Məun
surəsi və onun təfsiri
Anlamı
1.
Dini yalan hesab edəni gördünmü? 2. O elə adamdır
ki, yetimi itələyib qovar. 3. Və (xalqı) yoxsulu yedirtməyə
rəğbətləndirməz. 4. Vay halına o namaz
qılanların ki, 5. Onlar öz namazlarından qafildirlər.
6. Onlar (namazlarında) riyakarlıq edər. 7. Və (xalqa) zəkat
verməyi qadağan edərlər.
Surə
yeddi ayədən ibarətdir. Klassik müfəssirlərin bəziləri
hesab ediblər ki, surə Məkkədə nazil olub. Digərlərinə
görə ilk 3 ayə Məkkədə, qalanları isə Mədinədə
nazil edilib. Surəni təfsir edən Mədudi yazıb:
"Bizə görə surənin içində onun Mədinədə
nazil olmasına dair bir işarə var. Buna səbəb həm
bəzi namaz qılanların səhlənkarlığı və
həm də namazlarından qafil olanlar üçün ayədə
"vay halına" deyilməsidir.
Çünki
Mədinədə İslam dini və müsəlmanlar o qədər
güclü idi ki, orada yaşayanların bəziləri mənfətləri
üçün müsəlman görüntüsü yaradırdılar.
Məkkədə isə vəziyyət belə deyildi. Orada
heç bir şəxs süni, camaata göstərmək
üçün namaz qılmağa ehtiyac duymurdu. Məkkə
dövründə hətta iman əhli üçün namaz
qılmaq çox çətin idi. O dövrdə
İslamı qəbul edənlər namazlarını gizli
qılardılar".
Çağdaş
təfsirçilərin əksəriyyətinə görə,
bir-birini izah edən və bir-birilə ayrılmaz yeddi kəlamdan
ibarət olan bu surənin ayələri müxtəlif vaxtlarda
nazil edilə bilməz.
"Məun"
yardımlaşma mənasını verir. Quranın ruscaya ən
mükəmməl tərcüməçisi
İ.Kraçkovskiyə görə, "məun-avadanlıq,
qazanc və sədəqədir". Surədə dinə və
görülən işlərin axirətdə
qarşılığının veriləcəyinə
inamın əsas olduğu və cəmiyyətdə
qarşılıqlı yardımlaşmanın vacibliyi
vurğulanıb. Surə əsasən iki növ insandan bəhs
edir: a) Allahın nemətini inkar edən nankorlar; hesab, cəza
və mükafatın verilməsinə inanmayanlar: b)
Gördüyü işlərdə Allah rizasının fərqinə
varmayan, ibadətini camaata göstərmək üçün
edən münafiqlər.
Surənin təfsiri
"1.
Dini yalan hesab edəni gördünmü?" Xitab ilk öncə
Həz.Peyğəmbərədir. Quran üslubuna görə
isə, xitab həm də mükəlləf olan hər müsəlmana
ünvanlanıb. "Gördünmü?" sualının mənası
gözlə görməkdir. Çünki sonrakı ayələrdə
bəyan edilən şeylər, görən gözü olan hər
bir kəsin görə biləcəyi şeylərdir. Lakin
sualın anlamı "anladınmı, bildinmi,
düşündünmü?"-də ola bilər.
Məs.,
"baxın" "bir az düşünün" sözləri
kimi. Ayədəki sözü bu mənada qəbul etsək kəlam
belə olar: "Bilirsənmi din gününü yalan hesab edən
kimlərdir?"; "Heç bilirsən ki, din
gününü yalan sayan kimlərdir?".
Nazil olma səbəb
Rəvayətə
görə, Peyğəmbər(ə)-nin ən qatı
düşmənlərindən biri Əbu Cəhil bir yetimin vəsisi
idi. Bir gün yetim Əbu Cəhildə saxlanılan
malından bir şey istədi. Əbu Cəhil onunla pis
davranıb və istədiyini də verməyib. Qureyş qəbiləsinin
rəhbərləri yetimi ələ salaraq deyiblər: "Get
Məhəmməd də sənə şəfaət
etsin". Yetim onların məqsədini bilmədiyi
üçün Həz.Peyğəmbərə müraciət
edir ki, ona yardımçı olsun.
Həz.Məhəmməd
heç bir xahişi rədd etmədiyi üçün yetimlə
birlikdə Əbu Cəhlin yanına gedib. Naəlac qalan Əbu
Cəhl yetimin malını verir. Qureyşlilər isə Əbu
Cəhlə hirslənərək: "Sən də sapdın,
dinindən çıxıb Məhəmmədin dininə qəbul
etdin" deyib. Əbu Cəhl cavab verir: "Xeyr,
çaşmadım.Lakin onun sağında və solunda
silahlı əsgər gördüm, verməsəydim onlar məni
döyəcəkdilər.
Peyğəmbər(ə)-nin
əmisi oğlu İbn Abbasdan gələn rəvayətə
görə ayə həm xəsis,həm də riyakar bir
münafiq bərədə nazil olub. Ayənin nazil olma səbəbi
bu hadisələrin birilə bağlı olsa da, fəqət
ayə həmin rəvayətlərdəki adamlara və onlara
bənzəyənlərə şamil olunur.
