"Dünya
Azərbaycanlılarının Həmrəylik
Günü"nə gedən yol
Bu
bayramın ehtiva etdiyi ideyaya çatmaq üçün
çəkdiyimiz iztirabları yalnız bircə fakt unutdurur
ki, nəticə uğurlu olub, dünyanın dörd bir
yanında məskunlaşan soydaşlarımız vahid
ideologiya ətrafında birləşib.
Qarşıdakı
bayrama hansı uğurlarla gedirik...
Xalqımızın və dövlətimizin
həyatında əlamətdar hadisələrlə zəngin
olan daha bir il tarixə qovuşmaq üzrədir.
Qarşıdan gələn əlamətdar
bayramımızın - 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün əlini möhkəmcə
sıxmağa mənəvi haqqımız vardır.
Müstəqil
Azərbaycan dövləti bu il də bir
çox sahələrdə ciddi uğurlara imza atmış, hərtərəfli
və dinamik inkişaf etmişdir. Azərbaycan
son yeddi ildə dünyada ən sürətlə inkişaf edən
ölkələr sırasına daxil olmuşdur. Təkcə 2004-2008-ci illərdə ölkəmizin
iqtisadiyyatı 2.7 dəfə, dövlət büdcəmiz 10 dəfədən
çox artmışdır. Bu, 2009-cu ildə
dünya maliyyə böhranı şəraitində iqtisadi gərginlik
keçirdiyi halda, Azərbaycanın yeni-yeni uğurlara imza
atdığını ehtiva edən parlaq bir göstəricidir.
Deyirlər, ümmanlar damlalardan yaranıb. Bu kontekstdə son illər ölkəmizdə
qazanılmış nailiyyətlərə diqqətlə nəzər
yetirsək, görərik ki, onların araya-ərsəyə gəlməsində
hər bir vətənpərvər, yurdsevər, dövlətsevər
soydaşımızın özünəməxsus xidməti, əməyi
vardır. Hər bir vicdanlı azərbaycanlı ölkədə
geniş vüsət alan quruculuq,
abadlıq işlərində yaxından iştirak edir.
Dünyanın 42 ölkəsində
strukturlaşmış Azərbaycan diasporu var
Sonuna
yaxınlaşdığımız ildə Azərbaycan
dövləti və xalqı üçün xüsusi məna
daşıyan bir neçə təqvim günü, o cümlədən
Xocalı faciəsinin ildönümü tarixi dünyanın əksər
ölkəsində ilk dəfə olaraq sistemli şəkildə,
dünyanın bütün nöqtələrində eyni tarixdə
qeyd edildi, Azərbaycanın haqlı mövqeyi dünya
ictimaiyyətinin diqqətinə çatdırıldı. Əvvəllər pərakəndə halda
keçirilən bu tədbirlərin ilk dəfə sistemli
şəkildə qeyd olunması ciddi effekt doğurdu. Bu
sistemli iş dünyanın müxtəlif ölkələrində
təşkilatlanmış, strukturlaşmış Azərbaycan
diaspor təşkilatlarının əməyi nəticəsində
baş tutdu. Məsələ ətrafında araşdırma
apararkən Azərbaycan Respublikasının Diasporla İş
Üzrə Dövlət Komitəsindən məlumat aldıq
ki, hazırda dünyanın aparıcı 42 ölkəsində
kifayət qədər təşkilatlanmış,
strukturlaşmış diaspor təşkilatımız var.
Əvvəllər bu cür təşkilatlar
qarşısında dayanan prioritet vəzifə təşkilatlanmanı
sürətləndirmək, xaricdəki
soydaşlarımızı müxtəlif strukturlara cəlb
etmək idisə, indi prioritet məsələ təşkilatlanmış,
strukturlaşmış qurumların fəaliyyətini Azərbaycanın
maraqlarının təmin edilməsinə yönəltməkdir.
Azərbaycan
diasporu tarixdə və bu gün
Azərbaycan Respublikasının Diasporla İş
Üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun
formalaşması və təşkilatlanmasının tarixi
xronologiyasını hazırlatdırıb. Xronoloji topluda qeyd edilir ki, Azərbaycan diasporunun
formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini
əhatə edir. Əldə olunan elmi nəticələrə
görə, Azərbaycan diasporunun təşəkkül və
formalaşma tarixi hələ VII əsrin sonu - VIII əsrin əvvəllərindən
başlayıb. Xilafət ordusunun Azərbaycana
yürüşü, İslam dininin yayılması ilə əlaqədar
burada ərəbdilli elm və mədəniyyətin
inkişafı, eyni zamanda, onlarca azərbaycanlı mütəfəkkirin
Yaxın və Orta Şərqin şəhərlərinə
axını başlamış, bu proses diasporun
yaranmasının təməlini qoymuşdur.
