İki
damla göz yaşı
Göz yaşı hər tərəfdən
bəla və müsibətlərə düçar olub,
"yox"larla əhatə olunduğunu düşünən
bir dərdlinin könül iztirabıdır. İxləsli və
səmimi insanların göz yaşları qəlbini Rəbbin
məskəni etmək üçün bir saflaşdırma,
boşalma hissinin nəticəsidir.
Göz yaşı Cəhənnəm
odunun dəhşətindən hüzünlü qəlbin
alışıb-yandırdığı hiss və
duyğuların xaricə çıxmasıdır. Həmin səbəbdən,
Rəsuli-Əkrəm(ə) tərəfindən Cəhənnəm
və göz yaşı arasında bir tarazlıq
qurulmuşdu. Belə ki, Cəhənnəm
qığılcımlarının insanları Məhşərdə
qovlayacağı zaman Cəbrayıl(ə) əlində bir
bardaq su ilə görünər. Və Allah Rəsulu ondan
soruşar: "Əlindəki nədir?". Həz.Cəbrayıl
belə cavab verər: "Cəhənnəm odunu
söndürmək üçün möminlərin göz
yaşıdır".
"İki göz Cəhənnəm
odu görməz"
Digər bir hədisdə isə
deyilir: "İki göz Cəhənnəm odu görməz:
həmişə düşmənə qarşı baxan
göz və Allahu-Təalə qorxusundan ağlayan
göz". Hədisdən göründüyü kimi,
Peyğəmbər(ə) xarici düşmənlərə
qarşı mücadilə edən insanın durumunu, nəfsilə
əlbəyaxa olarkən, içindən göz yaşı
çıxardan bəndənin durumu ilə eyniləşdirib.
Əslində, bunlardan biri kiçik cihad, digəri isə
böyük cihaddır. Qurani-Kərimdə ağlayan
insanların durumunu, az gülüb, çox düşünməyi,
günahlar qarşısında ikiqat olub, tövbə etməyi
əmr edən kifayət qədər ayələr var.
Hər damlası ilə ruh həssaslığına
şahidlik edən göz yaşları, əslində, riqqətli
qəlb həyəcanının cövhəri kimi Cənnətdəki
bulaqları təşkil edən müqəddəs
damlaları xatırladır. Göz yaşının
olmaması, onun quruması isə təkəbbürün sona
yetişdirdiyi bir zavallılıq durumu - Cəhənnəmin
irinli suyudur. Həmin səbəbdən, Peyğəmbər(ə)
Şeytandan sığındığı kimi, qurumuş
gözdən də Allaha pənaha aparırdı. Kaş, hər
bir mömin də bu tarazlığa sahib olub deyərdi: əslində,
mən yoxdan yaradılan bir varlığam,
dönüşüm də Yaradanadır. Əgər
Yaradanın bir neçə lütflərinə nail
olmuşamsa, onlar mənim ləyaqətimdən yox, əksinə
ona möhtac oluşumdan, Onun izzətindən irəli gəlir.
Təbir caizsə, iki damla göz
yaşı daxili təlatümünü xaricə
çıxardan vulkanın qərarlaşmış vəziyyəti
kimidir. İki damla göz yaşı: Ey günahları
Bağışlayan! Günahlarımı bağışla!
İmkanları tükənən, üzünə qapılar
bağlanan, ömrünün tükənməsinə rəğmən
nəfsi qəflət, günah və fadasız işlərlə
məşğul olmuş quluna rəhm et. Rəhmətinə
sığınıb, qapına gəlmişəm, qovma məni!Əgər
rəhm edib bağışlasan, bu Sənin
şanındır. Çünki Ərhamərrahiminsən. Əgər
qəbul etməsən, Sənin qapından başqa hansı
qapıya gedim? Hansı qapı var ki? Səndən başqa Rəbb
yox ki dərgahına gedim. Səndən başqa heç bir iləh
yoxdur ki, qapısına gedim. Ya Rəbb, inayətinə
sığınıb, lütfünə gəlmişəm,
qovma məni! - deyən bəndənin, Rəbb qapısında
boynu bükük vəziyyətdə növbəsini gözləyərkən
halını, heçliyini ətrafdakılara göstərməsidir.
Məlumdur ki, maddi zəkat malı
təmizə çıxartdığı kimi, mənəvi zəkat
da mənəviyyatı saflaşdırır. Əslində,
maddi zəkatı reallaşdıran mənəvi zəkatdır.
