Dini və milli
tolerantlığın Azərbaycan modeli
Azərbaycan etnik-dini
tolerantlığın örnəyidir
Çağdaş mütərəqqi dünyanın
əsas demokratik dəyərlərindən biri kimi təbliğ
etdiyi etnik tolerantlıq və dini dözümlülük əslində
xalqımızın əsrlər boyu
formalaşdırdığı və əksər ölkələr
üçün nümunə olan məxsusi dəyəridir.
Müasir Azərbaycan vətəndaşları
üçün bu iki dəyərin biri Rəbbimizin nazil
etdiyi səmavi kitablardan, digəri isə nəsillərin
bir-birinə əmanət olaraq ötürdüyü adət
və ənənədən qaynaqlanır.
Bu ənənə, ilk növbədə, ölkənin
coğrafi yeri - iki qitənin kəsişdiyi məkanda
olması ilə əlaqəlidir. Xalqımızın
tarixən dünya ilə bütün iqtisadi-mədəni əlaqələri
bu körpü vasitəsilə olduğu üçün o,
torpağına qədəm qoyan hər millətin nümayəndəsi,
icması ilə sülh şəraitində yaşayıb,
ondan nəsə götürüb, ona nəsə verib. Göründüyü kimi, dini və etnik
tolerantlıq Azərbaycanda İslamdan da qabaq mövcud olub.
İslam dini, sadəcə, bu prosesi mühafizə
edərək inkişaf etdirib.
Tolerantlıq dövlət
siyasətinin prioritet istiqamətlərindəndir
Coğrafi baxımdan Şərqlə Qərbin
qovuşuğunda yerləşən Azərbaycanın tarixi ərazisi
qədim zamandan həm də müxtəlif dini icmaların,
çoxlu etnik qrupların vətəni olub. Şamanizm, zərdüştlük, atəşpərəstlik
bu ərazidə formalaşan və bilavasitə xalqımızla
bağlılıqı olan inanc mənbələri olub. İudaizmin 2500, xristianlığın 1930,
islamlaşmanın 1370-il bundan qabaq Azərbaycanda təşəkkül
tapması, XVIII və XIX əsrlərdən sonra Pravoslav,
Roma-katolik, İncilçi-lüteran kilsələrinin və
sinaqoqların eyni məkanda məscidlərlə birgə fəaliyyət
göstərməsi dünyaya örnək olan unikal dəyərlərdəndir.
Bununla yanaşı, tarixin bütün mərhələlərində
ölkəmizdə etnik və dini konfessiyalar arasında
dözümlülük mühitinin formalaşması, milli,
irqi, dini zəmində heç bir diskriminasiya hadisəsinin
olmaması da danılmaz faktlardır. Halbuki,
müxtəlif dövrlərdə digər ölkələrdə
İudaizm, Xristian və İslam dinindən sui-istifadə edilərək
qanlı hadisələrə, təxribatlara rəvac verilməsi,
dinlərarası münasibətlərin düşmənçilik
səviyyəsinə gətirilməsi acı həqiqətdir.
İftixarla qeyd edilməlidir ki, ölkəmizdə əsrlər
boyu formalaşan tolerantlıq müstəqillik dövründə
daha da möhkəmlənərək, dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə
çevrilmişdir. 1992-ci ildə qəbul edilmiş
"Dini Etiqad Azadlığı Haqqında" AR Qanununa 1996
və 1997-ci illərdə müvafiq düzəlişlərin
edilməsi, Azərbaycanda vətəndaş hüququna malik hər
kəsin dinə münasibətinin müəyyənləşdirilməsi,
istənilən dinə etiqad edib-etməməsi məsələləri,
bu günə kimi 500-ə yaxın müxtəlif dini icmanın
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
qeydə alınması dövlətin tolerantlıq istiqamətində
atdığı önəmli addımlardır.
Müstəqillik dövründə mütərəqqi
islami dəyərlərə qayıdış cəmiyyətin
əxlaqi-mənəvi yüksəlişinə,
xalqımızın bütövlüyü və birliyinə
xidmət göstərmişdir. Qloballaşma
şəraitində ölkədə həyata keçirilən
irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin
yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli
sərmayə qoymaları Azərbaycandakı daxili sabitlik və
onun tərkib hissəsi olan etnik və dini
dözümlülüyün mövcudluğu ilə
mümkün olub.
