Nəriman Nərimanov barədə yeni
faktlar...
"Paşam, qardaş qardaşa borc verməz,
əl tutar"
Son
15 -20 ildə görkəmli yazıçı və dramaturq,
tərcüməçi və diplomat, ictimai və dövlət
xadimi N.Nərimanov haqqında onu az tanıyıb, onu az öyrənib,
ona yerli-yersiz böhtan atanların diqqətini bir neçə
məqama cəlb etmək istərdim. Həmin məqamlar
bunlardır:
1.
1918-ci ildə Rusiya xarici işlər naziri
Q.V.Çiçerin rəsmi olaraq demişdi: "Bakı qəzası
həmişəlik olaraq Rusiyada qalacaq".
2.
Daşnak və bolşevik Stepan Şaumyan demişdi:
"Bakı Azərbaycanıən paytaxtı elan edilsə,
Zaqafqaziya Rusiya üçün itirilmiş olar".
3.
Hər cür cildə girib-çıxmağı bacarmiş
şovinist Anastas Mikoyan demişdi: Biz Nərimanovu elə
mühasirəyə almalıyıq ki, o, çox da öz
nüfuzundan istifadə edə bilməsin".
Bütün
bunları bilən, eşidən və getdikcə özünə
qarşı güclənən təzyiq və təqiblərə
baxmayaraq, heç nədən və heç kimdən çəkinməyən
N.Nərimanov bu məsələlərə öz münasibətini
ayrı-ayrı çıxış və məruzələrində,
məktublarında belə bildirmişdi:
-
"Azərbaycan bu vicdansız
fırıldaqçıların əlində oyuncağa
çevriləcək."
-
"Mən həmişə deyirdim ki, Bakı vahid Azərbaycansız
yaşaya bilməz, buna görə də onu Azərbaycanla
birlikdə, vahid halda götürmək lazımdır. Buna
nail olmaq üçün Bakıya, ümumiyyətlə Azərbaycana
ermənilər deyil, azərbaycanlılar rəhbərlik etməlidir...
Lap əvvəldən bu günə kimi Bakı Komitəsi elə
bil qəsdən Mikoyan, Sarkis və Mirzoyan tərəfindən
tutulub".
-
"Mənim zərrə qədər şübhəm yoxdur
ki, Serqo və Stalinin simasında Rusiya Kommunist Partiyasıının
Mərkəzi Komitəsi biz türklərə etibar etmir və
Azərbaycanın taleyini erməni daşnaklarına
tapşırır. Nə kimi nəticələr
olacağanı əvvəlcədən demək çətindir.
Ancaq nə baş versə, bunun bütün məsuliyyəti
Serqo və Stalinin üzərinə düşəcəkdir".
-
"Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz
Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini
Ermənistana verir. Ərazilərimizi Ermənistana,
daşnaklara vermək düzəldilməsi mümkün
olmayan, pis nəticələr verə biləcək səhvdir".
-
"Həmişə Denikini müdafiə etmiş Ermənistan
müstəqillik qazanmış və üstəlik də Azərbaycanın
ərazilərini almışdır".
-
"Çoxmillətli əhalinin hüquq və hisslərilə
belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan
çoxsaylı şüurlu rus fəhlələrinin
yaşadığı Bakı deməkdir. Bu kobud səhvdir.
İndi Bakıda şüurlu müsəlman fəhlələrinin
sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycan
kəndliləri?
Mən
qəti surətdə bildirirəm, siz də bizim dəlillərə
diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim
geri çağırılmağımız barədə Mərkəz
qarşısında məsələ qoyaq".
Və
nəhayət, bütün qanı ilə, canı ilə
doğma millətinə, doğma dilinə, doğma vətəninə
bağlı olan N.Nərimanov yazırdı: "Bir millətə
məxsus məslək ümumi ideal üçün bir yoldur.
Ümum ideala çatmaq üçün, yəni insaniyyətə
xidmət etmək üçün millətə
lazımdır özünü tanısın. Bir millət
özünü tanımazsa, özü ilə qeyrisinin fərqini
düşünməyə qadir olmazsa, xüsusi məsləki
dalınca yeriş edə bilməz. Bu yolda yeriş etməz isə,
ümum müqəddəs məsləkin nə olmağın
da düşünməz.
Özümüzə
türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi?
Getməliyik desəniz, özümüzü gərəkdir
tanıyaq. Fəqət, tanımaq üçün nə
lazımdır?
