməsində
mühüm əhəmiyyətə malikdir. Bu baxımdan təhsil
müəssisələrinin üzərinə böyük vəzifələr
düşür. Bu vəzifələrin də icrası
ölkəmizin gələcəyi üçün
istedadlı gənclərin yetişdirilməsi, meydana
çıxarılması deməkdir. Həyatdakı ilk
addımlarını məktəb partasından atan
uşaqların ilk səhnəsi, ilk elm meydanı məhz məktəb
olur. O kiçik səhnədə öz istedadını
nümayiş etdirən balacaların nə zamansa daha
böyük səhnələrdə, alqış sədaları
altında çıxış edəcəyi, elm aləmində
Azərbaycanın adını yüksəklərə
qaldıracağı, dünyamiqyaslı qələbələri
ilə Azərbaycan bayrağını ucaldıb himnimizin səsləndirildiyi
gün o qədər də uzaqda deyil.
Bu
müddət ərzində isə balaca istedadları
qayğı ilə əhatə etmək, onların istedadlarını,
bacarıqlarını aşkarlayıb, nümayişi
üçün şərait yaratmaq lazımdır. Bəs
görəsən məktəblərdə bu istiqamətdə
hansı tədbirlər həyata keçirilir? Təhsil
müəssisələri Azərbaycanın gələcəyi
olan uşaqların hərtərəfli yetişməsində,
mükəmməl təhsil almaqla bərabər
istedadlarını inkişaf etdirməkdə onlara
yardımçı olurlarmı? Ənənəvi “Reyd”
rubrikasında bu dəfə bizi maraqlandıran sualların
cavabını tapmağa çalışdıq. Rubrikamıza
məhz bu mövzunu seçməyimizin başqa səbəbləri
də var. Araşdırmalar göstərir ki, uşaqların
asudə vaxtlarının səmərəli təşkili
onların hərtərəfli yetişməsində
mühüm rol oynayan amillərdən biridir. Boş
vaxtlarında sevdiyi məşğuliyyət növü ilə
məşğul olan, bu sahədə bacarığını
nümayiş etdirmək üçün imkan qazanan uşaq
bu imkandan məhrum qalan həmyaşıdı ilə
müqayisədə daha həyatsevər, daha nikbin, gələcəyə
daha ümidli olur. Digər bir önəmli məsələ
bütün dünyanı narahat edən uşaqların zərərli
vərdişlərə aludəliyinin qarşısının
alınmasıdır. Bu da yalnız onların sevgi,
qayğı ilə əhatə olunması, öz
istedadlarını nümayiş etdirmək üçün
şərait yaradılması nəticəsində
mümkündür. Məlumdur ki, zərərli vərdişlərə
aludəlik əsasən ailəsi və çevrəsi tərəfindən
biganəliklə üzləşən, özünə
qarşı diqqətsizlikdən şikayətlənən,
istedadını, bacarığını öz istəklərinə
uyğun nümayiş etdirə bilmə-yən uşaqlarda
daha çox müşahidə olunur. Asudə vaxtlarını
səmərəli keçirə bilməyən uşaqlar zərərli
vərdişlərə daha çox aludə olur. Bu da son nəticəsini
təkcə bir şəxsin, bir ailənin həyatında yox,
bütöv bir cəmiyyətin, ölkənin həyatında
biruzə verir. Bu baxımdan da gələcək təhlükələri
vaxtında önləmək həm də təhsil, məktəbdənkənar
müəssisələrdə uşaqlarla aparılan işin səmərəliliyindən
asılıdır. Budəfəki reydimizdə yuxarıda
göstərdiyimiz məsələləri
araşdırdıq, müəssisə rəhbərləri ilə
söhbətləşdik, şa-girdlərin, valideynlərin
fikirləri ilə maraqlandıq.