Dini
tolerantlıq, dözümlülük
anlayışının geniş məna tutumuna toxunan, bu
sözün lakonik izahını verək mərhum prezident H.Əliyevə
görə, "tolerantlıq həm insani münasibətlərin
və cəmiyyətdə gedən proseslərin, həm də
dövlətlərarası, millətlərarası, dinlərarası
münasibətlərin bir çox cəhətlərinə
aiddir... O, təkcə dinlərin bir-birinə
dözümlülüyünü deyil, həm də bir-birinin
adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə
dözümlülük deməkdir".
Tolerantlıq prinsipləri Deklarasiyası 1995-ci il noyabrın 16-da YUNESKO Ali Konfransının
5.61 saylı Qətnaməsilə təsdiq olunub. 1999-cu il
noyabrın 16-da isə Azərbaycan Respublikasının
prezidenti Heydər Əliyev bu əlamətdar gün münasibətilə
ölkədə fəaliyyət göstərən
bütün dini konfessiyaların rəhbərlərilə
görüşərək, dövlətin tolerantlıq ənənəsinin
qorunmasına xüsusi önəm verdiyini, irqindən, dilindən,
dinindən, dünyagörüşündən asılı
olmayaraq, bütün ölkə vətəndaşlarının
sülh, əminamanlıq və qarşılıqlı etimad
mühitində yaşadığını,
konfessiyalararası münasibətlərdə heç bir
problemin olmadığını bildirdi. Bu siyasətin
davamı olaraq, ölkə başçısı İlham Əliyevin
16 noyabr 2007-ci ildə Bakıda keçirilən Beynəlxalq
Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarına
ünvanladığı məktubda deyilir: "Ölkəmizdə
müxtəlif konfessiyaların nümayəndələri tərəfindən
nümayiş etdirilən qarşılıqlı ehtiram,
konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri
mənəvi dəyərlərin mənimsənilməsi
yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir
və Azərbaycanı tolerantlıq baxımından bir
çox ölkələr üçün örnək hesab
etməyə imkan verir".
Tolerantlıq Azərbaycan
xalqının milli-dini sərvətidir
Məlumdur
ki, dinin çox güclü təsir vasitəsi olduğunu nəzərə
alan müasir dünya bütün dinləri
qloballaşma zəminində düşünməyə məcbur
edir. Arnold Toynbinin nəzəriyyəsinə
üstünlük verən Harvard Universitetinin Strateji
Araşdırmalar Mərkəzinin direktoru Samuel Hantinqon
"Sivilizasiyaların toqquşması" kitabında
dünya siyasətində dinlərin fundamental rolundan
danışaraq qeyd edir: "Müasir dünyada din mərkəzi
qüvvə hesab edilir. Məhz "qüvvə" ona
görə ki, insanlara arqumentlər verərək onları səfərbər
edir... Nə siyasi ideologiyalar, nə də
iqtisadi maraqlar insanlar üçün əsasdır. Bu iman və ailə, qan və dindir ki, insan
özünü identikləşdirir, onun uğrunda
döyüşür və ölür". Azərbaycandakı
etnik və dini tolerantlığın unikal nümunəsini
sivilizasiyaların toqquşmasının
labüdlüyünü müdafiə edənlərə misal
gətirən İlham Əliyev həmin məktubunda yazır:
"Bu gün sivilizasiyaların toqquşması və
qarşıdurması konsepsiyasına tərəfdar
çıxanlar zəngin tolerantlıq ənənələrinə
malik olan və Şərqlə Qərb arasında
körpü rolunu oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən
ibrət götürə bilər".
Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər
tarixən öz mövcudluğunu dialoq, tolerantlıq şəraitində
qoruyub. Müasir Azərbaycanda milli siyasət
90-a yaxın etnik qrup, müxtəlif millət və dini
azlıqların əminamanlıq şəraitində
yaşaması və dözümlülük prinsipləri, həm
də, din-dövlət sıx əməkdaşlığı
əsasında müəyyənləşdirilib.
