60 YAŞIN MÜBARƏK!
53 saylı məktəb
qonaqlı-qaralı oldu
Bugünlərdə
53 saylı məktəbin akt zalında xalq şairi Zəlimxan
Yaqubun anadan olmasının 60 illik yubileyi münasibəti ilə
tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir
müavinləri Məhəbbət Qarabağlı, Məhəmməd
Bayramov, Hüseyn Əsgərov, BŞTİ-nin Beynəlxalq əlaqələr
və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə
Əsədova, Bakı Dövlət Universitetinin müəllimi,
professor Qara Namazov, “Azərbaycan müəllimi”, “Təhsil
problemləri” qəzetinin nümayəndələri, məktəb
direktorları, valideynlər və başqaları qonaq qismində
iştirak edirdi. Tədbiri ilk olaraq açan məktəbin
direktoru Firəngiz Həsənova qonaqları salamladıqdan
sonra xalq şairi Z.Yaqub qələminin qüdrətindən,
böyüklüyündən söz açdı. Çıxışı
zamanı Z.Yaqubun Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olduğunu bildirən Firəngiz
xanım nəinki Azərbaycanda, hətta Gürcüstanda da
onun “Şərəf” ordeni ilə təltif olunduğunu tədbir
iştirakçılarının nəzərinə
çatdırdı. Direktorun çıxışından
sonra söz böyük alim Qara Namazova verildi. Qara müəllim
tədbirin təşkilində əməyi olan hər kəsə
dərin minnətdarlığını bildirdikdən sonra
şairlə bağlı düşüncələrini dilə
gətirdi. Z.Yaqubu bugünkü Azərbaycan
şeirinin önündə gedən bayraqdar adlandıran
böyük ziyalı, alim Qara Namazov şairi 60 illik yubileyi
münasibətilə ürəkdən təbrik etdi.
Z.Yaqubu öz doğma
məktəblərində gördükləri
üçün şagirdlərin də sevincinin həddi-hüdudu
yox idi. Artıq üçüncü dəfə 53 saylı məktəbdə
qonaq olan Z.Yaqubun adı çəkiləndə təkcə
xalqını sevən şair yox, həm də
aşıq-ozan sənətinin bilicisi göz önünə
gəlir. Zəlimxan müəllimin Aşıqlar Birliyinin sədri
kimi aşıq sənətinin yüksəlməsində və
inkişafında böyük əməyi olduğunu hər kəs
bilir. Elə buna görə də Zəlimxan müəllimin
yubileyini aşıqlarsız təsəvvür etmək
mümkün deyil. Böyük şairi təbrik etməyə
gələn aşıq Məhərrəm də
çaldığı aşıq havaları ilə tədbirə
rəng qatdı.
Tədbirdə
İbrahim Əbilov adına mədəniyyət evinin “Şəlalə”
xalq çalğı alətləri ansamblı və onun bədii
rəhbəri Zamiq Əliyev də iştirak edirdi. Z.Əliyev
öz çıxışı zamanı Z.Yaqubun qeyri-adi
istedadından, yaradıcılığının yüksək
dəyərlərindən geniş söhbət açdı.
Çıxışdan sonra İ.Əbilov adına mədəniyyət
evinin solisti sözləri Z.Yaquba, musiqisi isə Z.Əliyevə
məxsus olan “Allah səni pənahında saxlasın” adlı
mahnını ifa etdi. Tədbir məktəbin V sinif şagirdlərinin
şeir kompozisiyası ilə davam etdirildi. Məktəbin IX
sinif şagirdi Dərgahquliyev Sənanın sazda göstərdiyi
məharət, Musa Zeynalovun isə ifa etdiyi musiqi nömrəsi alqışlara səbəb oldu.
Şagirdlərin
çıxışlarından sonra şeirlərini öz
dilindən dinləmək üçün söz tədbirin səbəbkarı
Zəlimxan Yaquba verildi. Xalq şairi sözlərinə bu
cür başladı: “Məktəbə dəvət olunanda elə
bilirəm ki, Məkkənin, Quranın, peyğəmbərin xidmətinə gedirəm. Çünki
məktəb Məkkə, müəllim peyğəmbər,
kitab Quran, qələm Allahın danışan dilidir”.
O,
çıxışı zamanı ulu öndər Heydər Əliyev,
Prezident İlham Əliyevlə qarşılıqlı səmimi
əlaqələrindən də bəhs etdi. Zəlimxan Yaqub
50 yaşında “Şöhrət” ordeninə layiq
görüldüyünü, 55 yaşında “Xalq Şairi”
adını qazandığını, 60 yaşında isə
“Şərəf” ordeni ilə təltif edildiyini bildirsə də,
onun üçün ən böyük mükafatın xalq
sevgisi, el məhəbbəti olduğunu vurğuladı. Çıxışının
sonunda isə Zəlimxan Yaqubu xatırlayanlara, şeirlərini
oxuyanlara, sazını çalanlara, musiqisini bəstələyənlərə,
tədbirdə iştirak edən ziyalılara, o cümlədən
tədbiri keçirən 53 saylı məktəbin kollektivinə
təşəkkürünü bildirdi.
Z.Yaqubun
yaradıcılığı sanki bir xəzinədir. O xəzinədən
pay götürmək istəyən şagirdlər xalq
şairinə müxtəlif suallarla müraciət etdilər.
Şair də öz növbəsində ona ünvanlanan
bütün sualları cavablandırdı.
Sonda tədbirin
aparıcısı məktəb şagirdləri adından
Z.Yaqubu təbrik edərək ona can sağlığı
arzuladı. Şagirdlər şairin 80, 100 illik yubileylərinin
də bu zalda birlikdə qeyd etmələrini Allahdan dilədilər.
Z.Yaqubun “Xatirələr”
şeiri ilə tədbir yekunlaşdı:
Ömür xatirəyə
dönər, ya dönməz
İllərin izi var
xatirələrdə.
Ötən əyyamların,
keçən günlərin,
Dadı var, duzu var
xatirələrdə.
O zaman
əkmişdim, indi biçirəm,
Bir körpü salmışdım
üstən keçirəm.
Çörəkdi yeyirəm, sudu içirəm,
Qismət var, ruzu var
xatirələrdə...
Hər bir görüşün başlanğıcı olduğu
kimi sonu da olur. Əminik ki, 53 saylı
məktəbdə keçirilən
bu görüş uzun müddət yaddaşlardan silinməyəcək.
Vəfa Bəkirqızı
Bakı təhsili.- 2010.- 19 fevral.- S. 2.