Ramazan ayının 18, 19 və 20-ci günlərinin
duasına qısa şərh
XVIII dua: "Allah,
məni bu gündə açılan səhərlərin bərəkəti ilə xəbərdar et!
Mənim qəlbimi o səhərlərin ziyası
ilə işıqlandır!
Mənim bütün üzvlərimi bu günün əmrlərinə
tabe olmağa sövq et! Ey ariflərin
qəlbini nurlandıran Allah!"
Oruclu bəndə imsak vaxtına, yəni
oruca başlamaq vaxtına qədər səhər yeməyini
tamamladıqdan sonra dua edir ki, Rəbb onu açılan səhərlərin
bərəkətinə qovuşdursun. Çünki bəndə
bilir ki, səhər vaxtı edilən dua rədd edilməz.
Onun bu əminliyinə səbəb,
"səhər vaxtında və namazdan sonra edilən dua qəbul
olunur" Peyğəmbər(ə) kəlamıdır. Ümumiyyətlə,
səhər vaxtının fəzilətinə aid Quranda kifayət
qədər ayələr mövcuddur. "Onlar gecələr
(ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər
isə (Allahdan) bağışlanmalarını diləyirdilər"
(Zariyət 17, 18). Səhər vaxtının çox əziz
və bəndə üçün bir fürsət
olmasını Rəbbin səhərə and içməsi də
təsdiq edir: "And olsun səhərə" (Zuha 1).
Məlumdur ki, Allah rizası
üçün səhər evdən çıxan bəndə
gün ərzində pis və yaxşı şeylərlə
qarşılaşır. Yaxşı niyyəti əmələ
çevirmək və pis hadisələrə qarşı
mübarizə aparmaq üçün bəndənin mütləq
hamisi sözsüz ki, Allahdır. Həmin səbəbdən,
o, dərin hüzn və yalvarışlı bir səslə:
"Pənah aparıram sübhün Rəbbinə! Yaratdıqlarının
şərindən" (Fələq 1, 2) deyib, sözügedən
ayəni özünə sipər edir. Əslində, səhər
vaxtı deyilən bu ayə Allahı sevindirən ən
mükəmməl bir xahiş, yalvarış və duadır.
Onun qəbul olunmaması qeyri-mümkündür. Zira Rəsuli-Əkrəm(ə)
buyurub: "Üç səs var ki, onları Allahu-Təalə
sevir: Zikr edənən səsini, Qurani-Kərimi oxuyanın səsini
və səhər vaxtında istiğfar (Rəbbdən
günahlarını bağışlanmasını diləmək)
edənin səsini". Səhər tezdən Allahın məskəni
olan hüzünlü qəlbin gözdən
çıxartdığı iki damla cövhərin nəyə
qadir olduğunu imam Rəbbani (v.e.1624) belə qələmə
alıb: "Minlərlə top-tüfəng edə bilməz əsla,
göz yaşının səhər vaxtı etdiyini".
Ramazan günündə səhərin
bərəkəti dedikdə, ilk öncə orucun
mükafatı və o mükafatın Sahibi nəzərdə
tutulur. Rəbb buyurub: "Oruc sırf Mənim
üçün edilən ibadətdir və onun
mükafatını da Mən verəcəyəm".
Bərəkətin dini anlamı isə
Allahu-Təalənin nemət və ehsanı, bolluq, az maldan
çox istifadə etmək mənalarını ehtiva edir. Bərəkət
barədə Quran buyurur: "Biz onu da (İbrahimi), Lutu da aləmlər
üçün mübarək etdiyimiz (bərəkətlər
verdiyimiz) yerə qovuşdurduq" (Ənbiyyə 71);
"Allah yer üzündə möhkəm durmuş dağlar
yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər
üçün bərabər olaraq, orada yer əhlinin ruzisini
dörd gündə (mövsümdə) müəyyən
etdi" (Fussilət 10).
Məgər səhər tezdən
yataqdan salamat qalxmaq, günəşin
çıxmasını görmək, sevdiyin işin
dalınca getmək, ailə və dostlarla ünsiyyət qurmaq
bərəkət deyilmi?!
