Azərbaycanda intihar edən uşaqların bir qismi macəraçılığın təsirinə düşüb

 

Psixoloq Elnur Rüstəmov: "Baxdığı filmlər, internet oyunları..."

 

Uşaq və yeniyetmələr arasında intihar hallarının artması faktı cəmiyyəti, rəsmi qurumları, valideynləri ciddi şəkildə narahat etməlidir. İntihar edərək həyatına son qoyan yeniyetmə və uşaqlar əsasən bu aktı özünü asmaq, yüksəklikdən atmaq, kəsici alətlə vena damarını kəsməklə həyata keçirir.

Təsdiqlənməmiş məlumatlara görə, 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində 14-ə qədər uşaq və yeniyetmə həyata "əlvida" deyib.

Bəzi hallarda onların qəsdinin intihar olmaması faktı ilə də rastlaşırıq. İntihar edən məktəblilərə baxsaq görərik ki, onların bir çoxu özünü ya məktəbin pəncərəsindən yerə atıb, ya da asıb. Valideynlərlə, müəllimlərlə və uşağın yaxınlıq etdiyi yaşıdları ilə söhbət zamanı bəlli olur ki, bu, hər kəslə dil tapa bilən, valideynlərini çox sevən bir uşaq olub. Sadəcə, o hər zaman macəra axtarmağa meylli olub. Tutalım, macəraya meylli uşaqların böyük əksəriyyəti dərsdən qaçmaq məqsədilə özünü pəncərədən aşağı atır, yaxud uşaqlarla mərcləşib məktəbin, hansısa bir hündür tikilinin damına çıxır. Bu da təsadüfən onun həyatını itirməsinə gətirib çıxarır. Bəzi sosioloq və psixoloqlar hesab edir ki, 10 yaşdan sonrakı dövrdə uşaqların həyatı, davranışı, valideynlərilə münasibəti və s. ciddi şəkildə izlənməlidir.

Psixoloqların fikrincə, yeniyetmə və gənclərin çoxunun məqsədi heç də özünü öldürmək olmur. Onlar özlərini binanın pəncərəsindən atmaqla, boyunlarına kəndir keçirməklə, damarlarını kəsməklə bir növ ətrafdakıların diqqətini özlərinə cəlb etmək istəyir. Ekstremal şəraitdə qurulan televiziya idman-oyun yarışları, filmlər, qeyri-adi qabiyyət tələb edən proqramların nümayişi, internet oyunları uşaqları macəra axtarmağa vadar edir. Onlar bilmirlər ki, filmdə özünü 5-ci mərtəbədən yerə atıb sağ qalan adam aktyor deyil, o hər tərəfdən simlərlə bağlanmış bir kaskadyordur. Və yaxud həmin səhnə kompüter qrafikası ilə həyata keçirilir.

Macəra və fantaziyasının, sevdiyi qəhrəmana oxşamaq cəhdinin qurbanı olan uşaqların təsadüfi hərəkəti bəzən onların qəsdən intihar etməsi anlamını yaradır.

Yaşlı nəslin nümayəndələrinin dediyinə görə, SSRİ dövründə populyar "Tarzan" filmi kütləvi ekranlara çıxdıqdan sonra sovet məkanında uşaq və yeniyetmələr arasında intihar halları geniş yayılıb. O dövrdə araşdırma aparıb görüblər ki, uşaq və yeniyetmələrin məqsədi heç də intihar etmək olmayıb, onlar sadəcə Tarzanın hərəkətlərini təkrar etmək üçün özlərini binanın damından yerə atıb, bu isə onların ölümünə, yaxud şikəst olmasına gətirib çıxarıb.

Doğrudur, uşaq və yeniyetmələr həyatının ən həssas dövrünü yaşadığı üçün onlara mükəmməl qayğı göstərilməlidir. Bu yaşda olan adamlar adicə bir laqeyd baxışdan, valideynlərinin kiçik bir təpgisindən, yaşıdlarının ona bəslədiyi münasibətdən qeyzlənib intihara meyl edə bilər. Ailədaxili münaqişələr də bu uşaqların intihara cəhd etməsinə təsir edən amildir. Amma bunlarla yanaşı, macəra axtararkən həyatını itirən uşaqlar da yox deyil.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bizimlə söhbətində macəra axtararkən uşaq və yeniyetmələrin başına bu kimi işlər gəldiyini təsdiqlədi. O da hesab edir ki, bəzən uşaqlar yaşıdlarından fərqlənmək, onların gözündə qeyri-adi qabiliyyətə malik birisi kimi görünmək üçün intihara cəhd edir.

