ALLAH EVLƏRİ
"Cin
və insanları Mənə ibadət etmələri
üçün yaratdım" buyuran Rəbbimiz, həmin məxluqların
ibadətləri üçün hər şey yaradıb. Belə
ki, göndərdiyi peyğəmbərlər Onun təyin
etdiyi müəllimləri; nazil etdiyi səmavi kitablar
yazdığı dərsliklər; yaratdığı kainat
auditoriyası; xəlq etdiyi insanlar isə onun "necə ibadət
etməli" fənnini öyrənən qullarıdır.
İnsanı
xəlq etməzdən əvvəl onun yaşayacağı məkanı
- Yer kürəsini yaradan Rəbb, həm də o planeti bəşər
üçün bir ibadətxana edib ki, insan özünü
Allahın Yerdəki xəlifəsi kimi dərk edib, Onu
tanısın. Bu planetin ən qüdsü, hərəkətli,
əminamanlı, özünü dərk və Rəbbi
tanıma yeri isə Allahın evləri sayılan məscidlərdir.
Zira Rəbbimiz buyurub: "Yer üzündə Mənim evlərim
məscidlərdir. Məni ziyarət edənlər həmin məscidləri
inşa və təmir edərək, orada ibadət edənlərdir".
Məscidlər Allahın evləridir
Məscid
sözü ərəbcədəki "sucud" (səcdə
etmə) sözünün əvvəlinə "mə"
sözünü əlavə etməklə düzələn
məkanın adıdır. Lüğəti mənası
"dik durmaq, başı əymək, alını yerə qoymaq
üçün yer" deməkdir. İslamda isə bu termin
müsəlmanların cəm halda "ibadət etdikləri və
namaz qıldıqlanrı yer" mənasını verir. Qeyd
edək ki, bu fellər dinin dirəyi olan namazın
vacibatında qiyam (dik durmaq), rukü (əyilmək), səcdə
(alını yerə qoymaq) adlanır. Məscidləri
xarakterizə edən Həzrət Ömər buyurub: "Məscidlər
Allahın evləridir. Orada namaz qılanlar Allahın
qonaqlarıdır. Ev sahibinə də ancaq qonağına
kömək və hörmət düşər".
Deməli,
məscidə girən şəxs Allahın hüzurunda olan
kimidir. Həmin səbəbdən o, məscidi Allahın evi qəbul
edib, orada təfəkkür, təvəkkül və təslim,
hüzn, yüksək ədəb və əxlaqla
davranmalıdır. Zira deyilib: "Yer kürəsinin ən
qiymətli məkanı məscidlərdir. Məscid əhlinin
də ən xeyirlisi ora tez girib, gec çıxanlardır. Məscidə
ilk dəfə gələn İslamı ilk dəfə qəbul
edən kimidir. Məscidlərə zikr və namaz
üçün gedin" (Həzrət Məhəmməd). Məscidləri
öz dünyəvi işlərinə alət edən
riyakarlar üçün isə İmam Maliki (711-795) buyurub:
"Məscidə girən münafiqlər qəfəsdəki
sərçə quşlarına bənzər. Qəfəsin
qapısı açılan kimi uçub qaçarlar".
Ən qüdsü məscidlər
Məscidlərin
ən mübarək və müqəddəsi Məkkədəki
Kəbəi-muazzamə, onun ətrafındakı Məscidi-Haram,
Mədinədəki Peyğəmbər məscidi, Qüdsdəki
Məscidi-Əqsa və Quba məscidləridir.
Kəbə
yer üzərində tikilən ilk məbəd, ibadət edilən
ilk yerdir. "Həqiqətən, insanlar üçün ilk
bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o,
şübhəsiz, bütün aləmlərdən
ötrü bərəkət və doğru yol
qaynağıdır" (Ali İmran, 96).