İkinci mərhələ isə X - XIX əsrləri
əhatə edir. Yaxın Şərqin elm
və mədəniyyət mərkəzlərində əslən
Azərbaycandan olan yüzlərlə alim və tələbənin
biliklərə yiyələnməsi, milli təfəkkürümüzün
region xalqlarının intibahında qabaqcıl mövqeyə
çıxması sayəsində xaricdə məskunlaşması
daha geniş vüsət almışdır.
Azərbaycan diasporunun formalaşmasının III mərhələsi
Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalından sonrakı dövrə təsadüf edir.
XX əsrin əvvəllərindən 1920-ci ilədək
olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri
nizamsız xarakter daşımışdır. 1920-ci ildən
sonrakı ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş
və intensivləşmişdir. Buna baxmayaraq, həmin
mərhələlərdə təşkil olunan diasporlar həm
kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə
görə bir-birindən fərqlənirdilər.
Diasporun formalaşmasının IV mərhələsi
Azərbaycan Demokratik Respublikasının (1918-1920)
süqutundan sonra xarici mühacirlər axını və
Avropada Azərbaycan diasporunun təşəkkülü ilə
bağlıdır. 1941-1945-ci illərdə
II Dünya müharibəsi zamanı əsirlikdə olan və
Sovet cəza maşınının ölüm xofundan Vətənə
dönə bilməyən azərbaycanlılardan ibarət
icmaların yaranması diasporun formalaşmasının V mərhələsi
kimi səciyyələndirilir.
Ötən əsrin sonlarında İranda baş verən
ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən
on minlərlə azərbaycanlının Qərb ölkələrinə
mühacirəti Azərbaycan diasporunun genişlənməsinin
mühüm mərhələlərindən biri olmuşdur.
Nəhayət,
XX əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında
cərəyan edən hadisələr imperiyanın sərhədləri
çərçivəsində demokratik düşüncə
tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının
güclənməsinə zəmin yaratmış, eyni zamanda,
xaricdə yaşayan soydaşlarımızın Vətənlə
təmaslarının artmasına, milli mənafe naminə birləşməsinə
şərait yaratmışdır.
Amma min
illik tarixinin olmasına baxmayaraq, Azərbaycan diasporu heç
vaxt Azərbaycan dövləti, xalqı ətrafında indiki qədər
sıx birləşməmiş, milli mənafeyə bu qədər
yaxın, milli şüura bu qədər sahib
olmamışdır. Dünya azərbaycanlılarının
müstəqil dövlətimiz və vahid məqsəd ətrafında
birləşdirilməsi ideyasının müəllifi
ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O,
xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində
saxlamış, müxtəlif xarici ölkələrə
etdiyi çoxsaylı səfərlərdə Azərbaycan
diasporunun nümayəndələri ilə görüşlər
keçirmiş, onların problem və qayğıları ilə
yaxından maraqlanmışdır. Heydər Əliyevin Sərəncamı
ilə 2001-ci il noyabrın 9-10-da Bakıda
keçirilmiş Dünya Azərbaycanlılarının I
Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşərək təşkilatlanması
baxımından tarixi əhəmiyyət kəsb etmiş,
diaspor hərəkatının inkişafında yeni mərhələnin
başlanğıcını qoymuşdur.
Qurultaydan
bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının
27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Dünyada fəaliyyət
göstərən Azərbaycan icmaları ilə məşğul
olan dövlət orqanının yaradılması və
müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının
milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş,
soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin
genişləndirilməsini təmin etmiş, ölkəmizin
tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasına stimul vermişdir.
Xarici
ölkələrdə yaşayan azərbaycanlıların
problem və qayğılarını, onların birliyi və təşkilatlanması
sahəsindəki mövcud vəziyyəti təhlil etmək,
Azərbaycan Respublikası ilə əlaqələrinin daha da
möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, diaspor
quruculuğu işinin təkmilləşdirilməsi sahəsində
qarşıda duran vəzifələri müzakirə etmək
məqsədi ilə 2006-cı il mart ayının 16-da
Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının
II Qurultayı, demək olar ki, prosesdə dönüş
nöqtəsi olmuşdur. Bu tarixdən sonra Azərbaycan
diaspor təşkilatlarının fəaliyyətində ciddi
dönüş olmuş, onların vahid Azərbaycançılıq
ideologiyası ətrafında birləşməsi daha da
sürətlıənmiş, bu təşkilatlar Azərbaycan
mənafeyinin müdafiəsi üçün hərəkətə
keçmişlər.
Həmrəylik
Gününün daxili təməli
Sonuna yaxınlaşdığımız ildə Vətənimiz
iki cəsur oğul itirdi, iki Milli Qəhrəman qazandı.
