Ramazan İslam dininin namus pərdəsidir
İslam aləmi fövqəlbəşər olay - Ramazan ərəfəsindədir.
Ramazan Hicri-Qəməri
təqviminin 9-cu ayının
adıdır. Bəzi mənbələrə
görə, bu ayın əsl adı
"Nətiq" olub. Sonralar o,
isti mövsümə təsadüf etdiyi üçün dəyişdirilərək
Ramazan adını daşıyıb. Əksər
mənbələr isə hesab edir ki, Ramazanın əzəldən
mənası "yanmaq" deməkdir. Çünki bu ayda oruc tutan
və tövbə edənlərin günahları yanar, yox olar.
"Ramazan ayı gələrkən, Cənnət
qapıları açılar, Cəhənnəm
qapıları bağlanar və şeytanlar zəncirlənər" (Həz.Məhəmməd).
Ramazan İlahi bir rəhmətdir
Ramazan ayı Quranın nazil olması və müsəlman orucunun fərz bilinməsi baxımından çox bərəkətli aylardan
biridir. Bu ayın ilahi rəhmət əsəri olduğunu
önə çəkən Rəbbimiz buyurub:
"Quran Ramazan
ayında nazil edilmişdir.
Ramazan ayına yetişən şəxslər
bu ayı oruc
tutmalıdırlar" (Bəqara, 185).
Bu ayın bərəkəti barədə
Həz.Ömər buyurub: "Ramazan çox xeyirli və mübarək bir
aydır. Bu ayda gündüz tutulan oruca, gecə qılınan namaza
və verilən sədəqəyə Allah
çoxlu savab verir". Mötəbər islam
mənbələrinə görə, "Ramazanda
edilən ibadətlər başqa
aylardakı ibadətlərdən yetmiş
dəfə əfzəldir".
Biruni (973-1050) Ramazan
ayında müqəddəs hesab edilən
Quranın nazili və orucluqdan
başqa, həmin ayda
xatirə tutulacaq aşağıdakı
günləri də qeyd edib:
6 Ramazan - Kərbəla şəhidi İmam Hüseynin anadan olan günü;
10 Ramazan - Peyğəmbər(ə)-nin
həyat yoldaşı Həz.Xədicənin ölüm
günü; 17 Ramazan
- Bədr döyüşü günü; 19 Ramazan - Məkkənin
fəthi günü; 21 Ramazan
- Həz.Əli və İmam Rzanın ölüm günü; 22
Ramazan - Həz.Əlinin anadan
olduğu gün.
Orucun mənası
Rəbbin bəndələrinə "Ramazanda
oruc tutun" əmri,
bu ayı bərəkətli edən ən
mühüm amillərdən biridir. Oruc farsca
"Ruzə" sözündən türkcəyə
"Oruzə" şəklində keçən termindir. Ərəbcədəki sinonimi "savm",
"siyam"dır. Hərfi mənası "hərəkətsiz
olmaq" deməkdir. Oruc imsak
(nəfsi saxlamaq, orucun
başlanğıcı) vaxtından, yəni Günəş
çıxmazdan qabaq göydə
görünən qırmızılıqdan öncəki
müddətdən Günəşin batmasından bir az keçən zamana qədər heç
bir şey yeməmək,
içməmək və cinsi əlaqədə
olmamaq deməkdir. Oruc
tutmağa imsak da deyilir. Onun
ziddi iftardır. Yəni orucu
açmaqdır.
Orucun mənşəyi
Məlumdur ki, Rəbbin əmr və
qadağaları Onun mütləq obyektiv ədalətinin tərkib hissəsidir.
Mahiyyətcə onlar həm sosial, həm də kosmik planda tənzimləyici xarakter
daşıyır. Bəşər həyatını nizamlayan belə ibadət formalarından ən
birincisi orucdur.