Milli azlıqların dövlət qurumlarında təmsil
olunması, biznes sahəsində geniş iştirakı,
qeyri-hökumət təşkilatlarına və digər
qurumlara rəhbərlik etməsi, bir sözlə, onların
ölkənin iqtisadi, siyasi, mədəni həyatında fəal
iştirakına şərait yaradılması deyilənlərə
bariz nümunəsidir.
Məlumdur
ki, müstəqillik qazanandan az sonra iqtisadi
və siyasi formasiyanın dəyişməsinə baxmayaraq,
İsmayıllı rayonunun əsasən malakanlardan ibarət
olan "Nikitin" adına kolxozun icması kolxoz sisteminin
saxlanmasını mərhum prezident Heydər Əliyevdən
xahiş etmişdi. H.Əliyev malakan icmasının
xahişini yerinə yetirərək, onların kolxoz
quruluşunda fəaliyyətinə heç bir məhdudiyyət
qoymadı...
Məlumdur ki, əhalisinin 96%-i müsəlman olan Azərbaycan
vətəndaşlarının inanc mənbəyi Qurani-Kərimdir.
Müqəddəs Kitabda Rəbbimizin seçdiyi peyğəmbərinə
xitabən: "Sənin vəzifən ancaq təbliğ etməkdir"
(Ali-İmran, 20); "Sən onları zorla imana gətirən
deyilsən" (Qaf, 45); "Dində zor yoxdur" (Bəqara,
256); "Din nəsihətdir" və digər kəlamları
dini tolerantlığın təkzibolunmaz nümunələridir.
1400 il bundan öncə hətta kafirlərlə
(ateistlərlə) birgə yaşamağın
mümkünlüyünü və vacibliyini vurğulayan Quran
bəyan edir: "Allahdan başqalarına tapınanları
söyməyin. Yoxsa onlar da (Allaha qarşı
hörmət və ehtiramı) bilmədikləri üzündən
Allahı düşməncəsinə söyərlər"
(Ənam, 108). Teist-ateist münasibətlərinə
aydınlıq gətirən Rəbbimiz müsəlmanlara
tövsiyə edir: "(Kafirlərə deyin:)
Sizin öz dininiz var, mənim də öz dinim" (Kafirlər,
6). Tolerantlığın zirvəsi sayılan bu kəlam
sonradan Ali Xartiyada (1215-ci il), BMT bəyannamələrində,
Azərbaycan da daxil olmaqla, bütün sivil dövlətlərin
konstitusiyasında təsbit olunub.
Üç monoteist dinin qarşılıqlı hörmət
və etimad şəraitində fəaliyyət göstərməsinin
təqdirəlayiq olduğunu israrla qeyd edən Quran buyurur:
"Müsəlmanlardan, musəvi (yəhudilər), isəvi
(xristianlar) və sabiilərdən Allaha, axirət gününə
inanıb yaxşı iş görənlərin
mükafatları Rəbbinin yanındadır" (Bəqara,
62). Bu ayə latın mənşəli
söz olan tolerantlıqdan yox, tolerantlığı da
özündə ehtiva edən daha geniş dəyərdən-İslam
mədəniyyətindən bəhs edir. Deməli,
İslam coğrafiyasının qısa müddətdə
genişlənməsinin və tolerantlıq da daxil olmaqla, bu
sahədə Azərbaycanın unikallığının əsas
səbəbini həm də İslam mədəniyyətində
axtarmaq daha ədalətli olardı.
Dinlərarası
münasibətlərin ölkəmizdəki təqdirəlayiq
durumu, dini və etnik tolerantlıqda Azərbaycan modelinin
örnəkliyi İSESKO-nun (İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının) 2009-cu il üçün Bakı
şəhərini İslam Mədəniyyətinin Paytaxtı
elan etməsi də söylənən fikri təsdiq edir.