Mübariz İbrahimov və Fərid Əhmədov Azərbaycan
xalqının gen yaddaşını oyatdılar, Azərbaycan
xalqının nəyə qadir olduğunu bir daha dünyaya və
düşmənə göstərdilər.
Ümummilli liderimiz Heydər Əliyevin ən
böyük xidmətlərindən biri, məncə, vətənsevərliyi
şüarçılıqdan gerçək fəaliyyətə
çevirməsi oldu. Vətən sevgisi
sözdə deyil, işdə, əməldə, fəaliyyətdə
bəllənir.
Mən bu sətirləri yazarkən gözlərimin
önünə 1993-cü ilin isti, təlatümlü yay
günləri gəlir. Həmin vaxt bizim cənub
bölgəsi çətin, qanlı-qadalı günlər
yaşayırdı. Dövlət müstəqilliyimiz
təhlükə altında idi. Azərbaycan
yenidən parçalanmaq təhlükəsilə üzləşmişdi.
Ölkədə xaos hökm sürürdü.
Bədnam "Talış- Muğan Respublikası"nın yaraqlıları bölgəmizdə əl-qol
açmışdılar. Bu üzdəniraq
separatçılar xalqımızın minillər boyu arzusunda
olduğu və igid övladlarımızın qanı
hesabına əldə etdiyi milli sərvətimizə - yenicə
ayaq üstə duran müstəqil dövlətimizə qənim
kəsilmişdilər. Bölgənin sərvətləri
bu quldur dəstə tərəfindən talanıb
dağıdılır, namuslu insanlar işgəncə və
təzyiqlərə məruz qalırdılar. İcra strukturları iflic vəziyyətində idi.
Yerli mətbuat vətən xaini Ələkrəm
Hümbətovun sərsəm tədbirlərini
işıqlandırmağa təhrik edilirdi. Yaxşı
yadımdadır, o vaxt
"Talış-Muğançıların" "səlahiyyətli"
yaraqlılarından olan Etibar adlı bir nəfər avtomat
silahla redaksiyamıza gəlib mənə göstəriş verdi ki, qəzetinizin növbəti nömrəsində
"Bəy"in (yəni Ə.Hümbətovun) şəklini
və tərcümeyi-halını dərc edin, qoy cəlilabadlılar
onu yaxından tanısın. Həmişə dövlətçilik
mövqeyindən çıxış edən "Yeni
gün" o zaman qaragüruhçulara baş əymədi, əksinə,
növbəti sayımızda yazdıq ki, Ə.Hümbətov
separatçıdır, düz yolda deyil. Azərbaycanı
parçalamaq olmaz. Qəzetimizin bu
çıxışı onları bərk qəzəbləndirmişdi.
Həmin ağır günlərdə dövlətimizi,
dövlət rəmzlərimizi canından çox sevən mərd,
qorxmaz ziyalılarımız-qocaman tarix müəllimi Rəşid
Əsgərov, şair Abbasağa, politoloq Mübariz Əhmədoğlu,
dövlət qulluqçusu Nəriman Cəfərov və
onlarla başqaları "Yeni gün"ün yanında idi. Rayon Sovetinin sessiyasında qəzəblənmiş
başabəla polkovnik qəzetimizin ünvanına böhtanlar
deyəndə bu mərd, vətənpərvər insanlar onun
layiqli cavabını vermişdilər. Onlar
açıq şəkildə demişdilər ki, rayon qəzeti
düz yazır, Ələkrəm, sən düz yolda deyilsən,
Azərbaycanı parçalamaq olmaz.
Dövlətçiliyimiz
üçün həmin o təhlükəli, narahat günlərdə
"Talış-Muğan Respublikası"nın
bədnam liderini yerində oturdan, bizim cənub bölgəsini
yaraqlı quldurlardan xilas edən Azərbaycan xalqının
ümummilli lideri, ulu öndər Heydər Əliyev idi. Zəngin dövlətçilik təcrübəsinə
malik olan Heydər Əliyev özünün uzaqgörən
siyasəti nəticəsində Azərbaycanı
parçalanmaq, yenidən tayfalara bölünmək təhlükəsindən
xilas etdi. Ulu rəhbərin bir
çağırışı ilə bölgəmizin mərd,
mübariz, vətənpərvər övladları ayağa
qalxıb "ələkrəmçiləri" bir göz
qırpımında süpürüb tarixin qoxumuş
zibilliyinə atdılar. Azərbaycan
tarixində yeni era başladı.
Bu gün Azərbaycan xalqı daxili çəkişmələrlə
yox, beynəlxalq aləmdə öz haqqını almaq və
qorumaqla məşğuldur. 2010-cu ilin
sonunda "Dünya Azərbaycanlılarının Həmrəylik
Günü"nə gedən yolda ən böyük
uğurumuz da məhz budur.
Böyükxan
Bağırli
Bakı xəbər.- 2010.- 6 dekabr.-
S. 12.