Çünki qəlb və vicdanın diqtəsi olmadan
heç kim könül xoşluğu ilə maddi zəkat verə
bilməz. Bəzən vicdan və qəlb heyvani nəfslə
mübarizədə acizliyindən utanaraq, elə streslər
keçirir ki, insan bu zaman vulkan kimi daxilini boşaltmağa
macal tapmayıb, hətta intihara cəhd edir. Lakin vicdan və qəlb,
məhz vaxtında gözdən çıxardığı o
iki damla yaşla ruh və bədən vəhdətində olan
sahibini sakitləşdirərək, onu intihar kimi haramlardan uzaqlaşdırır.
Əslində, bununla qeyb aləminə məxsus olan vicdan və
qəlb, tapdığı yeganə alətlə - göz
yaşı vasitəsilə Rəbbinə sadiqliyini şəhadət
aləminə çıxardır.
"Mən Sənə qul olanda azadam"
İnsanın xəta və günahlardan
qaçmasının əvvəli, qüsurlarının
qüsur olmasını dərk etməsidir. Və bu dərk
etmə də daim onu təqib etməlidir. İmana aid məsələləri
sevmək, küfr, üsyan və günahlara nifrət etmək,
Allahın insanlara, xüsusən möminlərə verdiyi ən
böyük nemətlərdir. Bəndə məhz bu nemətlər
sahəsində onu aşağılayan əksər problemlərdən
xilas olur. "Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə
süsləmiş, küfrə, itaətdən
çıxmağa, (Allaha) asi olmağa qarşı sizdə
nifrət oyatmışdır. Məhz belələri doğru
yolda olanlardır. Bu isə Allah dərgahından olan lütf və
nemət sahəsindədir. Allah (hər şeyi) biləndir,
hikmət sahibidir!" (Hucurat 7,8).
Deməli,
Allah insanlara imanı sevdirmiş və qəlblərində
imanı gözəl göstərmişdir. Bəndə məhz
süslənmiş həzin qəlb və onun məskəni
olan iman vasitəsilə sanki Cənnəti, oradakı mənzərəni
və Rəbbin camalını görürmüş kimi duruma
yetişir.
Hüznlü qəlbin gözdən
çıxartdığı iki damla yaşa - mənəvi zəkata
toxunan hədisdə deyilir: "Bir gün həz.Peyğəmbər
Aişəni ağlayarkən görüb soruşdu: "Nə
üçün ağlayırsan". Aişə
"Hamınız Cəhənnəmə gedəcəksiniz"
ayəsini oxuduqdan sonra çox qorxdum - deyib, Peyğəmbər(ə)-dən
soruşub: "O gün əhlinizi xatırlayacaqsan?". Rəsuli-Əkrəm(ə)
buyurdu: "Üç yer var ki, orada heç kimi
xatırlamayacağam: siratda, mizanda və əməl dəftərlərinin
hər kəsə verildiyi anda". Bəli, əgər şəfaətinə
inandığımız həz.Məhəmmədin həyat
yoldaşı Aişə bu qorxu içində
yaşayıbsa, görəsən başqalarının
halı necə olacaq?
Fərz
üstü fərz sayılan cihad, mal, əl, dil və qələmlə
fədakarlıq, namaz, oruc, könül həyəcanı, həya,
göz yaşı insanın mənəvi həyatını
paklaşdıran ülvi lətifələrdir. Lakin o da bir həqiqətdir
ki, onlardan biri yox olarsa, insanın Rəbbi ilə əlaqəsinə
xələl gələr. Əslində, həmin dəyərlər
bir qıfılın içinə girən açarın
dişləri kimidir. Dişlərin biri hər hansı
deformasiyaya uğrayan zaman o qıfıl
açılmadığı kimi, bəndənin də həmin
dəyərlər olmadan Onun qapısını açması
müşkül olur. Deməli, Allah rizasına nail olmaq istəyən
bəndə həmişə "qıfıla görə
açar" axtarmalı, Onun qapısında durub gözləməli,
qapını tərk etməməli, hətta buna bir
ömür kifayət etməsə belə. Bax, elə qulluq,
Allaha qul olmaq da budur desək, yanılmarıq: "İman gətirənlərin
qəlblərini Allahın zikri və haqqdan nazil olan (Quran)
üçün yumşalması vaxtı gəlib
çatmadımı?! Onlar özlərindən əvvəl
kitab verilən kimsələr kimi olmasınlar. Onların
(peyğəmbərlərilə birlikdə olduqları
dövrün) üstündən uzun bir müddət
keçmiş və (öyüd-nəsihət unutduqları
üçün)qəlbləri sərtləşmişdir.