Televizor və İnternet məktəblərə
qarşı
İlk
olaraq 207 saylı məktəbə baş çəkdik. 864
şagirdin təhsil aldığı müəssisə bir
növbədə, 6 günlük sistemlə fəaliyyət
göstərir. Şənbə günləri yalnız VIII -XI
siniflərin şagirdləri dərs keçir, digər siniflər
isə 5 günlük sistemlə təhsil alır. Bunu qeyd etməyimizin
öz səbəbi var. Ümumiyyətlə, reyd zamanı
şagird və valideynlərlə söhbətdən aydın
olur ki, onlar asudə vaxtın səmərəli təşkil
edilməməsində ilk növbə-də dərslərin
ağırlığını, ikinci növbədə təhsil
almalarını, boş vaxtlarının qalmamasını,
zaman çatışmazlığını, məsafə
problemini səbəb kimi irəli sürürlər. Direktor və
müəllimlər isə başqa cür
düşünür.
207
saylı məktəbin direktoru Sədaqət Seyidova deyir ki,
müəssisədə istedadlı şagirdlərlə
iş aparılma-sı ilə yanaşı şagirdlərin
asudə vaxtının səmərəli təşkili məqsədilə
tədbirlər həyata keçirilir. Müxtəlif
mövzulara həsr edilən tədbirlərdə məktəbin
öz şagirdləri fəallıq göstərir. Məktəbdə
musiqi dərnəyi də fəaliyyət göstərir. Dərnəyin
üzvləri bütün tədbirlərdə öz
bacarıqlarını nümayiş etdirirlər. Prezidentin sərəncamına
əsasən istedadlı şagirdlərlə bağlı
hazırlanan qızıl kitaba 207 saylı məktəbin 2
şagirdinin də adı daxil edilib. XI sinif şagirdləri
olan Rəsulov İsrafil və Sabir qardaşları həm də
prezident təqaüdü alır. Məktəbin şagirdləri
arasında yaxınlıqdakı musiqi məktəbində
musiqi təhsili alanlar da var. İstedadlı şagirdlərin
aşkarlanmasının məktəbin fəaliyyət istiqamətlərindən
biri olduğunu bildirən Sədaqət xanımın sözlərinə
görə, bu məqsədlə IV sinif şagirdləri
yoxlanılır, məntiqi təfəkkür, ayrı -
ayrı sahələrdə xüsusi istedadı ilə fərqlənən
şagirdlər müəyyənləşdirilir. Məktəbdə
fəaliyyət göstərən ədəbiyyat dərnəyi
bu sahəyə meylli olan uşaqların istedadının
üzə çıxarılması yönündə fəaliyyət
göstərir. Ekologiya dərnəyinin üzvləri isə
2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar
daha da fəal-laşıblar. Uşaq Yaradıcılıq Mərkəzinin
əməkdaşları müəllimlərlə bərabər
dərnəklərin işində yaxından iştirak edir. Məktəbin
müəllimi Amalya Məmmədovanın müəllifi
olduğu, ümummilli lider Heydər Əliyevə həsr edilən
“Olumdan ölümədək mübariz” kitabının əsasında
məktəb şagirdləri tərəfindən dahi liderin həyat
və fəaliyyətinə həsr edilən rayon səviyyəli
tədbir keçirilib. Tədbirdə uşaqların
ifa-sında səsləndirilən Amalya xanımın müəllifi
olduğu “İlhamla irəli” marşı maraqla
qarşılanıb.
İstedadları
ilə yaşıdlarından fərqlənən uşaqlara gəlincə
isə, onların çox olduğu bildirilir. Məsələn,
IX sinif şagirdi Ümid Tərlanlı demək olar ki,
bütün dəqiq elmlərdə istedadlıdır. BŞTİ-nin
keçirdiyi “Ət-raf mühit və biz” müsabiqəsində
də məhz o çıxış edib. Məktəbin digər
şagirdi - Mehdiyeva Gülzar da Azərbaycan qoruqlarına həsr
edilən referat hazırlayıb. 207 saylı məktəbin
şagirdləri arasında idmanın ayrı-ayrı növlərinə
maraq göstərənlər az deyil. Şahmat, kinq-boksinq, bədii
gimnastika uşaqların marağını daha çox cəlb
edir. Görünür, son illər idman sahəsində əldə
edilən uğurlar, idmanın inkişafına dövlət
qayğısı uşaqlarda da bu sahəyə meyli
artırıb. Uşaqlarla söhbətdən belə aydın
olur ki, onlar idmanın gələcək həyatlarında
mühüm yer tuta biləcəyinə inanırlar. Həmçinin
idmanda özlərini təsdiq etməklə yanaşı Azərbaycana
da xidmət edə biləcəklərinə ümid edirlər.