Peyğəmbər(ə) buyurub: "Bütün ibadətlərin
qarşılığı veriləcək, lakin
oruca bərabər ibadət yoxdur". Elə həmin səbəbdən bütün peyğəmbər və
övliyaların şəxsi həyat və təbliğlərində
bu ehkam xüsusi yer tutub. Belə ki, böyük çarlığın
hökmdarı olan Davud(ə)
365 günün yarısını, Musa(ə), İlyas(ə),
İsa(ə) və digər peyğəmbərlər
ildə ən azı 40 gün oruc tutublar. İsa(ə)-nin anası Məryəmə
xitabən: "Belə de: Mən Rahmən
yolunda oruc (sükut orucu)
tutmağı nəzir etmişəm. Ona görə də, bu gün heç
kiminlə danışmayacağam" (Məryəm 26) Quran ayəsi təsdiq edir
ki, xristian orucunun növlərindən biri
də sükut orucudur.
Şübhəsiz ki, Məhəmməd(ə)
Məkkə dövründə yəhudi və xristianların
oruclarından xəbərdar idi və yəqin
ki, o, ilk
müsəlmanlar arasında onların orucunu
təbliğ də edirdi. Mənbələr
göstərir ki, Peyğəmbər(ə)
Mədinəyə hicrət etdikdən sonra
orada yəhudilər kimi
Aşura günündə oruc
tutmağı əmr edib. Bəs səbəb
nə idi ki, Quran Aşura orucunun yerinə Ramazan orucunu əmr etdi? Bu barədə irəli sürülən
müxtəlif fərziyyələrdən ən
tutarlısı aşağıdakı arqumentlərdir:
1. İslamiyyətə görə, müsəlman orucu Allahın yəhudi və xristianlara
əmr etdiyi, lakin onlar tərəfindən pozulduğu
üçün Peyğəmbər(ə)
vasitəsilə doğru şəkildə
yenidən icra edilən ibadətdir.
2. Məlumdur ki, hicrətdən 17 ay sonra "Peyğəmbər(ə)-yə
tabe olanlarla ondan üz döndərənləri
ayırd etmək üçün qiblənin
Qüdsdən Məkkəyə çevrilməsi" əmri
Quranla təsbit olunub.
Güman etmək olar ki, bu hadisədən bir ay sonra
Aşura orucunun Ramazan orucu ilə əvəzlənməsi
də həmin səbəbdən, yəni İslam
ibadətlərini qeyri-İslam
ehkamlarından fərqləndirmək üçün
edilib.
Orucun hökmü
"Oruc tutmaq
sizdən əvvəlki ümmətlərə vacib
olduğu kimi, sizə
də vacib edildi. Ramazan ayına yetişən şəxslər
bu ayı oruc
tutmalıdırlar" (Bəqara 183-185) əmri, Mədinədə
Hicrətdən (622-il) 1,5 il sonra, Şaban
ayının 10-cu günü hökm edilib. Digər ibadətlərdən
fərqli olaraq, oruc
sırf Allah üçündür.
Rəbb buyurub: "Oruc
sırf Mənim rizam üçün
edilən ibadətdir. Onun
mükafatını da Mən verəcəyəm".
Oruc vəfa
abidəsidir
Peyğəmbər(ə) buyurub:
"Oruclunun iki sevinci var: biri
iftar açan
vaxtı, digəri isə Rəbbinə qovuşduğu,
yəni oruc olduğu
müddətdəki sevincidir". Hədisin
hikmətindən aydın olur ki, oruc tutan
şəxs, Allahın sifətlərinin təcəllisini
özündə daşıyır. Zira, Allah yemək-içməkdən münəzzəhdir.
Oruclunun ağzının qoxusu
aclıqdan qaynaqlanar. Bu
qoxu isə qiyamət günü
Rəbbin hüzurunda Mişki-Ənbərdən
daha gözəl, təmiz və sevimlidir. Oruc vəfa duyğusunun təzahür etdiyi
saf ibadət, Allahla qul arasında bir əhddir.
Bu durumu qazanan bəndə ictimai və
fərdi planda vəfa abidəsinə çevrilir. Oruc, əmanətə
sadiqlikdə ən mükəmməl tərbiyəçidir.
