NOVRUZ HAQQINDA MARAQLI MƏQAMLAR
Novruz
xalqımızın milli bayramıdır. Sambalına, vüsətinə,
kütləviliyinə görə, adət - ənənə zənginliyi
baxımından onunla müqayisə ediləcək ikinci bir
bayram yoxdur. Novruz adətləri, Novruz etiketləri
xalqımızın say niyyətinin, humanist xarakterinin, yüksək
əxlaqi - mənəvi keyfiyyətlərinin təcəssümüdür.
Dünya üzündə saysız - hesabsız xalqlar, millətlər
olduğu kimi, bayramlar, mərasimlər, adət - ənənələr
də müxtəlif və saysızdır. Hər ilin yaz gecə
- gündüzü bərabərliyində, varlığın
oyanış dönəmində ərgənləşən
Novruz həm də qoca türkün özü qədər qədim
və uludur. Ulu ən əvvəl, uca Tanrımıza deyirik.
Ulu vətənə, yurda deyirik, ana təbiətə deyirik.
Ulu yeddi arxa dönənimizdən o üzdəki dədə -
babalarımıza deyirik. Ululuq həm də müqəddəslikdir,
ülviyyətdir. Novruz ulu bayramdır.
Səmavi kitabların
ən dolğunu, qüsursuzu, insan üçün ən
faydalısı “Quran-i Kərim” Allah kəlamı, Allah
buyruğudur. Novruz adətlərini diqqətlə
araşdırsaq, görərik ki, “Quran-i Kərim”də təsbit
olunan əxlaqi - bəşəri keyfiyyətlər bu adətlərimizdə
ehtiva olunub. Novruzda təbiətə, insana, vətənə
sevgi var, şərə qarşı mübarizə və
xeyrin təntənəsi var, milli birliyə,
barışığa, əqidə bütövlüyünə
çağırış var, əbədiyaşarlıq
var...
Bu baxımdan Novruz adətlərinin
məktəblərimizdə tədrisinə xüsusi önəm
verilməlidir. Gənc nəslin istər milli, istər
ümumbəşəri keyfiyyətləri əxz etməsində,
onların dünyagörüşünün yüksək dəyərlər
əsasında formalaşmasında Novruz adətlərinin təbliği,
fikrimcə, faydalı və əhəmiyyətli olardı.
ƏRGƏNƏKON
NƏDİR?
Novruzdan
danışarkən, ilk öncə, onun etimologiyasına nəzər
salmaq lazımdır. Novruz fars sözü olub, türkcədən
hərfi tərcümədir, mənası “yeni gün” deməkdir.
Novruz qədim türk dilində “Ergənəkar” (Ərgənəkon)
adlandırılırdı. Biz indi də yeniyetmə oğlan
və qızlara “ərgən oğlan”, “ərgən qız”
deyirik. “Ərgən”, əslində, qədimdə “erkən”
şəklində olub. Bunun “ər” (kişi) sözünə
heç bir aidiyyatı yoxdur. Çünki ərə gedəsi
qıza ərgənə qız deyə bilərik, oğlan
özü ərdir, ona bu ifadəni aid edə bilmərik. Fikrimizin
təsdiqi üçün onu deyim ki, səhərin ilk
çağlarına “er” deyirik. Səhər-səhər səfərə
tələsənlərə deyərlər: “Tələsmə,
hələ erkəndir”. “Kən” hissəciyi isə
transkripsiyaya uğramış və hazırda dilimizdə
“gün” kimi işlənir.
Ərgənəkonla
bağlı bəzi fikirlərə öz münasibətimi
bildirməyi vacib sayıram. Qəbul olunan ümumi fikir belədir
ki, Ərgənəkon (Novruz) bayramı qədim türklərin
Ərgənəkondan çıxdıqları günlə əlaqədardır.
Əfsanələrdən məlum olduğu kimi, türklər
döyüşlərin birində məğlub olurlar.