Məktəbin XI sinif şagirdi
Mehman Yaşar kinq - boksinq üzrə Yunanıstanda
keçirilən yarışlarda birinci yeri tutub. Ölkəmizdə
yenicə tanınmaqda olan rapira idman növü ilə də məşğul
olanlar var - Məlikova Mehin və Məryəm bacıları. Onlar
Bakı birinciliyində, Şimali Qafqazda keçirilən
yarışlarda uğurla çıxış ediblər. Məktəbin
gənc güləşçisi Xəlilov Anar da gələcəyinə
böyük ümid bəslənilən şagirdlərdəndir.
Bunlar məktəbdə aparılan işin bir hissəsidir.
Dərs - səbəb yoxsa bəhanədir?
Söhbətimizi
daha sonra şagirdlərlə davam etdiririk. Hər sinifdə
bir neçə şagird dərsdən sonra asudə
vaxtını rəqslə, idmanla, musiqi ilə məşğul
olmaqla keçirdiyini bildirir. Böyük əksəriyyət
asudə vaxtlarını əsasən kitab oxumaqla, internetdə
və televizor qarşısında keçirdiyini qeyd edir. Hansı
proqramlara baxdıqlarına gəlincə isə əsasən
xəbərləri, intellektual verilişləri izlədiklərini
desələr də, şou-proqramlara da maraqlılar az deyil. Boş
vaxtlarını məktəb daxilində və ya kənarda
hansısa dərnəkdə məşğul
olmamalarının səbəbini isə dərslərin
çoxluğu ilə izah edirlər. Dediklərinə görə,
dərsdən sonra qalan boş vaxtlarında yalnız evdə
oturub kitab oxumaq və ya televizora tamaşa etmək
mümkün olur. Yəni gün ərzində şəhərin
bir yerindən digər yerinə gedib hansısa idman məktəbində,
yaradıcılıq mərkəzində və ya dərnəkdə
məşğul olmaq üçün zamanları
çatışmır. Ancaq görünür ailələr
də buna maraqlı deyil. Onlar üçün
uşağın boş vaxtlarını evdə keçirməsi
daha məqbuldur. Elə məktəbin direktoru Sədaqət
xanım da deyir ki, uşaqların təlim-tərbiyəsində
məktəb-ailə-cəmiyyət dayanışması
olmalıdır ki, çox zaman buna nail olmaq mümkün
deyil. Valideynlər nadir hallarda övladlarının məktəbdə
dərsdənkənar hansısa dərnəkdə məşğul
olması ilə razılaşır. Bunda aparılan təbliğatın
da mühüm rolu var. Sədaqət xanımın dili ilə
desək, televiziya, internet uşaqları məktəbin əlindən
alır.
Oğlanları əsasən idman
maraqlandırır
Daha
sonra getdiyimiz 304 saylı məktəbdə də vəziyyət
təxminən eynidir. Direktor İradə Hüseynova-nın
sözlərinə görə, 455 şagirdin təhsil
aldığı məktəbdə xüsusən idman sahəsində
uğur qazanan şa-girdlər çoxdur. Məktəb
özü də şagirdlərin asudə vaxtının səmərəli
təşkilində maraqlıdır. Məsələn, yaz -
yay aylarında şagirdlərin əksəriyyəti həftədə
bir dəfə üzgüçülük hovuzuna gedir. Nərimanov
rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər
Yaradıcılıq Mərkəzinin nümayəndələrinin
yardımı ilə məktəbdə “Bacarıqlı əllər”
dərnəyi fəaliyyət göstərir. Dərnəkdə
30-a yaxın şagird məşğul olur. Məktəbin əmək
müəllimi ilə birlikdə uşaqların məşğul
olduğu dərnək artıq 3 ildir ki, fəaliyyət
göstərir. Məktəbdə və rayon səviyyəsində
təşkil edilən tədbirlərdə məktəbin
komandaları uğurla çıxış edir. “Kim, nə,
harada?”, “Şən və hazırcavablar” klubu belələrindəndir.
