"Novruz fəlsəfəsi"...
Yaz
bayramı türk xalqlarının qeyd etdiyi ən qədim
bayramlardandır. Bu bayram türk xalqlarının yayıldığı
coğrafi areal və bu xalqların mənəvi təsiri olan
yerlərlə bağlıdır. Yaz bayramının Azərbaycanda
qeyd edilməsinin azı 5-6 min illik tarixi var. Həm də
türk xaqları arasında bu bayramın yaz bayramı
adlanmasının özü xüsusi anlama
malikdir.Çünki bu bayramın sahibi toplum fəlsəfəsini
yaradan türklərdir.
Bu
bayramın fəlsəfəsinə görə, yazda
başlayan "həyat" payızın sonunda başa
çatır ki, bu da insanın ana bətnindən həyata gəlişinə
qədərki 9 aylıq bir dövrü əhatə edir. Yəni
yaz, yay, payız fəsilləri hər biri 3 ay olmaqla 9 ay davam
edir. 3 ay qış fəslinə gəlincə, türk
düşüncəsi buna Şər kimi baxdı,
qışdan yaza çıxmaq isə Xeyirin Şər üzərində
qələbəsi sayıldı.
YAZ BAYRAMI: BƏŞƏRİ
EHTİVA
Hələ insanların
gücü-qüvvəni, xeyiri-şəri ayrı-ayrı
hadisə və cisimlərdə axtardığı vaxtda Həqq
bəşəri bu yollardan keçirərək özünə
tərəf gətirirdi. Amma
türkün içində yaranışından
tanrıçılıq (allahçılıq) var idi. Həmin
tanrıçılıq türkə Yaz bayramı kimi
bayramlarüstü bir şənlik yaşatdı. Elə bir
bayram ki, bu bayramın rəmzləri Həqq-insan fəlsəfəsinə
bağlandı.
Həqq-Təala insanı topraqdan yaratdı, yaz bayramı
özü torpağın bayramıdır.
Həqq bəşərə nemətlər verdi, yaz bayarmının süfrəsi həmin nemətlərin nümayişidir.
Həqq-Təala bəşərə
müxtəlif səbəbli məşğuliyyət olan
oyunlar verdi, yaz oyanları onların göstərisidir. Yəni
yaz bayramında elə bir rəmz yoxdur ki, onun fəlsəfi əsası
olmasın.
Yaz bayramının
kökü torpağa, insan adlı varlığın
yaranmasının və yaşamasının ən əsas
atributuna bağlıdır.
Yazmaq türk dilində
təkcə vərəq üstündə nəyisə yazmaq
olmadığı kimi, yazı da təkcə vərəq
üstündə yazılmış mətn deyil. Çöl, torpaq mənası
daşıyan "yazı" sözü yaz sözünə
və ya yaz bayramına bağlıdır. İnsanın
yarandığı torpaq yazı olduğu kimi, elə onun
üzərində əsl həyat da yazdan başlayır. Yəni
yazın gəlişi ilə torpaq üzərində
şumlama, arat, ağacların budanması, gübrələnməsi
kimi proseslər işə düşür. Yaz torpağın
qışdan çıxması və dirilməsi olduğu
üçün həyat elə bu fəsildən
başlanır. Torpaq üzərində iş və ya yazı
üzərində yazılar, yəni şumlamalar
başlayır. Bütün türk dünyasının
elatlarında, obalarında, uluslarında el şənlikləri
başlanır. Türk xaqlarının bu şənlikləri
eyni vaxtda başlaya bilməsi üçün dağ zirvələrində
tonqallar yandırılar, Köhnə Dünyanın orta
çoğrafi zolağında olan türklər bütün
qitə boyu şənliklərə başlayardılar.
Çünki türk xaqları bu bayrama təkcə yeni il
kimi yanaşmadı, həmin bayramın əsl fəlsəfəsini
yaratdı və yaşatdı, onu türkün dünyanı
dərketməsi biçiminə saldı. Yəni bu
bayramın qeyd edilməsindən bu bayramla bağlı
bütün xırda təfərrüatlara qədər hər
şeyin öz fəlsəfi anlamı var.