Tayfanın kiçik bir hissəsi düşməndən
yayına bilir və gözdən uzaq bir məkanda məskən
salır. Törəyib-artmaq, yenidən qüvvə toplamaq
üçün türklərin salamat qalmış hissəsi
yüz illərlə həmin yerdə yaşamalı olur. Yenidən
güclənən türk, nəhayət, aşkara
çıxır, düşməni məğlub edir, onlardan
qisasını alır. Bir çoxları türklərin
yüz illərlə qapalı yaşadıqları yeri “Ərgənəkon”
adlandırırlar. Guya türklər ərgənəkandan
çıxdıqları günü təntənə ilə
qeyd ediblər və Novruz bayramı o vaxtdan mövcuddur. Sözsüz
ki, Novruz o zamandan bəri qeyd edilməkdədir. Ancaq Ərgənəkon
o qapalı məkanın adı deyil, o məkandan
çıxıb yenidən dünyaya yayılan türkün
“yeni gün”ünün adıdır. “Yeni gün”ün
türklərinin qisası amansız olur, yağıları
atdöşü edə-edə Sibirdən Avropaya qədər
yayılırlar (türklərin yaşadıqları
coğrafiyaya fikir verin).
I
MƏQAM:
Türk səbirlidir,
dözümlüdür, əzmkardır, unutqan deyil, nəsli,
tayfanı yaşatmaq üçün son damla qanından
keçər, qisası qiyamətə qoymaz.
Münasibət bildirmək
istədiyim başqa bir məqam Novruzdakı od kultu ilə
bağlıdır. Novruzqabağı çərşənbələrin
ikincisi od çərşənbəsidir.
Şam-çıraqsız, tonqalsız Novruzu təsəvvür
etmək mümkün deyil. Biz uzun müddət qonşuluq elədiyimiz,
bir yurdda, bir məkanda yanaşı
yaşadığımız insanlara “od qonşusu” deyirik. “Od
qonşusu” deyimi, zənnimcə, kibritin, hətta
çaxmaqdaşının belə olmadığı
dövrlərdə yaranıb. İndi yaxın qonşudan
lazım olanda bir atım çay, bir qaşıq duz
aldığımız kimi, o zaman qonşu qonşudan
ocağını alışdırmaq üçün
köz, od alarmış. Od, çörəyimizin urvası un
olduğu kimi, ocağımızın urvası imiş. Deməli,
od daim qorunarmış, sönsə, ümid qonşuya
qalarmış. Bu, “od qonşusu” deyiminin qədimiliyinə,
eyni zamanda Novruz törənlərinin qədimiliyinə dəlalət
edir. Bizə həmişə təlqin ediblər ki,
Novruzdakı od inancları atəşpərəstliklə
bağlıdır. Onda mən sual edirəm: Adət - ənənələr
qədimdir, yoxsa dini görüşlər? Özüm də
cavab verirəm: Adət - ənənələr dini
görüşlərdən çox-çox öncələr
formalaşıb. Aydındır ki, hər hansı dini xalq
arasında kütləviləşdirmək üçün o
dini xalqın adətlərinə uyğunlaşdırıb təbliğ
etmək gərəkdir. Əks halda xalq o dinə inanc gətirməz.
Atəşpərəstlik də bir dini
dünyagörüşü idi və Zərdüşt öz
nəzəriyyəsini o zamandakı xalqların adət-ənənələrinə
uyğunlaşdırmalı idi. Xalq isə türklər idi, ən
azından böyük əksəriyyəti türklər idi. Bu
qanunauyğunluğu islamda da görmək olar. Yaşlı
insanlar bilir ki, Novruza Əli bayramı da deyilirdi. Martın 21-i
Həzrət Əli Əleyhissəlamın xəlifəlik
taxtına çıxdığı gün kimi də qeyd
olunurdu.
Mənim Novruz
bayramı haqqında ilk təəssüratım 7
yaşıma təsadüf edir. Bu, ona görə dəqiq
yadımdadır ki, həmin il I sinfə getmişdim. Nənəm
təndir damına unla naxışlar vururdu. Təndir
damının divarları, dirək və kənarları, adətən,
hisli olardı. Bir də, o zamanlar (52 il əvvəl) indiki kirəmitli,
şiferli ağ otaqlar yox idi. Evlər torpaq damlı,
üstü bacalı idi. Qara his üstündə ağ
naxışlar indi də gözümün
qabağındadır. Naxışlar girdə dairə,
kiçik dairəciklər, aypara formasında idi. İnsan və
müxtəlif heyvan fiqurları da çox idi. Çox -
çox sonralar Qobustan qaya təsvirlərini görəndə
ilk yadıma gələn nənəmin vurduğu
naxışlar oldu. Ancaq nənəmin naxışları bir qədər
primitiv idi. Nənəmin naxışları ilə Qobustan təsvirlərinin
eyniyyət təşkil etməsi haradan qaynaqlanır? Novruzun qədimiliyi
Qobustan dövrünə getmirmi?
