Məktəblər
və internet
Birincilər
ikincidən necə istifadə edir?
Təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində
həyata keçirilən tədbirlər uğurlu nəticəsini
verir. Artıq hər şagirdə 20 kompüter nisbəti təmin
edilib. Xatırladaq ki, 5 il əvvələ qədər bu nisbət
1:1000 kimi dəyərləndirilirdi. Məktəblərin
kompüterlərlə, İKT avadanlıqlarıyla təmini
ilə yanaşı internetə qoşulması istiqamətində
də tədbirlər davam etdirilir. Təhsil Nazirliyinin məlumatına
görə, artıq 500-ə yaxın məktəb internetə
qoşulub. “Bakı Təhsili” olaraq günümüzün
prioritet mövzularından olan İKT təminatını daim
diqqətdə saxlamışıq. Bu dəfə də ənənəmizi
davam etdirərək “Reyd” rubrikasında informatika dərslərinin
tədrisi, məktəblərdə internetdən istifadə,
bu sahədə şagird və müəllimləri
maraqlandıran məsələləri önə çəkdik.
Onu da bildirək ki, reyd üçün getdiyimiz məktəbləri
mərkəzdən uzaqda, Suraxanı və Sabunçu
rayonlarından seçdik.
Evdə
oyun, məktəbdə dərs
İlk olaraq baş çəkdiyimiz 278
saylı məktəb oldu. 1620 şagirdin təhsil
aldığı, 186 müəllimin
çalışdığı müəssisə 2 il əvvəl
əsaslı təmir edilib. Təmir kompüter
otaqlarının
yaradılmasına da müsbət təsirini göstərib.
56 kompüterin olduğu məktəbdə 4 kompüter
otağı fəaliyyət göstərir. İnformatika fənninin
tədrisinə gəlincə, direktor Məlahət Əliyeva
bildirir ki, qeyri-ixtisaslı kadrlar olmasa da, bir vakant yer var. İbtidai
siniflərdə də informatika müəllimləri dərs
keçir, sadəcə I sinifdə bu iş sinif müəlliminə
tapşırılıb ki, o da müvafiq kursdan keçib. Məktəbin
kitabxanasında və müəllimlər otağında da
kompüter qoyulub. Müəllimlərin çoxu kursdan
keçdiyindən kompüterdən istifadə
bacarığına malikdir. Hazırda isə bir neçə
müəllim kurs keçir. Siniflərə baş çəkirik.
Əvvəlcə ibtidailərlə söhbətləşirik.
İnformatika müəllimlərinin adından tutmuş,
kompüterin nə olduğuna dair bir neçə sual veririk. Balacalar
nabələd qonağı kompüter otağında məmnuniyyətlə
müşayiət edirlər. Öyrənirik ki, II sinifdən
başlayaraq Word proqramında
yazmağı öyrənirlər. “Birincilər” isə hələlik
kompüterin nə olduğunu öyrənməklə
başlayıblar. Onlar müəllimin öyrətdiyi qaydada
kompüteri yandırıb söndürməyi nümayiş
etdirirlər. III sinfin şagirdləri isə həm də
kompüterdən ölçü vahidlərinin öyrənilməsində
istifadə edirlər. Mövzu riyaziyyatdan eyni mövzu ilə paralel olduğundan uşaqlara
kitabdan oxuduqlarını kompüter ekranında da izləmək
maraqlı görünür. Uşaqlar kompüterdə oyun
oynamağı çox sevsələr də məktəbdə
bu imkanın olmadığını bildirirlər. Çünki
məktəb kompüterlərində oyun yoxdur. Daha sonra bu
mövzunu informatika müəllimləri ilə davam etdiririk. Bildirirlər
ki, şagirdlərin oyunlar oynamağa, musiqi dinləməyə
maraqları çox olsa da məktəbdə kənardan gətirilən
elektron informasiya daşıyıcılarından istifadəyə
icazə verilmir. XI z sinfinin informatika dərsini izləyirik. Təcrübə
saatı olduğundan şagirdlər kompüterdə cədvəllər
üzərində işləyirdi. Yazı yazanlar da vardı.