Klubun IX sinif şagirdi olan üzvləri müsabiqənin
şəhər mərhələsinin qalibi olub.
Bu
məktəbin də şagirdləri arasında idmana maraq
güclüdür. Xüsusən oğlanlar idmanın
ayrı-ayrı sahələri üzrə təkcə həvəskar
yox, həm də peşəkar səviyyədə məşğul
olmaq yolunda ilk addımlarını atırlar. Məsələn,
I sinif şagirdi Musayev Aslan şahmat üzrə xüsusi
istedada malik olduğunu dəfələrlə isbatlayıb. VII
a sinif şagirdi Elvin Aşurov da istedadlı, gələcəyinə
böyük ümid bəslənilən gənc
şahmatçı-dır. Məktəbin 3 şagirdi -
Abbasova Remina, Abdullayeva Bənövşə və Nuranə
Mirzəyeva fənn olimpiadasının respublika mərhələsində
uğurla çıxış edib. BŞTİ-nin
keçirdiyi “Ətraf mühit və biz” müsabiqəsinin
ikinci yerinin qalibləri arasında məktəbin şagirdi Əlihüseynova
Rəhilə də yer alıb.
Məktəbdə
4 idman ustalığına namizəd var -Hüseynbəyli
Ülfət və Rüfət qardaşları, Tağıyev
Emil, Aşurov Elvin. Bununla yanaşı Məmmədov Ceyhun sərbəst
güləş üzrə, Rüstəmli Kamil, Məmmədli
Elçin karate üzrə,
Qasımlı Bəxtiyar qaydasız döyüş
üzrə dəfələrlə müxtəlif
yarışların qalibi olub. Rzazadə
Aytac rəqqaslıq bacarığını təkcə
ölkəmizdə yox, həm də xaricdə nümayiş
etdirib. Talıbzadə Rzanı balaca rəssam adlandırmaq
olar. O, artıq müxtəlif sərgilərdə öz əl
işləri ilə çıxış edib. Atakişiyeva Mədinə
gimnastika ilə məşğul olur. Rəfizadə Ülvi
futbolçu olmaq üçün indidən
çalışır. Ümumiyyətlə məktəbin
şagirdləri arasında gələcəyin
futbolçuları ola biləcəklər az deyil. Novruzzadə
Nicatın bacarığı artıq aşkarlanıb. O,
klublardan biri ilə müqavilə də bağlayıb. Orxan Hüseynov
skeytboy üzrə Bakı şəhər turnirinin qalibləri
arasındadır.
Məktəblər
nə təklif edir?
Şagirdlərlə
söhbətdən aydın olur ki, onlar boş
vaxtlarını əsasən kitab oxumaqla, musiqiyə qulaq
as-maqla keçirirlər. Hansısa dərnəkdə məşğul
olanlar da var, amma sayları digərləri ilə müqayisədə
o qədər də çox deyil. Məsələn, VIII a
sinfinin şagirdləri arasında idmanın güləş,
karate, üzgüçülük növləri ilə məşğul
olanlar var. Yalnız şagirdlərdən biri rəssamlığa
meyl göstərir və boş vaxtlarında rəsm çəkməklə
məşğul olur. VI a sinfinin şagirdləri bildirirlər
ki, əsasən ədəbiyyat və əmək dərnəklərində
iştirak edirlər. Aralarında tennislə məşğul
olan, rəqsə gedən, şahmatla məşğul olan da
var. Amma onların da sayı digərləri ilə müqayisədə
cüzidir. Üzgüçülüklə məşğul
olan şagird bildirir ki, həftədə 3 dəfə dərsdən
sonra gedir və bunun üçün ayda 30 manat ödəyir.