II
MƏQAM:
Novruzun tarixi
türkün qədim tarixidir, Azərbaycan xalqının ulu
tarixidir.
Novruzqabağı
çərşənbələr kiçik çillədən
sonra - boz ay girəndə başlanır. Boz ay bir çox yerlərdə,
konkret olaraq Qərbi Azərbaycanın Ağbaba - Şörəyel
bölgəsində “bərdənəcüz”lə
başlardı. Bu, fevralın 21-22-nə təsadüf edir. Həmin
günlər Xıdır Elləz mərasimləri
keçirilirdi. Xızır, Xıdır İlyas əbədiyaşarlıq
timsalıdır. O gün xəşil bişirər, qovut
ovardılar. Qışın bitməsi ilə əlaqədar
hamı bir-birinə sovqat aparardı. Elə həmin gecə
Qurdoğlu (ona Kürdoğlu da deyirlər) “qayada qalır”. Bacısına
sovqat apararkən yolda şiddətli borana düşür. Bir
qayanın koğuşuna daldalanır. Soyuqdan bədəni keyləşir.
Qar koğuşun ağzını subayır. Səhərə
yaxın Qurdoğlunun soyuqdan öləziyən bədəninə
hənir gəlir. Torpaqdan çıxan ilıq buğ - nəfəs
onun canını isidir. Yenidən cana gələn Qurdoğlu
ölümdən xilas olur. “Bərdəncüz” dirçəliş,
oyanış anlamındadır. “Bər” farsca quru
çöl, səhra, “cüz” isə ərəbcə hissə
deməkdir. Bilmirəm, bəlkə, bu ifadənin özü də
hərfi tərcümədir, amma dirçəliş
çölün Qurdoğlu borana düşdüyü hissəsindən
başlayır (türkün xilaskarı Boz Qurdu
yadımıza salaq). Elə su çərşənbəsi də
bərdənəcüzdən sonra gəlir. İlk çərşənbənin
su ilə bağlı olması təsadüfi deyil. Su
başlanğıcdır. Bütün canlı aləm sudan təşəkkül
tapıb. “Oğuz xan” dastanında Oğuz oğlu öz
qadınını suyun içindəki ağacın
koğuşundan tapır. Növbəti çərşənbə
od çərşənbəsidir. Od hərarətdir. Su odla
qaynayar. Əvvəl su lazımdır: boş çaydanı
ocağın üstünə qoymazlar. Odla suyun birliyindən
isti buxar yaranır, havanı isidir (Yel çərşənbəsi).
Nəhayət, ilaxır çərşənbə - Torpaq
çərşənbəsi. Dörd ünsürün birləşməsindən
dirilik, həyat, oyanış və əhya başlanır.
III
MƏQAM:
Novruz həyatın,
mövcudiyyatın fəlsəfəsidir.
Hər çərşənbə
arasının öz boran - çovğunu olur. Mənim
yadımda qalan dörd borandır: bərdənəcüzün,
durnanın, leyləyin, qaranquşun boranları. Bircə o
yadımdadır ki, leyləyin boranı martın 8-9-na təsadüf
edir. Nənəmdən eşitdiyimə görə, leylək
istilərin düşməsini görüb köç edir.
Lakin təbiətin şıltaqlığına aldanır. Martın
8-də gələn leylək qar-boranı görüb
dübarə geri uçub gedir. Bu haqda nənəm deyərdi:
8-ə gəlməz, 9-a qalmaz. Novruzaqədərki boranlar bir
növ qışın can çəkişməsidir. Qış
qışlığından əl çəkmək istəmir,
oyanışa qarşı dirənir, əsib-coşur. Lakin su,
od, hava və torpağın birliyinə bata bilmir,
ömrünü başa vurur. Qar hələ əriyib
qurtarmamış torpaq canlanır, çəmənlər
cücərir, danaqıran, mollabaşı kimi ilk bahar
çiçəkləri qar qatını deşib həyata
boylanır.