Bizimlə söhbətdə bildirirlər ki, internetdən
istifadədə heç bir məhdudiyyət yoxdur. Məktəbin
internetə qoşulmasında da çətinliklər
yaranmır. O ki qaldı internetdən daha çox nə məqsədlə
istifadə edilməsinə, “onbirincilər” bu məqsədlər
sırasında musiqiyə qulaq asmaqdan tutmuş dostları ilə
yazışmalara qədər çox şeyləri
sadalayırlar. Amma bunun üçün məktəb
kompüterlərindən istifadə etmirlər. Hər halda
özləri belə deyir. “Onbirincilər”i maraqlandıran əsas
məsələ imtahanlar olduğundan daha çox bu mövzu
ilə bağlı məlumatlar ala biləcəkləri
saytlara müraciət edirlər. İnformatika müəllimi
Sona xanım bildirir ki, internetə çıxışda
problem yaranmır. Yuxarı sinif şagirdləri təcrübə
dərsində əsasən internetdə bilikli.az saytına
daxil olurlar, çünki həmin saytda test sualları verilir.
Sona xanımın sözlərinə görə, kompüterlərdə
problem olmasa da, siçanların işləməsində
çətinliklər var. Odur ki, kompüterlərin
siçanlarının dəyişdirilməsi yaxşı
olardı.
“İnternet
klublara ehtiyac qalmır”
“Doqquzuncular”la söhbətimizdən
də aydın olur ki, onlar üçün imtahanlar prioritet
mövzudur. İnternetdə isə əsasən TN, TQDK-nın
saytlarına baxırlar.
Məktəbdə
olduğumuz müddətdə informatika kabinetində IX a
sinfinin ədəbiyyatdan açıq dərsini də izləyirik.
Dərs həm də ona görə maraqlıdır ki,
şagirdlər ədəbiyyat müəllimi Cəmilə
Rüstəmova başda olmaqla kompüter tərtibatçıları
Əhmədova Lalə və Səmədli Günəşlə
birlikdə “Beynəlxalq Ana Dili Günü” münasibətilə
xüsusi jurnal hazırlayıblar. Jurnalda internetdən əldə
edilən məlumatlardan, şəkillərdən də istifadə
olunub. Dərsə hazırlıq prosesini izləyirik.
Şagirdlərdən biri kompüter və proyektordan istifadə
ediləcək dərs üçün avadanlıqları
hazırlayır, kompüter arxasına keçib məlumatları
bir daha gözdən keçirir, texniki məsələlərin
həllində laborant xanıma yardım göstərir.
Söhbətdən aydın olur ki, kompüterdə sərbəst
işləməyi bacardıqlarından bu onlar
üçün problem yaratmır. Bu arada onu da öyrənirik
ki, şagirdlər onları maraqlandıran məsələlərlə
bağlı məlumatları məktəbdə öyrənirlər:
“Hamının evində kompüter yoxdur. İmtahanlarla əlaqədar
məlumatları almaq, referat hazırlamaq üçün
internet klublara getməyə daha ehtiyac qalmır. Ədəbiyyat,
coğrafiya ilə bağlı referatları məktəbdə
internetdən istifadə edib hazırlamışıq. İndi
də Xocalı soyqırımı ilə bağlı
keçiriləcək tədbir üçün məlumatlar
toplayırıq”.
Açıq dərsdə
müəllim Azərbaycan dilinin təşəkkül və
inkişaf tarixi barədə məlumat verdi. Müəllimin
çıxışının slaydlarla müşayiət
olunması diqqəti cəlb edirdi. Ekranda Azərbaycanın
görkəmli şair və dilçiləri barədə məlumatlar
bir - birini əvəzlədi. Uşaqlar ana dili ilə
bağlı şeirlər söyləyib, səhnəciklər
nümayiş etdirdilər. Güney Azərbaycanda ana dili
uğrunda mübarizə barədə məlumatları əks
etdirən slaydlar maraqla qarşılandı. Məlum oldu ki,
bütün bunlar internetdən istifadə edilərək
toplanılıb.
Müəllimlər
kömək istəyir
Getdiyimiz növbəti təhsil
müəssisəsi 285 saylı məktəb oldu. 928
şagirdin təhsil aldığı, onların təlim-tərbiyəsi
ilə 170 müəllimin məşğul olduğu müəssisəyə
55 kompüter verilib. 3 kompüter otağı fəaliyyət
göstərir, hazırda həmin kompüterlərdən bir
neçəsi işlək vəziyyətdə deyil. Direktor
Malik Qurbanov bildirir ki, Təhsil Nazirliyinin təmir
briqadasına bu barədə məlumat verilib və qısa
zamanda onlar kompüterlərə baxış keçirəcəklər.
