Tarix dərslərində fəal
(interaktiv) dərs necə qurulmalıdır?
Dünya
təhsil sisteminə inteqrasiya etdiyimiz bir dövrdə yeni təhsil sistemini heç də hər kəs eyni mənalı qəbul etmir. Bu gün
təhsilə dövlət səviyyəsində diqqət və
qayğının artdığı, təhsil islahatlarının
sistemli şəkildə
həyata keçirildiyi
bir dövrdə hər
bir müəllim yeni dərs modellərini tətbiq etməyə
borcludur. Tarix fənninin tədrisində yeni
dərs metodlarının
tətbiqi artıq gündəlik həyatda adi
hala çevrilir. Tarix fənni uzaq keçmişimizi, ulu vətənimizin şərəfli tarixini, dünya xalqlarının sivilizasiyaları və mədəniyyət
tarixini öyrətməklə
yanaşı, şagirdlərin vətənpərvər ruhda tərbiyə
olunmasını, geniş dünyagörüşünə
malik, müstəqil fikir
yürüdə bilən
şəxsiyyət yetişdirməyi
qarşıya məqsəd qoyur. Bu məqsədə çatmaq üçün
tarix dərslərində yeni
dərs üsullarını
tətbiq etmək müəllimlərdən son
dərəcə peşəkarlıq
və yaradıcılıq tələb edir.
Təbii ki, bu zaman mülki
və bəşəri dəyərlərə istinad
etmək mühüm
tələblərdən biridir. Bu baxımdan bir dərs modelində
fəal (interaktiv) təlim
metodlarının tətbiqi prosesinə nəzər
salaq. Fəal təlim metodu yeni biliyin
şagirdlər tərəfindən kəşfi məqsədilə
tədqiqatın aparılmasına əsaslanmalıdır.
Mövzu:
Qədim Azərbaycan ərazisinə türk xalqlarının axını.
Dərsin
məqsədi: Azərbaycan tarixinin
mühüm məqamı
olan qədim türk tayfalarının Cənubi Qafqaza axını və bu məskunlaşmanın
siyasi, mədəni və etnik
əhəmiyyətini tədqiq
etmək, Azərbaycan xalqının Qafqazda
qədim sakinlər
olması faktını irəli sürülən fərziyyələrlə
təsdiq etmək.
Əşyavi mühit:
1. "Azərbaycan
tarixi dərsliyi"
(VIII sinif)
2. Kompüter.
3. Elektron
audiovizual dərs vəsaiti.
4. Mövzuya
aid sənədlər və
xəritə.
5. Kağızlar,
markerlər.
Dərsin planı:
1. Azərbaycanda
oğuz türklərinin
məskunlaşması.
2. Xalqımızın
təşəkkül prosesində
türk tayfalarının
rolu.
3. Azərbaycan
xalqının Cənubi
Qafqazda əsas etnik amilə çevrilməsinin əsas
amilləri.
Fəal dərsin quruluşu:
1. Motivasiya:
Problemin qoyulması.
2. Tədqiqatın
aparılması.
3. İnformasiya
mübadiləsi.
4. İnformasiyanın
müzakirəsi və
tədqiqatı.
5. Yaradıcı
tətbiqetmə.
6. Tədqiqatın
nəticələri.
7. Qiymətləndirmə
və refleksiya (yekunlaşdırma).
I mərhələ - Motivasiya:
Problemin qoyulması
Müəllim mövzuya aid bir neçə problemli suallarla şagirdlərə
müraciət edərək
onları tədqiqatın
aparılmasına yönəldir:
- Uşaqlar,
Cənubi Qafqaz coğrafi məkanına hansı ərazilər daxildir?
- Sizcə,
qədim Azərbaycan ərazisində hansı tayfaların məskunlaşması
daha çox əhəmiyyət kəsb
edirdi? Skif-kimmer-saklarınmı, hunlarınmı, oğuzlarınmı?
II mərhələ: Tədqiqatın
aparılması.
Şagirdlər öz fərziyə və fikirlərini söyləyirlər. Müəllim
bütün cavab verən şagirdlərin fikirlərinə tolerantlıqla
yanaşaraq kiçik
müzakirədən sonra
yekun nəticəni elan edir: Qədim Azərbaycan
ərazisinə köç
etmiş bütün türk mənşəli tayfaların eyni payda rolu olmuşdur.
E.ə. VII əsrdən
başlamış ilk türk axınları
XI əsrdə başa
çatmışdır. Türk tayfalarının axını Azərbaycan xalqının təşəkkül
tapmasında, sosial - iqtisadi və mədəni həyatının
formalaşmasında mühüm
rol oynamışdır.
III mərhələ: İnformasiya
mübadiləsi, İllüstrasiyalarla
iş.
Müəllim şagirdləri qruplara bölmək məqsədi
ilə eyni sayda 3 həndəsi kağız fiqur paylayır. Hər
fiqurun öz qrupu təşkil olunaraq onlara simvolik adlar verilir: "Səlcuqlar";
"Sabirlər"; "Saklar".
