Ana dilim, yaşa dilim!

 

53 saylı məktəbdə ana dili həftəsinə yekun vuruldu

 

1999-cu ildən etibarən YUNESKO-nun qərarı ilə 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu münasibətlə 53 saylı məktəbdə “Ana dilim, yaşa dilim” adlı ədəbi - bədii kompozisiya keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həsənovanın sözlərinə görə, təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən biri də şagirdlərə ana dilimizi sevdirmək və qorumaqdır: “Ümummilli liderimiz Heydər Əliyev həmişə azərbaycanlı olması ilə fəxr edirdi. Hər bir millətə öz ana dili əzizdir, dilimizi sevməklə yanaşı həm də qorumalıyıq”. Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbirlərin fevralın 15-dən başladığını və bir həftə boyunca davam etdiyini bildirən Firəngiz xanımın sözlərindən aydın oldu ki, ədəbi - bədii kompozisiya həm də ana dili həftəsinin yekun tədbiridir. Bundan öncə isə məktəbdə Nəriman Nərimanovun 140, “Ədəbiyyat qəzeti”nin 75, xalq şairi Zəlimxan Yaqubun 60 illiyi qeyd edilib.

Azərbaycan dilinin gözəllikləri, üstünlükləri barədə professor Yusif Seyidov çıxış etdi. “Müəllimlərin müəllimi” adlandırılan Yusif müəllim çıxışında ana dilimizin təşəkkül tapdığı dövrdən bəri keçdiyi yol barədə danışdı: “Dilsiz millət yoxdur. Hər bir xalqı tanıdan əlamətlərdən biri də onun dilidir. Hələ qədim dövrlərdən ”Bir milləti məhv etmək üçün öncə onun dilini məhv etmək lazımdır" deyimi işlədilirdi. Dil heç bir şeylə müqayisə edilməyəcək ictimai hadisədir. Dil zaman - zaman yeni keyfiyyətlər qazanır, hər bir dilin arxasında mənsub olduğu millətin psixologiyası, o millətə məxsus keyfiyyətlər dayanır". Azərbaycan dilinin hələ qədim zamanlardan regionda ümumişlək dil olduğunu və bunun bir sıra səbəblərlə əlaqəsini vurğulayan professor dilimizin çox güclü təsir qabiliyyətindən söz açdı. Onun sözlərindən aydın oldu ki, çox saitli olduğu üçün ana dilimiz axıcı, musiqili dil hesab edilir: “Məhz bu səbəbdəndir ki, yaxın zamanlara qədər Orta Asiya ölkələrindən alimlər, musiqiçi və sənətşünaslar Azərbaycanla mütəmadi əlaqə saxlayaraq çox şey öyrəniblər. Böyük alim Bertels yazırdı ki, dünyada Nizamiyə bərabər sənətkar yoxdur. Təəssüf ki, biz Nizamini də dünyada kifayət qədər tanıda bilməmişik”.

Sonra səhnə məktəbin şagirdlərinin və A.M.Şərifzadə adına Mədəniyyət evinin “Xudafərin” instrumental ansamblının ixtiyarına verildi. Əlində qopuzu ilə səhnəyə çıxan ulu Dədə Qorqud üzünü oğuz elinə tutaraq “dilimizi, vətənimizi qoruyun” dedi: “Hər bir millətin dili onun kimliyidir. Vətən də, onun dili də müqəddəsdir”.

Dədə Qorqudun əsrlərin o üzündən gələn xeyir-duasına, məsləhətinə səhnədən “Ana dilim” mahnısının sədaları ilə cavab verildi.

Şagirdlər tədbir iştirakçılarının görüşünə Azərbaycanın görkəmli sənətkarlarının qələmindən çıxan əsərlərdən səhnəciklərlə gəldilər.

Qeyd edək ki, şagirdlərin uğurlu ifasını, əsl aktyorluq məharətini səhnə dekorasiyası, geyimlər tamamlayırdı. Səhnədə vətən, dil qədər müqəddəs olan anaları tərənnüm edən mahnı səsləndi. Ana deyəndə hər kəsin ürəyinə yanar odlar saçıldı, ana deyəndə qarşımızda gözəl səhər açıldı. Bu gözəl səhərlər üzümüzə analarımızın elə özləri qədər müqəddəs olan dilimizdə söylədikləri laylalar, oxşamalar, xeyir-dualarla daha da gözəlləşdi. Bu gözəl səhəri gözəlləşdirən analara, analarımızın dilinə kəm baxanlar da unudulmadı. Səhnədən onlara şeir dili ilə kiçik bir xatırlatma verildi: “Anamız Vətən də qürbət kimidir, öz ana dilini bilməyənlərə”.

Səhnədə “Anamın kitabı” göründü. O kitab ki, onu bütün dövrlərin övladları baş tacına çevirməli, anamızın dilini, onun nəsihətlərini ömrümüzün ən dəyərli sərvəti kimi qorumalıdı. Varlığımız bu kitabın qiymətini heç zaman itirməyən səhifələrdən keçir. O səhifələrdə biz özümüzü, azərbaycanlı kimliyimizi tapırıq. Anamızın kitabı vətənimizin dilindədir, vətənimizin bir hissəsi isə hələlik yağı əlində. Amma o gün 53 saylı məktəbdən ucalan “Qarabağ şikəstəsi”nin qəlbləri fəth edən möhtəşəmliyində babalarımızın əsrlərin o üzündən gələn ayaq səsləri duyuldu, nənələrin laylası qulaqlarda eşidildi, Şuşanın düşmən əlində inləyən dağları köməyə çağırdı.

Səhnədə yenə Dədə Qorqud nəsihətləri eşidildi. Üzünü 53 saylı məktəbin timsalında bütün Azərbaycan xalqına tutan ulu Dədə Qorqud anamızın dilində Oğuz igidlərindən xeyir - duasını əsirgəmədi. Qoy Dədə Qorqudun bir alqışını da anamızın dilində, ana Vətənin ayrılmaz parçası olan Qarabağda eşidək!

 

 

Bakı təhsili.- 2010.- 26 fevral.- S. 11.