Xalqımızın qədim və zəngin mədəniyyətinə,
islami dəyərlərə ölkəmizdə verilən qiymətə
heyranlığını gizlətməyən İSESKO-nun
Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib:
"Mən Azərbaycanla tanış olduqdan sonra bu qənaətə
gəldim ki, zəngin maddi və mənəvi irsinə görə
Azərbaycan çox əhəmiyyətli ölkədir. İSESKO bütün dünyaya
çatdırmalıdır ki, siz necə də qədim və
zəngin mədəniyyətə sahibsiniz. Azərbaycanla əməkdaşlıq sahəsində
imzalanan sənədlərin həyata keçirilməsi
üçün biz öz tərəfimizdən hər tələbi
yerinə yetirəcəyik və bu əməkdaşlıq digər
üzv dövlətlər üçün nümunə
olacaqdır". Qeyd edək ki, mədəniyyətlərarası
dialoqun aparılması ənənələrinə malik olan Azərbaycan
həm İSESKO-ya, həm də Avropa Şurasına yeganə
üzv dövlətdir.
Tolerantlıq müxtəliflikdə
bir harmoniyadır
BMT-nin
"tolerantlıq prinsipləri deklarasiyası"na görə, dözümlülük
dünyanın zəngin mədəniyyətinin qəbul
olunması, dərk edilməsi, insanın öz fərdiliyini təzahür
etdirmək formasıdır. Buna bilik,
aşkarlıq, düşüncə, vicdan və etiqad
azadlığı, ünsiyyət də aiddir. Tolerantlıq müxtəliflikdə bir
harmoniyadır. Bu təkcə mənəvi
borc deyil, eyni zamanda siyasi və hüquqi tələbatdır.
Tolerantlıq sülhə nail olunmasını mümkün edən
və müharibə mədəniyyətinin sülh mədəniyyətilə
əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Dövlət səviyyəsində tolerantlıq hər
bir insana, ölkə vətəndaşına, diskriminasiyaya məruz
qoymadan, iqtisadi və sosial inkişaf üçün şərait
yaratmaq deməkdir. Təəssüflə
qeyd edək ki, bunu işğalçı Ermənistan dövlətinə
və Qriqorian kilsəsinə şamil etmək olmaz.
451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən
küfr damğası ilə qovulan erməni Qriqorian kilsəsinin
Azərbaycanda fəaliyyət göstərən kilsələrə
təzyiqi, sonradan Ermənistanın dövlət səviyyəsində
etnik təmizləmə və işğalçılıq
siyasətini müdafiə etməsi BMT-nin qətnamələrinə,
tolerantlıq prinsiplərinə dirsək göstərməkdir.
Ermənistanın monoetnik dövlət
olması, bu gün onun müasir dünyanın gözü
qarşısında Azərbaycanın işğal olunmuş
dini və milli abidələrini yerlə-yeksan etməsi də
artıq danılmaz faktdır.
Əksinə,
dünyaya örnək olan dini və milli
tolerantlığın Azərbaycan modelinin prezident İlham Əliyev
tərəfindən BMT kürsüsündən elan edilməsi,
xarici ölkə başçılarının,
dünyanın mötəbər dini icmalarının bu modeli
dəstəkləməsi çağdaş Azərbaycanda
aparılan milli siyasətin uğurundan və onun dönməz
xarakterindən xəbər verir.
Müasir Azərbaycan dünya iqtisadiyyatının
qloballaşması və daha çox mobilləşməsi,
kommunikasiya, inteqrasiya və qarşılıqlı
asılılığın sürətli inkişafı,
irimiqyaslı miqrasiyalar və əhalinin məskunlaşması,
urbanizasiya və sosial sferada əsaslı dəyişiklər əsrində
yaşayır. Bununla yanaşı,
artıq dini-etnik dözümsüzlük və münaqişələr
eskalasiyası da dünyanın hər tərəfini təhdid
etməkdədir. Belə təhlükədən
milli sərhəd və sərvətlərlə qorunmaq
qeyri-mümkündür. Çünki o,
qlobal xarakter daşıyır. Elə Azərbaycanda
dünyaya örnək olan tolerantlığın milli siyasətin
tərkib hissəsinə çevrilməsi də bu zərurətdən
doğub.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.-
24 noyabr.- S. 15.