Duada səsləndirilən
"ziya" sözü işıq, aydınlıq, nur, feyz və
mərifət deməkdir. Ən böyük ziya(nur) Qurani-Kərimdir.
Nur həm də Allahın isimləşmiş sifətlərindən
biridir və bəndə də Allah istəyilə bu nurun bir zərrəsini
özündə daşıyır. Deməli, Allahın nur
vermədiyi adam, münəvvər (nurlu) ola bilməz. Elm də
nurdur. Səhərin ziyası isə bərəkəti, feyzi,
tutulan oruc və deyilən duaların fəzilətini ehtiva
edir. Bəndə dua edir ki, onun bütün üzvləri
Ramazan gününün tələblərinə cavab versin.
Ramazan isə həm Şeytana "veto", həm də nəfsə
köləliyi yox, nəfsin köləliyini təşviq edən
aydır. Həmin səbəbdən bəndə sadəcə
mədə ilə yox, qəlb, vicdan, göz, əl, ayaq və
digər dəyərlərlə oruc tutmaq üçün
Allahdan kömək istəyir. İstəyir ki, pis işlərdən
- qeybət, həsəd, rüşvət, yalan və digər
haramlardan uzaq olub, ailəsinə və mənsub olduğu cəmiyyətə
fayda versin.
"Ey ariflərin qəlbini
nurlandıran Allah!" ifadəsindən aydın olur ki, dua edən
bəndə adi insan yox, əxlaq, mərifət sahibidir,
arifdir. Peyğəmbər(ə) kəlamlarına görə,
belə insanların yuxusu da ibadətdəndir. Arif bilən,
tanıyan, irfan sahibi (Allahı dərk edən) olmaq deməkdir.
Həz.Peyğəmbər buyurub: "Hər şeyin
qaynağı var. Təqvanın (haramlardan çəkinməyin)
qaynağı ariflərin qəlbləridir". Arif olan şəxs
əbəs yerə danışmaz. O həmişə
Allahı düşünər. Arifin özünü tənqid
etməsi, özündən razı olmaması, zahirən
başqalarından fərqlənməməsi böyük nemətdir.
Ariflik mərifətin ən uca nöqtəsidir. Arifin alimdən
fərqi, qəlbinin hüznlü olmasındandır.
Ümumiyyətlə, arifin əlamətləri əsasən
bunlardır: susmaq, təfəkkür, gördüklərindən
ibrət almaq və Allahu-Təalənin razı olduğu
şeyləri istəmək.
Elə isə, ya Rəbb! Bəndənin
bu günkü duasının fəzilətini xalqımıza
və ümmətimizə nəsib et! Ramazan rəhmətini
bütün il ərzində bizdən əskik etmə!
XIX dua: "Allah! Ramazan ayında
olan bərəkətlərdən mənim qismətimi bu gün
artıq et! Xeyir əməllərin yolunu mənim
üçün asanlaşdır! Ey haqq yolunu Göstərən,
mənim yaxşı əməllərimi qəbul et!"
Ayın keçmiş günlərinin
duasında bərəkət və xeyir əməllər barədə
açıqlama verildiyi üçün, bu gün xeyir əməllərin
yolu barədə izaha ehtiyac var. Bəndə dua edir ki, Allah onu
haqqı göstərən yola sövq etsin. Bu yol isə
Quranın xülasəsi Fətiha surəsində göstərilib
və o, "İhdinəs-siratal mustəqim" yoludur. Bəli,
hər gün namazında Fətiha surəsini oxuyan oruclu bəndə,
bu ayə hikmətilə Ondan xeyir əməllərin yolunu istəyir.
