İnformasiya texnologiyalarının dinamik inkişafı Azərbaycanın elmi-intellektual yüksəlişini təmin edir

 

Bəşər sivilizasiyasının hazırkı sosiomədəni mərhələsində hansısa dövlətin və ya xalqın inkişafını müasir informasiyakommunikasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. Xüsusən də ictimai həyatın bütün sahələri üzrə operativ məlumatların "qəbulu" zərurəti müasir texnologiyalardan istifadəni insan cəmiyyətinin zəruri mənəvi-fizioloji və sosial tələbatlarından birinə çevirir.

   Bütün dünyada informasiya və kommunikasiya texnogiyalarının (İKT) - internet şəbəkəsinin, ənənəvi və rəqəmsal radio-televiziya sistemlərinin, eləcə də digər interaktiv audiovizual vasitələrin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir daha qabarıq göstərir.

   Dövrünün görkəmli diplomatı olmuş Taleyranın söylədiyi bir fikir bu məqamda lap yerinə düşür: "Kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü labüddür". İnformasiyalı cəmiyyət quruculuğu ta qədimdən bugünədək hər bir sivildemokratik dövlətin əsas hədəflərindən biri kimi özünü göstərir. Belə bir cəmiyyətin formalaşmasında "texnologi yükü" üzərinə götürən İKT müasir dövrdə iqtisadi tərəqqinin, o cümlədən "insan inkişafı indeksi"nin vacib meyarlarından birinə çevrilmişdir. Başqa sözlə, İKT hər bir dövlətin demokratiklik səviyyəsini müəyyən edən amillərdən biri olaraq cəmiyyətdə şəffaflıq və hesabatlılığın yüksək səviyyədə qorunmasına, insanların dövlət və qeyri-dövlət strukturlarından operativ informasiya almaq, onlara birbaşa müraciət etmək imkanlarının genişlənməsinə imkan yaradır.

   Beləliklə, İKT qloballaşma dövründə sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. İnformasiya cəmiyyətinin strateji hədəfi isə yaşından, dilindən, dinindən, irqindən, sosialsiyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onlar arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. İKT-nin cəmiyyətdə müstəsna rolu həm də onunla şərtlənir ki, o, informasiya bolluğunun yaradılması yolu ilə mövcud problemlərin həllinə çalışır. İnformasiya cəmiyyətində kompüter, internet əsas texniki vasitə olaraq informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və digər mühüm funksiyaları həyata keçirir.

   Kompüterlərin sayı, internetə qoşulma və çıxış imkanlarını xarakterizə edən indikatorlar və statistik göstəricilər əsasında ayrı-ayrı ölkələrdə informasiya cənmiyyətinin qurulması səviyyəsini və inkişaf dinamikasını qiymətləndirmə mexanizmləri mövcuddur. Bu baxımdan, son illər Azərbaycanın adı İKT-nin inkişafı və informasiyalı cəmiyyətin formalaşması üzrə reytinq göstəricilərində MDB məkanında öncüllər sırasında çəkilir. Respublikamızın bu sahədə MDB-də lider dövlət olmasını Ümumdünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyası Hesabatı 2009-2010" adlı sənədi də göstərir. Azərbaycanda şəbəkə hazırlığı indeksinə görə 64-cü yerə layiq görülmüşdür ki, bu da MDB məkanında ən yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, sözügedən indeks baxımından qonşu dövnlətlərdən Gürcüstan 93-cü, Rusiya 80-ci yerdə dayanır. Şəbəkə hazırlığı baxımından ən pis vəziyyət Cənubi Qafqaz dövlətləri arasında Ermənistandadır. Reytinq cədvəlində Ermənistan 101-ci yeri tutur.

   Bu göstərici deməyə əsas verir ki, həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasəti respublikamızda informasiya-kommunikasiya texnologiyalarının yeni prioritet sahə kimi inkişafına əlverişli şərait yaratmışdır. İKT müasir cəmiyyətin vacib infrastrukturu, iqtisadiyyatın real sektoru, məhsuldarlığın artım amilimüasir humanitar inkişafın katalizatoru olaraq, Azərbaycanda energetika sektorundan sonra ən dinamik inkişaf edən ikinci sahədir.

   "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" - deyən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir.

   Bu da təsadüfi deyildir ki, cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlamışdır. Azərbaycan Prezidenti həmin sammitdə bəyan etmişdir ki, XXI əsrdə informasiyakommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahələrdən biri kimi nəzərdən keçirilir. Cənab İlham Əliyevin "Qara qızılı insan qızılına, intellektual potensiala çevirək" tezisi İKT-nin Azərbaycan cəmiyyətindəki inkişafını stimullaşdıran ən başlıca amildir. Bu gün Azərbaycanda uğurlu neft iqtisadiyyatının estafetinin qəbulu, neftdən sonrakı iqtisadi prioritet sahə yüksək texnologiyalar, o cümlədən İKT sayılır.

   2005-cü il noyabrın 16-18-də Tunisdə İnformasiya Cəmiyyəti üzrə sammitin Təşkilat Komitəsinin üzvü və sponsorlarından biri də məhz respublikamız olmuşdur. Bu sammitdə XXI əsrin yeni çağırışı "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində və insan hüquqlarının qorunmasında rolu" elan olunmuşdur. Həmin tezisin əsas müəlliflərindən biri də məhz Azərnbaycandır.

