Sağlığında
Cənnətlə müjdələnənlər
İslam imanla əməlin vəhdətindən
ibarət olan İlahi bir sistemdir. Onun bir tərəfində
inam, digərində isə inandığına əməl etmədir.
"İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə
onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı
sanırlar?" (Ənkəbut 2). Yəni təkcə dillə
iman gətirmək əbədi səadət yurdu olan Cənnət
üçün kifayət deyil.
Rəbbimiz
insanları Allah yolunda (din, bayraq, vətən, haqq-ədalət
uğrunda) mübarizədə mal, can və övladları ilə
sınayır. Sınayır ki, kimin həqiqi,
kimin də riyakar olduğu ayırd edilsin.
Təəssüf ki, əksər insanlar ilan kimi sakit, fəqət
zəhərli olan bu dünyanın maddiliyinə uyaraq, əməllərinin
tərəziyə qoyulacağından bixəbərdirlər. Can verərkən çəkilən məşəqqəti,
qəbr əzabının şiddətini, böyük və
adil məhkəmədə sorğu-sualın
rüsvayçı xəcalətini, irinli və atəşli
əbədi Cəhənnəm əzabını unudan belə
talesizlər barədə Peyğəmbər(ə) buyurub: "Mənim
bildiyimi bilsəydiniz, az gülüb çox
ağlayardınız". Belələri həz.Məhəmməd
kəlamının hikmətini yalnız vəfasız, fani və
ani dünyanın ölümlə oyanıb, axirətlə əvəz
edildiyi zaman - əməllərinin həqiqi və ədalətli
əvəzi onlara verildiyi vaxt biləcəklər.
Fəqət
tövbənin
lüzumsuz, ata,
ana və övladın, pul,
mülk və
vəzifənin,
ad və sanın
kara gəlməyəcəyi
o durumda hər
şey, dünyaya
yenidən gəlib,
yeni tərzdə
yaşamaq qədər
qeyri-real və
mümkünsüz
olacaqdır.
Ən gözəl örnək Peyğəmbər(ə) əxlaqıdır
Rəbb kəlamına görə, varlığın
fitrəti, təbiəti və həyatın qanunu olan
İslam, qiyamətə qədər Allah təminatı
altındadır. İslam həm də
yaşanan və yaşadan bir həqiqətdir. Bu həqiqətin
yaşayıb yaşatması isə, əməlisaleh və
imanlı bəndələrin qeyrətindən
asılıdır. Onlar: "Sizdən əvvəl
insanların başına gələnlər sizin
başınıza gəlməmiş behiştə daxil
olacağınızımı güman edirsiniz?" (Bəqara
214) Rəbb kəlamının pərdəarxası hikmətini
iman və bəsirət gözü ilə görüb, ona felən
əməl edənlərdir. Onlar Allah, Peyğəmbər(ə)
və Quran əxlaqı ilə əxlaqlanıb həz.Məhəmmədi
özlərinə örnək edənlərdir. Zira deyilib:
"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət
gününə ümid bəsləyənlər və
Allahı çox zikr edənlər üçün gözəl
nümunədir" (Əhzab 21). Bu nümunəni
yaşadıb, onu gələcək nəslə bir əmanət
kimi ötürənlər isə Əshabi-Kiramdır.
Əshabi-Kiram
Məhəmməd(ə) ümmətinin
ən üstünü, Peyğəmbər(ə)-yə iman gətirib,
onun mübarək üzünü görənlərdir. Onlara Əshabi-Kiram
deyilir. Əshab, səhabə sözünün cəmi olub
dostlar, rəfiqlər, tələbələr mənasını
ehtiva edir. Əshab barədə Peyğəmbər(ə)
buyurub: "Allahdan qorxun, Əshabi-Kirama pis söz deməyin. Məni
sevdiyiniz qədər onları da sevin. Bilin ki, Uhud dağı
ağırlığında qızıl sədəqə də
versəniz, onların ən kiçik savabına belə
yetişə bilməzsiniz". Əshabın ən
üstünü Hudəybiyədə (628 il) Rəsulu-Əkrəmə
biət edib, söz verənlərdir. Belə ki, Əshabi-Kiramdan
1400 nəfər Hudeybiyədə Səmurə adlı
ağacın altında Allah Rəsuluna belə dedi: "Ya
Peyğəmbər! Allah sənə zəfər ehsan edənə
qədər, şəhid olana qədər mübarizə
aparmağa söz veririk". Quran bu hadisəni belə
açıqlayır: "(Ya Peyğəmbər!) And olsun ki,
ağac altında sənə biət etdikləri zaman Allah
möminlərdən razı oldu. Allah onların ürəklərində
olanı (Sənə sadiq qalacaqlarını, əhdə vəfa
edəcəklərini) bildi. Onlara öz dərgahından xatircəmlik,
rahatlıq göndərdi" (Fəth 18).