Mənbələrə
görə, bu ev mələklərin köməyilə Adəm
(ə) tərəfindən inşa edilib. Müsəlmanların
qibləsi olan Kəbə, Məscidi-Haramın ortasında
tikilən dördkünclü məbəddir. Kəbə
Beytulləh (Allah evi), Beytul Haram (toxunulmaz, müqəddəs
ev), Bəkkə də adlanır. "(Ya Məhəmməd!)
Yadına sal ki, Biz Kəbəni insanlar üçün savab və
əminamanlıq yeri etdik" (Bəqara, 125). Həzrət
Peyğəmbər isə buyurub: "Bu ev İslamın dirəyidir.
Kim bu evi ziyarət etmək məqsədilə Həcc və
Umrəyə gedərkən həmin yolda ölərsə,
Allah onu Cənnətə aparar". Kəbəni ziyarət edənlərə
xüsusi ehtiramın vacibliyini vurğulayan Rəbbimiz buyurub:
"Beytul-harama üz tutub (ziyarətə) gələnlərə
hörmətsizlik etməyin" (Məidə, 2).
Məscidi-Haram
Rəbbin əmrilə b.e.ə. 2300-2100-cü illərdə Həzrət
İbrahim tərəfindən Kəbənin ətrafında
tikilib. Peyğəmbər (ə) buyurub: "Məscidi-Haramda
namaz qılmanın fəziləti, mənim bu məscidimdə
(Mədinədəki Həzrət Məhəmməd məscidində)
qılınan yüz namazdan fəzilətlidir". Bu məscidə
girənlərə mane olmaq böyük günahdır. Zira Rəbb
buyurub: "Məscidi-Harama girənlərə mane olmaq və
oradakıları kənara çıxarmaq Allah yanında daha
böyük günahdır" (Bəqara, 217). Əhdlər
ancaq Məscidi-Haramda təsdiq olunur. "Onlar (müşriklər)
sizinlə doğru-düzgün davrandıqca (əhdi
pozmadıqca), siz də onlarla doğru-düzgün
dolanın" (Tövbə, 7). Qanı Məscidi-Haramda
tökülən ilk İslam şəhidi Xaris ibn-Əbu Xalə
olub. O, Rəbb vəhylərini həmin məsciddə təbliğ
edən Həzrət Məhəmmədi müşriklərin
hücumundan qoruyarkən şəhid olub. Kəbə, Zəm-Zəm
quyusu və Məqami-İbrahim bu məscidin tərkib hissəsidir.
Məscidi-Əqsa-Beytül Müqəddəs
Görkəmli
İslam klassiki İbn- Xəldun (1332-1406) yazıb:
"Lüğəti mənası "uzaqdakı məscid"
olan bu məbəd, Həzrət İbrahimin müasirləri
sabiilər tərəfindən bir qaya üzərində ibadət
edilən yer olub. Sonralar sabiilər orada Zöhrə ulduzunun
şərəfinə bir heykəl də ucaldıblar. B.e.ə.
1400-1300-cü illərdə Musa (ə) Rəbbin əmrilə
həmin yerdə bir qübbə tikdi. Bu Qübbəni qibləgah
qəbul edən Musa (ə), İsrail oğulları ilə
namaz qılarkən üzünü oraya tutardı. Həzrət
Musanın vəfatından 500 il sonra Süleyman (ə)
atası Davud (ə)-nin vəsiyyətinə uyğun olaraq, həmin
yerdə qiymətli daş-qaşla bəzədilən bir məbəd
tikdirdi. Bu məscid Buxtunnəssar tərəfindən
söküləndən sonra Üzeyir (ə) tərəfindən
bərpa edildi. Eramızın 70-ci ilində məscid Roma
imperiyası tərəfindən yerlə yeksan edildi və ora əkin
yerinə çevrildi. Romalılar xristianlığı qəbul
edəndən sonra imperator Konstantinin anası Haləmə yəhudiləri
"Həzrət İsanın qatili" hesab edərək,
Beytül-Müqəddəsi murdarlayıb, oranı zibilxana
etdirdi. O, Həzrət İsanın çarmıxa çəkildiyi
ağacı tapdırıb, onun yerində Kuməmə kilsəsini
tikdirdi. Haləmə Həzrət İsanın "o burada
yoxdur" yazılmış simvolik qəbrini də həmin
kilsədə inşa etdirdi. Xristianlar sonra həmin ərazidə
bir neçə kilsə tikdilər. Beləliklə,
Beytül-Müqəddəs İslama qədər bu vəziyətdə
qaldı. 638-ci ildə Qüdsü fəth edən Həzrət
Ömər, sabiilərin ibadət etdikləri həmin qaya
üzərində Süleyman (ə)-nin tikdirdiyi
Beytül-Müqəddəsin yerini tapdırdı. İslam xəlifəsi
oranın zibillərini təmizlətdirdikdən sonra həmin
yerdə nümayişkarcasına namaz qıldı və
qısa müddətdə Süleyman (ə) məbədinin
olduğu yerdə Məscidi-Əqsanı tikdirdi.
