Qəmdə bəxti yar olan Bəxtiyar

 

  Türk aləminin dahi şairi, akademik, ictimai xadim, el ağsaqqalı Bəxtiyar Vahabzadənin Haqqa qovuşmasından il yarım da keçdi... 10, 100, 1000 və daha neçə-neçə il və əsrlər də keçəcək, fəqət onun adı, Azərbaycanın müstəqillik tarixindəki rolu, xalqına ərmağan etdiyi ədəbi irsi əbədiyaşar dəyər kimi heç vaxt aktuallığını itirməyəcək.

   Çünki dilimizin cahangiri olan B.Vahabzadə hələ sağlığında klassiklik statusunu qazanan nadir şəxsiyyətlərdən idi. Şairin ölümü ilə ölümsüzlüyə qovuşması, həm də, Bəxtiyarsevərlər üçün yerin altını yerin üstündən qiymətli etdi.

   B.Vahabzadə yaradıcılığına həsr olunan kifayət qədər müxtəlif səpgili yazılar olsa da, fəqət onun dinə, metafizik fəlsəfəyə həsr olunan əsərləri haqqında təhlil yazıları hələ də yetərincə deyil. Halbuki, böyük həcmli əsərlərinin hamısını tamamlayan şair ömrünün son illərində dini mövzulara, xüsusən Quran hikmətinə söykənən çoxlu şeirlər yazıb. Başqa cür ola da bilməzdi. Çünki Vahabzadə yaradıcılığının əvvəli və sonu, mübtədası və xəbəri Allahu-Əkbərdir:

 

   "Allaha uzanan

   ulu bir yolun

   İlkin pilləsidir

   Allahu-Əkbər.

   Haqqı dananların

   üzünə dəymiş

   Haqqın şilləsidir

   Allahu-Əkbər"

 

   Bəxtiyar müəllimin poeziyasında "özünü və Rəbbini dərk" mövzusunun açılışı şadlıqla yox, təfəkkürə stimul verən kədərlə bağlıdır. Allahın ona ehsan etdiyi və hər kəsin arzu etdiyi ilham pərisi onu ömrü boyu "ələmdən nəşəyə" aparsa da, fəqət bu zirvə, ustadın özünün etiraf etdiyi kimi, kədərlə mümkün olub. "Şadlıq yüngüldür, çəkisi yoxdur. Amma kədər çəkilidir" deyən mütəfəkkirə görə:

 

   "Kədər düşüncədir,

   qəm düşüncədir,

   Qəmin qanadında

   yaradırıq biz,

   Kədərin bir damlasında

   közərən ağıl

   Közərməz şadlığın

   ümmanında da".

 

   Dərdini özünə "çörək ağacı" hesab edən ustada görə, onu dərd yazdırıb. O, sevincdə heç vaxt xoşbəxtlik görməyib.

 

   "Əgər olmasaydı

   dəryaca dərdim,

   Dərdin yoxluğunu

   mən dərd edərdim."

 

   Özünü və Rəbbini dərk etmək üçün şairin dərdi həm də, bir filosof kimi, onun sırf metafizik fəlsəfəyə bağlılığı ilə əlaqəlidir. Və bu düşüncə sistemi onun yaradıcılığı üçün təbii bir hal kimi qəbul edilməlidir. Dünyanın vəfasız, ani, fani olduğunu vicdanı və qəlbilə bilən Bəxtiyar müəllim mənən həmişə "Siz mənim bildiklərimizi bilsəydiniz, az gülüb çox düşünərdiniz" Peyğəmbər (ə) kəlamından bəhrələnib. Buna zülmətdə nuru, qəmdə sevinci görmək, sezmək arifliyi də deyilir. Bəli, ustadı şeirimizdə arif bir atlı edən onun təfəkküründən doğan qəmi, kədəridir. Bəxtiyar yaradıcılığındakı bu Füzuliliyi önə çəkən çağdaş Türk şairi Abdulkadir İnaltekin çox düzgün olaraq deyir:

 

   "Hər dərdin fikrinə

   həmyar olmusan,

   Axı sən qəmdə

   Bəxtiyar olmusan

   "Bu nəsildən o

    nəslə" telsən sən

   Kim deyir ki, Bəxtiyar

   deyilsən sən?!"