Hudəybiyə andlaşmasında
iştirak edən 1400 nəfərin ən üstünü Əshabi-Bədrdir.
Sayı 113 nəfər olan Əshabi-Bədr, Bədr
döyüşünün (623 il) iştirakçıları
olublar. Döyüşdən qabaq həz.Peyğəmbər
belə dua edib: "Ya Rəbb! Mənə vəd etdiyin
yardımı bu gün lütf et! Allahım, əgər bu
insanlar şəhid olsalar, Yer üzündə Sənə ibadət
edəcək kimsə qalmayacaq". 113 nəfərin ən
üstünü isə İslamı ilk qəbul edən 40
müsəlmandır. Bu 40 nəfərdən də ən
üstünü Cənnətə girəcəkləri
sağlıqlarında bəyan edilən 10 nəfərdir.
Onlara Aşərai Mubəşşəra deyilir.
Aşərai
Mubəşşəra
Peyğəmbər(ə)
tərəfindən hələ sağlığında Cənnətlə
müjdələnən 10 nəfər bunlardır: 1) Əbu Bəkr;
2) Ömər; 3) Osman; 4) Əli; 5) Talha, 6) Zubəyr bin Avvam;
7) Abd Rahmən bin Avf; 8) Sad ibn Əbu Vəqqas; 9) Said bin Zəid;
10) Əbu Ubəydə bin Cərrah. həz.Ömər
deyib: "Xəlifə olmağa bu on nəfərdən
layiqlisi yoxdur. Çünki
Rəsulu Əkrəm onlardan daha çox razı idi". Təsadüfi
deyil ki, bu on nəfərdən 4-ü xəlifə olub. Digərləri
barədə isə buyurulub: "Hər peyğəmbərin
bir həvarisi var. Mənim də həvarim Zubəyr bin
Avvamdır" (həz.Məhəmməd); "Rəsulu Əkrəmin:
"Heç kimə atam-anam sənə fəda olsun" -
söylədiyini eşitmədim.
Həz.Peyğəmbər
yalnız Uhud döyüşü günü (625 il) Sada dedi:
"Atam-anam sənə fəda olsun, (ox) atmağa davam et"
(həz.Əli); "Hər ümmətin bir əmini var. Mənim ümmətimin
əmini də Ubəydə bin Cərrahdır" (həz.Məhəmməd);
"həz.Peyğəmbərdən eşitdim: "Talha və
Zubəyr Cənnətdə mənimlə qonşudurlar" (həz.Əli);
Peyğəmbər(ə) isə buyurub:
"Yer üzündə canlı şəhidə baxmaq istəyən
Talhaya baxsın" (Bir döyüşdə Talha 70-dən
artıq yara aldı. Həmin səbəbdən
ona canlı şəhid deyilib).
"Aşərai Mubəşşəra"dan
dörd xəlifə
hələ
sağlığında Cənnətlə müjdələnən
Əbu-Bəkr İslam dövlətinin ilk xəlifəsidir
(632-644). O, həz.Peyğəmbərin ən yaxın dostu və
qaynatası, söz və əməlilə Allah Rəsuluna ən
sadiq adamlardan biri olub.
"Mən Allah və Peyğəmbərə itaət
etdikcə, siz də mənə itaət edin. Əgər mən Allah və Peyğəmbərə
itaət etməsəm, siz də mənə itaət etməyin"
kəlamı, həz.Əbubəkrin inauqurasiya (biət) mərasimindəki
çıxışındandır.
Sağlığında Cənnətlə müjdələnən
həz.Ömər, həm də ikinci xəlifə olub
(634-644). Həz.Ömər müstəsna ədalət
və təşkilatçılıq qabiliyyətinə malik
bir dövlət başçısı olmaqla yanaşı, həm
də Peyğəmbər(ə)-nin qaynatası idi. Onun təşkilatçılıq
qabiliyyətini İslamşünas akademik Bartold belə səciyyələndirib:
"Ömər həz.Məhəmməddən də
artıq təşkilatçı idi". "Məndən
haqlarını tələb edəndən Allah razı
olsun" - kəlamı da həz.Ömərə məxsusdur.
