Azərbaycan televiziyaları
üçün keçid dövrü başladı
2010-cu ildə televiziyaların 65 faizinin
rəqəmsal yayıma keçməsi tələbi qoyuldu
Yaxın
vaxtlarda Azərbaycanda televiziya kanallarının
yayımında tamamilə yeni mərhələnin
yaşanması gözlənir. Söhbət telekanalların rəqəmsal
yayımından gedir. Qeyd edək ki, Beynəlxalq
Telekommunikasiya İttifaqının qərarına əsasən
bütün dünyada, o cümlədən Azərbaycanda
televiziyaların rəqəmsal yayımı təmin
olunmalıdır.
Rəqəmsal
yayım isə televiziyaların izlənməsində, qeyd
olunduğu kimi, yeni mərhələnin başlanması deməkdir.
Məlumatlara görə, 2010-cu ildə ölkəmizdə
televiziya yayımının 65 faizi rəqəmsal sistemə
keçəcək.
Artıq
Bakıda, Sumqayıtda və Abşeronda televiziyalarda bu sistem
müəyyən dərəcədə tətbiq olunur. Bununla
yanaşı, Gəncə, Şirvan və Naxçıvanda fəaliyyət
göstərən televiziyaların rəqəmsal sistemə
keçməsi nəzərdə tutulub. Yeni sistemə tam
keçidin 2013-cü ildə başa çatacağı
proqnozlaşdırılır. Məlumat üçün onu
da qeyd edək ki, 2004-cü ildən Azərbaycan televiziya məkanında
rəqəmsal sistem tətbiq olunur. Lakin bu, elə də
böyük məkanı əhatə etmir. İndi isə Beynəlxalq
Telekommunikasiya İttifaqının qərarı bunu məcburi
hala çevirir. Beləliklə demək olar ki, yaxın
vaxtlarda Azərbaycanda televiziyaların yayım keyfiyyəti
xeyli yüksələcək. Hazırda bəzi
yaşayış məntəqələrində zəif siqnal
olduğundan, tamaşaçılar bir sıra kanalların
proqramlarına keyfiyyətsiz yayımla baxmaq məcburiyyətindədir.
Bu çətinliyi aradan qaldırmaq üçün ölkənin
bütün ərazisində məhz rəqəmsal televiziya
yayımına keçid nəzərdə tutulub.
Burada
istifadə olunan televiziya standartları televizor qəbuledicisində
maneə təsirlərini, demək olar ki, tam aradan
qaldırır. Hazırkı televiziyaların yayım
siqnallarına yüksəkgərginlikli elektrik xətləri,
sənaye obyektləri, hətta yaxınlıqdan keçən
avtomobil belə təsir göstərə bilir. Müqayisə
üçün deyək ki, hazırkı yayım o zaman
keyfiyyətli olur ki, onun gücü ona təsir edən digər
maneənin gücündən 40-50 dəfə artıq olsun. Rəqəmsal
yayımda isə keyfiyyətli yayım üçün siqnalın
maneədən 8-16 dəfə güclü olması bəs edəcək.
Bununla
yanaşı, o da məlumdur ki, çoxmərtəbəli
binaların arxasında yerləşən kiçik mərtəbəli
binalarda televiziya siqnallarının qəbulu çətinləşir.
Amma rəqəmsal televiziya ilə aparılan ölçmələr
göstərir ki, belə evlərdə rəqəmsal
televiziya siqnalı rahat qəbul olunur.
Lakin
rəqəmsal yayıma keçidlə əlaqədar istifadəçilər
bir qədər xərcə düşərək
televizorları üçün qəbuledici aparatlar almalı
olacaq. İctimai Televiziyanın məlumatına görə, qəbuledici
aparatların qiyməti hazırda 40 manatdır. Kütləvi
satışla əlaqədar qiymətin müəyyən qədər
düşəcəyi istisna olunmur.
Onu
da bildirək ki, Azərbaycanda rəqəmsal televiziya
yayımına keçmək üçün artıq
avadanlıqların bir qismi alınıb. Bu avadanlıqlar vastəsilə
sınaq yayımları həyata keçirilir.
Rəqəmsal
yayıma keçidlə əlaqədar yeni xidmət növləri
də yaranacaq. İlkin dövrdə 10 televiziya
kanalının sosial paket vastəsilə yayımı nəzərdə
tutulur. Bu paketdəki televiziya kanallarına baxmaq arzusunda olanlar
heç bir məbləğ ödəməyəcək. Digər
paketlərdə əlavə televiziya kanalları olduğundan,
orada kanalların sayına görə qiymət müəyyənləşəcək.
Artıq Azərbaycanın bölgələrində rəqəmsal
yayımı təmin etmək üçün regionlarda da
yeni avadanlıqların quraşdırılmasına
başlanıb.
Hələlik
isə bir müddət əvvəl xarici telekanalların
açıq efirdə yayımlanmasının
dayandırılmasından sonra əvvəlki kimi ölkədə,
xüsusilə də paytaxt Bakıda peyk antenlərinə və
kabel televiziyasına tələbat artan xətt üzrə
inkişaf edir. Çanaq antenlərinin satışı və
quraşdırılması ilə məşğul olan firmalar
alıcıların sayında artımın müşahidə
olunduğunu gizlətmir. Eyni zamanda, kabel televiziyasına
qoşulanların da sayı getdikcə çoxalır. Hələlik
Azərbaycanda kabel televiziyası yerüstü efir televiziya
yayımına və peyk televiziya yayımına nisbətən
zəif inkişaf edib. Amma proseslər göstərir ki,
yaxın illərdə kabel televiziyasının əhatə
dairəsinin genişlənməsi də istisna deyil. Lakin rəqəmsal
yayımın başlanması, ekspertlərə görə,
peyk və kabel yayımına təsirsiz ötüşməyəcək.
Onu da bildirək ki, son zamanlar dünyada rəqəmsal
texnologiyalar yüksək templə inkişaf edir. Ümumiyyətlə
isə 1995-ci ildən dünyanın bir çox ölkələrində
rəqəmsal peyk və kabel televiziyası tətbiq
olunmağa başlanıb. Hazırda bir çox ölkələrdə
rəqəmsal yayımın tətbiqi istiqamətində
işlər görülür.
Tahir TAĞIYEV
Bakı xəbər.- 2010.- 14 aprel.- S. 10.