İnternetə çıxışın təmin edildiyi məktəbdə
4 informatika müəllimi çalışır. Onlardan ikisi
riyaziyyat-informatika ixtisası üzrə təhsil alıb. Digərləri
isə müvafiq kurslardan keçib. I və II siniflərdə
informatika fənninin tədrisi sinif müəllimlərinə
həvalə olunub. III sinifdən başlayaraq fənni
informatika müəllimləri tədris edir. Direktorla söhbətdən
onu da öyrənirik ki, məktəbdə müxtəlif məsələlərin
müzakirə edildiyi toplantıların təşkili ənənə
halını alıb. Gələn həftə keçiriləcək
toplantıda informatika fənninin tədrisi müzakirə
olunacaq: “Bundan öncə isə həftə boyunca informatika fənninin
tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə
dərslərdə iştirak edəcəyəm”.
Məktəbin 120 müəllimi
kompüter kursundan keçib, İKT-dən istifadə
bacarığına müəyyən qədər də olsa
yiyələniblər. Elektron dərsliklərdən istifadə
edilir, üstəlik bu dərslər şagirdlərin daha
çox marağına səbəb olur.
X e sinfində informatika
dərsini izləyirik. Təcrübə saatı olduğundan
şagirdlər kompüter masası arxasında idilər.
Otaqda diqqətimizi çəkən ilk şey
darısqallıq oldu. Şagirdlər bir masa arxasında
cüt oturmalı olmuşdu. Direktor bildirir ki, bu ilin mayında
başlayacaq əsaslı təmirdən sonra kompüter
otağı dəyişdiriləcək. Şagirdlərlə
danışırıq. Deyirlər ki, layihə üzərində
işləyirlər. Belə ki, hər bir şagird ona verilən
mövzu ətrafında məlumat hazırlayır. Mövzular
isə tarix, ədəbiyyat, biologiyaya aiddir. Şagirdlərdən
biri Azərbaycanın tarixi abidələri barədə məlumat
toplayır, başqa biri isə insan gözü haqqında
topladığı elmi bilikləri sistemləşdirir.
Axtarış saytları arasında əsasən “Google”-dən
istifadə edirlər. Burada Azərbaycan dilində məlumatların
çox olduğunu bildirirlər. İnformatika müəllimi
Rəna Məmmədova kompüterlərlə bağlı bir
problemi dilə gətirir. Serverdən istifadənin öyrədildiyi
kursların təşkilinin vacib olduğunu deyir. Bildirir ki,
serveri öyrənmək problemləri dərhal həll etməyə
yardımçı olar: “Görürsən şagirdlər
işlədiyi vaxt kompüterlər donur. Serveri bilmək
lazımdır ki, problemi həll edək. Bu məsələ
diqqətdə saxlanılsa yaxşı olar. Lap ödənişli
kurslar da təşkil edilsə iştirak edərik.
Çünki bu bizim üçün çox vacibdir. İndi
bilmirik ki, kimdən məlumat alaq”.
Bir məsələ də
proyektorların azlığıdır. Məktəbdə cəmi
bir proyektor var ki, müəllimlər bu sayın
artırılmasını istəyirlər. Çünki
proyektordan istifadə zamanı növbəlilik kimi bir çətinlik
meydana çıxır. Digər bir kompüter otağında
da işlək olmayan kompüterlər var. Söhbət
zamanı öyrənirik ki,
şagirdlərin internetdən istifadəsində bəzi
saytlara girişin filtrlə qarşısının
alınması nəzərdə tutulsa da, bu iş hələ
tam başa çatdırılmayıb. Odur ki, dərs prosesində
şagirdlərə müəllimlər nəzarət edir.