O, səhərdən axşama qədər
bu əmanəti mühafizə edir. İnsan oruc vasitəsilə nəfsin ona
təklif etdiyi şeytani
işlərin qarşısına sədd çəkir. Bu zaman o,
yeməyə, içməyə, qadına, ümumiyyətlə
dünyaya qarşı qapalı olur. İslam aləmində
il boyu edilən
günahların təhlili də göstərir ki, Ramazan ilin
11 ayına nisbətən daha əminamanlıdır.
Orucun dünya və axirət, fərd və ictimai faydaları
1. Şükür tərəfi. Şükür, verdiyi nemətlərə
görə bəndənin Allaha minnətdarlığıdır.
Adi vaxtlarda insanlar ac
qalmadığı üçün, onlar nemətin həqiqi qədrini
lazımınca bilmirlər. Bəndə bir
loxmanın əsl qiymətini və ona olan ehtiyacını iftar
vaxtı bilir. Bu zaman ən ümdə məsələ bəndənin
nemət sahibinin Rəbb olmasını dərk
etməsi və şükrü də xalqa yox, Xaliqə etməsidir.
Zira deyilib: "Yeyib doyandan sonra Rəbbə şükür
edən insanın qazandığı savab,
səbr ilə oruc tutandan
əfzəldir" (Həz.Məhəmməd).
2. İctimai həyat
baxımından. Oruc tutan
varlının vicdanı 11 ay ərzində
çoxluq təşkil edən yoxsul təbəqənin nələr çəkdiyini
ona bildirir. Rəbb orucla varlını kasıba yardım etməyə
dəvət edir ki, heç olmasa, bu ay ərzində iki təbəqə arasında fərq nifrətə
çevrilməsin. Bu baxımdan oruc, həm də sosial
partlayışa zəmin yaradılmaması üçün
İlahi hikmətdən doğan
bir zərurətdir. Deməli, o, bilavasitə potensial ədavəti
tənzim edən ibadətdir. Fəqət fasiq
(əxlaqsız) insanın il ərzində
cəmiyyətdən oğurladığının cüzi hissəsini ona qaytarmaq cəhdi, hidayətə yetişmədə
çox müşkül
məsələdir. "De ki: istər könül xoşluğu, istərsə də zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq.
Çünki siz fasiqsiniz" (Tövbə 53).
3. Nəfsin tərbiyəsi üçün.
Nəfs Allah əmrinə tabe
olmaq istəməz. O, ilahi
nemətlərdən heyvani şəkildə
istifadə etməyi arzular. Nəfsi ram etmənin ən effektli
metodu isə onu sevdiyi şeylərdən məhrum etməkdir.
Məs., aclıq və susuzluqla. İmperator Avqust demişkən:
"Əgər soruşsalar ki, nə üçün
özünü incidib
oruc tutursan, de: "İpə-sapa yatmayan
atı, yalnız aclıq və susuzluqla ram etmək olar". Göründüyü kimi,
orucda həm də Böyük
cihad elementi - nəfsə
qarşı bir mübarizə var.
4. Duanın qəbulu baxımından. Peyğəmbər(ə)
buyurub: "Üç
adamın duası rədd olunmaz: İftar edənə qədər oruclunun, ədalətli dövlət
başçısının, məzlumun".
5. Quran nazili ilə
əlaqəsi. Orucun Ramazanda
fərz bilinməsi və ilk vəhylərin
həmin ayda nazil edilməsi
eyni vaxta düşdüyü üçün,
bu ibadət Quran ruhu və hikmətilə son
dərəcə həmahəngdir.
6. Axirət baxımından. Peyğəmbər(ə) buyurub: "Oruc, qiyamət
günü oruclu üçün şəfaətçidir".
Bu ayda Quran
oxumaq və oxunanlara əməl
etmək, yetim uşaqlar
və atılmış qocalara, xəstələrə,
orduya, kasıblara əl tutmaq
bəndənin bəzi günahlarının silinməsinə
və onun savab
qazanmasına vəsilədir.