Novruzda gecə və
gündüz bərabərləşir. Amma bu bərabərlik
işığa meyillidir, gündüzün xeyrinədir. İşıq
xeyri, qaranlıq şəri təmsil edir. Amma unutmayaq ki,
sentyabrda ilin bir payız bərabərliyi də var. Bu bərabərlik
ilk baxışdan sanki qaranlığın xeyrinədir. Ancaq
diqqət etsək, görərik ki, heç də belə
deyil. Şər-zülmətin xisləti məhv etməkdir,
xeyir-işığın xisləti isə yaşatmaqdır. İndi
görək, şər-zülmət öz öhdəsinə
düşəni həyata keçirə bilirmi? Əsla yox!
Xeyir-işıq isə əhya edir, yaşadır, həm də
əbədi yaşadır. Burda fəlsəfə var:
ölüm nə qədər güclü olsa da, heç nəyi
əbədiyyən məhv etməyə qadir deyil. Ölüm
müvəqqəti, həyat isə əbədidir. Diqqət
edin, “Qurani Kərim”in xəbər verdiyi axirətdə
ölüm anlayışı yoxdur.
IV
MƏQAM:
Novruz əbədiyyət
bayramıdır.
Novruz törənlərində
milli birliyə, barışığa, əmin-amanlğa
çağırış var. Hər çərşənbə
günü tonqal çatılır, insanlar onun ətrafında
cəm olur. Hamı birlikdə deyir-gülür, şənlik
edir. Münasibətlər bayram tonqalının hərarəti
kimi daha da istiləşir. Yaxın-uzaq, qohum-yad bir-birini təbrik
edir, xoş arzular diləyir. İnsanlar bir-birinin evinə
gedir, bayram sovqatı aparır, bayramlaşırlar. Təzə
gəlinlərin “baca”sına gedirlər, hədiyyələr
aparırlar. İl ərzində dünyasını dəyişənlərin
“qəbirüstü” keçirilir, onları yad edir, rəhmət
oxuyurlar. Hamı evdə xoş danışmağa
çalışır: qulaq falına (“qapı pusu”ya)
çıxan olar. Bayramda bütün küsülülər
barışmalıdır. Bayramda sulaşmaq adəti
duruluğa, aydınlığa çıxmaq əlamətini
bildirməklə yanaşı, insanların bir-biri ilə
qaynayıb-qarışmasına xidmət edir.
V
MƏQAM:
Novruz barışıq, milli həmrəylik
və əmin-amanlıq bayramıdır.
Novruzda həyatın
oyanışı ruhun yeniləşməsi ilə həmahəngdir.
Maddi yeniləşmə mənəvi gözəlliyin
intibahıdır. Söz yox ki, insanın xarakteri onu əhatə
edən mühitlə müəyyənləşir, inkişaf
edir. Bayramadək qapı-baca, ev-eşik səliqəyə
salınır, tər-təmiz silinib süpürülür. Yorğan-döşək,
xalça-palaz, boğça paltarları havaya verilir. Günəşin
sığalından çıxan yorğan-döşək və
xalça-palaz evə xüsusi ətir verir. Bayramadək
çirkli, bulaşıqlı heç nə
qalmamalıdır. Bayram gününədək bəzək-düzək
işləri başa çatmalıdır. Novruzda təbiət,
həyat gözəlləşdiyi kimi, ruhlar da təzələnir.
İnsanlar baş verən bu oyanışa “qan oynayan vaxt”
deyirlər. Qışın qəraməti atılır, yeni həyat
başlanır. Yeniləşmiş həyat toy-bayramla,
şadlıq və sevinclə təravətlənir. Bu təravəti
“Kosa-kosa” oyunları daha da rövnəqləndirir.
VI
MƏQAM:
Novruz təmizlik, sevinc və gözəllik
bayramıdır.
Bayram süfrələri
xüsusi diqqət və əliaçıqlıqla bəzədilir.