Həzrət
Ömər xristian və yəhudi məbədlərinin
mühafizəsini öz üzərinə götürüb,
İsa (ə)-nin simvolik qəbri olan Kuməmə məbədinin
açarını müsəlmana verdi (Həmin açar bu
gün də müsəlmanın əlindədir - V.C.). Səhih
hədisə görə, "Beytül-Müqəddəs nə
vaxt tikilib" sualına Həzrət Peyğəmbər cavab
verib: "Məscidi Haramdan 40 il sonra". Peyğəmbər
(ə) bu cavabı verərkən Həzrət
Süleymanın tikdirdiyi möhtəşəm məbədi
yox, məhz Sabiilərin ibadətgahını nəzərdə
tutub. Sabiilər isə Həzrət İbrahimin müasirləri
idi".
Məscidi-Əqsa
aləmlərə bir rəhmət olaraq göndərilən Həzrət
Məhəmmədin merac edərkən ibadət etdiyi müqəddəs
yerdir. Bu barədə Rəbbimiz buyurub: "Bəzi ayələrimizi
(qüdrətimizə dəlalət edən qəribəlikləri
və əcaiblikləri) göstərmək üçün
bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir
gecə (Məkkədəki) Məscidi Haramdan ətrafını
mübarək etdiyimiz Məscidi-Əqsaya (Beytül-Müqəddəsə,
aparan Allah pak və müqəddəsdir" (İsra, 1).
Peyğəmbər Məscidi
Bu
məscid Həzrət Peyğəmbərin hicrətdən
sonra (622-ci il) əshab ilə Mədinədə inşa etdiyi
ibadətgahdır. O, Məscidi-Rəsul, Məscidi-Səadət
və Məscidi-Şərif də adlanır. Mədinəyə
gələn Rəsulu Əkrəmin ilk işi müsəlmanları
bir yerə toplayıb, Rəbb kəlamlarını təbliğ
edən ibadət yerini - Məscidi tikdirməsi olub. Məscid,
Peyğəmbər (ə)-nin şəhərə girərkən
dəvəsinin oturduğu yerdə inşa edilib. Məscidin fəziləti
barədə Peyğəmbər (ə) buyurub: "Mənim məscidimdə
qılınan namaz, Məscidi-Haramdan başqa, digər məscidlərdə
qılınan namazlardan min dəfə savabdır". Lakin Mədinənin
yuxarı təbəqəsi VIII əsrdən başlayaraq,
orada ibadət etməyi unudub, Mədinənin mütrüb
qadınlarına və şəraba uydular. Rəbbin səbrini
xilas yolu kimi qəbul etməyən camaat, 1256-cı ildə
"Hicaz atəşi"nə məruz qaldı. Salnaməçilər
yazıblar ki, o zaman şəhərə qaya və
daşları əridən lava seli yayıldı. Şəhər
əhli günahları üçün dua və tövbə
edərək, Həzrət Peyğəmbərin məzarı
yanındakı həmin məscidə
sığındılar. Və ilahi qüdrət ilə lava nə
məscidə, nə də orada sığınanlara heç
bir zərər vermədi.