Ayədəki
"din" sözü Quran istilahında axirətdə əməllərin
qarşılığı olaraq və eyni zamanda İslam dini
mənasını da ehtiva edir. Müfəssirlərə
görə, "Haqq, hesab günü" mənanı daha
yaxşı açır. Yetimi incidən, onun malını
verməyən kəs, sözsüz ki, axirətə də
inanmayır.
"2.
O elə adamdır ki, yetimi itələyib qovar". Yəni
gördün ki, yetimi qovub onun haqqını yeyirlər, bil ki,
o adamlar Allahın haqq-hesab gününə də laqeyddirlər.
Görməmisənsə, bil! Ayə bəlaların atla gəlib,
piyada getdiyi müasir dövr üçün xüsusi önəm
daşıyır.
"3.
Və yoxsulu yedirtməyə rəğbətləndirməz".
Yəni yetimə, yoxsula nə özü əl tutar, nə də
başqasına imkan verməz. Əslində bu yardım verənin
hədiyyəsi, bəxşişi yox, yetimin onun üzərində
vacib olan haqqıdır. Zira Rəbbimiz buyurub: "(onların)
Mallarında da dilənçinin və (abrına
qısılıb dilənməyən) yoxsulun haqqı
(payı) vardır" (Zəriyət,19). Ayədən göründüyü
kimi, bu iş, verənin məxsusi işi deyil, onun Allah
qarşısında borcu, öhdəliyidir.
Cəmiyyət
halında yaşamağa layiq görülmüş
insanların bir qismi Allahın onlara verdiyi maddi-mənəvi dəyərəri
başqaları ilə bölüşdürmək əvəzinə,
onları bu haqdan məhrum etməklə axirətin ən pis
sakinlərinə çevrilirlər.
Bu
mərhəmətsizlik dinsizlər üçün adi bir hala
çevrilə də bilər. Lakin özünü dindar hesab
edib yoxsula,yetimə, bir sözlə kasıb olan təbəqəyə
əl tutmayan xəsis bir insan üçün belə hərəkət
axirət sərmayəsinin itirilməsi deməkdir. Əslində
belələrinin namazları da qüsurlu olar.Həmin səbəbdən
Rəbbimiz buyurur:
"4.Vay
halına o namaz qılanların ki". Yəni yazıqlar
olsun o namaz qılanların halına. Və ya"Vay halına
o kəslərin ki, onlar Cəhənnəmin qan və irinli Vəyl
deyilən dərəsinə atılacaqlar."
5."Onlar
namazlarından qafildirlər". Yəni qıldıqları
namazın dəyərini bilməz, namaza girərkən ehtiram
göstərməzlər, ona hörmətlə yanaşmazlar.
Diqqət
əşayən o cəhətdir ki, ayədə "onlar
namazlarından səhv etmişlər, yanılmışlar"deyilib,
"namazlarında səhv etmişlər" yox.
Çünki bəzən namaz içində səhv etmək,
yanılmaq xoşa gələn olmasa da, istisna deyil.
Həmin
səbəbdən səhabədən bir nəfər deyib: Həmd
olsun Allaha ki, O, "namazlarında yanılanlar" deməyib,
"namazlarından yanılmışlar" buyurub.
Qeyd
edək ki, namazdan yanılmanın mənasını da klassik
təfsirçilər müxtəlif tərzdə
açıqlayıblar. Məs., namazda qəflətə
düşüb onu dəyəri qədər ciddi vəzifə
hesab etməmək; namazın tam
qılınıb-qılınmamasının fərqinə
varmamaq; namazın vaxtının keçib-keçmədiyinə
fikir verməmək; namazı tərk etməkdən əndişə
duymamaq; Allah üçün xalis niyyətlə qılmamaq;
özünü camaata göstərmək üçün və
nəhayət əyləncə üçün namaz
qılmaq.
Mövzunu
şərh edən ibn Cərir səhabə əbu Vəqqasa
istinadən yazıb: "Peyğəmbər(ə)-dən
soruşdum: "Onlar namazlarından qafildirlər" kəlamı
ilə Rəbbimiz kimi nəzərdə tutub". Həz.Peyğəmbər
buyurdu: "Onlar namazı gecikdirənlərdir" (Beyhaki).
Digər səhabəyə istinadən Suyuti yazıb: "Bu
ayə nazil olduğu zaman Rəsululləh(ə) buyurdu:
"Allahu Əkbər, bu sizin üçün bütün
dünya qədər baxış verilməkdən də
xeyirlidir. Onlar o kəslərdir ki, namaz qılarsa namazın
xeyri olmağını düşünməz, namazın tərkindən
Allahdan qorxmazlar"
Burada
diqqəti cəlb edən odur ki, namaz vaxtı qeyri-ixtiyari
düşüncələrə dalmaq başqa, namaza
etinasız yanaşmaq, namaz vaxtı bilərəkdən
başqa şeylər haqqında düşünmək tamam
başqa şeydir. Birinci hal, insanın özünü səfərbər
edə bilməməsindən, yəni iradəsi xaricində
olan haldır. Bu zaman mömin yenidən diqqətini namaza
yönəldir. İkinci halda isə həmin şəxsin
Allahı zikr etmə, Ona yaxınlaşması
üçün niyyəti yoxdur. Belələri namazın fərz
olunduğuna şübhə edər. Hansı
düşüncə ilə namaza başlayarsa, o fikirlə də
namazı yekunlaşdırarlar.