Üzgüçülüyü gələcəyi
üçün peşə olaraq seçməyib, ancaq
boş vaxtlarında bu idman növü ilə məşğul
olmaqdan həzz alır. Nigar həftədə 2 gün rəsm
dərnəyində məşğul olur və bunun
üçün ailəsi 20 manat ödəyir.
VII
a sinfinin musiqi dərsini izləyirik. Müəllimləri
bildirir ki, aralarında istedadı ilə fərqlənən
şagirdlər var. Dərsdə, müxtəlif tədbirlərdə
öz bacarıqlarını, istedadlarını nümayiş
etdirirlər. Rəqsə, musiqiyə gedənlər var, amma
digərləri kimi bu sinifdə də onların sayı
azdır. Uşaqlarla söhbətdən onu da öyrənirik
ki, aralarında teatra, kinoteatra gedənlər yoxdur. Məktəbdə
muzeylərə ekskursiyalar ənənə halını
alıb. Qrafik üzrə ekskursiyaların təşkili də
o qədər asan başa gəlmir. Xüsusən valideynləri
razı salmaq çətin olur. Bununla belə şagirdlər
Sənqəçal terminalında olub, “Ümid yeri” uşaq
sığınacağında görüşlər
keçiriblər. Amma bütün bunlar uşaqların asudə
vaxtının tam səmərəli təşkili
üçün yetərli olmur. Məktəbin direktoru bəzi
təkliflərlə çıxış edir. Məsələn,
uşaqların teatr tamaşalarına getməsi
üçün məktəblərdə iş
aparılmasını vacib hesab edir. O cümlədən
paytaxtımızın və ölkənin ayrı-ayrı
bölgələrindəki tarixi abidələrə, muzeylərə
səfərlərin təşkilini
mühüm hesab edir. Beləliklə, uşaqların
fiziki, mənəvi, psixoloji tərbiyəsində
uğur qazanmaq olar. Həmçinin uşaqları
maraqlandıran, müasir tələblərə cavab verən,
maraqları ödəyən dərnəklər yaradılarsa,
uşaqların iştirakını təmin etmək olar. Bura
xüsusən texniki yaradıcılıq dərnəkləri
daxildir.
Yarımçıq tərk edilən dərnəklər
Bu
fikirləri son olaraq getdiyimiz 93 saylı məktəbdə də
bölüşürlər. Məktəbin direktoru Mahmudova
Zemfiradan öyrənirik ki, 900-ə yaxın şagirdin təhsil
aldığı müəssisədə zərərli vərdişlərin
nəticələri barədə təkcə şagirdlər
arasında yox, həmçinin valideynlər arasında da
iş aparılır. Hətta valideynlərə bu barədə
slaydlar da nümayiş etdirilib. Məktəbdə şagirdlərin
idmana marağının yüksək olduğunu deyən direktorun
sözlərinə görə, məktəbdə karate dərnəyi
var. Xüsusilə oğlanlar arasında idmanla məşğul
olanlar çoxdur, amma bu o demək deyil ki, qızlar idmana meyl
göstərmir. İstedadlı şagirdlərin
aş-karlanmasında məktəbin də fəaliyyət
göstərdiyini deyən direktor bu sahədə ən
böyük dəstəyi ailələrdən gözlədiklərini
vurğulayıb. Amma heç də həmişə ailələr
lazım olan dəstəyi vermir ki, bu da sonda uşaqlara təsir
göstərir. Məsələn, V sinifdə qız
şagirdlərdən birinin güclü aktyorluq qabiliyyəti
üzə çıxarılıb, Mədəniyyət Sarayında
onun istedadı yoxlanılıb, bəyənilib, dərnəkdə
məşğul olması məsləhət
görülüb. Ancaq ailəsi qarşı
çıxdığından bu, mümkün olmayıb. Həmin
şagird istedadını bizə də nümayiş etdirir. Məktəbdə
hazırlanan tədbirdə ifa edəcəyi rolu
canlandırır, repetitor müəllimlə dərdləşən
valideynin obrazını canlandırır.