Milli
dil, milli məktəb, milli mətbuat və qeyri-qeyri şeylər
deyilmi?"
Bu
idi N.Nərimanovun milli təfəkkür tərzi! Bu idi N.Nərimanovun
öz xalqına, Vətəninə sədaqəti! Bu idi N.Nərimanovun
cəsarəti, qorxmazlığı, mübarizliyi!
Bu
idi N.Nərimanova millətçi damğası vuranların əlinə
əsas verən!
Unutmamalıyıq
ki, 1921-ci ilin 4 iyulunda RK (b) P MK-nın Qafqaz bürosunun
iclasında qəbul edilən qanunsuz qərar - "Dağlıq
Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi"
bir günün ərzində məhz N.Nərimanovun qəti
etirazı və təkidilə dəyişdirildi və Qafqaz
Bürosunun həmin əsassız qərarı ləğv
edildi, yenidən müzakirəyə çıxarılaraq bu
şəkildə qəbul olundu: "Dağlıq
Qarabağın Azərbaycanın tərkibində saxlanması
daha məqsədəuyğundur". Və Qarabağı Azərbaycandan
ayırmaq təşəbbüsü, Dağlıq Qarabağa
muxtariyyətin verilməsi yalnız N.Nərimanov Azərbaycandan
uzaqlaşdırıldıqdan sonra reallaşdı.
Məhz
N.Nərimanovun Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda inadcıl və
ardıcıl mübarizəsi nəticəsində Bakı, Zəngəzur,
Qarabağ, Naxçıvan, Zaqatala Azərbaycanın tərkibində
saxlandı.
Bir
maraqlı tarixi faktı burada bir daha xatırlamağı
faydalı hesab edərdim. Bu, Türkiyə Böyük Millət
Məclisinin N.Nərimanova olan münasibəti məsələsidir.
1921-ci ildə Türkiyə BMM tərəfindən Azərbaycan-
Türkiyə əlaqələrinin inkişaf sahəsindəki
xidmətlərinə görə N.Nərimanov "Fəxri
Qılınc"la təltif olunmuşdur.
Qoy,
N.Nərimanovun əleyhinə lüzumsuz, faydasız fakt,
materiallar axtaranlar, onu haqsız yerə günahlandıranlar
burada sitat gətirdiyim fikir və qeydləri dönə-dönə
oxusunlar. Bu fikir və qeydlər N.Nərimanovun milləti
üçün, Vətəni üçün göstərdiyi
xidmətlərin bəzi məqamlarıdır. Hələ N.Nərimanov
irsində, N.Nərimanov tərcümeyi-halında
açılmamış, oxunmamış xeyli maraqlı və
qiymətli səhifələr, məqamlar var!
N.Nərimanov
nə edəydi ki, bir yandan Çar Rusiyası tərəfindən
təqib olunurdu, həm bolşeviklər - öz həmkarları,
həm "sapı özümüzdən olan baltalara
çevrilmiş" bəzi soydaşları onu çox
güclü və potensial rəqib sayırdılar; digər tərəfdən
isə doğma Vətəni Azərbaycanda Azərbaycan Xalq
Cumhuriyyətinin daxili işlər naziri Xəlil bəy Xasməmmədovun
Şuşa və Gəncə qubernatorlarına belə bir sərəncamı
var idi ki, N.Nərimanov bu ərazilərdə görünən
kimi onu həbs edib Bakıya göndərsinlər.
N.Nərimanov
Azərbaycan SSR yaradılarkən Azərbaycan Respublikası
Xalq Komissarları Sovetinin sədri, yəni Baş nazir
seçilərkən ona qəti şəkildə, ən
yüksək səviyyədə söz vermişdilər ki,
müstəqil Azərbaycan Respublikası dağılmayacaq,
bir hökumət yeni bir hökumətlə əvəz
olunacaq. XI Qızıl Ordu Bakını, Azərbaycanın digər
ərazilərini işğal etməyəcək, qan
tökülməyəcək. Bu ordu dəmir yolu vasitəsilə
Bakıdan, daha doğrusu, Biləcəri stansiyasından
keçərək Türkiyəyə, Anadoluya gedəcək.
Yoxsa,
mən əminəm ki, N.Nərimanov kimi vətənpərvər
bir şəxsiyyət Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsilə,
Azərbaycanın işğalı ilə heç cürə
razılaşmazdı. Çünki o öz Vətənini,
öz xalqını heç kəsdən az sevmirdi; əksinə,
o dövrkü ictimai xadimlərlə, tanınmış
ziyalılarla müqayisədə bəlkə də doğma
xalqını, doğma Vətənini hamıdan çox
sevirdi...
