İslahatlar bir sıra kitabxanaların
sonunu gətirsə də...
Lətifə
Məmmədova: "Söhbət kitabxanaların modernləşdirilməsindən...gedir"
"30
faiz kitabxananın çox maraqlı veb saytı var"
Bir neçə il
bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyi nəzdində
fəaliyyət göstərən kiçik kitabxanaların
bağlanacağına dair xəbər dolaşırdı. Təxminən
bir ay əvvəl isə mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev yerli mətbuata
açıqlamasında artıq kitabxana islahatlarına
başlandığını bildirdi. Nazir, həmçinin, bəzi
kitabxanaların ləğv ediləcəyini, bəzilərinin
birləşdiriləcəyini də qeyd etdi.
Məlumat
üçün bildirək ki, ölkədə
kitabxanaların sayı 12 minə yaxındır. Bu
kitabxanaların hamısı Mədəniyyət və Turizm
Nazirliyinin balansında deyil, digər nazirlik və dövlət
qurumlarının da nəzdində kitabxanalar var.
İki-üç il əvvələ
qədər əksər rayonlarda, xüsusən də dağ
kəndlərində ev kitabxanaları fəaliyyət göstərirdi.
Yəni kitabxanalar evlərdə açılmışdı.
Bu kitabxanaların çoxu isə, demək olar ki, Sovetlər
Birliyi dağıldıqdan sonra fəaliyyətini yalnız
kağız üzərində davam etdirirdi. Ayda-ildə bir dəfə
işə gəlməyən kitabxanaçı maaş
alır, oxuculara heç bir xidmət göstərmirdi. Əldə
elədiyimiz məlumata görə, iki ildir ki, kitabxanalar evlərdən
müstəqil binalara köçürülüb.
Həyata keçirilən kitabxana
islahatında özünü doğrultmayan nə qədər
kitabxananın ləğv ediləcəyi, hansıların birləşdiriləcəyi,
kitabxana işçilərinin ixtisasartırma kurslarına cəlb
edilib-edilmədiyini və s. öyrənmək məqsədilə
Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun
müdiri Lətifə Məmmədova ilə əlaqə
saxladıq.
Lətifə xanım
"Bakı-Xəbər"ə bildirdi ki, söhbət
hansısa kitabxananın bağlanmasından getmir: "Söhbət
kitabxanaların birləşdirilməsindən, onların
müasirləşdirilməsindən, modernləşdirilməsindən,
Azərbaycan kitabxana-informasiya sisteminin çağdaş
dünya standartlarına çatdırılmasından gedir. Bilirsiz,
kitabxananı bağlamaq problemi həll eləmir. Bizim məqsədimiz
tamamilə başqadır-vəsaitləri cəmləşdirmək,
onları lazımi istiqamətə yönəltməkdir. Kitabxanaları
birləşdirməzdən əvvəl çox böyük
iş aparırıq. İlk olaraq rayonlarda mədəniyyət
və turizm şöbələri, mərkəzləşdirilmiş
kitabxana sistemləri bu sahədə vəziyyəti dərindən
araşdırır. Yəni hansı kitabxanaya neçə nəfər
gəlir, hansı kitabxananın neçə nəfər
oxucusu var? Yaxud bu kənddə neçə nəfər insan
yaşıyır? Bizdə elə kəndlər var ki, orada
iki, hətta üç kitabxana fəaliyyət göstərir.
Yəni burada hər şey dərindən öyrənilir, təhlil
olunur, sorğular aparılır, təkliflər paketi
hazırlanır. Sonra isə təkliflər paketi Mədəniyyət
və Turizm Nazirliyinə göndərilir və biz ona
baxırıq. Bir daha yerlərlə məsləhətləşmələr
aparılır, bizə təqdim edilən siyahı bir daha təkmilləşir.
Hər şey qaydasında olduqdan sonra biz Nazirlər Kabinetinə,
hökumətə dövlət proqramının müvafiq bəndinə
uyğun olaraq kitabxana sisteminin inkişafı, modernləşdirilməsi,
müasir kitabxanaların yaradılmasına dəstək vermələri
üçün müraciət edirik. İstəyirik ki,
cırtdan kitabxanaların yerinə böyük
kitabxanaların, kitabxana-informasiya mərkəzləri, kompleksləri,
mədəniyyət mərkəzləri yaransın. Nazirlər
Kabineti bizə müsbət cavab verir və biz də
işimizi davam etdiririk".
L.Məmmədovanın sözlərinə
görə, islahatlar kor-koranə aparılmır. Əvvəlcə
bu işin pilot layihələr şəklində həyata
keçirildiyini deyən L.Məmmədovanın sözlərinə
görə, artıq ilk pilot layihə çox uğurla Qəbələ
şəhərində reallaşıb. Bu məsələyə
çox böyük diqqət və həssaslıqla
yanaşıldığını qeyd edən şöbə
müdiri "qələmi götürüb kağız
üzərində kitabxananı birləşdirməklə,
bağlamaqla iş düzəlmir. Hər bir halda burada fərdi
yanaşma var. Bu olmasa bizim işimiz baş tutmaz. Qəbələ
rayonunda biz çox uğurlu bir pilot layihə həyata
keçirdik" deyə bildirdi. Lətifə Məmmədovanın
dediyinə görə, Bərdə və Şəmkir
rayonlarında da pilot layihələr həyata keçirməyə
hazırlaşırlar: "Vətəndaşlarımızı,
kitabxana müəssisələrimizi dünya standartlarına və
informasiya cəmiyyətinə hazırlaşdırmaq istəyirik.