 

   Bəxtiyar müəllimin həyatında qorxulu, əzablı günləri çox olub. Lakin "mükafatların dərəcəsi əzabların dərəcəsi ilə ölçülür" ilahi düstura görə, Xaliq də, xalq da ona layiq olduğu qiyməti verib. Şair özü bu barədə deyib: "Mən Allahımdan çox razıyam. Allaha qurban olum, mənə sağlam can verdi, yaxşı övladlar verdi, nəvələr verdi, şairlik verdi, ardınca çox şeylər verdi. Bunlar çox böyük nemətlərdir. Nə qədər şükür etsəm, azdır". Ustadın bu şükrünü Davud (ə)-nin şükrü ilə müqayisə etmək yerinə düşərdi. Belə ki, Rəbbinin verdiyi nemətlərə, yaxşı övlad, padşahlıq və peyğəmbərliyə görə Davud (ə) belə dua edib: "Allahım, sənə lazımınca necə şükür edim ki, şükür özü də Sənin nemətindir". Rəbbinin verdiklərinə şükür edən şair əllərini Onun laməkan sarayına açıb diləyir...

 

   "Allah, verdiyinə

   şükür, çox şükür...

   Narazı deyiləm

   verdiklərindən,

   Yenə də qarşında

   əl açmışam mən

   Dərgahına layiq

   əməllərim yox,

   Neynim, savabım az,

   günahlarım çox,

   Əfv et Sən məni,

   Götürmə üstümdən

   bir an kölgəni".

 

   Rəbbindən razı, özündən narazı olan ustad fitratdan gətirdiyi iman ilə bilirdi ki, Allah çoxa görə çox, aza görə az imtahan edir. Bəxtiyar müəllim çox verilənlərdən olduğu üçün yazırdı:

   "Cəmiyyətdəki hər hansı əyintiyə görə az-çox üzdə olanların da günahı var, içində də mən". Dilimizin, dinimizin, bayraq və torpağımızın keşiyini söz və qələmilə çəkən ustad deyirdi:

 

   "Bircə ondan razıyam ki,

   Özümdən narazıyam".

 

   Hər gecə yatmazdan əvvəl Rəbbinə məxsus olduğu millətə rəhmini, lütfünü, bərəkətini nəsib etməyi dua edən Bəxtiyar müəllim Ondan Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirməyi dilərdi. Dünyanın hər üzünü görmüş ustad hesab edirdi ki, dünyanın dadı insanlar arasında qarşılıqlı hörmət və ehtiramdadır. Şairə görə, dünyanın dadı dini düşüncə, yəni metafizik fəlsəfə ilə-imanla bilinir. Çünki ustad özü demişkən, dinsiz adamdan nə desən gözləmək olar. Ustadın duası adi bir bəndənin yox, mücadilə və təfəkkür sahibi olan, dünyanın yaxşı və pis tərəfini görən ağsaqqal bir ərin duası idi.

   "Əgər duanız olmazsa, Rəbbiniz yanında nə qədər qiymətiniz olar" (Furqan 77); "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürünə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq gedəcək!" (Mömin 60) Quran ayələri və "Allah dərgahında duadan daha şərəfli heç bir şey yoxdur"; "Allah bəndəsinin istəməsindən məmnun qalar" Peyğəmbər (ə) kəlamları duanın sırf ibadət elementi olduğuna dəlalət edir. Əslində dua etmək insanın yaradılışdan-fitratdan gətirdiyi ruhi ehtiyacdır. Bu baxımdan hər bir iş dua ilə başlanmalıdır. Rastlaşdığı problemlərə, düşdüyü bəla və müsibətlərə, ruhunun şahlanmasına heç kimin kömək edə bilməyəcəyini dərk edən istənilən bəndə sonsuz qüdrət və qüvvət sahibi olan Allaha üz tutur. Bəxtiyar müəllim kimi təfəkkür sahibləri üçün isə dua, Yer kürəsindən Onun laməkan sarayına atılan mənəvi bir nərdivan, Rəbbə ünvanlanan xahişnamə-məktubdur. Ustadın duaları gəlişigözəl, əməlsiz dua deyildi. O, duasını ailədən başlamış Millət, Vətən və Bayraq miqyasına qədər saleh əməllə vəhdətdə qurmuşdu. Əməllə zinətlənən belə məktublar isə heç vaxt cavabsız qalmır.

   Ömrü boyu halal zəhmətlə dolanan Bəxtiyar müəllim heç vaxt zalım və ədalətsiz şəxsləri mədh etməmiş, əksinə, son nəfəsinədək zülmə, cəhalətə, haqsızlığa, din və millət düşmənlərinə qarşı əli, qəlbi, sözü, qələmilə cihad etmişdir.