Mənbələrə görə, mədinəli
münafiqlər həz.Ömərin ədalətini sınamaq
üçün xəlifəyə söz verdilər ki, onun xəstə
oğlunu sağaldacaqlar. həz.Ömər bu vədə inanıb,
oğlunun müalicəsini onlara həvalə etdi. Münafiq xəstəni
evinə aparıb, şərabla sərxoş edəndən
sonra qızını ona təqdim etdi. Xəlifənin oğlu
gecə nə baş verdiyini yalnız səhər anladı.
Lakin artıq gec idi. Zaman keçdi və
hamilə olan münafiqin qızı doğdu. Münafiq
qızı və nəvəsini götürüb həz.Ömərdən
ona sahib çıxmasını tələb etdi. Məsələnin
doğruluğuna əmin olan xəlifə, şəriətin
tələbinə görə, oğluna 100 çubuq
vurulmasını əmr etdi. 40 çubuqdan sonra gəncin halı
xarablaşdı.
Səhabənin israrlı xahişini rədd edən həz.Ömər
cəzanın tamamlanmasını tələb etdi. 80
çubuqdan sonra onsuz da xəstə və zəif olan gənc
öldü. Xəlifə meyitə daha 20 çubuğun
vurulmasını əmr edib, ağlaya-ağlaya dedi:
"Görəsən, atalıq vəzifəmi yerinə
yetirib, onu axirət əzabından xilas etdimmi?"
Həz.Ömər
aldığı qılınc yarasından öləcəyini
hiss edib, sağlığında Cənnətə layiq bilinən
Said bin Zəyd, Sad ibn Vəqqas, Abd Rəhman bin Avf, Talhə,
Zubəyr, Osman və Əlinin xəlifəliyə layiq
olduğunu dedi.
Lakin
Said bin Zəyd həz.Ömərin nəslindən olduğu
üçün xəlifə onun namizədliyinə
razılıq vermədi. Sağlığında Cənnətə
layiq bilinən, lakin rumlularla döyüşdə həlak
olan Əbu Ubəydə barədə isə həz.Ömər
buyurdu: "Ölməsəydi, o da xəlifəliyə layiq
idi".
Sağlığında Cənnətlə müjdələnən
həz.Osman həm də üçüncü xəlifə
olub (644-656). Quranın vahid kitab
halında tərtib edilməsi həz.Osmanın xidmətlərindəndir.
Peyğəmbər(ə) buyurub: "Əgər qırx
qızım olsaydı, onların hamısını bir-birindən
sonra (biri öləndən sonra digərini) Osmana verərdim".
Yeri gəlmişkən, Məhəmməd(ə)-nin bir
qızı (Ruqayyə, v.e. 624) həz.Osmanda ərdə ikən
vəfat etdikdən sonra Peyğəmbər(ə) ikinci
qızını (Gülsüm, v.e. 631) da ona verib.
Sağlığında Cənnətlə müjdələnən
həz.Əli İslam dövlətinin dördüncü xəlifəsi
olub (656-661). Əli kəramət,
səxavət, ibadət, mərdlik, sadəlik və idrak rəmzidir.
Onun "Nəhcül-Bəlağa" kitabı İslam aləmində
müqəddəs Qurandan sonra ikinci kitab sayılır.
Peyğəmbər(ə)
sevimli qızı Fatiməni (v.e. 633) həz.Əliyə
vermişdi. həz.Məhəmməd
buyurub: "Əli haqqında pis söz söyləyən,
bunu mənim haqqımda söyləyir. Mənim haqqımda
pis söz söyləyən isə, Allaha pis söz söyləyənə
bərabərdir. Allah da o kimsəni üzüqoylu Cəhənnəmə
atar". "Əli olmasa idi, mən həlak olardım" kəlamı
həz.Ömərə məxsusdur.
Allah
dörd xəlifəni sevməyi əmr edib
Peyğəmbər(ə)
özündən sonra İslam dövlətinə 29 il xəlifəlik
edən bu dörd cənnət-məkan barədə ümumiləşdirdiyi
bu tərifi verib: "Mən elmin şəhəri, Əbu-Bəkr
bu şəhərin təməli, Ömər divarı, Osman
tavanı, Əli də qapısıdır. Əbu
Bəkr İslamın tacı, Ömər bəzəyi, Osman
cövhəri, Əli gözəl qoxusudur.