6."Onlar
(namazlarında) riyakarlıq edər". Yəni nə etsələr
Xaliq üçün yox, xalq üçün edərlər;
özlərini namaz qılan mömin kimi göstərərlər.
Müfəssirlərin bir qismi bu ayənin münafiqlər, digəri
isə Məkkəli kafirlər üçün nazil
olduğunu deyiblər. Bu təfsirlərə görə,
müşriklərin də namaz qıldıqları bildirilib.
Əlbəttə,
onlar namazı tərtibata görə yox, gəlişigözəl,
öz istəklərinə uyğun qılarlar. "Onların
Beytulləhin (Kəbənin) yanındakı namazı fit verib əl
çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!)
Etdiyiniz küfrə görə indi dadın əzabı!"
(Ənfəl, 35) ayəsi isə onların fit verib, əl
çala-çala namaz qıldıqlarına, yəni
namazı bir əyləncə halına gətirdiklərinə
işarə edir.
Qeyd
edək ki, namaz, oruc, zəkat, həcc kimi ibadətlər
İslamdan qabaqkı dinlərdə də olub.
Bunu
Həzrəti İsanın körpə ikən dediyi: "O
(Allah), harada oluramsa olum, məni mübarək etdi və mənə
diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə
buyurdu" (Məryəm, 31) kəlamı sübut edir. Digər
ayədə isə buyurulur: "(Ya Rəsulum!) Kitabda (Quranda)
İsmaili də yada sal! O öz vədinə sadiq bir
elçi, bir peyğəmbər idi. O öz ümmətinə
namaz qılmağı, zəkat verməyi əmr edirdi" (Məryəm,
55)
7."Və zəkat verməyə
qadağan edərlər". Təfsirlərə görə
ayədəki "zəkat"(orijinalda məun) sözü
ümumi termin olub, zəkata, ehsana, az-çox mənfəəti
olan hər hansı şeyə, qohum-qonşu arasında borc
olaraq verilib-alınan qab-qacağa, tez-tez işlənən məişət
əşyalarına verilən addır.
Bunlar
elə adamlardır ki, qohum-qonşuya, ehtiyacı olana qaytarmaq
şərtilə heç qab-qacaq da verməzlər. Belələri
o qədər xəsis və o qədər dünya malına
vurulublar ki, mallarını təmizə çıxartmaq
üçün heç zəkat da verməzlər. Belələri
dünya malını axirətdən üstün
tutanlardır. "O kəslər ki, dünyanı axirətdən
üstün tuturlar, onlar haqq yoldan azanlardır".
(İbrahim 3).
Onlar
öz mövqelərini sarsıtmamaq üçün
başqalarına da tövsiyə edərlər ki, heç kimə
yardım etməsinlər. Ayə həm də o kəslərə
şamil edilir ki, namaz qılırlar, fəqət zəkat
vermirlər. Halbuki, Quranda imandan sonra saleh əməl əsas
olmaqla namaz və zəkat birlikdə zikr olunur. Onlar dünya malını
axirətdən üstün tutduqları üçün haqq
yoldan azanlardır
İnsanı
pis işlərdən çəkindirən, yaxşı
işlərə sövq edən, kimsəsizlərə və
yoxsullara köməyin vacib olduğunu bildirən hiss, Axirət
duyğusudur. Axirət inancı olmayan kəslər
özündən başqa heç kimi düşünməzlər.
Onlar ictimai yükdən imtina edən kəslərdir.
Həmin
səbəbdən Məun surəsində axirətə
inanmayan və namazı da riyakarlıqla qılan, ibadətin
ruhuna önəm verməyən insanların cəmiyyət
üçün bir bəla olduğu vurğulanır. Buradan
aydın olur ki, Axirət düşüncəsi ilə,
yaşayan adam yetimə acar, yoxsula əl tutar, namazını
ixləs, təfəkkür və hüzünlə qılar,
kimin qəbulunda olduğunu dərk edər.
Beləliklə,
yeddi ayədən ibarət Məun surəsinin təfsiri
göstərir ki, İslamda ən mühüm olanı iman ilə
saleh əməlin vəhdətidir. Bu vəhdətə malik
olan şəxslər fani dünyada Xaliq və xalqın
sevimlisi, axirətdə isə Allahın səkkiz təbəqəli
Cənnətinin sakini şərəfinə layiq bilinənlərdir.
O ki qaldı özünü mömin kimi qələmə
verib, xalq üçün namaz qılanlara, Allah hər
şeyi daha yaxşı ayırd edəndir!
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 11 may.- S. 12.