Lakin bu istək birdən-birə edilmir. Duasını bismilləhlə
başlayan bəndə həmddən tərbiyəyə - Onun
Rəbbliyinə (fətihadakı I ayə), tərbiyədən
rəhmətə (II ayə), rəhmətdən axirətə
imana (III ayə), bu inamdan Allaha qulluq və Ondan kömək
diləməyə(IV ayə) qədər yol keçir. Bu mərtəbələr
elə lətif, məntiqli, dəqiq, rəvan və
ülvüdür ki, həmin ahəng və bərəkətlə
ucalmamaq mümkün deyil. Zira, əvvəlki ayələrlə
ona bir fürsət verildiyini dərk edən oruclu bəndə
həmin imkandan maksimum istifadə edərək, Rəbbdən
yeni bir nemət - doğru yol tələb edir. Həmin tələb
isə Cənnətə aparan hidayət yoludur.
"İhdinə"
sözünün dilimizdəki tərcüməsinin "bizə
hidayət ver" anlamı, yanlışlar içində
orijinala ən yaxın olanıdır. Lüğəti mənası
"doğru yola çağırma", "rəhbərlik
etmək" olan hidayət, möhtac olan insana
ehtiyaclarını ödəyəcək şəkildə
Allahın cavab verməsi və himayəsidir. Yəni hidayətin
sahibi O olduğu üçün, hidayəti də yalnız O
verir. Cəsəd və ruh vəhdətimiz, maddi-mənəvi
dəyərlərlə təchizimiz, kainatın bəşər
üçün yaradılışı, haqqı batildən,
xeyiri şərdən ayırd etmək üçün
ağlın verilməsi, səməvi kitab və peyğəmbərlərin
göndərilməsi, Cənnət bağçaları Onun
hidayətlərindəndir.
Məlumdur ki, Rəbbdən gələn
və Ona aparan bütün yollar Allah və Ondan qaynaqlanan bəşər
qanunlarının icrası üçündür.
Elə yol var ki, orada rüşvət
alınır, zina edilir, həsəd, qeybət tüğyan
edir, yaltaqlıq "ucalmağın" meyarı olur. Bu
Şeytanın yoludur. Digər yol isə din, bayraq, haqq
uğrunda mübarizədir. Bu isə Allahu-Təalənin
yoludur. Bunlardan biri Onun qəzəbinə, digəri isə
rizasına aparan yol olmasına baxmayaraq, hər iki yolu yaradan
Allahdır. Lakin haram işlər görənləri və
onları dəstəkləyənləri haqq naminə yerində
oturtmaq da bir hidayətdir. Çünki Rəbb buyurur:
"Yığın bir yerə zülm edənləri və
onların həmtaylarını. Onları Cəhənnəm yoluna hidayət edin".
Deməli, cəmiyyətin maddi-mənəvi
dəyərlərini oğulayıb satan qəssab və dəllalların
cavabını vermək cəmiyyət üçün bir
qurtuluş və hidayətdir. Əks halda, cəmiyyət və
cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlərin
Allah rizasını qazanması müşkül olar. Bunu
yalnız şəxsi ibadətilə məşğul olub,
pisliyə qarşı mübarizə aparmayanların acı
taleyi də sübut edir. Həmin səbəbdən bəndənin
"Xeyir əməllərin yolunu mənim üçün
asanlaşdır" duası, həm də pisliyə
qarşı mübarizə kimi başa düşülməlidir.
Unutmamalı ki, dua yalnız Rəbbin
bəyəndiyi işlər üçün edilərsə, qəbul
olunar. Elə qəflətdə olan bir çox insanların
yanıldığı, aldandığı hikmət də
budur.
Bəndənin bugünki duası Rəbbə
ünvanlanan növbəti məktub, xahişnamədir. Səmimi
insan isə məktubundan bilinər. Elə isə xalis niyyətlə,
Onun rizası üçün dua edib, məktubumuza cavab verilməsi
arzusu ilə.
XX dua: "Allah! Bu gündə Cənnətin
qapılarını mənim üzümə aç, Cəhənnəmin
qapılarını üzümə bağla! Quranı
oxumağı mənə müvəffəq et! Ey möminlərin
qəlbində aramlıq yaradan Allah!"