YAZ
BAYRAMI: ƏBƏDİ XEYİR-ŞƏR
DÖYÜŞÜ
Yaz bayramı, yeni ilin
ilk günü kimi, ilin 365 və ya 366 gün olmasından
asılı olaraq, martın 20-21-nə təsadüf edir və
bu bayram Köhnə dünyanın (yəni Asiya qitəsinin) ən
qədim bayramı sayıla bilər. Əski türk
anlamında yaz bayramının qeyd olunması təkcə ilin
dəyişməsi və ya qışdan yaza keçidə
bağlı deyil. Bu bayramın tərkibində qədim
türk nəsillərinin dünyaya baxışlarının
nümunələri də ortadadır.
Türk xalqları
qış fəslinə yatmaq və ya ölmək kimi
yanaşıblar, hətta yuxunun özünə
"kiçik ölüm" deyiblər. Bu mənada
torpağın 3 ay qışda bar verməməsinə
"ölməsi" baxışı ifadə ediblər.
Əski
türk düşüncəsinə "qış dumanı
qar gətirir, yaz dumanı bar gətirir" kimi bir anlam
hakimdir. Təbiət hadisələrini izləyənlər
bilir ki, qış dumanı torpağı bərkidir,
qış fəsli ərzində yağan qar tədricən
torpağın üzərinə çökərək suya
dönür, yaz fəslinin başlanması ilə yaz
dumanı yenidən torpağı yumşaldır və həmin
qar suyu torpağın canına hopur.
Hətta
türk xalqları göydən yağan qarın
torpağın canına hopmasına belə bir intimlik
ovqatı qatıb. "Atam Göyün göz yaşından
Anam Yerin bətni cücərdi" deyimilə bu məsələyə
qadın-kişi münasibətləri müstəvisindən
yanaşıb.
Həyatın
başlanması dirilik və ya fəaliyyətdə
olmaqdır. Bu dirilik isə yaza bağlanır. Torpaq yaşamağa və
bar verməyə hazırlanır. Hətta yazın
özünəməxsus "sevgi küləkləri" var.
Bütün hərəkət edən varlıqlar kimi, hərəkət
edə bilməyən varlıqlar da sevir. Ağacların
tozlanması həmin "sevgi küləkləridir", bu
küləklər heç bir fəsildə yox, məhz yaz fəslində
əsir.
YAZ
BAYRAMI: ƏBƏDİYYƏT
Türk anlamı
yazın gəlməsini Xeyirin Şərə qalib gəlməsi
kimi dəyərləndirdi. Xeyirin qələbəsi
ölmüş həyatı dirildib. Əbədi dirilik fəlsəfəsində
öz yeri olan Xıdır Nəbi və ya Xızır Nəbi
məsələsi həmin əbədi dirilik anlamıdır.
Zaman və dövrdən, rejimlərin
zalımlığındın və xoş rəftarlılığından
asılı olmadan xeyir mücəssəməsi Xızır-Nəbi
dara düşmüş yaxşılara köməyə gəlir.
Xızır-Nəbi əbədi
xilaskardır, xeyirxahlığın, imdada
çatmağın rəmzidir. Həm də türk
düşüncəsindən kənarda Xızır Nəbi fəlsəfəsi
yoxdur. Odur ki, türk düşüncəsində yazın əbədi
dirilik nişanələri bu peyğəmbərə də
bağlanıb və yazın gəlişinə qədərki
həftələrdən biri Xızır Nəbi həftəsi
adlanır.
Günlərin
uzanması, torpaqla bağlı işlərin başlaması,
bir sözlə-müsbət nə varsa, hamısı Xeyirin
Şər üzərində qələbəsinin nəticəsi
sayılır.
YAZ BAYRAMI
RƏMZLƏRİNİN İFADƏ ANLAMLARI
Yaz bayramının
atributlarından səməni, yumurta, çərşənbələrin
qeyd olunması, şam yandırılması, meydan
tamaşaları təsadüf deyil, dünyanı dərk
formasıdır. Bayramın qışdan yaza keçiddə
qeyd olunması torpağın oyanması, məhsul verməyə
hazırlanması məcazi mənada torpağın dirilməsi
anlamına gəlir.
Səməni diriliyin rəmzi
olan yaşıllığı ilə həyatın
canlanması və əbədiliyini ifadə edir.
Yumurta Yer kürəsinin
özüdür, yəni mövcud dünyamızın mini
maketidir. Həm də dünyanın ilkin
yaradılışının əsasına dair "yumurta əvvəl
olub, yoxsa toyuq" sualının özüdür.