Onların çoxu fasiqlərdir!" (Hədid 16). Deməli,
qəlbimizin yumşalması, vicdanımızın həmişə
tətikdə olması üçün, biz bu qapının
azadlığı qəbul etməyən kölələri
olmalıyıq. Çünki həqiqi azadlıq bəndənin
yox, Onun qulu olmaq deməkdir. Onun qulu olmaq isə Onun, Peyğəmbər(ə)-nin
kəlamlarına və bu kəlamlardan qaynaqlanan dünyavi
qanunlara hörmət etmək, onlara tabe və qul olmaq deməkdir.
Elə "hamı azad olarkən sevinir, mən isə Sənə
qul olanda azadam" peyğəmbərlər kəlamı da bu
hikmətdən doğub.
Qəlb və
vicdanın oyanması, saflaşması, etiraf və
utanmağın xarici çıxarılmasının
büllur nümunəsidir iki damla göz yaşı. Bu iki damla
yaş buludlu havanın nəticəsi olan
yağışı xatırladır. Yağış
yağdıqdan sonra hava necə sakit, təmiz, günəşli
və aydın olursa, iki damla göz yaşı da tutqun qəlbi
təmizləyir, nurlandırır. Qəlbə rəvanlıq,
vicdana şadlıq gətirən bu hal ilə əlaqədar
Peyğəmbər(ə) buyurub: "Titrəməyən qəlbdən,
yaşarmayan gözdən Sənə sığınıram,
Ya Rəbbim!".
Mən qəlbində
hüzün gəzdirənləyəm
Quran
hüznlə nazil olduğu üçün, hüznlə də
oxunur. Həmin səbəbdən, bəndə Quranı
oxuduqca, oxuyub dərk etdikcə istər-istəməz axirətdəki
sorğudan dəhşətə gələrək
üzü-üstə düşüb, göz
yaşlarını axıdar. Buna səcdədə ikən
ağlamaq da demək olar. "Elmə çatmış kəslər,
yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə
qapanarlar" (İsra 107). Digər bir ayədə Rəbbimiz
buyurur: "Cəhənnəm odu daha istidir! Kaş biləydilər!
Qazandıqları günahların cəzası (əvəzi)
olaraq az gülüb, çox ağlasınlar" (Tövbə
81, 82). Yəni düşünün və
qazandığınız bəzi şeylər
qarşısında ürəkləriniz titrəsin.
Ölüm vaxtı, qəbir əzabı və hesab
günündəki durumunuzu təfəkkür edib, az
gülüb çox ağlayın. Həmin səbəbdən,
kainatın Fəxri(ə) buyurub: "Mənim bildiyimi bilsəydiniz,
az gülüb çox ağlayardınız".
Əlbəttə,
"az gülüb çox ağlayın" - kəlamı
heç də o demək deyil ki, insan bütün ömrü
boyu ağlamalıdır. Əks halda, Peyğəmbər(ə):
"Evlənin, çoxalın, şənlənin, ancaq əndazəni
aşmayın" kəlamı ilə ümmətinə
müraciət etməzdi. Kəlamdan doğan hikmət odur ki,
ey ümmətim, düşünün, ibrət alın, qəlbinizi
həzin və hüznlə doldurun, həya edin. Yeri gəlmişkən,
qəlbin xüsusi halı olan hüzn, insanın insanlığı
idrakından qaynaqlanır ki, bu da bəndənin Rəbbini və
özünü dərk etməsidir. Özünün zəif,
köməksiz olduğunu dərk edən bəndə, məhz
hüzünlü qəlbilə qüdrətli və heç
bir köməyə ehtiyacı olmayan Allaha
sığınır. Cavab isə sox gözləmir. Zira Rəbbimiz
buyurub: "Bizim nəzərimiz şəkilə, surətə
yox, qəlblərədir. Mən qəlbində hüzn gəzdirənləyəm".
Bu baxımdan, Allah bəzən qəmli bir qəlbin
ağlaması ilə bütöv bir millətə mərhəmət
edər. Təsadüfi deyil ki, Allah sakin olacağı yeri -
insan qəlbini ciddi, hüznlü görmək istər.
Tövratda deyilir: "Allah bir qulunu sevərsə, onun qəlbini
hüznlü edər".
"Qəlb
yanmasa, gözdən yaş çıxmaz" xalqın həmişəyaşar
kəlamlarındadır. Həz.Peyğəmbər oğlu
İbrahimin ölümünə ağlayaraq buyurdu:
"Göz yaş tökür, qəlb yanır. Allahın
rizasına uyğun olandan başqa bir söz söyləyə
bilmərik. "Ey İbrahim, səni itirdiyimiz
üçün dərin bir hüzn içindəyik".
Yanındakılar Peyğəmbər(ə)-nin
ağladığını görərək ona, bunu
qadağan etdiyini söylədilər. Rəsuli Əkrəm(ə)
onlara bu cavabı verdi: "Mən hüznü qadağan etmədim.
