"Biz onun "Sənsiz"inə onsuz baxdıq"

 

Yaşasaydı, 85 yaşı olacaqdı...

 

Novruzun qurbanı - Şıx-Əli Qurbanov...

 

Bu günlərdə mərhum dövlət elm xadiminin ailə üzvləri redaksiyamıza mərhum Fuad Qasımzadənin Şıx-Əli Qurbanov haqqında xatirələrini təqdim edib. Məsələ burasındadır ki, hamının yaxşı tanıdığı Ş.Qurabanov 1925-ci il avqustun 16-da dünyaya göz açıb. Onun ölümü isə...

   Filosof Fuad Qasımzadə xatirələrində yazır: "Şıx-Əli Qurbanovu bütün millət tanıyır, bütün millət sevirdi. Lap ürəkdən, böyük məhəbbətlə. Və təkcə ona görə yox ki, o görkəmli yazıçı, alim, partiya və dövlət xadimi, ictimai xadim, xalqının ləyaqətli övladı, ləyaqətli ziyalısı idi. Bir də və bəlkə də başlıcası ona görə ki, o çox cəsarətli, qeyrətli idi, necə deyərlər, əsl kişi idi. Özübu kişilik millətə xidmət edirdi, bu qeyrət millət üçün çəkilirdi. Şıx-Əli xalq üçün, millət üçün yaranmışdı və xalq üçün, millət üçün də işlədi, qısa və mənalı ömrünü xalqın və millətin xoşbəxtliyi yolunda sərf etdi.

   Dediyim kimi, onu bütün millət tanıyırdı. Lakin çətin ki, bizim ailə qədər onu yaxından tanıyan, onun həyat və fəaliyyətinə bizim ailə qədər bələd olan ikinci bir ailə olsun. Səbəbləri də çoxdur. İlk öncə deyim ki, o, mərhum atam akademik Feyzulla Qasımzadənin ən sevimli tələbəsi idi. Atam Pedaqoji İnstitutda ona dərs demiş, onu ürəkdən sevmiş, elmi yaradıcılığa sövq etmiş və aspiranturada saxlamışdı.

   Şıx-Əli əvvəlcə namizədlik dissertasiyası, yüksək vəzifədən getdikdən sonra (Nizami adına Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri kimi çalışdığı vaxt) isə atamın elmi məsləhətçiliyilə doktorluq dissertasiyası yazmış və müdafiə etmişdi. Sonralar da onları dərin elmi əlaqələr, elmi yaradıcılıq problemləri sıx bağlamışdı. Hər ikisi XIX əsr Azərbaycan ədəbiyyatının problemləri, bu yüzillikdə millətlərarası ədəbi əlaqələri tədqiq edirdi. Atam Şıx-Əlinin işlərinə yüksək qiymət verir, onun əsərlərini nümunəvi sayırdı.

   Böyük qardaşım, mərhum Hamid Şıx-Əlinin ən yaxın dostlarından idi. Lap uşaqlıqdan bir-birini tanıyır, dostluq edirdilər. Demək olar ki, həm də yaşıd, necə deyərlər, tay-tuş idilər. Sonralar Hamidin yüksəlməsində, nəşriyyat işində irəli çəkilməsində Şıx-Əlinin müstəsna rolu olmuşdu. Hamid də bunu ölənə kimi unutmamışdı, həmişə böyük minnətdarlıqla qeyd edirdi.

   Mənim özümə də Şıx-Əlinin münasibəti çox səmimi, mehriban və dostcasına idi. İllər uzunu, dəfələrlə səmimi görüşlərimiz, ilıq və mehriban söhbətlərimiz olmuşdu. Odur ki, bu böyük insan, millətimin qeyrətli övladı barəsində, onun özü və ləyaqətli ailəsi haqqında ən geniş söhbətlər aparam, xatirələr söyləyə bilərəm. Şıx-Əli haqqında çox demək, çox yazmaq olar. Mən onun millət yolunda çəkdiyi qeyrət haqqında xatirə söyləmək istəyirəm.

   1958-cu ildə "Azərbaycan Kommunist partiyasının tarixi" nəşrinin birinci cildi çap olundu (Azərbaycan və rus dillərində). Kitabı görkəmli tarixçilərimiz (İ.Hüseynov, Z.İbrahimov, Ə.Quliyev, C.Quliyev, Y.Tokarjevski və b.) yazmışdı.

   Burada Azərbaycan kommunistlərinin, xüsusən N.Nərimanovun rolu nisbətən geniş işıqlandırılmışdı. Şovinist rəhbərlər, dar düşüncəli partiya funksionerləri buna da siyasi qısqanclıqla yanaşdılar: "Nə üçün azərbaycanlı kommunistlərin fəaliyyəti öz geniş əksini tapsın?" Araqızışdıranlar da az olmadı. Bakı Ali Partiya Məktəbində (indi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - red.) kitabın müzakirəsi oldu.