İslamda ilk məscid
Bu
məbəd Peyğəmbər (ə)-nin Məkkədən
hicrət edərkən, Mədinənin ucqar məhəllələrindən
biri olan Qubada tikdirdiyi məsciddir. Məscid 622-ci ilin sentyabr
ayının 20-də Həzrət Peyğəmbərin
bilavasitə iştirakı ilə qubalı Gülsümün
xurma qurutduğu yerdə tikilib. Bu hadisəni Quran belə bəyan
edir: "(Ya Məhəmməd!) İlk gündən binası
təqva üzərində qurulmuş məscid, namaz
qılmağa daha layiqdir. Orada paklanmağı sevən insanlar
vardır. Allah pak olanları sevər!" (Tövbə, 108).
Azərbaycanda ilk məscid
Tarixçi
əl-Bələzuri (820-892) "Ölkələrin fəthi
kitabı"nda yazıb: "Hicri 18-ci ildə (Miladi 639-cu il)
xəlifə Ömərin sərkərdəsi Xuzeyfə
İbn- əl-Yəmən Azərbaycanı dinc yolla istila edib,
xilafət adından onlarla müqavilə bağladı. Əlinin
xəlifəliyi dövründə (656-661) İraqdan göndərilən
ərəblər Azərbaycanda məskunlaşdı. Onlar
yerli əhaliyə Quran ayələrini və şəriət
qanunlarını öyrədirdilər. Həmin dövrdə
yerli əhalinin müəyyən hissəsi artıq Quranı
sərbəst oxuyurdu. Azərbaycanda ilk məscid də xəlifə
Əlinin göstərişilə canişin İbn-Qeys tərəfindən
Ərdəbildə tikilib".
Mənbələr
təsdiq edir ki, artıq XI-XII əsrlərdə ölkənin
aparıcı şəhərlərində məscidlər var
idi. Bu gün fəaliyyət göstərən İçəri
şəhərdəki (Bakı) Məhəmməd Məscidi
(1078-1079), Naxçıvandakı "Cümə" məscidi
(XII əsr) və b. həmin dövrün yadigarlarıdır.
Həz.Peyğəmbərin
sökdürdüyü məscid
Mədinə
dövründə hər fürsətdən istifadə edən
münafiqlər ilk İslam dövlətinin əsaslarını
sarsıtmaq, peyğəmbərsevərlər arasında fitnə-fəsad
salmaq məqsədilə özləri üçün yeni məscid
inşa etdilər. Əslində bu məscid Peyğəmbər(ə)-nin
tikdirdiyi Quba məscidinə alternativ idi və onlar məscidin
zirzəmisində sui-qəsd üçün zirzəmi də
tikdirmişdilər. Münafiqlər bu təşəbbüsü
qoca və xəstələrin ibadət üçün Quba məscidinə
gələ bilməmələrilə əsaslandırdılar.
Bu işin təşəbbüskarı isə xristian Əbu Əmir
idi. Əvvəllər Peyğəmbər(ə)-nin qatı
düşməni olan Əbu Əmir, münafiqləri
inandırmışdı ki, əgər məni göməkçi
seçsəniz, İslam dövlətini sarsıda bilərik.
Peyğəmbər(ə) 630-cu ildə Təbuk səfərinə
gedərkən münafiqlər ona dedilər ki, biz yeni məscid
tikmişik və sizin həmin məscidə xeyir-dua verməyiniz,
orada namaz qılmağınız müsəlmanlar
üçün yaxşı hədiyyə olardı. Həz.Peyğəmbər
məsələyə Təbuk səfərindən
qayıdandan sonra münasibət bildirəcəyinə söz
verdi. Səfərdən qayıdan Peyğəmbər(ə) nəinki
məscidin istifadəsinə icazə verdi, hətta onu
sökdürdü. Bu barədə Rəbbimiz buyurub: "(Quba
məscidinə) zərər vurmaq, küfr etmək, möminlər
arasına təfriqə salmaq məqsədinə, əvvəllər
Allaha və Onun Peyğəmbərinə qarşı
müharibə edən kimsədən (gəlib onlara rəhbərlik
edəcəyi təqdirdə) muğayat olmaq üçün
məscid düzəldən və: "Biz (bununla)
yaxşılıqdan başqa bir şey istəmədik"-deyə
and içən münafiqlərin, həqiqətən,
yalançı olmaları barədə Allah Özü
şahidlik edəcəkdir! (Ya Məhəmməd!) Orada
heç vaxt namaz qılma". (Tövbə: 107,108).