Şirniyyatlar hazırlanır, cürbəcür meyvələr
alınır. Bayram üçün tədarük olunan
mer-meyvəyə bayram yemişi deyilir. Bayramlaşmağa gedənlər
bu şirniyyat və meyvələrdən bayram xonçası
tuturlar. Bayram qurşağı üçün də (papaq
atmaq) xeyli bayram yemişi nəzərdə tutulur. İlaxır
çərşənbədə “yeddilərin” süfrəsi
açılır. Əslində məsələ burada
süfrədə yeddi nov təamın olmasında deyil. Müqəddəs
rəqəm olan yeddi burada məlum sayı deyil,
çoxluğu, bolluğu bildirir. Koroğlunun, əlbəttə,
7777 dəlisi yox idi, bu, sadəcə saysız-hesabsız
anlamındadır. Yəni süfrədə imkan olduğu dərəcədə
bol nemətlər olmalıdır. 7 rəqəminin
orfoepiyası “yetdi” (yetmək, bəs etmək) felinin tələffüzü
ilə eynidir. Bu, o deməkdir ki, süfrədə nemətlər
hər kəsə yetəcək dərəcədə
olmalıdır. Bizim bayram süfrələrində 4 nemətin
olması mütləq vacib sayılırdı: süd
aşı (süddə bişirilmiş düyü
sıyığı), qurudulmuş ərik bişməsi (kompot),
qırmızı boyanmış yumurta, səməni
halvası. Bu nemətlərin hər biri Novruzaqədərki 4
çərşənbə ilə bağlıdır. Süd
aşı su çərşənbəsinə aiddir. Süd
(ana südü) yaşamın ilk şərtidir. Yumurta ən
qidalı yemdir, əbədi qutdur. Dədə Qorqud
adındakı qor (od) və qut (güc, vüsət) diriliyin əbədiliyinə
işarədir. Böyük loğman İbn Sina deyib: “Mən
bilmirəm, yumurta onu bərk bişirib yeyənlərin mədəsini
niyə deşmir? Yumurtanı boş bişirib yeyənlər
niyə qanadlanıb uçmur?” Nənəm həmişə
deyərdi: “Oğul, səhər-səhər bir şey ye ki,
qarnında qut olsun”. “Qut” sözü həm də xeyirli,
mübarək deməkdir. Qırmızı boyanmış
yumurta od çərşənbəsinə aiddir. Ərik
bişməsi qaynadarkən otağa necə xoş ətir
yayıldığına fikir verin. Ərik bişməsi
damağa dad qatır, həm ab-havanı həlimləşdirir,
həm də münasibətləri şirinləşdirir. Bu,
yel çərşənbəsinin nemətidir. Səməni
halvası səməninin şirəsindən
hazırlanır. Buğdanı kündə yaymaq
üçün istifadə olunan məişət əşyasının
- peşxunun üstünə iki barmaq
qalınlığında yayır, su çiləyir və
işıq düşməyən bir yerdə saxlayırlar. Cücərən
buğdada fotosintez getmir, yaşıllaşmır, əvəzinə
şirinlik kəsb edir. Bir qarış boy atmış
ağ-sarı rəngli cücərtini sıxır, şirəsini
süzgəcdən keçirirlər. Həmin şirəni
iri qazana töküb təndirin üstünə qoyurlar, az-az
un əlavə etməklə qarışdırırlar. Bu
qarışıq qırmızı-qəhvəyi rəngə
dönüncə qaynadılır, müəyyən dərəcədə
qatılaşınca təndirdən götürülür. Səməni
cücərtidir, sözsüz, torpağın nemətidir.
Beləliklə, su,
od, hava və torpağa aid nemətlər birlikdə həyatı,
yaşamı təmsil edir. Bu dörd ünsürdən bircəciyi
belə olmasa, həyat sönər, maddi nemətlər ələ
gəlməz.
VII
MƏQAM:
Novruz dirilik, yaşam,
bərəkət, ruzi bayramıdır.
Bütün bu dediklərimizdən
bir həqiqət də hasil olur ki, Novruz adətlərimizi
sistemli və məqsədəuyğun şəkildə təbliğ
etmək gənc nəslin əxlaqi-mənəvi, ideoloji tərbiyəsində
əhəmiyyətli fayda verər, onlarda vətənə,
yurda, milli dəyərlərə məhəbbət hissini
möhkəmlədər, ümummilli və ümumbəşəri
keyfiyyətləri bir istiqamətdə inkişaf etdirər.
Sonda qeyd etməyi
vacib bilirəm ki, qədim Ərgənəkon - müasir Novruz
bayramı humanist, ümumbəşəri xarakterinə görə
BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi elan
edilib.
Bayramın mübarək,
Azərbaycan!
Sultan
ORUCOĞLU
Bakı
təhsili.- 2010.- 19 mart.- S.8-9.