   Moskvadan Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi işçilərindən və millətçi tarixçilərdən təşkil olunmuş böyük komissiya gəldi. Komissiyanın rəhbəri Sov.İKP MK-nın Təbliğat və təşviqat şöbəsinin müdiri Snastin idi. O, geniş bir məruzə etdi. Bizi "millətçilik"də təqsirləndirdi. Əsərin siyasi baxımdan "zərərli" olduğunu söylədi. Kəskin ittihamlar irəli sürdü. Belə dəlildən yapışdı ki, oçerklərdə azərbaycanlı kommunistlərin rolu və fəaliyyəti digər millətlərdən olan kommunistlərə, məsələn, erməni və rus kommunistlərinə nisbətən daha geniş işıqlandırılıb. O, xüsusi bir vurğu ilə dedi ki, "dəhşətə bax, Şaumyan kimi rəhbərin adı oçerklərdə cəmi 150 dəfə, Nərimanovun adı isə 400 dəfə çəkilib".

   Axırda Şıx-Əli Qurbanov çıxış etdi. Snastinin ittihamlarını büsbütün rədd etdi. Qətiyyən razılaşmadığını bildirdi və dedi ki, "siz yanılırsınız, bu əsər Ermənistan Kommunist partiyası yox, Azərbaycan Kommunist partiyasının tarixinə aiddir. Nərimanov Azərbaycan kommunistlərinin rəhbəri, inqilab komitəsinin sədri, Şərqdə Leninin sağ əli, ən yaxın silahdaşı olub və təbiidir ki, burada onun haqqında daha çox deyilməli idi. Bizə belə komissiya, belə "kömək" lazım deyil!.. İmkan verin öz tariximizi özümüz yazaq!"

   Bu komissiyanın işinə və bu işin nəticəsinə vurulan ağır zərbə, əslində komissiyaya vurulan sillə idi. Mahiyyətcə bu o demək idi ki, necə gəlmisiniz, elə də gedin.

   İclasdan çıxanlar bir-birinə "Şıx-Əli kişidir, əsl kişi kimi danışdı, afərin, milləti, xalqı belə sevərlər. Amma çətin ki, onu vəzifəsində saxlasınlar. Yəqin ki, nəticəsi pis olacaq" deyirdi.

   Bəli, bir müddətdən sonra Şıx-Əli Qurbanov Sov.İKP MK-nın göstərişilə vəzifəsindən çıxarıldı. Ayrı cür də ola bilərdi...

   Şıx-Əli Nizami adına Dil və Ədəbiyyat İnstitutuna gəldi. Elmi yaradıcılıqla ciddi məşğul oldu. Qısa bir müddətdə dərin məzmunlu və maraqlı doktorluq dissertasiyası yazdı. Bu yeni əsərində də o bir daha sübut etdi ki, millətçi deyil, əsl vətənpərvərdir, millətini, xalqını sevməklə yanaşı, həm də beynəlmiləlçidir, digər millətlərə saf münasibət bəsləyir. Onun əsəri Azərbaycan - rus ədəbi əlaqələrinə həsr olunmuşdu.

   1966-cı ildə onu yenidən rəhbər vəzifəyə çəkdilər. Bu asan olmamışdı ... Cəmi bir il üç ay yüksək vəzifədə - Azərbaycan KP MK katibi vəzifəsində işlədi. Respublikada ideoloji işə, elmə, təhsilə, mədəniyyətə, mənəvi yaradıcılıq sahəsinə, bilavasitə milli mənlik, milli ruh, milli mentalitetlə bağlı olan sahələrə başçılıq etdi.

   Amansız ölüm onun şərəfli fəaliyyətini yarımçıq qoydu. Amma o, bu qısa müddətdə az iş görmədi. Bircə il ərzində gördüyü işlər milli mədəniyyətin inkişafına güclü təkan verdi. Şıx-Əli Qurbanovun qeyrət və cəsarəti məhsuldar nəticələr verirdi...

   Şıx-Əli müəllimin cəsarətli addımlarından biri də o idi ki, Astraxanbazar rayonunun böyük Mirzə Cəlilin şərəfinə Cəlilabad adlandırılmasına nail oldu. Toponimlərimizi milliləşdirmək onün əsas arzularından idi.

   Novruz bayramının açıq-aşkar və geniş şəkildə, rəsmən qeyd edilməsi onun əvəzsiz xidmətlərindəndir. Amma bu da ona baha oturdu...

   ...Üstündən az vaxt keçmiş Şıx-Əli Qurbanov dünyasını dəyişdi.