Lakin
müəyyən müddətdən sonra
aldadıldığını, yeni quruluşa,
inandığı Mərkəzə inamını itirdiyini
hiss etdikdən sonra bütün bunlara qarşı təkbaşına
mübarizə aparmağa başladı, reallıqları, həqiqətləri
dilə gətirdi və nəticədə elə bütün
bu əməllərinin də qurbanı oldu.
Belə
olduğu halda N.Nərimanov başqa necə hərəkət
etməliydi? Onun arxalandığı yeganə dayaq hər tərəfdən
sıxışdırılan doğma xalqı və hər
yerdə təqib olunan milli vətənpərvər oğullar
idi! Bax, belə bir qarışıq mühitdə ziddiyyətlərlə
dolu ictimai-siyasi burulğanların əhatəsində 1920-ci
ildə N.Nərimanov Azərbaycan SSR Xalq Komissarları Sovetinin
sədri, daha doğrusu, yeni qurulmuş ölkənin baş
naziri təyin edilmişdi.
Ötən
əsrin səksəninci illərində mən Tiflis arxivlərində
araşdırmalar apararkən xoş bir təsadüflə
rastlaşdım. Arxivlərin birində Nərimanovlar ailəsinin
Gürcüstan Zadəganlar Silkinə məxsus olması barədə
onlara verilən sənəd və möhürü
gördüm. Bu möhür və sənəd N.Nərimanovun
qardaşı oğlu Əlimirzə Nərimanova məxsusdur.
Səksəninci
illərdə Tiflisdə olarkən Azərbaycan tarixi, ədəbiyyatı,
mədəniyyəti və abidələrilə yaxından
tanış olmağa çalışdım. Arxivdə
haqqında bəhs etdiyim sənədlərin
tapıntısından sonra N.Nərimanovun anadan olduğu evə
də baş çəkməyi vacib saydım. O zaman bu ev
Tiflisin qədim müsəlman qəbiristanlığının
aşağı tərəfindəki Mirzə Şəfi
küçəsi, 46 (keçmiş Tatarski küçəsi)
ünvanında yerləşirdi. Bu evin həyətində,
üst mərtəbəsində oldum, mənə Nərimanovlar
ailəsinin Gürcüstan Zadəganlar Silkinə mənsub
olması ilə bağlı estampın (döymə dəmir
lövhənin) həkk olunduğu sütunu da (ikinci mərtəbədə)
göstərdilər (həmin evin o vaxt çəkdiyim
fotoşəklini də oxuculara təqdim edirəm). O zaman
söhbət gedirdi ki, bu ev yaxın vaxtlarda Nərimanovların
ev muzeyinə çevriləcək. Çox sevinmişdim. Amma
təəssüflər olsun ki, bu yaxınlarda Nərimanovlara
məxsus ev-mülk tamamilə söküldü. Görəsən
niyə? Kimin göstərişilə və hansı səbəbə,
əsasa görə???
Xatırladım
ki, N.Nərimanov 1902-ci ilin iyununda İmperator III Aleksandr
adına Bakı Oğlan Gimnaziyasında ekstern imtahan verərək,
bir aydan sonra Odessa şəhərindəki Novorossiysk
İmperator Universitetinin Tibb fakültəsinə qəbul
edilmişdi. 1905-ci il hadisələrilə əlaqədar
Novorossiysk Universiteti bağlanır. N.Nərimanovun Kazan
Universitetinə dəyişilmək cəhdi baş tutmur, o,
Bakıya qayıdır.
1906-cı
ilin avqustunda Bakıda Zaqafqaziya Müsəlman Müəllimlərinin
Birinci Qurultayı keçirilir. N.Nərimanov və H.Zərdabi
bu qurultayın sədrləri seçilir.
1906-cı
ilin axırlarında N.Nərimanov yenidən tədrisi bərpa
olunan Novorossiysk Universitetində təhsilini davam etdirmək
üçün Odessaya qayıdır. 1908-ci ildə
Universiteti bitirib Bakıya dönən N.Nərimanov elə o
vaxtdan da aktiv siyasi fəaliyyətə başlayır.