Göründüyü kimi söz, vicdan, etiqad və din
azadlıqlarını özləri üçün bir maska
edən münafiqlərin əsl məqsədi dövləti
çökdürmək, müsəlmanlar arasına fitnə
toxumunu səpmək olub. Halbuki, Allah evləri-məscidlər
sülh, əmin-aman, ibadət yeridir. Bu məscidlərdə
edilən ibadət həm də kölə yox, azad insan ibadəti
olmalıdır. Bunun üçün isə məscidlərin
yerləşdiyi torpaq-Vətən dediyimiz məkan azad,
müstəqil, suveren olmalıdır. Məhz buna görə
Həz.Peyğəmbər buyurub: "Vətən
imandandır"
"Fatimeyi Zəhra" adı kimi
yaşayacaq
Son
2-3 ildə ölkədə bəzi məscidlərin
bağlanması, sökülməsi xəbəri
dolaşmaqdadır. Heç bir ciddi səbəb olmadan məscidləri
sökənlər üçün Rəbbimiz buyurub:
"Allah məscidlərində Allah adının çəkilməsinə
maneçilik törədən, onların
dağıdılmasına çalışanlardan daha
zalım kim ola bilər? Halbuki, onlar oraya (məscidlərə)
ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada
rüsvayçılıq, axirətdə isə əzab
gözləyir!" (Bəqara 114).
2009-cu
ildən bağlanan məscidlər əsasən bunlar olub:
"Şəhidlər camisi", "Əbu Bəkr",
"Fatimeyi Zəhra" və "Peyğəmbər (ə)"
məscidləri. Onların bəziləri təmir-tikinti, bəziləri
isə qanunsuz tikili adı ilə bağlanıb. Lakin
danılmaz faktdır ki, burada məmur özbaşınalığı,
məsələyə sırf bürokratik yanaşma tərzi
də istisna edilmir. Mətbuatın verdiyi məlumata görə,
"Şəhidlər camisi" yaxın günlərdə fəaliyyətini
bərpa edəcək. "Fatimeyi Zəhra" məscidi ətrafında
dolaşan xəbərlərə, məhkəmə çəkişmələrinə
isə ölkə prezidenti İ.Əliyev birmənalı son
qoydu. Prezident bu məscidin sökülməyəcəyinə
qərar verdi. Bununla o, Allah evlərindəki ibadətin-sucudun
(səcdənin) surur (sevinc), qürur və tuhurla (çox
pak, ixləsli) icra edilməsi üçün həm Rəbb
və Peyğəmbər(ə) kəlamlarına sadiqliyini, həm
də ölkə Konstitusiyasının qarantı olduğunu
nümayiş etdirdi.
O
ki qaldı İrandakı bəzi ayətullahların Azərbaycanın
daxili işlərinə kobud tərzdə müdaxilə edərək,
İslamı sünni-şiə və dəgər firqələrə
bölməsinə, bu, ən azı onların
daşıdığı ali dini rütbəyə-Ayətullaha
(lüğəti mənası-Allahın rəmzi) bir kölgədir.
Unutmayaq
ki, Rəbbimizin Həz.Peyğəmbərə
ünvanladığı: "(Ya Rəsulum!) Şübhəsiz
ki, sənin firqə-firqə olub dinini parçalayanlarla
heç bir əlaqən yoxdur. Onların işi Allaha
qalmışdır" (Ənam, 159) kəlamı, Onun həm
də bütün müsəlmanlara ünvanladığı
bir xəbərdarlıqdır.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 17 may.- S. 12.