İntiharları üç yerə ayıran E.Rüstəmov deyir ki, bunlar sosial, bioloji və psixoloji faktorlar əsasında baş verən aktlardır. Sosial intiharın ailədaxili problemlərdən yarandığını bildirən psixoloqun sözlərinə görə, bioloji intihar genetik mahiyyət daşıyır, yəni intihar edən uşağın özündən əvvəl də ailəsində kimlərsə özünə qəsd edib: "Amma araşdırmalar göstərir ki, intihar hallarının kütləviləşməsində psixoloji faktor daha böyük rol oynayır. Sevgidəki uğursuzluq, dərs prosesində üzləşdiyi xoşagəlməzlik və s. uşağın intihara meyl etməsinə gətirib çıxarır. Bizi narahat edən odur ki, bu gün yeniyetmələr arasında intihar halları artır. Yeniyetmələr elə təbəqədir ki, onlar hər zaman yeniliyə açıq olur. Macəra axtarır, fantaziyalarına daha çox üstünlük verir. Bu macəra və fantaziyanı onlarda formalaşdıran səbəblər, faktorlar hansılardır? Baxdığı filmlər, internet oyunları, görüşdüyü, ünsiyyətdə olduğu insanlar, oxuduğu kitablar, hətta dinlədiyi musiqi belə macəra axtaran yeniyetmənin intihar etməsində rol oynayır. Məsələnin ağrılı tərəfi ondan ibarətdir ki, hazırda məktəblərdə uşaqlarla məşğul olan reabilitasiya mərkəzi, kabinet yoxdur. Bu olsaydı çox yaxşı nəticə verərdi".

"Yeniyetmə özünü asdı, damarını kəsdi, damdan atdı" kimi informasiyaların telekanallarda, mətbuatda geniş təbliğ olunmasının əleyhinə olan E.Rüstəmovun dediyinə görə, bu xəbərlər çox həssaslıqla ictimayyətə çatdırılmalıdır. E.Rüstəmovun sözlərinə görə, bu sahədə ciddi maarifçilik işi aparılmalıdır. E.Rüstəmov bildirdi ki, intihar etdiyi bildirilən uşaq və yeniyetmələrin bir çoxu heç də ölmək məqsədilə boynuna kəndir keçirmir":Statistikaya baxsanız görərsiniz ki, özünü asma faktlarında belə bir hal var. O uşaq və yeniyetmələrin əksəriyyətinin boyun nayihəsində cırmaq izləri olur. Bu da ondan xəbər verir ki, onlar macəra axtardığı yerdə həqiqətən də boğulur. Bu cür macəra onların həyatına istəmədikləri halda son qoyur. Bu, pis çıxmasın, macəra axtarmaqdır.

O uşaqlar daha çox diqqəti cəlb etmək istəyir. Yaxşı olardı ki, bununla bağlı xüsusi verilişlər olsun və bunun fasadlarını cəmiyyəti əyani şəkildə göstərmək lazımdır. Hər bir normal şəxs həyatında iki-üç dəfə intihara cəhd edir, onda intihara cəhdlərlə bağlı fikirlər olur. Bu normal bir şeydir. Ancaq bunu həyata keçirmək cəsarət tələb edir. Əsasən ailədaxili münaqişələr zamanı insanlar intihara cəhd edir.

Damarlarını kəsir. Özü də damarlarını yuxarıdan kəsir, yəni tam kəsmir. Bu özünü öldürmək deyil, "məni rahat buraxın", yaxud "mənə diqqət yetirin" anlamı daşıyır. Valideynlər bu halla rastlaşmamaq üçün gərək 10-17 yaş arasında uşaqlarına daha böyük diqqət, qayğı göstərsin, onlar uşaqlarının kiminlə oturub-durması, məktəbdəki davranışları ilə maraqlansın. Əvvəllər məktəblərdə valideyn iclası olardı. İndi isə onun yalnız adı qalıb, özü yoxdur. Valideyn var ki, heç məktəbə getmir".

  

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2010.- 3 may.- S. 11.