Xalq artisti Telman Adıgözəlov vəfat edib

 

Samir Adıgözəlov: "...bizi məyus edir"

 

Telman Adıgözəlovun qohumları xalq artistinə hörmətsizlikdən narazı qaldı. Telman Adıgözəlov son alqışlarla son mənzilə yola salınıb

 

Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlov 57 yaşında vəfat edib. Teatrın direktoru Maqbet Bünyadovun APA-ya verdiyi məlumata görə, görkəmli aktyor aprelin 15-də saat 4.00 radələrində dünyasını dəyişib.

T.Adıgözəlovun bir gün öncə bütün gün teatrda olduğunu deyən M.Bünyadovun sözlərinə görə, aktyor gecə saat 1.00 radələrində qızına özünü pis hiss etdiyini yatmaq istədiyini bildirib. Az sonra atasının vəziyyətinin pisləşdiyini görən qızı təcili yardıma zəng edib. Lakin həkimlər onu xilas edə bilməyib. T.Adıgözəlovun infarktdan dünyasını dəyişdiyi bildirilir.

Adıgözəlov Telman Abbasqulu oğlu 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. Bunlardan "Dəli yığıncağı"nda Zəncirvuran, "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, "Maqbet"də Flins, "Közərən ocaqlar"da Xanəhməd, "İblis"də Şeypurçu, "Vaqif"də Təlxək, "Nişanlı qız"da Çeşməkli kişi, "Qədr gecəsi"ndə Oyunbaz, "Ah Paris:Paris!.." Əhməd, "Mənim sevimli dəlim"də Professor, "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət Televiziyasında hazırlanmış "Yarımştat", "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar oynayıb.

T.Adıgözəlov 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti" 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

 

Bir qızı, bir oğlu var

 

Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın xalq artisti Telman Adıgözəlovla vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, aktyorun evində təşkil olunan vida mərasimində Azərbaycanın çoxsaylı mədəniyyət, incəsənət, teatr xadimləri, eləcə sadə insanlar iştirak edib. Mərhum alqış sədaları ilə cənazə maşınına qoyulub. Mərhumun oğlu qızı atalarının ölümünə hələ inanmadıqlarını bildiriblər.

Mərhumla uzun illər eyni teatrda işləyən xalq artisti Yaşar Nuri APA-ya bu itkidən təəssüfləndiyini bildirib: "İnanırsınız, məəttəl qalmışam. Nazim Hikmət demiş, "Nəslimin yarpaq tökümü başladı". İki gün əvvəl onunla görüşmüşəm. İnanmıram... Telman Adıgözəlovun heç bir narahatlığı yox idi. Onun görəsi hələ çox işi var idi. Övlad toyu görməliydi. Telmanın deyilməmiş çox sözü, çox zarafatı qaldı".

"Ondan ayrılmaq çox çətindir. Telman bizi güldürərdi, dərdimizi-sərimizi bizdən uzaqlaşdırardı. Amma özünün dərdi çox idi. Onun irili-xırdalı bütün obrazları yaddaşlardadır. Böyük insan idi. Həm sənətdə, həm ailədə ürəyində arzuları çox idi". Bu sözləri isə Azərbaycanın xalq artisti İlham Əsgərov T.Adıgözəlovun ölümü ilə bağlı fikirlərini APA-ya bölüşərkən deyib.

Onunla tərəf müqabili olmuş xalq artisti Rasim Balayev T.Adıgözəlovun ölümünə inanmadığını qeyd edib: "Özümə gələ bilmirəm. Telman çox şirin aktyor idi. O olan yerdə gülüş vardı, amma özü ciddi insan idi. Onun dünyasını dəyişməsi həm kino, həm teatr üçün böyük itkidir".

Xalq artisti Afaq Bəşirqızı T.Adıgözəlovla ötən gün bir saata yaxın telefonla danışdığını, mərhumun heç bir narahatlığının olmadığını söyləyib: "Heç bir şeydən şikayəti, narazılığını dilə gətirmirdi. mənə, başqasına problemlərini deyərdi. Çox nadir şəxslərə qismət olur ki, gözəl sənətkar olmaqla yanaşı, gözəl insan olsun. Telman heç vaxt heç kəsin xətrinə dəyməzdi. Elə vida mərasimində Səməndər Rzayevin həyat yoldaşı dedi ki, "Mən ikinci dəfə tək qaldım. Çünki Telman yeganə insan idi ki, bizdən hal-əhval tuturdu". Kaş, heç olmasa bir balasının toyunu görəydi".

Mərhumun əmisi oğlu Samir Adıgözəlli "OLAYLAR"-a verdiyi açıqlamada xalq artistinə Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyi tərəfindən hörmətsizlik edildiyini bildirib. Qeyd edib ki, adıçəkilən teatrın rəhbərliyi binada təmir işlərinin aparıldığını bəhanə gətirərək mərhumun Dövlət Dram Teatrından götürülməsinin mümkünsüz olacağını deyib: "Xalq artistinə olan bu cür biganə mövqe, yaxınları olaraq, bizi məyus edir. Dövlət Dram Teatrı təmirdədirsə, digər mədəniyyət ocaqlarında onunla vida mərasimi təşkil etmək olar. Bəhanə gətirirlər ki, Telman Adıgözəlovun ailəsi onun məhz yaşadığı ünvandan götürülməsini istəyir. Ancaq fakt ondan ibarətdir ki, xalq artistinin yaxınları belə bir istəkdə olmayıb onun ailəsi Telman Adıgözəlova olan diqqətsizlikdən təəssüflənir".

T.Adıgözəlovun qardaşı Vaqif Adıgözəlov da Azərbaycan kino teatr tarixində unudulmaz rollar yaradan qardaşı üçün vida mərasiminin keçirilməməsindən təəssüfləndiyini dilə gətirib: "Mənim üçün çox çətindir, ancaq gərək belə olmayaydı. Telman sənət üçün yaşayıb. Onun üçün vida mərasiminin keçirilməməsi təəssüf doğurur".

Qeyd edək ki, T.Adıgözəlov Fatmayi qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

 

Bakı xəbər.- 2010.- 16-18 aprel.- S. 15.