Yazın gəlişinə
qədər qeyd edilən dörd çərşənbə
insan yaradılışının tərkib hissələrinə
aiddir. Əski türk düşüncəsinə görə,
insanın yaradılışına hava, od, su, torpaq səbəb
olub və nəticədə cisim ortaya çıxıb.
Üstəgəl, bu
zahiri dörd varlığın birləşdiyi bədən
adlı cismin daxilinə Tanrı ruh adlı əmanət
üfürüb. Odur ki, adı çəkilən çərşənbələr
də yel (hava), su, od, torpaq çərşənbəsi
adlanır.
Bu çərşənbələrin
sonuncusu elə sonuncu və ya ilaxır çərşənbədir.
Sonuncu çərşənbə
həm də köhnə ilə vidadır. Odur ki, son çərşənbənin
süfrə təmtərağı elə yaz bayramı
gününün təmtərağı ilə eyni olur.
Bu bayramla Yer kürəsində
iki bərabərlikdən biri olan yaz bərabərliyi baş
verir, daha sonra isə günlərin uzanması, gecələrin
qısalması başlayır. Yeri gəlmişkən, 21 mart
dünya astronomlarının bayram günüdür.
Əbədi gecə-gündüz
əvəzlənməsinə Xeyir ilə Şər
arasında mübarizənin tərkib hissəsi kimi baxan
türk xalqlarının təfəkkürünə görə,
yazın gəlişi, gündüzlərin uzanması Xeyirin
Şərə qalib gəlməsinin təcəssümüdür.
Şamların
yandırılması xatirə anlamıdır,
dünyasını dəyişən nəsillərə
yaşayan nəsillərin ehtiram ifadəsidir. Təsadüfi
deyil ki, Azərbaycanın rayonlarında qəbirlər üzərində
şam yandırılması adəti indi də qalır.
Bundan əlavə,
şamın həm də nur anlamına gəlməsi kimi bir
keyfiyyəti var.
YAZ
BAYRAMI: "ÖLÜMÜ" YENƏN BAYRAM
Yaz bayramına türk
xalqlarının dünyagörüşünün məcmusu
kimi də baxmaq olar.Türk xalqlarının anlamında od hərarət,
həyat mənbəyi, qorunma vasitəsi, mənfi olan hər
şeyi yandıra bilmək gücü kimi qavranılıb. Od
üstündən tullanmaq adəti isə mənfi və pis
olan hər şeyin odda yandırılması, köhnə ildə
qalması, yeni ilə keçməməsi anlamına gəlir.
Ona görə də od yazın gəlişilə
torpağın hərarətə gəlməsi, canlanması,
yaşaması mənasıdır. Bütün arat yazda
başlanır, yazda başlanan torpaq işi yayda yetişərək
payızda bar, məhsul adlı nəticəyə
dönür.
Qış isə
torpağın dincəlişi və ya
"ölümü", Şərin qələbəsi,
Xeyirin uğursuzluğudur. Türk xalqları küsməyi,
dava-dalaşı, incikliyi Şərin əməli sayaraq, yaz
bayramındakı barışların özünü belə
məhz Xeyirin Şər üzərində qələbəsinin
nəticəsi sayırdılar.
Üç qış
ayının 40 və 20 gün çəkən böyük
və kiçik çillələri çıxdıqdan
sonra qalan bir ayı türk düşüncəsi boz ay
adlandırıb. Həmin bu boz ay təbiət hadisələri
baxımından zəngindir. Məhz bu ayda Xeyirlə Şər
döyüşü son mərhələyə daxil olur,
çərşənbələr bu ayda qeyd edilir. Hər
çərşənbə Xeyirin qələbəyə
doğru atdığı bir addımdır. Bu dörd çərşənbənin
hər birində Xeyir oda, suya, havaya, torağa hakimliyi Şərin
əlindən alır və nəhayət, son olaraq yaz fəsli
bu qələbə nəticəsində bütün insanlara
canlanmaq, işləmək, zəhmət çəkmək
kimi fəaliyyət haqqını qaytarır.
YAZ
BAYRAMI: YASAQLARDAN AZADLIĞA
Yaz bayramı
türkün tanrıçı düşüncəsinin,
dünyanı dərk fəlsəfəsinin nümunəsidir.