Gürcüstan
Dövlət Təhlükəsizlik Arxivində "Məxfidir"
qrifilə daha bir sənəd saxlanır (başqa fondda). Həmin
sənəd 1909-cu il martın 12-də Tiflis Bölgəsi
Jandarm rəisi Yeryominin imzası və möhürü ilə
təsdiq olunub. Sənəd bu şəkildədir:
12 mart
Məlumat məxfidir
1.
Bu siyahıda adları çəkilənlərin
tutulmaları Tiflis Jandarm şöbəsinin verdiyi məlumat əsasındadır.
Nərimanov Nəriman bəy Nəcəf oğlu İran
Inqilabı Mücahidlər Təşkilatının
üzvüdür. O, İrandakı Səttarxan və
Bağırxan Qoşunlarına adam, silah və
partladıcı maddələr göndərmişdir. 1909-cu
ilin mart ayının 9-da Tiflisdəki evi axtarılmış və
həbs olunmuşdur. Evində farsca məktublar
tapılmış, martın 11-də Tiflisdəki Metex
qalasına göndərilmişdir.
2.
Sorğulanması martın 10-da başlanmışdır.
Əslinə
uyğundur
İmza:
Tiflis Bölgəsi Jandarm rəisi Yeryomin (İmza)
(Gürcüstan
SSR DTN arxivi, fond 153, S.1, yer 1485, v.29)
Nəhayət,
Azərbaycan SSR-in Baş Naziri N.Nərimanovun
imzaladığı və indiyə qədər
çoxlarına məlum olmayan bir sərəncamın da surətini
olduğu kimi oxuculara təqdim etmək istərdim:
Bakı
şəhərindəBirinci Azərbaycan Dövlət Kişi
Pedaqoji İnstitutunun təsis edilməsi haqqında
D E K R E T
Respublikanı
vahid əmək məktəbi ideyalarını həyata
keçirməyi bacaran yüksək ixtisaslı maarif
işçilərilə təmin etmək məqsədilə
Azərbaycan SSR Xalq Komissarları Soveti qərara alır:
Bu
il sentyabrın 1-dən Bakı şəhərində ikinci dərəcəli
məktəb üçün dövlət (türk dilində,
müəllimlər hazırlayan Birinci Azərbaycan Dövlət
Kişi Pedaqoji İnstitutu təsis edilsin. Həmin dekret nəşr
edilən kimi dərhal İnstitutun təşkilinə
başlansın.
Xalq
Komissarları Sovetinin sədri - N. Nərimanov.
Xalq
Maarif Komissarı - D. Bünyadzadə
26 avqust 1921-ci il
Məncə,
əlavə izaha ehtiyac yoxdur. Qoy, vicdanlı və millətsevər
oxucu özü bu sərəncamın o dövr
üçün necə böyük əhəmiyyət kəsb
etdiyini müəyyənləşdirsin.
Görkəmli
ictimai xadim və şəxsiyyət N. Nərimanov haqqında
bu yığcam yazımı bu unudulmaz insanın bu gün
öz aktuallığı ilə təkcə Azərbaycanı
deyil, bütün türk dünyasının narahat edən
Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərilə
bağlı mövqeyini əks etdirən çoxlu sayda
mövcud faktlardan birini xatırlamaqla tamamlayıram: "... N.Nərimanov
ancaq siyasi danışıqlarla kifayətlənməyərək,
imkan dairəsində Azərbaycandan Türkiyəyə neft,
benzin, kerosin və qızıl pul göndərirdi. O,
Atatürkə ünvanladığı məktubunda bu haqda
bildirirdi: "Paşam, qardaş qardaşa borc verməz, əl
tutar" (Həsən Həsənov).
Mənim
fikrimcə, bugünkü azərbaycanlı N.Nərimanov kimi
şəxsiyyətin fəaliyyətinə qiymət verərkən
sadaladığım faktlara həm keçmişin, həm də
indinin gözü ilə baxmalıdır. Hər kəs kimin
kim, nəyin nə olduğunu düzgün müəyyənləşdirməlidir.
Müasirlərimizin borcu tarixi reallıqlara obyektiv qiymət
verməkdən ibarətdir. Tarixi unutmaqdansa, tarixi şəxsiyyətlərə
ləkə yaxmaqdansa, onu öyrənmək, şəxsiyyətlərin
fəaliyyətini hərtərəfli araşdırmaq, sonra
tarixə, şəxsiyyətə qiymət vermək daha
düzgün yoldur.
Vaqif ARZUMANLI
Bakı xəbər.- 2010.- 12 aprel.- S. 15.