Allah namazı, orucu, zəkatı, həcci fərz etdiyi
kimi, Əbu Bəkri, Öməri, Osmanı və Əlini sevməyi
də əmr edib". Yeri gəlmişkən,
Peyğəmbər(ə)-nin Əshabi-Kiram
və Rəşidi-xəlifələr barədə söylədiyi
kəlamlar təriqətindən asılı olmayaraq, İslam
dini və onun tarixindən danışan hər bir din xadimi
üçün bir örnək olmalıdır.
"Bilin ki, Uhud dağı
ağırlığında, qızıl sədəqə də
versəniz, onların ən kiçik savabına belə
yetişə bilməzsiniz".
Yurdumuzdan başqa, hansı yurddan
düşməni qovacağıq?
Əshabi-Kiram
istər Peyğəmbər(ə)
sağlığında, istərsə də onun vəfatından
sonra İslamın beş varlıq qayəsini təmin edən
cənnətməkan varislər olub. Bu baxımdan, Məkkəni
həz.Məhəmmədin fəth etməsilə İslam
dövlətini yaratması, Qüdsün həz.Ömərin
rəhbərliyilə müşriklərdən azad edilməsi,
Həz.Əbu Bəkrin siddiqliyi, Həz.Əlinin kəramət
və elmi nəinki müsəlman aləmi, hətta
bütün bəşər üçün bir örnək
olmalıdır. "Nə qədər ki, Allah
evi (Beytül Müqəddəs) düşmən
torpağı altındadır, mən sarayda yox, hərbi
çadırda yaşamalıyam" Sultan Səlahəddin Əyyubi
əqidə və əməli, Allahın Əhad və Samədliyinə,
onun sonuncu Peyğəmbərinə iman gətirən və
parçalanmış Almaniyanı vahid və
qüdrətli dövlətə çevirən O.Bismarkın
və daha neçə-neçə bəxtəvər Allah
qullarının əməlləri bizim üçün
nümunə mənbəi, dərslik və ibrət
olmalıdır. İbrət olmalıdır ona görə ki,
həmin əməli salehlərdən fərqli olaraq, sələflərimiz
və biz 200 il ərzində ərazisi 410 min kv.km olan Azərbaycan
adlanan məmləkətin parçalanmasına biganə
qalıb, Rəbb əmanətinə xəyanət etmişik.
Və nəticədə "Vətən imandandır" kəlamı
iman, elm, iradə vəhdətindən
uzaqlaşdığı üçün, sadəcə bir
deyim olub.
"Yurdunuzdan başqa, hansı yurddan düşməni
qovacaqsınız?" (həz.Əli) kəlamını
reallaşdırmayan bəzi "fağırlar" isə bu
rüsvayçılıqdan qurtarmaq üçün Allahdan
ölüm istəsələr belə, Allah bu
ölümü şərəfli ölüm kimi qəbul etməz.
Belələri unudurlar ki, məşhərdə
sorğu-sual, xəcalət və nəhayət axirətdəki
yer, ölümdən də betər ölümdür. Görəsən,
sırf dünyaya və dünya malına uyanlar dərk edirlərmi
ki, belə getsə canlarından artıq sevdikləri
övlad, mal və mülkləri düşmənə qismət
olmaqla yanaşı, özləri də axirət əzabından
xilas olmayacaqlar?!
Doğrudur,
Peyğəmbər(ə) şəfaəti
haqdır. Lakin
Allah əmanətlərinə xəyanət edən bir quruma
çox vaxt o şəfaət də kömək etmir.
Çünki, şəfaətin bilavasitə sahibi
Allahdır. Səhih hədisə görə: "Qiyamət
günü cəza veriləcək ümməti barədə
həz.Məhəmməd Allaha dedi: "Ya Rəbbim, onlar mənim
ümmətimdir". Rəbb buyurdu: "Bilmirsən onlar səndən
sonra nələr etdilər. Onlar doğru yoldan dalı-dalı
çəkildilər".
Allahım, dalı-dalı çəkildiyimiz mövqeləri
geri qaytarmaq üçün iman, elm və qeyrət
atlarımızı şahlandır.
Amin!
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 3 may.- S. 12.