“Onbirincilərin”
yarışma və yazışma marağı
Yeni Günəşlidə
baş çəkdiyimiz digər təhsil müəssisəsi
275 saylı məktəb olur. 1670 şagirdin təhsil
aldığı məktəbdə 45 kompüter var. Direktor
Elmira İsmayılova bildirir ki, ixtisaslı kadrlarla təminat
baxımından problem olmadığı kimi, informatika müəllimləri
üçün vakant yer də yoxdur. İbtidai siniflərdə
informatika fənnini kursdan keçən müəllimlər tədris
edir, ümumiyyətlə isə məktəbdə 5 informatika
müəllimi fəaliyyət göstərir. Məktəbdə
müxtəlif fənlərdən “açıq dərs”lərdə
İKT-dən istifadə olunduğunu vurğulayan direktor deyir
ki, həmin “açıq dərs”lər daha sonra “Fəal təlim
üsulları keyfiyyətin başlıca amili” mövzusunda dəyirmi
masada müzakirə edilib.
Söhbətin
ardınca kompüter otaqlarına baş çəkirik. XI j
sinfində şagirdlər kompüter masası
arxasındadır. Diqqəti ilk çəkən Türkiyə
kanallarından birində yayımlanan “Yetənək sizsiniz,
Türkiyə” proqramı olur. Şagird dərs zamanı
internetdə yarışma proqramı izləməsinin səbəbini
belə izah edir ki, kompüter həm də bunun
üçündür. Başqa bir şagird isə internetdə
xalası qızı ilə yazışır. Səbəbi
belə izah olunur ki, həmin şagird bir neçə dəqiqə
öncə özünü pis hiss etdiyindən bu barədə
xalası qızına məlumat verir. Müəllimə
şagirdlərin dərsdə internetdən hansısa bilikləri
əldə etmək üçün yox, yazışmaq,
yarışma proqramlarını izləmək
üçün istifadə etməsinin səbəbini
böyümələri ilə izah edir. Ümumilikdə isə
məktəbin şagirdləri Excell, Pover-Point, Word kimi
proqramlarda sərbəst işləyə bilirlər.
Kompüterlərin hamısının işlək vəziyyətdə
olduğunu bildirən müəllimin sözlərindən o da
aydın olur ki, internetə çıxışda heç bir
problem yaranmır.
Rus bölməsinin XI
sinif şagirdləri də kompüterin keyfiyyətindən və
internetin sürətindən razılıqla
danışırlar. Dərs zamanı kompüterdən
hansı məqsədlərlə istifadəyə gəlincə,
şagirdlərdən biri “biz kompüteri elə bilirik ki,
öyrənməyə ehtiyac yoxdur” cavabını verir. Digərlərindən
fərqli olaraq bir kompüter otağı şəbəkədədir.
Ona görə də müəyyən çətinliklər
yaranır. İnternetə çıxışda da digər
otaqlarda rastlaşdığımız sürəti təmin
etmək mümkün olmur.
Şagirdlər
internetin açılacağı günü gözləyirlər
Son olaraq vəziyyətini
öyrəndiyimiz 170 saylı məktəb oldu. Məktəbin
həyətinə daxil olarkən şagirdlərin idman dərsini
müşahidə etdik. Havanın yağışlı
olmasına baxmayaraq, idman dərsinin açıq havada
keçirilməsinin səbəbi məktəbdə idman
zalının olmamasıdır. Uşaqlar bildirir ki, tədbirləri
də əsasən dəhlizlərdə təşkil edirlər.
Çünki məktəbdə heç akt zalı da yoxdur. Səbəb
isə məktəbin uyğunlaşdırılmış
binada yerləşməsidir. Uzun illərdən bəri fəaliyyət
göstərən məktəb bu müddət ərzində
bir dəfə də olsun əsaslı təmir edilməyib.
1928-ci ildə inşa edilən binanın əsaslı təmirə
ehtiyacının olduğunu ilk baxışdan müəyyən
etmək mümkündür. Doğrudur, son 10 ildə məktəbdə
cari təmir işləri aparılıb, qapılar, pəncərələr
dəyişdirilib. Amma bu bütün binaya şamil edilə
bilməz. Xüsusilə dam örtüyündəki problemi həll
etmək məktəbin imkanı xaricindədir.
Yağışlı havada məktəbdəki vəziyyəti
təsəvvür etmək çətin deyil. Eləcə də
birinci mərtəbədə pəncərələr tamamilə
dəyişdirilməlidir. Şagirdlər və valideynlər məktəbdəki
nizam - intizam, təlim - tərbiyənin vəziyyətindən
razılıqla danışırlar. Deyirlər ki, məktəb
təmir olunarsa, problemlər aradan qalxar. Məktəb istiliklə
təmin edilir, bu da davamiyyətə və məktəbli
formasına müsbət təsir göstərir. Məktəbdə
olduğumuz müddətdə davamiyyətlə maraqlandıq.