7. Tibbi baxımdan. Məlumdur ki, il ərzində istifadə
olunan çaydanın dibini
və divarlarını ərp bağladığı üçün, onu həmin
daşlardan təmizləyirlər. Oruc da il
ərzində müxtəlif yemək və içkiləri qəbul
edən yorulmuş əzaların "təmir"idir.
"Hər şeyin bir
zəkatı var. Bədənin zəkatı
da orucdur" Peyğəmbər(ə)
kəlamına görə, sərvətdən zəkat vermək
onun paklaşmasına səbəb olursa, bədəndəki zəhər və ərplər
də orucla yox olur. Bu baxımdan, iftar vaxtı yeməyə yaşamaq
üçün müalicə vasitəsi
kimi baxılmalıdır. Yeri
gəlmişkən, oruc tutan
həkim Allaha çox
yaxın olduğu üçün,
onun müalicəsi orucsuz
həkimin müalicəsindən daha effektli olur. Cinə tutulan ruhi xəstələri
müalicə edən İsa(ə) buyurub: "Onlar (cinlər),
dua və orucdan başqa heç bir şeylə çıxmazlar" (İncil, Mark 9:29).
8. Mənəvi saflıq baxımından. Ümumiyyətlə,
həm adi günlərdə, həm də
xüsusən Ramazan iftarında mədə
elə yüklənməlidir ki, qəbul
edilən qida Allahı dərk etməyə
mane olmasın. Həz.Əli demişkən:
"Bir para oruclunun əldə etdiyi ancaq aclıq və susuzluqdur.
Gecələrini ibadətdə elə keçirənlər var ki, onların əldə
etdiyi şey yuxusuzluq və yorğunluqdur.
Təfəkkür sahibinin isə yuxusu və yeməyi də gözəldir".
Deməli, oruc tutan
şəxs maddi pəhrizinə əməl
etməklə yanaşı, həm də mənəvi
saflığını gözləməlidir. Zira
kamil insanın orucu, bədən
pəhrizilə ruh tərbiyəsinin vəhdətindən
ibarətdir. Bunun üçün
oruc təkcə mədə ilə yox, bütün orqan və duyğularla - göz, qulaq, qəlb, əl
və s. dəyərlərlə
tutulmalıdır. Bu isə o deməkdir ki, rüşvət, zina, əyyaşlıq,
təxribat, böhtan, yalan,
qeybət, həsəd, qətl və s. əxlaqsız
hərəkətlərə, adi günlərdən
fərqli olaraq, həmin ayda
əsla rəvac verilməməlidir. Mənəvi orucun mahiyyətini açan
İslama görə, "qəlbin orucu dil orucundan,
dil orucu isə mədə
orucundan xeyirlidir".
9. Aclıq aksiyası ilə orucun fərqi.
Bütün ibadətlərdə olduğu kimi, orucda da əsas şərt
saf niyyətdir. Məhz səmimi niyyət
vasitəsilə aclıq aksiyası orucdan
fərqlənir. Oruc pozitiv
və istəkli ibadətin, zülm və
haqsızlığa qarşı keçirilən aclıq
aksiyası isə qəzəb və etirazın rəmzidir.
Aclıq aksiyasının (buna ölüm orucu da deyilir) təqdir etməyən
İslam, bu növ orucun hökmünü intiharla
eyniləşdirir. İntihar isə ən
böyük günahlardandır.