Gəlişi və gedişi iradəsindən
asılı olmayan insan üçün dünya bir mehmanxana,
axirət isə əbədi evdir. "Dünya axirətin əkin
yeridir" Peyğəmbər(ə) kəlamına görə,
bəndənin axirətdə Cəhənnəm, Əraf və
Cənnət əhli olmasını onun dünyadakı əməlləri
müəyyənləşdirir. Necə deyərlər,
insanlar əməllərinə uyğun diriləcəklər.
Oruclu bəndə də dünyada bu hikmətlə
yaşadığı üçün əməlinin
müqabilinə uyğun məkan istəyir. Bu məkan isə
Rəbbin ən böyük nemətlərindən biri olan Cənnətdir.
Cənnət budaq və
yarpaqları ilə göz oxşayan və dünyada analoqu
olmayan bağ-bağçadır. "Etdikləri əməllərin
mükafatı olaraq, (Allah dərgahında) möminlər
üçün göz oxşayan nə cür nemətlər
gizlənib, saxlandığını heç kim bilməz!"
(Səcdə 17). Cənnətin əsrarəngliyi barədə
Rəsuli-Əkrəm(ə) buyurub: "Allah Cənnətdə
qulları üçün heç bir gözün görmədiyi,
heç bir qulağın eşitmədiyi və heç bir
insanın təsəvvür etmədiyi nemətlər
hazırlayıb". Göründüyü kimi, lüğətlərdə
Cənnətin bağ-bağçaya bənzədilməsinə
baxmayaraq, o, bəşər idrakının dərk edə bilməyəcəyi
dərəcədə böyük, gözəl və gözlənilməzdir.
Əksər İslam mənbələrinə
görə, Cənnətin 8 dərəcəsi var: 1) Ağ
incidən ibarət Dərul-Cəlal; 2) Dərul-Qərar; 3) Dərus-Sələm;
4) Dərul-Xul. Bu, Allahdan qorxaraq pis əməllərdən
çəkinənlərin məskənidir; 5) Nəim Cənnəti.
Bura iman gətirib, yaxşı əməllərə sahib olan
müsəlman və əhli-kitab nümayəndələri
üçündür; 6) Firdəvs Cənnəti. Firdəvs
7 qat göyün və kürsünün üstündə
olub, maddi aləmin sonu, əmr-mənəvi aləmin başlanğıcıdır.
"Elə isə Allahdan Cənnət istərkən, Firdəvs
Cənnətini istəyin" (həz.Peyğəmbər); 7)
Məva Cənnəti. Bu Cənnət merac vaxtı Rəsuli-Əkrəm(ə)-nin
həz.Cəbraili gördüyü Sidratulmuntəhanın
yanındadır. Sidratulmuntəha isə 7-ci göydəki ərşin
sağındakı ağacdır. Bura mələklər,
şəhidlər və müttəqilər məskənidir;
8) Ədn Cənnəti. Bu, cənnətlərin ən
üstünüdür. Ədn Cənnəti peyğəmbərlər,
şəhidlər və siddiqlər üçündür.
Rəbbdən Cənnət diləyən
bəndə bilir ki, Cənnət həm də vicdan
rahatlığı istisna olmaqla, bəndədən səbr,
iman, fədakarlıq tələb edən çox məşəqqətli
bir yolla hasil olur. "Siz, sizdən öncələrin
başına gələnlərin başınıza gəlməyəcəyinizi
güman edib, Cənnətə girəcəyinizi
düşünürsünüz?" Rəbb kəlamı
da, Cənnət sevdasının çox baha olmasına
işarədir.
Cənnət diləyən bəndə
təbii ki, Cəhənnəm əzabından çox
qorxduğu üçün həmin odlu, irinli məkanın
qapılarının üzünə bağlanmasını istəyir.
