MƏKTƏBLƏRDƏ NOVRUZ TƏRAVƏTİ
Elimizə-obamıza
bahar gəlir! Qaranquş müjdəli, xoş ovqatlı, çiçək ətirli,
xonçalı Novruz Azərbaycan
xalqının bayramlarının
şahı sayılır. Çünki Novruz bayramı Azərbaycan
xalqının gələcəyə inam hissini, ürəkaçıqlığını,
qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və
dostluq duyğularını
özündə əks etdirir.
Qeyd edək ki, Novruz bayramı
həm də şən gülüşlər, humanist ideyalar bayramı kimi qiymətləndirilir.
Bayramın gəlişi Azərbaycanın hər bir yerində olduğu kimi, Bakı şəhərində
yerləşən təhsil müəssisələrində də
böyük sevinc və maraq hissi
ilə qarşılanır.
İlaxır çərşənbə
ərəfəsində 54 saylı orta məktəbdə
bayram abu-havası xüsusilə hiss olunurdu. Şagirdlər
sevinc və həyəcanla şənliklər keçirdilər,
elimizə-obamıza qədəm qoyan Novruzu xoş qarşıladılar.
Məktəbin bütün qabaqcıl şagirdlərinin
iştirakı ilə hazırlanan daha bir tədbir isə Azərbaycan
dili və ədəbiyyat müəllimi
Arzu Osmanovanın təşkilatçılığı ilə
keçirildi. Tədbirdə şagirdlər Novruzla
bağlı müxtəlif səhnəciklər göstərdilər,
mahnılar, rəqslər ifa etdilər və bahara, Novruz
bayramına həsr olunan şeirlər söylədilər. Tədbirdə
məktəbin direktoru Sahibə Abbasova, müəllim və
şagird kollektivi iştirak etdi. Sonda S.Abbasova tədbirin hazırlanmasında əməyi
keçən hər kəsə, o cümlədən
iştirakçılara dərin təşəkkürünü
bildirdi, onlara bayram təbriklərini çatdırdı.
Bahar
bayramının ruh yüksəkliyi
ilə qeyd olunduğu daha bir məktəb 164 saylı orta məktəb
oldu. İbtidai sinif müəllimi Familə Nurəddinovanın
rəhbərliyi ilə təşkil olunan bayram şənliyində
ibtidailər bahara aid şeirlər, rəqslər ifa etdilər,
əyləncəli oyunlar göstərdilər. V c sinif
şagirdi Məlumat Nurəddinov isə bahar bayramına aid
slaydlar nümayiş etdirdi. Məktəbin akt zalında təşkil
olunan tədbirdə məktəbin direktoru Kəmalə Qədirova
tədbir iştirakçılarını salamlayaraq
hamını bayram münasibətilə təbrik etdi. Kəmalə
xanım milli bayramımız olan Novruzun tarixinə də nəzər
saldı: “Novruz əsrlərin qaynaqlarından
süzülüb gələn, bir müddət unudulmuş
kimi görünən, lakin yaddaşlarda kök salan qədim el
bayramıdır. Böyük mənəvi gücə malik
olan Novruz bayramı ulu əcdadlarımızın
bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan
xalqının milli ruhunu və yaddaşını, onun daxili
aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin
oyanışının, varlığın yenidən canlanmasının
müjdəsini verən Novruz bayramı ən qədim
zamanlardan bəri həyat və məişətimizə daxil
olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt
gələcəyə inam duyğusu bəxş edib”. Direktorun
çıxışının ardınca rus dili və ədəbiyyat
müəllimi Dilarə İsayevanın rəhbərliyi və
VI c sinif şagirdlərinin iştirakı ilə hazırlanan
konsert proqramına tamaşa edildi. Şagirdlərdən Sənay
Məmmədli, Talıb Məmmədov, Qabil Salmanov maraqlı
çıxışları ilə tədbir
iştirakçılarının bayramlarını təbrik
etdilər. Sonda isə məktəbin foyesində hazırlanan
“Bahar” rəsm sərgisinə tamaşa edildi.
Martın 9-14-ü
tarixlərində 18 saylı orta məktəbin bütün
siniflərində Novruz bayramı ilə bağlı söhbətlər
aparılıb. Novruzun adət-ənələrindən,
keçmiş tarixindən bəhs olunaraq şagirdlərə
məlumatlar verilib. Bununla
yanaşı, “Elimizə Novruz gəlir” mövzusunda rəsm
müsabiqəsi də keçirilib. Müsabiqə V-VII sinif
şagirdlərini əhatə edib. Münsiflər heyətinin
qərarına əsasən, VII b sinif şagirdi Mirhüseyn Həbibli
I, VII a sinif şagirdi Aytac Quliyeva və VI b sinif şagirdi Gülay Cəbrayılzadə
II, V a sinif şagirdi Ayaz Abbaslı, VII sinif şagirdi Aynur Əliyeva
və rus bölməsi üzrə
VII a sinif şagirdi Safiya Altınbayeva isə III yerin
sahibi olublar.
18 saylı orta məktəbdə
ayrı-ayrı siniflərdə də bayram şənlikləri
yüksək səviyyədə qeyd olunub. Məktəbdə
keçirilən ən böyük şənlik isə “Novruz
bayramı - Saz bayramı” adlı tədbir olub. Tədbir
xalqımızın qədim saz havalarından olan “Ruhani”nin səslənməsi
ilə başlayıb. Saz havasının ardınca Azərbaycan
dili və ədəbiyyat müəllimi Dilguşə
Süleymanova Novruzla bağlı
çıxışını iştirakçıların
diqqətinə çatdırıb. Dilguşə müəllim
çərşənbələrdən, Novruz adət-ənənələrindən
söz açıb.