   Respublikamızda təbii sərvətlərin hasilatından əldə olunan vəsaitlərin böyük qisminin məhz elm və təhsilə, informasiya texnologiyalarının inkişafına yönəldilməsi inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü doğrultmuşdur. Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Bunu ABŞ, Almaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, bu gün Finlandiyanın tanınmış "Nokia" şirkətinin informasiya texnologiyaları sahəsində əldə etdiyi gəlirlər müsəlman ölkələrinin, karbohidrogen ehtiyatları istisna olunmaqla, digər gəlirlərindən çoxdur.

   Hazırda dövlət səviyyəsində həyata keçirilən innovasiya siyasətinin başlıca hədəfi İKT infrastrukturunun iqtisadi bazasını durmadan yüksəltmək, bu sahənin inkişafının ümumi daxili məhsulun formalaşmasındakı xüsusi çəkisini artırmaqdır. İKT sahəsində lider olmaqiqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiyakommunikasiya, habelə innovasiya texnologiyalarının ilk mərhələdə istifadəçisi, daha sonra istehsalçısına çevrilmək son dərəcə zəruridir.

   Ölkədə İKT fəaliyyətinin əsas prinsipləri Azərbaycan Respublikasının İnkişafı Naminə İKT üzrə Milli Strategiyada (2003 - 2012-ci illər) öz əksini tapmışdır. Bu sənəd əsasında son illərdə "Elektron imzaelektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar, "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı", "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" qəbul edilmişdir. Bütün bu sənədlər rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılmasını, tənzimləmə prosedurunun təkmilləşdirilməsini, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin aparılmasını, internetin sürətli inkişafını təmin etmişdir.

   Dövlət başçısının 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin edən, rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan mükəmməl konsepsiyası olmuşdur. Proqramda nəzərdə tutulmuş tədbirlər nəticəsində 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində umumdünya orta göstəricilərini ötmüş, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir. Dövlət Proqramı, eyni zamanda, "rəqəmsal uçurum"un, yəni informasiya uçurumu təhlükəsinin aradan qaldırılmasına xidmət etmişdir. Etiraf etməliyik ki, paytaxtda və digər iri şəhərlərdə müasir texnologiyalar sürətlə inkişaf etdiyi halda, rayonlarda bu proses nisbətən yubanırdı. Bu baxımdan, regionlarda rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafı olduqca vacib idi. Bu istiqamətdə atılan addımlar sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, elmi tərəqqiyə öz müsbət təsirini göstərir.

   Məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini və informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyənlənmələri üçün atılan məqsədyönlü addımlar da xüsusi qeyd olunmalıdır. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illlər) təsdiq edilməsi haqqında" fərman imzalayan dövlət başçısı İlham Əliyev gənclərin müasir biliklərə və informasiya texnologiyalarını dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Halbuki, 2003-cü ildə bu göstərici hər 1000 nəfərə cəmi 1 kompüter idi. 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiyakommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

   Dövlətin apardığı məqsədyönlü siyasətin məqsədi respublikamızı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Azərbaycan fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir və bu baxımdan, respublikanın Şərqlə Qərb arasında əlverişli informasiya tranziti məkanına çevrilməsi ehtimalı kifayət qədər yüksəkdir. Məhz buna görə də son zamanlar dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana böyük maraq göstərir. Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan ənənəvi iqtisadi forumlar çərçivəsində dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin ("Microsoft", "Cisco" və "İntel" və s.) prezidentlərinin Prezident İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir. Həmin şirkətlərin məqsədi ölkəmizlə bu sahədə sıx əməkdaşlıq etməkdir.

   Hazırda İKT-nin qlobal əməkdaşlığın bünövrəsi kimi inkişafında dövlətlər və xalqlar arasındakı qeyri-normal münasibətlər və konfliktlər ən böyük maneədir. Bu gün Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazda İKT sahəsində də regional və beynəlxalq layihələrin həyata keçirilməsində böyük maneədir. Təkcə Dağlıq Qarabağ adı ilə tanınmış bu konfliktin yox, dünyada mövcud olan digər konfliktlərin həlli üçünreal informasiyanın yayılmasında, sülh danışıqlarının aparılmasında, konfliktlərin qurbanı olan sadə xalqların düzgün məlumatlandırılmasında İKT böyük rol oynaya bilər və Azərbaycan bundan maksimum səmərəli istifadə edir.

   Bütün bunlar göstərir ki, respublikamızda İKT-nin inkişafı təkcə sosial-iqtisadi amillərlə şərtlənmir. Azərbaycan bu sektorun inkişafına həm də ölkənin elmi-intellektual, mədəni inkişafı, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vasitəsi kimi baxır. Əminliklə demək olar ki, ölkədə İKT-nin inkişafı sahəsində həyata keçirilən strategiya respublikamızın yaxın perspektivdə bu sahədə daha öncül mövqelərə çıxmasını təmin edəcəkdir.

   Azərbaycan Respublikasının Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün.

 

Xalid NİYAZOV

 

Bakı xəbər.- 2010.- 1 dekabr.- S.12.