Ramazan milli birlik, din
və torpağa sahib
çıxmaq üçün bir fürsətdir
Ramazanın sülh və məhəbbət,
milli birlik və həmrəylik
ayı olması Allah əmridir. Bu əmrə əməl etmək,
torpağının 20 faizi düşmən
tapdağı altında olan Azərbaycan üçün xüsusilə vacibdir. Buraya acı reallığımız olan
dindən sui-istifadələri, rüşvət, təxribat, əyyaşlıq,
narkomaniya, xəyanət, zina,
biganəliyi və digər neqativləri də əlavə etsək,
o zaman Ramazanın bir fürsət kimi bayraq və dövlətçiliyimiz, din və millətimiz üçün
müstəsna əhəmiyyət kəsb etdiyinin bir daha
şahidi olarıq. İlahi
bir şans və avans kimi verilən Ramazanda "mənəmlik" iddiasında olanlar "bizdən daha
qüvvətli kim ola
bilər?!" (Fussilət 15) - deyənlərin aqibətini
düşünməli, söz,
düşüncə və xarakter
müxtəlifliyinin Rəbbin hər bəndəsinə verdiyi məxsusi lütf kimi vətəndaş həmrəyliyinin
qarantı olduğunu dərk etməlidirlər.
Məgər fərqli düşüncələr insanın
yaradılışdan gətirdiyi Rəbb hikməti deyilmi? Bəs, "Ümmətimin fikir müxtəlifliyi rəhmətdir"
Peyğəmbər(ə) kəlamı necə? Elə isə Allaha, Haqqa aparan
yolda fikir müxtəlifliyi
üzündən kin və küdurəti
düşmənə deyil, bir-birinizə
bəsləmək nə dərəcədə insani, insafi və islamidir?!
Ramazan, "ölkəni dost və
düşmənlərə bölmək lazım deyil!" ifadəsinin reallaşması və milli həmrəylik üçün
də bir vəsilə olmalıdır.
İqtidarlı, müxalifətli və bitərəfli
hamı bilməlidir ki, nə qədər
ki, vətən torpaqları
alınmayıb, Qarabağda ağ qar üzərində
al qanları ilə "Allahu
Əkbər" yazan qazi
və şəhidlərimizin əlləri bizim
boğazımızda olacaq.
Ramazana zidd olan bəlalarımızdan
biri də, sözdə konsensus
və dialoqun vacibliyini
önə çəkən siyasilərin bəzilərinin
qeyri-səmimiliyi, bəzi ziyalıların biganəliyi, hər
zaman "qanunun şah" olmaması, aparıcı din xadimlərinin bir qisminin siyasətə qoşularaq,
ölkənin "əlisini, vəlisini, hətta dəlisini"
imana görə deyil,
siyasi mənsubiyyətinə görə təqdir
və təqdis etmələridir.
Milli birlik, din və torpağa sahib çıxmaq baxımından 12 ayın
sultanı olan müqəddəs Ramazan, iqtidarın ümummilli
və dövlət mənafelərinə qulluq
etməsi, müxalifətin isə iqtidarın vicdanı
olması üçün İlahi
bir fürsətdir. Bilməliyik
ki, orucluğa mənəvi
saflıq gətirən bu fürsət əldən
buraxılarsa, yəni millətin iqtidarı kar,
müxalifəti isə kor olarsa,
onda "mən sizin
kimilərin çoxunu məhv etmişəm"
ayəsinə görə, həmin cəmiyyətin fəlakətə
düçar olması da
qaçılmaz olar.
Tövbə üçün gözəl
fürsətdir Ramazan. Çünki
Rahmən və Rahimdir Yaradan.
Fəqət niyyəti zülm olanın
günahı bağışlanmaz. Hər gününü
Ramazandan hesab edənlərin
nəsibdar olmaları isə şübhəsizdir. Allah tutacağımız oruc,
dua və tövbələrimizi qəbul etsin. Amin!
P.S. Müxtəlif səbəblərdən oruc tutmayan şəxslər
davranış və yemək-içməklərində çox ehtiyatlı olmalıdırlar. Bu, həm
mənəvi cəhətdən doğru,
həm də oruclunun iradına tuş gəlməmək üçündür.
Bu hikməti qəsdən, nümayişkəranə
pozanlar bilməlidir ki,
bununla onlar İslam dininin namus pərdəsi olan Ramazana qəsd etmiş olurlar. Ramazana qəsd edənlərin
cəzasını isə yalnız onun sahibi - Allahu-Təalə verəcək.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.-2 avqust.- S. 12.