Bu bayram türk xalqlarının həyatında mühüm
yerə malikdir və el şənlikləri kimi qeyd edilmək
hüququnu özündə saxlayır. Hətta Azərbaycanda
İslamın yayılması, sərt dini baxışlar belə
bu bayramı sıradan çıxara bilmədi.
Əksinə, İslam
bu bayrama bəzi çalarlar qatmaqla özününkü etmək
istədi. Sovet rejiminin hakim kəsildiyi 70 il ərzində bu
bayramın el şənklikləri səviyyəsində qeyd
olunmasına yasaq qoyuldu, sovet dönəminə aid yalnız
1966-67-ci illərdə bu el bayramı bütün əzəmətilə
qeyd olundu və bu bayramın həmin dönəmdə ən
yüksək səviyyədə qeyd edilməsi bir tərəfdən
rəhmətlik Şıx-Əli Qurbanovun şəxsi təşəbbüsünün,
digər tərəfdən xalqın əcdad bayramına sədaqətinin
danılmaz nəticəsidir.
Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra bu bayram yenə
bütün əzəmətilə özünü
nümayiş etdirdi.
Türkiyənin son illərə
kimi kürd məsələsinə görə "bu
bayramı kürdlər keçirir" deyə yaz
bayramından imtina etməsi bu bayramdakı "türklük
silsiləsi"ni qırmışdı. Şükr ki,
qardaş Türkiyə bu bayrama sahibliyini qaytarır və əski
çağlardakı kimi türk dünyası bu bayramı
boya-boy qeyd edir.
Xalqların tarixi dinlərin
tarixindən qədimdir, xalqlara məxsus adətlər dini
qaydalarla çulğalaşa və ya çulğalaşmaya bilər.
Çünki hər bir xalq, dinin əməl atributları
istisna olmaqla, düşüncə, təfəkkür tələb
edən hissələrini öz milli süzgəcindən
keçirir və onu özünəməxsus şəkildə
qəbul edir. Bu mənada yaz bayramı türk milli təfəkkürünün
məhsuludur, hətta İslam dinini qəbul etməsi onun bu
bayramı əziz tutmasına mane olmadı.
YAZ
BAYRAMI: TÜRK XANIMLARININ ƏBƏDİ OCAQ DÜŞÜNCƏSİ
Yazla bağlı
türk xanımlarının öz düşüncələri
var idi. Öncə ev-eşik, həyət-baca təmiz
olmalı idi, çünki səliqə-sahman təkcə evin
rahatlığı deyildi, həm də bu evin xanımı,
qızı-gəlini barədə yaranacaq təsəvvür
idi. Bayrama qədər xanımların "yaz təmizliyi"
başlardı. Evlərin divarları suvaqlanır, qapı-pəncərə
yuyulur, yorğan-döşək, xalça-kilim, palaz -paltar
günə verilir, yuyulur və yeni ilə təmiz vəziyyətdə
keçirdi. Bu təmizliyin özünü yaz
bayarmının atributu da saymaq olar. Hökmən evə və
ailə üzvlərinə yeni bir şey alınmalı idi. Əski
çağlarda bu, xanımların yundan toxuduğu corablar,
köynəklər, arxalıqlar, xalçalar idi.
Bundan əlavə, su
çərşənbəsində su üstünə getmək,
axır çərşənbədə qulaq falına
çıxmaq, su dolu fincanda bəxtə "baxmaq", ərə
getməmiş qızların bir qoluna ağ, digər qoluna
qara bağlamaqla axar su üstünə gedərək su üzərindən
atılmaları və son çərşənbədə səhərə
qədər oturaraq "çillə"
çıxarmaları kimi adətlər vardı. Bu adətlərin
hər biri uzun tarixi dövləri keçib gələn və
min illərin sınaqlarından çıxan əməllər
toplumu idi.
Bu bayramda bəd
danışmaq, acıqlı söz demək, qəlbə dəymək
yasaq əməllər sırasındadır. Məhz qız-gəlinin
qulaq falına çıxması adətinə görə
böyüklər, xüsusilə həmin günlərdə
hər hansı bədniyyətli söz deməyi,
nifrin-qarğış etməyi, dava-dalaş salmağı ədəbdən
bilməzdilər.
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər
üçün müsabiqəsinə təqdim edilir
Tofiq
Türkel
Bakı
xəbər.- 2010.- 26-28 fevral.- S. 12.