Daha sonra Novruzun əsas
atributlarından olan Kosa ilə Keçəl öz duzlu-məzəli
çıxışları ilə tədbir
iştirakçılarında ruh yüksəkliyi yaradıb, məclisə
xoş abu-hava bəxş ediblər. Şagirdlərin “Fincan-fincan”, “Kos-kosa” və digər bu kimi Novruzla
bağlı səhnəcikləri də
tamaşaçılara xoş təsir
bağışlayıb.
60 saylı orta məktəbin
aşağı sinif şagirdləri də Novruz
bayramını məxsusi şəkildə qeyd ediblər. Tərbiyə
işləri üzrə direktor müavini Qorxmaz
Şükürovdan aldığımız məlumata görə,
məktəbdə mart ayının 15-dən etibarən bayram
şənlikləri keçirilir.
Belə şənliklərdən biri sinif rəhbəri
Məsmə Əliyevanın rəhbərliyi ilə V a sinfində
keçirildi. Beşincilərin bayram sevinci həvəslə
qurduqları səhnəciklərdən, ifa etdikləri
şeir və rəqslərdən açıq hiss olunurdu. IV
b sinfinin ibtidailəri də sinif rəhbəri Zərifə
Süleymanovanın təşkilatçılığı ilə
bayrama xüsusi hazırlaşmışdılar. Dördüncülər
də öz növbələrində Novruza, bahara aid şeirlər,
mahnılar söyləyərək, milli rəqslər ifa edərək
bayram şənliklərinə rəngarənglik qatdılar.
Onu da qeyd edək ki, məktəbin
fəalları bu gün keçiriləcək rayon səviyyəli
Novruz şənliyində də yaxından iştirak edəcəklər.
44 saylı orta məktəbdə
də ruh yüksəkliyi ilə “Novruz gəlir, yaz gəlir”
adlı bayram şənliyi keçirilib. I - VIII sinif
şagirdlərinin iştirakı ilə hazırlanan tədbir
məktəbin musiqi müəllimi Kəmalə Əliyeva və
Uşaq birliyinin sədri Mədinə Məmmədovanın rəhbərliyi
ilə təşkil olunub.
Tədbir Bahar
qızın çıxışı ilə açıq
elan olunub. Daha sonra şagirdlərin hazırladıqları iki
hissəli pərdəarxası kukla səhnəciyi ilə
davam edib. Kosayla Keçəlin çıxışı da tədbirdə
xüsusi ovqat yaradıb. Şagirdlər “Cücələrim”,
“Nənələr bayramda”, “Arşın mal alan” və “O
olmasın, bu olsun”dan səhnəciklər qurublar. Həmçinin
məktəblilər çərşənbələrdən,
maraqlı adət və inanclardan danışıb, “Yallı”, “Ey bahar xoş gəlmisən”,
“Ağ çiçəyim” rəqslərini ifa edib, bayramla
bağlı mahnı və şeirlər söyləyiblər.
Martın 16-da 152
saylı orta məktəbdə Novruz Bayramı münasibətilə
bayram tədbiri keçirildi. Onu da deyək ki, 152 saylı orta
məktəbdə Novruz şənliyinə hazırlıq
işləri hələ bir ay əvvəldən
başlamışdı. Məktəbin kollektivi bayram sovqatları ilə kimsəsiz,
aztəminatlı və şəhid ailələrindən olan
uşaqları sevindiriblər. Tədbirdə
çıxış edən 152 saylı orta məktəbin
direktoru Nərgiz Namazova 10 min ildən çox tarixə
malik olan Novruz bayramı barədə bunları qeyd etdi:
“Sırf Azərbaycan xalqına xas olan bayramlardan ən müqəddəsi
Novruz bayramıdır. Bəşər sivilizasiyasının
beşiyi sayılan bu məmləkət tarix boyu özünəməxsus
adət-ənənələri ilə seçilib, məşhurlaşıb.
Bu baxımdan, Novruz bayramının tarixi Azərbaycan
xalqının mövcud olduğu dövrlərə təsadüf
edir. Oda, alova sitayiş olunan dövrlərdə atəşpərəstlərin
və bəşər tarixinin ilk kitabı olan Avestada Azərbaycan
xalqının tarixi keçmişi, milli-mənəvi dəyərləri
barədə də məlumatlar yer alıb. Bir çox millətlər
Azərbaycan xalqına məxsus olan Novruz bayramını
öz adlarına çıxmağa cəhd göstərsələr
də, tarixi dəlillər bunun əksini təsdiq edib”.
Novruz şənliyi
daha sonra siniflər üzrə davam edib. Öncəliklə II
a sinfinin müəllimi Bələgözova Tərlalə
şagirdləri əziz bayram münasibəti ilə təbrik
edib. Ənənəvi bayram personajları - Kosa və Keçəl
isə şənliyə toplaşanlara sevincdolu bayram ovqatı
ərməğan etdilər. Şənliyə qatılan Bahar
qız İbrahimova Rəfiqə
yeni Günəş ilinin başlandığını
elan etdi. II a sinfinin şagirdləri Nərmin, Məhəmməd,
Fidan, Firuz, Nicat, İlahə, İsrafil, Amil və Nail rəngarəng
konsert proqramı ilə çıxış etdilər,
Novruza həsr olunmuş şeirlər söyləyib,
kiçik səhnəciklər göstərdilər.
Vəfa
BƏKİRQIZI
Bakı
təhsili.- 2010.- 19 mart.- S. 3.