   Başqa cür ola da bilməzdi. Çünki o bilirdi ki, İslamda həm çalışılır, mücadilə edilir, həm də dua edilir. Bunu Peyğəmbər (ə)-nin aşağıdakı kəlamları da təsdiq edir: "Çalışmadan dua edən silahsız hərbə gedənə bənzər"; "Elə adamlar var ki, yedikləri və geydikləri haramdır. Sonra da əllərini qaldırıb dua edirlər. Belə dua necə qəbul oluna bilər?"; "Zalım kimsələri adil deyə mədh edənin və din düşmənlərinin ölüsünə və dirisinə dua edənin imanı gedər".

   Ömrünün sonlarında sufi ədəbiyyatına maraq göstərən şair təsəvvüfdəki 4 pillənin (şəriət, təriqət, mərifət və həqiqət) fəlsəfəsini açaraq, insanın öz cismindən yuxarı qalxmasını onun ruhən ucalması ilə əlaqələndirib. O, tamamilə haqlı olaraq, bu ucalmaya manəni heyvani nəfsdə görüb. Həmin səbəbdən Bəxtiyar müəllim Həz.Peyğəmbərin: "Allahım, Sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul etmə" kəlamını tez-tez təkrar edərdi. Deməli, ustadın ömrünün sonlarında etdiyi duaları müasirliklə ayaqlaşan bir sufinin duası kimi də qəbul etmək olar.

 

   "Ulu Tanrım,

   əfv et"-deyə

   Əllərimi açdım göyə.

   Qarış-qarış,

   addım-addım

   Etirafa gəlib çatdım".

 

   Lakin etirafla kifayətlənməyən filosof tövbə adlı haqq yolu vasitəsilə yeni zirvəni fəth etdi:

 

   "Yox, qarşıda

   Etirafdan daha uca

   Tövbə adlı Haqq yolu,

   Haqq zirvəsi var.

   Mən könlümü Haqqa verib

   Aşmalıyam o zirvəni"

 

   "Mürgülü şeirimizi oyadıb gedən" (F.Qoca) Bəxtiyar müəllimi yaradıcılığı boyu düşündürən suallar arasında ağıl ilə hissin, həvəsin mübarizəsi; "Mən kiməm, hardan gəlib haraya gedirəm" fəlsəfəsi də önəmli olub:

 

   "Ağlının önündə

   səcdə qıl, əyil,

   Ağıl düşüncənin

   mötəbər şahı.

   Ağlını eşidən

   heç kəsi deyil

   Allahı eşidir,

   yalnız Allahı".

 

   Şair tamamilə haqlıdır ki, "ağlını eşidəni Allah eşidir. Allahı eşidən adam ağlını eşidəndir. Daha doğrusu, ağlını eşidən Allahı eşidir. Amma necə edəsən ki, o şirin hiss səni aldatmasın? Bu mübərizə hər kəsin öz içində gedir". İslama görə də, hər hansı işə mükəlləflik o kəsin ağlından asılıdır. Ağılsız insan cavabdeh sayılmır, sorğu-suala tutulmur. Yeri gəlmişkən, bu maddə dünyəvi qanunlarda da təsbit olunub.

   İlk gənclik illərindən "insan kimdir, dünya və onun içindəkiləri" barədə düşünən Bəxtiyar müəllim, bu sualların hər birini həqiqətə aparan yol sayıb:

 

   "Mən kiməm, mən nəçiyəm?

   Sirlərlə doludur

   Yaşadığım bu dünya.

   Seyr etdiyim bu aləm.

   Bura hardan gəlmişəm?

   Əvvəlim nə, sonum nə?

   Sualların hər biri

   haqq-həqiqət yoludur.

   İlk gənclik illərindən

   O əyribel suallar

   Özü kimi mənim də

   əydi dümdüz qəddimi.

   Düşündükcə düşündüm-

   Özüm suala döndüm".

 

   Əslində bu sualların hər birinin cavabı, bir filosof kimi, ustada məlum idi. Şair yaradılan hər bir insanı Xaliqin yerdəki xəlifəsi qismində görərək, insanın dünyaya ruhlar aləmindən gəlməsini, əvvəlinin bir damla su, sonunun bir ovuc torpaq olmasını sonrakı nəslə xatırladıb. Xatırladıb ki, insanlar düşünsün, ibrət alsın, dünyanın bir mehmanxana olduğunu bilib, onlara verilən beş günlük ömürlə xeyirli işlər görsünlər.

 

   "Ömür dedin-beş addım yol

   Beşik-qəbir arasında".

 

   Əlbəttə, bu "beş addım yolda" "Mən kiməm, nəçiyəm" suallarının həqiqi və tam cavablarını sevincdə, kefdə tapmaq qeyri-mümkündür. Çünki həmişə eyş-işrətdə, sevincdə olmaq nemətin dəyərini və o nemətin Sahibini tanımağa mane olur. Bax, ustadın dərdi özünə kredo hesab etməsinin, dünyanı anladığı üçün qəmini çəkməsinin səbəblərindən biri də budur. Başqa cür ola da bilməzdi.