Sonra hər komandaya müxtəlif illüstrasiyalar verilir və tapşırıq izah olunur:
İllüstrasiyalara diqqətlə baxın və oğuzların həyat tərzi, məşğuliyyətləri, sərvətləri, dini inancları və s. haqda nəyi öyrəndiyinizi izah edin.
Hər qrup verilmiş tapşırığı təqdim
edərək öz cavablarını əsaslandırır. Müəllim cavabları dinləyərək
ümumiləşdirmə aparır.
Yekun nəticə iri kağıza markerlə yazılaraq lövhəyə
asılır.
Sxem üzərində iş.
Lövhədə səlcuqlara aid sxem asılır və hər qrupa sxemi doldurmaq tapşırığı verilir:
Hər qrup verilmiş tapşırığın cavabını
yapışqanlı kiçik
vərəqlərə yazıb
lövhədə asılmış
sxemə yapışdırır. Təbii ki, bu cavablar
müxtəlif olur və müəllim bu tapşırığın
düzgün cavablarını
sxemə daxil edir. Şagirdlər öz cavablarının
düzgün və ya səhv olduğunu
analiz edirlər.
IV mərhələ: İnformasiyanın
müzakirəsi və
tədqiqi:
Kompüterdə
"Səlcuqların Azərbaycana
yürüşü" mövzusunda
elektron audiovizual
material nümayiş etdirilir. Bu materiala baxdıqdan sonra müəllim "Əqli hücum" vasitəsilə şagirdlərə
bir neçə suallar verir:
- Səlcuq
dövləti haqqında
nə öyrəndiniz?
- İlk səlcuq dövləti hansı şəraitdə yaranıb?
- Səlcuqların Bizans imperiyasının hərbi
qüvvələrini darmadağın
etməsinin Azərbaycan
üçün əhəmiyyəti
nədən ibarət
idi?
- Nə
üçün Azərbaycan
feodalları səlcuq
türkləri ilə
yaxınlaşmağı üstün
tutdular?
- Hansı
hadisə ilə səlcuqlar ölkəmizin
işğalını başa
çatdırdılar?
- Azərbaycanda
türk xalqının
formalaşması prosesinə
türk axınları
necə təsir göstərib?
Şagirdlər
baxdıqları video material əsasında sualları
cavablandırırlar.
V
mərhələ: Yaradıcı tətbiqetmə.
Şagirdlərə
test tapşırıqları paylanır. Verilmiş vaxt ərzində
mövzuya aid testləri yazılı şəkildə
cavablandırırlar. Test nümunələri:
1. Qərbə
doğru axışmağa başlayan səlcuq türklərinin
əsas hücum hədəfi oldu:
A) Xorasan
torpaqları
B) Qərbi
İran
C) Bizans
torpaqları
D) Azərbaycan
E) İraq
2. Səlcuq
axınları nəticəsində:
A) Oğuz-türk
tayfaları bütün
Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi
amilə çevrildi.
B) Şərq
torpaqlarının səlibçilər
tərəfindən tutulması
asanlaşdı.
C) Bizans,
erməni və gürcü feodallarına
qarşı mübarizə
daha da çətinləşdi
D) Azərbaycanın
qərb torpaqları erməni və gürcü feodallarının
əlinə keçdi.
E) Cənubi Qafqaz və Ön Asiya xristian dövlətlərinin təsiri
altına düşdü.
VI mərhələ: Tədqiqatın
nəticələri.
Bütün tapşırıq və təqdimatlar başa çatdıqdan sonra şagirdlər öz müstəqil fikirlərini
ümumiləşdirərək 3-5 dəqiqə vaxt ərzində esse yazırlar. Essenin həcmi
bir səhifədən
artıq olmamalıdır.
Essenin təxmini yoxlanılması:
- Azərbaycan
türk xalqlarının
məskəni olub.
- Türk
xalqlarının Cənubi
Qafqazda məskunlaşması,
əsas etnik amilə çevrilməsi
mütərəqqi hadisə
idi.
- Azərbaycan
xalqının formalaşmasında
iştirak edən tayfaların ümumi mədəniyyəti formalaşıb.
- Dərbənd
keçidindən Qızılüzən
çayına qədər
böyük bir ərazidə türk tayfaları yaşayıb,
ümumi mədəniyyət
formalaşarkən türk
- islam amili
ön plana keçir.
- Bizans-erməni-gürcü
feodallarına qarşı
mübarizə daima türk tayfalarını birləşdirib və vahid xalqa çevirib.
VII mərhələ: Qiymətləndirmə.
Fəal
(interaktiv) təlimdə
müəllim ən çox şagirdin səhvlərini deyil, nailiyyətlərini qiymətləndirir. Belə qiymətləndirməyə şagirdin
öz şəxsi keyfiyyətləri də təsir göstərir.
Leyla Hüseynova,
135
saylı məktəbin tarix
müəllimi
Bakı təhsili.- 2010.- 19 fevral.- S. 6.