Kitabxana yeganə sosial müəssisədir ki, insanlara pulsuz
xidmət göstərir. Son vaxtlar həyata keçirilən
islahtlar nəticəsində kitabxanaların 20 faizi
informasiyalaşdırılıb, 30 faiz
kitabxanalarımızın çox maraqlı veb saytları
yaradılıb. Adam baxdıqca baxmaq istəyir. Bizdə
axır zamanlar kitabxanalar çox inkişaf edir".
Quba, Gəncə, Salyan,
Neftçala, Lənkəran, Xaçmaz, Bərdə, Şamaxı,
Beyləqan, Şirvan, Zərdab, Ağstafa, Ağdaş, Mingəçevir,
Şəmkir, Tovuz rayonunda fəaliyyət göstərən
kitabxanaların veb saytlarının olduğunu deyən Lətifə
xanım bunun çox qısa müddətdə
yaradıldığını söylədi.
Bölgə kitabxanalarında
işləyən kitabxanaçıların ixtisasartırma
kurslarına cəlb edilməsinə gəlincə, sektor
müdiri bildirdi ki, bu işlə nazirliyin müvafiq mərkəzi
məşğul olur: "Kadr məsələsilə mən
Lətifə Məmmədova kimi məşğul olmuram. Nazirlikdə
Elm və Təhsil şöbəsi fəaliyyət göstərir.
Burada da kadrların təkmilləşdirilməsi mərkəzi
var. Bu mərkəzdə təkcə kitabxanaçılar
deyil, bütün mədəniyyət işçiləri, o
cümlədən də muzey işçiləri, musiqi məktəblərinin
müəllimləri, klub və mədəniyyət evlərinin
işçiləri mütəmadi olaraq cədvələ əsasən
ixtisasartırma kursu keçir. Amma deyim ki, bu bizi hələlik
qane eləmir. Mən açıq danışmağı
xoşlayıram. Ona görə də, ən azı, ildə
iki dəfə biz öz kitabxanaçılarımızı, əsasən
də regionlarda (çünki bölgələrlə
müqayisədə şəhər kitabxanalarında işləyənlərin
vəziyyəti nisbətən yaxşıdır) işləyənləri
beynəlxalq kitabxana simpoziumlarına göndəririk. Heç
olmasa ildə iki dəfə 15 nəfər
kitabxanaçının (30) o bahalı tədbirdə
iştirak etməsinə şərait yaradırıq. Təbii
ki, bu, nazirliyin maliyyə vəsaiti hesabına olur".
May ayında bölgə kitabxanalarında
işləyən 11 nəfər kitabxanaçının
Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndəriləcəyini
bildirən L.Məmmədovanın dediyinə görə, onlar
orada təcrübə mübadiləsi keçirəcək":Biz
buna daha çox üstünlük veririk ki, insanlar beynəlxalq
təcrübəni görsün. Onlar bilsin ki, bu və digər
ölkədə, şəhərdə şəhər
kitabxanası, kütləvi kitabxana necə işləyir".
Hazırda ölkədə dörd
dənə böyük elmi sahəvi kitabxana olduğunu
xatırladan L.Məmmədova məlumat verdi ki, bunlar respublika
elmi tibb kitabxanası, respublika elmi kənd təsərrüfatı
kitabxanası, respublika elmi pedaqoji kitabxanası və respublika
elmi texniki kitabxanasıdır":Bundan başqa, çoxlu
kitabxana filialları, maraqlı şəxsi kitabxanalar, qəzet-jurnal
redaksiyalarının kitabxanaları, eləcə də
Penitensionar Xidmətin kitabxanası kitabxana şəbəkəsinə
daxildir".
Artıq ev kitabxanalarının ləğv
edildiyini deyən L.Məmmədova bu prosesin tədricən həyata
keçirildiyini bildirdi: "Evlərdə fəaliyyət
göstərən bu kitabxanalar özünü doğrultmurdu.
Onlar hamısı müstəqil binalara
köçürülüb. Bu binalar bələdiyyələrdən,
yerli icra hakimiyyəti orqanları nümayəndələrindən
alınıb kitabxanalara verilib.
Evlərdən
köçürülən kitabxanalar eyni zamanda da boş tibb
məntəqələrində və məktəblərdə
yerləşdirilib. Yəni artıq evlərdə bir dənə
də olsun kitabxana qalmayıb. Biz onların hamısını
evlərdən çıxarmışıq. Gədəbəy
rayonunda həddindən artıq evlərdə kitabxana
vardı. Bərdədə də belə kitabxanalar az deyildi. Tədricən
rayon turizm idarəsinin köməyilə bunu aradan
qaldırdıq. İndi onların öz binaları var".
İradə
SARIYEV
Bakı
xəbər.- 2010.- 19 mart.- S.15.