Məlum oldu ki, X və XI sinif şagirdləri arasında dərs
buraxma halları azdır.
Məktəb
paytaxtın bir çox məktəbi kimi internetə
qoşulmaq ərəfəsindədir. Artıq bu məqsədlə
lazımi bütün işlər görülüb, yaxın
günlərdə internetə çıxış təmin
ediləcək. Direktor Xədicə Eminovanın sözlərinə
görə, 1128 şagirdin təhsil aldığı məktəbdə
122 müəllim çalışır. Vaxtilə məktəb
4 növbədə fəaliyyət göstərib. Hazırda
iki növbədə dərslərin keçildiyi məktəbə
32 kompüter verilib. Bunun da hesabına 2 otaq yaradılıb.
İbtidai siniflərdə informatika fənnini kursdan keçən
sinif müəllimləri tədris edir. Kompüterlərin
hamısının işlək vəziyyətdə olduğu
məktəbdə IX d sinfində informatika dərsini izləyirik.
Məlum olur ki, dərsin mövzusu “Elektron cədvəl obyektləri”dir.
“Doqquzuncular” məktəb kompüterlərinin internetə
qoşulacağı günü səbirsizliklə gözləyirlər.
Dediklərinə görə, internetdən test sualları ilə
tanış olmaq üçün də istifadə edəcəklər.
İlk sınağa hazırlaşan “doqquzuncular”ın həyəcanı
gözdən qaçmır. Onlarla söhbətdə həmçinin
informatika dərsində təcrübəyə daha çox
vaxt ayrılmasını istəyirlər.
“Yaxşı
ki məktəblərə kompüter verilib”
Bu dəfə də
“birincilər”lə söhbətləşirik. Bizə bələdçilik
edib o biri korpusdakı informatika kabinetinə gətirirlər. Bundan
əvvəl isə aramızda
qısa bir sual - cavab başlayır. Kompüteri televizora
bənzədirlər, şagirdlərdən biri isə deyir ki,
kompüterdə işləməyi çox
xoşladığından qohumları ona bir kompüter hədiyyə
edib. Dediklərinə görə, kompüterin bütün
hissələri ilə tanış olduqdan sonra müəllimləri
onlara yazı yazmağı, şəkillər çəkməyi
də öyrədəcək. Hələlik isə onlar
yalnız kompüterlə ilk tanışlıqla kifayətlənirlər,
kompüter otağında davranış qaydalarını
öyrənirlər. “Birincilər” internetin nə olduğunu hələ
tam anlamır, amma deyirlər ki, müəllimləri və bəzi
yoldaşları internet barədə danışır.
Məktəbi tərk
etməyə hazırlaşırıq. Bu dəfə də
valideynlərlə söhbətləşirik. Bildirirlər ki,
uşaqları kompüterin təkcə oyun üçün
olmadığını məhz məktəbdəki
kompüterlərin köməyi ilə anlayır: “Hər dəfə
deyəndə ki, kompüterdə yazı yazırlar, şəkil,
cədvəl çəkirlər sevinirik. Hamının evinə
kompüter almağa imkanı yoxdur. Yaxşı ki, məktəblərə
kompüter verilib, heç olmasa uşaqlarımız məktəbdə
kompüterdə işləməyi öyrənir. İndi hara
getsən, nə iş görmək istəsən kompüterdə
işləməyi bacarıb-bacarmadığını
soruşurlar. Uşaqlar klublara kompüterdə işləməyi
öyrənmək üçün getmir, oyun oynamaq
üçün gedir. Kompüterdə işlədikləri
yer məktəbdir”.
Son olaraq qeyd edək ki,
bu il “İlin ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsinə sənəd təqdim edən təhsil
müəssisəsinin 3 şagirdi hazırda fənn
olimpiadasının respublika turuna hazırlaşır. Onlar da daxil olmaqla bütün
şagirdlər, müəllim kollektivi məktəbin təmir ediləcəyi
günü gözləyirlər. Uğurların bundan sonra
daha da artacağına əmindirlər.
ELNARƏ
Bakı təhsili.-
2010.- 2 fevral.- S. 4-5.