DÖVLƏTİN VƏ MİLLƏTİN GÜVƏNC YERİ

 

92 yaşlı Azərbaycan Ordusu

 

26 iyun Azərbaycanda Milli Ordu Günü kimi qeyd olunur. Tarixi 92 il öncəyə dayanan milli ordu əslində qədim ənənələri olan Azərbaycan hərb  sənətinin daha peşəkar müstəvidə davamı idi. Məhz bu səbəbdəndir ki, yarandığı və mövcud olduğu dövrdə də, ondan sonrakı zamanlarda da Azərbaycan  müstəqilliyinə yenidən qovuşduqdan sonra da dövlətin və millətin güvənc yerinə çevrildi. Azərbaycan Demokratik Respublikasının milli ordusunun yaranma tarixinə nəzər saldıqda həmin dövrü şərtləndirən bir çox mühüm amilin ordunun yaranmasına təkan verdiyi ortaya çıxır. Milli ordu 1918 - ci ildə Azərbaycana qarşı hərbi təcavüz təhlükəsinin qarşısının alınması məqsədilə yaradılmışdı. Ermənistan vəziyyətdən istifadə edərək Zəngəzuru, Qarabağı və Naxçıvanı işğal etməyə çalışırdı ki, bunun da qarşısını yalnız peşəkar silahlı qüvvələr ala bilərdi.

Mayın 28 - də qəbul edilən İstiqlal Bəyannaməsində xarici müdaxilələrdən müdafiə olunmaq, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami ordunun yaradılması zəruriliyi vurğulanırdı. İlk dəfə olaraq 1918 - ci il iyunun 26 - da Gəncə şəhərində yerləşən parlament tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaradıması haqqında qərar qəbul olundu. ADR-in ilk müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Ordu quruculuğu haqqında tədbirlər planına əsasən 1919 - cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri, həmçinin üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmiryol batolyonu yaradılmalı idi. Ordu quruculuğunda qarşıya çıxan problemlər arasında təchizat və kadrlar məsələsi öndə gedirdi. Həmin dövrdə azərbaycanlılar əksəriyyət olaraq hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi ödəyirdilər. Belə bir şəraitdə peşəkar hərbi kadr tapmaq ciddi problem kimi qarşıda dururdu. Üstəlik Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı erməni terroru bütün silahını işə salmışdı, Qubada, Bakıda, Şamaxıda soyqırım törədilirdi. Bunun qarşısını almaq üçün Azərbaycana qardaş yardımı ilə gələn türk ordusundan sonra da durum ağır olaraq qalırdı. Çıxış yolu ancaq Milli ordu quruculuğunu sürətləndirməkdən keçirdi. Bu məqsədlə general Əliağa Şıx-linskinin köməyindən istifadə olundu. Onun hazırladığı plana əsasən 1919-cu ildə 25, 1920 - ci ildə  40 minlik ordu yaradılmalı, hərbi nazirliyin strukturu formalaşdırılmalı idi. Qeyd edək ki, hərbi nazir vəzifəsini 1918 - ci ilin 28 mayından 11 iyununa qədər Xosrov bəy Sultanov icra etmişdi. Oktyabrın 6-dan dekabrın 26-dək isə hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olmuşdu. Hökumət oktyabrın 23 - də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Dekabrın 26-da  general - leytenant Səməd bəy Mehmandarov hərbi nazir , general - leytenant Əliağa Şixlinski müavin təyin olundu. Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, fvedfebelə 120 rubl maaş müəyyən edildi. 1918 - ci ilin iyul ayının 11 - də milli orduya çağırış haqqında əmr verildi və 1894 - 1899 -cu illərdə anadan olmuş 24 - 29 yaşlı oğlanlar səfərbər edildi. Milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Qısa zamanda 40 minə yaxın əsgəri olan milli ordu quruculuğu vüsət aldı. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi məhkəmə də yaradıldı. Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, millilik ön sırada idi. Səməd bəy Mehmandarov orduda danışıq və dəftərxana dilinin Azərbaycan türkcəsin-də olması əmrini verdi. 1918 - 1920 - ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919 - cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi.

1920 - ci ilin fevralında parlament Gəncədə hərbi zavodun tikintisinə 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul etdi. Hökumət Antantanın Ali Şurasına memorandum göndərərək hərbi zavodun müasir texnologiya ilə təminini xahiş etdi. Ancaq Azərbaycanın müstəqilliyi uzun sürmədiyi kimi milli ordunun də varlığı qısa oldu. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Hərbi Nazirlik ləğv edildi. Azərbaycan ordusunun 21 generalından 15 - i bolşeviklər tərəfindən güllələn-di. Azərbaycan müstəqilliyini olduğu kimi dəyərli ziyalıları, dövlət xadimləri, hərbçilərini də itirdi.

Azərbaycanın müstəqilliyinin ikinci dönəmində milli ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahiliyi, uzaqgörənliyi və siyasi dünyagörüşü ilə Azərbaycana birinci rəhbərliyi dönəmində milli hərbi kadrların hazırlanmasının əsasını qoydu. 1971 - ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb - Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması xüsusi diqqət doğurdu. Bu elə bir dövr idi ki, azərbaycanlıları orduda inşaat batalyonlarına göndərirdilər. Heydər Əliyevin səyi ilə azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəblərinə, SSRİ - nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olundu.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991 - ci il sentyabrın 5- də Müdafiə Nazirliyinin, oktyabrın 9 - da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması haqqında qanun qəbul edildi. Ancaq faktiki olaraq ordu quruculuğu 1993 - cü ildə Heydər Əliyev yenidən hakimiyyə-tə qayıtdıqdan sonra başladı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordu quru-culuğunun əhəmiyyətini yüksək qiymətləndirərək bu sahədə ciddi irəliləyişə nail oldu. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaradıldı. Ali Baş Komandan cəbhə bölgələrinə səfər edərək döyüşçülərimizlə görüşdü, bu görüşlər ordunun əhval - ruhiyyəsində özünü büruzə verdiyi kimi xalqın da öz ordusuna güvənini artırdı.1994 - cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994 - cü il mayın 12-də atəşkəs elan olundu. Ancaq bu ordu quruculuğu prosesinin dayanması yox, əksinə daha da sürətlənməsi ilə şərtləndi. Heydər Əliyevin 22 may 1998 - ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi, 16 avqust 2000 - ci il tarixli sərəncamı ilə isə 18 avqust Sərhəd Qoşunları əməkdaşları-nın peşə bayramı kimi qeyd olunmağa başladı. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiya-nın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001 - ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mər-kəzi təşkil edildi. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var. Yüksək kadr potensialı və geniş maddi - texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çinə və digər ölkələrə göndərilirdi. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Müstəqilliyin ən çətin dövrlərindən başlayan ordu quruculuğu prosesində əldə edilən uğurlar Azərbaycan Milli Ordusunun gücünü hərbi paradla dünyanın gözü qarşısında sərgilədi.  Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval - ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir.  Ali Baş Komandan İlham Əliyev orduya dövlət diqqət və qayğısının davam edəcəyini vurğulayıb və Azərbaycan Silahlı qüvvələrinin torpaqlarımızı hərb yolu ilə düşmən işğalından azad etməyə hərtərəfli hazır olduğunu bildirib:"  ... Biz bütün sahələrdə or-duda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində maddi - texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir".

Azərbaycan Milli Ordusunun təyinatı Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır. Ordumuz təyinatını olduğu kimi, xalqın və dövlətin inamını da doğruldur.

 

 

 Bakı təhsili.- 2010.- 25 iyun.- S. 3.