   Çağdaş Türk dünyasının poetik fəlsəfəsinin korifeylərindən olan B.Vahabzadə deyir:

 

   "Bir rəqəm də,

   demə, varmış

   ikiylə bir arasında".

 

   Şeirdəki zahiri qeyri-səlis məntiqliyi poetik fəlsəfənin ana fəlsəfədən-metafizikadan qaynaqlandığını göstərir. Bu fəlsəfə, bəzi alimlərin dediyi kimi, Lütfi Zadə elmi fəlsəfəsilə həmahəng olsa da, fəqət o, həm də elmlə dərk edilməyən batini bir dəyərdən- "Hər yerdə Onu görmək, eşitmək, duymaq" fəlsəfəsindən, saleh əməllə kamil iman vəhdətindən qaynaqlanır. Çünki insan da daxil olmaqla, kainatda qeyri-səlis heç bir şey yoxdur. Zahirən hər xaosun, qeyri-səlisliyin içində belə ilahi bir nizam və səlislik vardır. Bu nizam da mizan, ölçü, miqdar içindədir. "Onun izni olmadan bir yarpaq belə yerə düşə bilməz" ayəsi buna dəlildir.

   Məlumdur ki, insanda beş duyğunun təşkil etdiyi zahiri hisslərlə yanaşı, beş ədəd də batini cövhər vardır. Bunlar: ağıl, hafizə, fəhm, xəyal və qəlblə hiss etmədir. Bu on cövhər ruhun bədəni idarə etməsi üçün istifadə etdiyi alətlərdir. Ruhun beş batini qüvvə ilə bilmə cəhətinə vicdan deyilir. Ustad fitratdan ona verilən beş batini cövhərin məhsulu kimi yazıb:

 

   "Sağımda ölümdür,

   solumda həyat,

   Arada bir ömrün

   dolanbac yolu."

 

   Şair-filosof nə üçün ölümü sağda, həyatı solda görüb? İslama görə, sağ tərəf rahatlıq, əmin-amanlıq, sol tərəf isə mübarizə, çətinlik və bəzən də əzabların simvoludur. Filosof Vahabzadə sağında ölümü seçməklə əbədi rahatlığı, Cənnəti nəzərdə tuturdusa, solundakı həyatı ilə ani və fani dünyada çəkdiyi məşəqqətlərə işarə edirdi. Sağ tərəfin xeyirli olduğu barədə isə Rəbbimiz buyurub:

   "Sağ tərəf sahibləri! Kimdir o sağ tərəf sahibləri? (onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz ağacları altında; Çəkilməyən kölgəliklərdə, axar su kənarında, bol meyvələr-tükənməz və qadağan edilməyən (meyvələr) içində və hündür döşəklər üstündə olacaqlar (Nə uğurludur onlar!)! (Vaqiə 27-34). Göründüyü kimi, yuxarıdakı iki misra ustadın hələ sağlığında fəhm ilə sezdiyi əbədi rahatlığa-Cənnətə işarədir.

   Ölüm yaxşıları da aparır... Sağların sayı bəlli, ölülərin sayı müəmmalı. Lakin sağlığında klassiklik "pasportunu" alan Bəxtiyar müəllim kimi ərlər istisnadır. Onların sayı, yeri, Xaliq və xalq yanında dəyərləri, ərməğan etdikləri irslər bəllidir. Bəli, Bəxtiyar Vahabzadənin fiziki ölümü türk- dilli xalqların ədəbi fikri üçün bir epoxa itkisidir. Lakin onun ölümdən həyat alıb ölümsüzlüyə ucalması-Rəbbinə qovuşması, Onun cəlal və camalına tamaşa etməsi həmin itkini qüdsi bir tapıntıya çevirdi. Və sözsüz ki, bu dəyər, dünyadakı həyatdan fərqli olaraq, Cənnət həyatı olduğu üçün Cənnət qədər əbədi və şərəflidir. Ruhun şad olsun, Ustad! Fani və ani dünyada seçdiyin kədər Axirət adlanan əbədi evində sevincin olsun!

 

   "Həyatdan getsəm də,

   xatiratdayam,

   Arzuma həmişə

   çathaçatdayam.

   Üstümə nə qədər

   torpaq atılsa,

   İşığam, yenə də

   mən üst qatdayam"

 

  

  Vaqif CƏLİLOĞLU

 

  Bakı xəbər.- 2010.- 28 iyul.- S. 15.