Məktəbdə
"istedad bankı" hələlik yaradılmasa da
istedadlı uşaqlar adbaad bəllidir. XI sinif şagirdi
Qurbanov Şaban universal döyüş üzrə bir sıra
qələbələrə imza atıb. X sinif şagirdi
Hüseynova Zeynəbin xanəndəlik istedadı üzə
çıxıb və o, hazırda bu sahədə peşəkarlardan
dərs alır. IV sinif şagirdlərindən ibarət futbol
komandası yaratmaq istiqamətində iş aparılır,
onlar yaxında rayon səviyyəli yarışa
qatılacaqlar. Abdullayeva Fidan inşa yazı müsabiqələrində
istedadını nümayiş etdirib. “Ətraf mühit və
biz” müsabiqəsinin rayon mərhələsində “Ən
yaxşı fotoalbomlar”
nominasiyasında Niftəliyev Tural ikinci yerin qalibi
olub. “Ən yaxşı ədəbi-bədii
nümunələr” nominasiyasında Hacıyeva Gülşən
də rayon səviyyəsində fərqlənib. Məktəbin
öz rəssamı da var. IX sinif şagirdi Şakir Məmmədov
yağlı boya ilə çəkdiyi şəkillərlə
hətta ailəsinə yardım da göstərir.
Bunlar
rəhbərliyin söylədikləridir, biz isə həm də
şagirdlərin fikirləri ilə tanış olduq.
Valideynlərin öz “arqumentləri” var
V
sinif şagirdləri bildirir ki, ikinci növbədə təhsil
aldıqlarından boş vaxtları demək olar qalmır. Arala-rında
əvvəllər musiqi ilə, idmanla məşğul olanlar
olsa da, sonradan yarımçıq buraxıblar. Səbəbini
açıqlamaq istəmirlər, sadəcə “yenə davam
edəcəyik” - deyə bildirirlər. VII sinif şagirdlərinin
sözlərindən isə aydın olur ki, rəqs və
idmanla məşğul olanlar var. Amma onların da çoxu bu
həvəslərini davam etdirə bilməyiblər.
Şagirdlərdən biri bildirir ki, anasının təkidi ilə
2-3 il rəqs dərnəyinə gedib. Amma sonunda bundan imtina
edib. Başqa bir şagird də rəqslə məşğul
olub. Amma məktəbini dəyişdikdən sonra rəqslə
harada məşğul ola biləcəyi barədə məlumatı
yoxdur. O cümlədən də asudə vaxtlarında idmanla məşğul
olub, sonradan yarımçıq qoyanlar da az deyil. Ancaq qız
şagirdlərdən biri cüdo ilə məşğul
olduğunu və bunu davam etdirəcəyini vurğulayır.
Şagirdlərin
məşğul olduqları dərnəkləri
yarımçıq tərk etmələrinin səbəbləri
ilə maraqlanırıq. Açıqlamırlar və ya bu
barədə danışmaq istəmirlər. Sadəcə, dərslərinin
çox olduğunu, vaxt
çatışmazlığını bildirib asudə
vaxtlarını əsasən evdə keçirdiklərini
vurğulayırlar. Valideynlər də bu vəziyyətdən
razıdır. Bəziləri deyir ki, ailədə iki və
daha çox uşaq olanda onları dərnəklərə
göndərmək imkansız olur. Bura həm məsafə
problemi, nəqliyyat məsələsi, həm də maddi
problemlər daxildir. Üstəlik bəzi valideynlərdə
övladının dərnəkdə məşğul
olacaqları təqdirdə dərsdən yayınacağı
fikri formalaşıb. Amma maraqlıdır ki, valideynlər məktəbdəki
dərnəklərdə, məktəbdənkənar tədbirlərdə
uşaqlarının iştirakını lüzumsuz hesab edir. Bu isə son nəticədə
özünü uşaqların fiziki, mənəvi, psixoloji tərbiyəsində
göstərir. Bir sözlə, gözlərimizin önündə
Bakının teatrlarından, kitabxanalarından xəbərsiz
uşaqlar böyüyür.
ELNARƏ
Bakı təhsili.- 2010.- 30 aprel.- S. 4-5.