   Biz onun "Sənsiz"inə onsuz baxdıq. Tamaşaya bütün ailəmiz getmişdi. Elə bircə dəfə baxan kimi (elə o gecə) "Sənsiz" haqqında ilk resenziyanı mən yazdım. Elə sabahı günü də "Bakı" qəzetində dərc olundu. Adını da "Sənsiz? Yox, yox səninlə" qoydum.

   Şıx-Əli Qurbanovun ən böyük xidmətlərindən biri də respublikamızda humanitar fəaliyyət sahəsini genişləndirmək, elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahəsində, ümumiyyətlə, ideoloji iş sahəsində yeni-yeni idarə və təsisatlar yaratmaq idi. Məhz onun fəaliyyəti nəticəsində bircə il ərzində (1966-1967) Xalq Təsərrüfatı İnstitutu bərpa edildi, ali məktəblərdə bir neçə yeni fakültə və ixtisaslar təşkil edildi, "Bakı" və "Baku" axşam qəzetlərinin, "Ədəbiyyat qəzeti" və "İdman" qəzetinin, "Ulduz" jurnalının nəşri başladı, bir çox jurnallarımızın tirajı artırıldı, onların həcmi genişləndirildi və çox-çox başqa dəyərli işlər görüldü. Yaratmaq, qurmaq onun amalı idi.

   O vaxt ideoloji iş üzrə Mərkəzi Komitə katibinin və müvafiq şöbələrin otaqları 6-cı mərtəbədə yerləşirdi. İşçilərin nəql etdiyinə görə, Şıx-Əli müəllimin maşını MK binası qarşısında dayanarkən və ya həyətə daxil olarkən hamı deyərdi ki, "Görəsən, indi gəlib hansı idarənin, təsisatın açılması barədə göstəriş verəcək?"

   Halbuki, 1959-60-ci illərin əvvəllərində həmin vəzifədə işləyən katib yalnız nəyi isə bağlamaq, ləğv etmək arzusu ilə yaşayır və bu istiqamətdə də iş görürdü. (Məhz o illərdə bir sıra tədris müəssisələrimiz bağlanmış, idarələrimiz birləşdirilmiş və ya ləğv edilmişdi.) Qərəz, MK işçiləri bu fikirdə idi ki, Şıx-Əli Qurbanov hər gün işə gələndə nə isə açmaq, təsis etmək niyyətilə, o katib isə nəyi isə bağlamaq, ləğv etmək niyyətilə gəlirdi...

   Bir neçə kəlmə də Şıxəlinin gözəl ailəsi haqqında: Şıx-Əli dünyasını dəyişəndə uşaqları hələ balaca idi. Böyük qızı Gülnarın 14 yaşı var idi. Nigar ondan da kiçik, 11 yaşında idi, sonbeşik olan İlqarın isə cəmi 8 yaşı var idi.

   Kişi qeyrətli Xavər xanım uşaqları təkbaşına böyütdü, onlara Şıx-Əliyə layiq tərbiyə verdi, boya-başa çatdırdı və üçü də layiqli övlad kimi indi xalqımıza şərəf və namusla xidmət edir. Gülnar xanım alim və ictimai xadimdir. Fəlsəfə doktorudur, estetikaya dair maraqlı tədqiqatların müəllifidir. Nigar xanım mədəniyyət tarixi sahəsində istedadlı alim kimi yetişib. İlqar isə diplomatik sahədə fəaliyyət göstərir. Onların da hər ikisi fəlsəfə doktorudur.

   Xavər xanım Şıx-Əlinin yadigarlarına həm analıq, həm də atalıq edib. Bu gözəl ailəni gördükdə inanıram ki, Şıx-Əlinin ruhu şaddır və ailəsindən nigaran deyil. Bəli, Şıx-Əli, sən rahat yata bilərsən. Xalq səni sevdiyi kimi, sənin ailəni də, övladlarını da sevir.

   Məlumdur ki, Şıx-Əli müəllim alim, partiya və dövlət xadimi, ictimai xadim olmaqla yanaşı, həm də gözəl şair, tanınmış və tamaşaçılar tərəfindən sevilən yazıçı-dramaturq idi.

   Ədəbi ictimaiyyətimiz onun "Əcəb işə düşdük" (1962), "Özümüz bilərik" (1963), "Olmadı elə, oldu belə" (1964) və xüsusən "Milyonçunun dilənçi oğlu" (1966) adlı komediyalarını yüksək qiymətləndirib. Bu əsərlər Musiqili Komediya teatrının repertuarını bəzəyib, onun qızıl fonduna daxil olub. Məhz buna görə də çox ədalətlidir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Şıx-Əli Qurbanovun şərəfli adını daşıyır.

 

 

  Bakı xəbər.- 2010.- 17 avqust.- S. 15.