Bağıra-bağıra ağlamağı yasaq etdim. Məndə
gördüyünüz bu göz yaşları qəlbdəki
sevgi və mərhəmətin əsəridir. Qəlb yanar,
göz yaş tökər. Kim ki, mərhəmət göstərməz,
başqaları da ona mərhəmət göstərməz".
"Həyasız insan
camaat içində çılpaq oturan kimsə kimidir"
Qəlb və
vicdanın zəkatı olan göz yaşı, həm də həyanın
reallaşdırdığı ülvi bir dəyərdir. Həya
Allahu-Təaləyə təzim etmək üçün qəlbin
sıxılması, pis şeylərdən ar edib utanmaq, xəcalət
çəkmək, pərdəli dolanmaqdır. Həya həm
də tövbənin qəbulu üçün bir stimuldur. Əgər
bu stimul Allah rizası üçün gözdən yaş
çıxarırsa, deməli, həmin gözün sahibinin
duası inşəəlləh, qəbul olunar. Həya
imandandır. Həyası olmayanın imanı da olmaz.
"Utanmasan, hər şey edə bilərsən" Peyğəmbər(ə)
kəlamıdır. Həya olmayan yerdə göz quru olar.
Göz quru olarsa, qəlb qatılaşar. Qəlbin
qatılaşması isə küfrün
başlanğıcıdır. "Həyasız insan camaat
içində çılpaq oturan adam kimidir" (Həz.Əbu
Bəkr). Bəs, milyonlarla tamaşaçıya, on minlərlə
oxucuya çılpaq bədənlərini nümayiş etdirənlərə
və buna şərait yaradanlara nə ad vermək olar? Həyasız
üstü həyasızmı? Gözləri quru, qəlbləri
qatılarmı? Allahın tərk etdiyi qəlblərin sahiblərimi?
İki
damla göz yaşı... Bu elə bir haldır ki, insan daxili
dünyasının iztirablarını məhz onunla xaricə
çıxardıb, bəyan edir: dərdliyəm, ey məni
aldadıb toruna salan dünya... Son iki damla göz yaşı
isə can verən insanın qəlbinin son iniltisi, vicdanın
son etirafı, dilinin son "heyhat, kaş, kaş" deməsidir
ki, bunun da sancısını ancaq həmin adam özü
bilir. "Doğrudan da siz aranızda ölən bir adamın
gördüyünü görsəydiniz, fəryad edər,
ağlayıb-sızlayardınız, qorxardınız, qulaq
asardınız, itaət edərdiniz, amma onların
gördüyünü görə bilmirsiniz, çünki
gözləriniz qarşısında pərdə var. O pərdənin
qaldırılıb açılmasına az qalıb,
doğrudan da deyirəm: tutduğunuz işlərdən sizi
çəkindirəcək, öyüd verəcək sözlər,
xəbərlər deyildi, bildirildi sizə. Göydən əmr
alan peyğəmbərlərdən sonra artıq Allahdan xəbər
gəlməz sizə" (həz.Əli). Həqiqətən,
insan can verən adamın nələr çəkdiyini bilsəydi,
heç kimin kömək edə bilməyəcəyi o dəhşətli
anları təsəvvür etsəydi, az gülüb,
çox ağlayardı. Bu baxımdan, Allahın ən sevimli
bəndəsi və peyğəmbəri həz.Məhəmmədin
can verərkən dediyi axırıncı sözlər son dərəcədə
ibrətamizdir: "Ya Rəbbim, ölümün şiddətinə
qarşı mənə asanlıq ver. Canımı
rahatlıqla al".
Ağıl sahibi bilməlidir ki, "Allahın bir mələyi
var, hər gün bağırır: doğulun ölmək
üçün. Toplayın, dağılmaq üçün.
Vurun, yıxılmaq üçün" (həz.Əli).
Ağıl sahibi həm də bilməlidir ki, doğulan hər
körpə ölümə doğru getdiyi kimi, hər
alınıb-verilən nəfəs də ölümə
aparır. Həmin səbəbdən, ağıl sahibi
kiçik günahı böyük, böyük savabı isə
kiçik bilib, axirət əməlini sabaha
saxlamamalıdır: "O qədər olub ki, axirət əməlini
sabaha saxlayıb, ölüm isə bu gün yaxalayıb"
(həz.Əli). Başqa sözlə, vay o haldan ki, namaz və
orucun olmaması ilə yanaşı, gözdə yaş, qəlbdə
həyəcan, üzdə həya olmasın.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 8 noyabr.- S.15.