Peyğəmbər(ə)-nin: "Cəhənnəm və Cənnət
sizə təsəvvür etdiyinizdən daha
yaxındır" kəlamına söykənən bəndə
onu da bilir ki, onun axirətdəki durumunu əməllərinə
görə, yalnız Allah müəyyən edir. Cəhənnəm
iman gətirməyənlərin, yəni Allaha, peyğəmbərlərə,
səmavi kitablara, qəza-qədərə, axirət və mələklərə
inanmayanların, eləcə də dində əməl və
iman baxımından küfr sayılan şeyləri edənlərin
yeridir. Cəhənnəm odunun miqyas, dəhşət və vəhşətini
xarakterizə edən İmam Rəbbani (v.e.1624) deyib: "Cəhənnəmdən
bir qığılcım dünyaya düşsəydi,
bütün yer üzü məhv olardı". Ümumiyyətlə,
Təbəri (v.e.923) başda olmaqla, bütün müsəlman
təfsirçiləri Qurana istinadən qəbul ediblər ki,
Cəhənnəmin 7 təbəqəsi var: Cəhənnəm,
Ləza, Hutamə, Sair, Səqar, Səhim və Haviyə. Beləliklə,
etdiyi yaxşı əməllərin günahlarından
çox olduğunu vicdan və qəlbi ilə bilən və
Allah rəhmətindən naümid olmayan bəndə,
Ramazanı ilahi bir fürsət bilərək, Cənnət
sevdası ilə yaşayır.
Günün duasında sonuncu dilək:
"Quran oxumağı mənə müvəffəq et!"
münəcatıdır. "(Ya Peyğəmbərim!) De: əgər
insanlar və cinlər bir yerə yığışıb bu
Qurana bənzər bir şey gətirmək üçün
bir-birinə kömək etsələr, yenə də ona bənzərini
gətirə bilməzlər" (İsra 88).
Məlumdur ki, Qurani-Kərim
yalnız mənası ilə deyil, ləfzilə də
möcüzədir. Dua edən bəndə bu möcüzədən
bəhrələnmək naminə, Quranı nazil olan dildə
- orijinalda oxumağı arzu edir. O həm də bilir ki, Quran
oxuyana savab verilməklə yanaşı, onu dinləyənlər
də bu savabı qazanırlar. Həmin səbəbdən o, həm
özünə, həm də cəmiyyətə xeyir gətirmək
üçün bu müqəddəs ayda Allahdan Quranı
oxumağı ona müvəffəq etməsini diləyir.
Müqəddəs kitabı oxuyan və dinləyənlərin
savabı barədə Peyğəmbər(ə) buyurub:
"Qurani-Kərimi oxuyanın ata-anası kafir olsa belə,
onların əzabları yüngülləşər";
"Kim beş vaxtı namazda Qurani-Kərimi oxusa, Allah bir hərfə
görə, ona yüz savab verər. Kim namaz xaricində Quran oxusa, hər hərfinə on savab verər. Kim Quranı
dinləyərsə, hər
hərfinə görə,
bir savab verər. Kim də Quranı xətm etsə, həmin şəxsin duasını Allah qəbul
edər".
Əlbəttə, Quranı orijinalda
- ərəb dilində
oxuya bilməyənlər
onu ana dilində
(tərcümədə) oxuyarkən
də savab qazanırlar. Burada əsas
şərt oxunanları
yaşamaq, Quran hikmətinə
uyğun fəaliyyət
göstərməkdir.
Beləliklə, qəlbinin aramlı,
xatircəm olması üçün bəndə
Allaha dua edir ki, Cəhənnəm
qapılarını onun
üzünə bağlayıb,
Cənnət qapılarını
açsın. Sonra isə
o, Quran möcüzəsindən xəbərdar olmaq və eləcə də həm özü, həm də yaxınlarının
savaba sahib olması üçün, Allahdan
Quran oxumağı ona
müvəffəq etməsini
istəyir. Biz də
bəndə duasına
qoşularaq deyirik: Ya Rəbb, bizim
iradəmizi Cənnəti
reallaşdıran əməllərə
yönəlt. Bizi
Quran oxumağa, oxuduqlarımıza
əməl etməyə
sövq et. Millət və ümmətin dua və oruclarını qəbul et!
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.-27-28 avqust.- S. 12.