Tehranın
mərkəzində "Qarabağ şikəstəsi"...
"Ana
dilim ölən deyil" dedi Mənsum İbrahimov
Bunun mənim yaxın qonşumuz olan
İran dövlətinə neçənci səfərim
olduğunu dəqiq xatırlaya bilmirəm. İlk səfərim isə
1989-cu ildə olmuşdu. Onda SSRİ bir nəhəng
qurum kimi yaşayırdı və bizim dövlətimiz Azərbaycan
da onun tərkibində idi. Siyasətimizi də,
mədəni-iqtisadi əlaqələrimizi də onların
iradəsinə uyğun olaraq qurmaq zorunda idik.
Sonra bu imperiyanın
taleyinin necə bitməsi, demək olar ki, indiki nəsillərin
gözləri önündə baş verdi.
Digər İttifaq respublikaları kimi, Azərbaycan
Respublikası da istiqlaliyyat əldə etdi. Suveren dövlətimiz yarandı və ölkəmiz
özünün siyasi, iqtisadi, mədəni əlaqələrini
müstəqil olaraq həyata keçirdi. Bəli,
bu gün Azərbaycan dünya məkanında müstəqil
dövlət kimi söz və nüfuz sahibidir.
İrana yola düşərkən,
orada olanda, oradan geri qayıdanda yaddaşımda dolanan, bir vətəndaş,
bir şair kimi mənə qürur və ilham verən də
bu doğma, ipisti duyğular idi. Sentyabrın 25-dən 30-dək
İran İslam Respublikasında ölkəmizin tarixində
ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri
keçirilirdi. Nümayəndə heyətinə Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev başçılıq edirdi. Sıralarında
isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri,
AMEA-nın müxbir üzvü Nizami Cəfərov,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Sarvan İbrahimov, Azərbaycan Rəssamlar
İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov,
xalq rəssamı Ağəli İbrahimov,
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya
şöbəsinin müdir müavini Müşfiq Hətəmov,
rejissor Ziya Şıxlinski, tanınmış şair Adil Cəmil,
"Mədəniyyət" qəzetinin baş redaktoru
İntiqam Hümbətov, bu sətirlərin müəllifi və
digər tanınmış sənət və incəsənət
xadimləri daxil idi.
Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava
Limanında AZAL-a məxsus Bakı-Tehran aviareysinə əyləşdik.
Stüardessa elan etdi ki, 55 dəqiqədən sonra Tehrandakı
İmam Xomeyni adına Beynəlxalq Hava Limanına enəcəyik.
Gözünə dönüm zaman, bir vaxtlar bu yaxın məsafəni
Moskvadan keçib gələrdik.
Azərbaycanın İran İslam Respublikasında
keçirilən mədəniyyət günləri də bu xətlərdən
biri idi. Nümayəndə heyətimizin üzvlərindən
biri "sizin xəbəriniz varmı, biz tarixə
düşürük" dedi.
Bizə Tehranın ən yaxşı otellərindən birində
- "Eram"da yer ayrılmışdı. O qədər də
böyük olmayan bu otel olduqca sakit və yaxşı bir
guşədə yerləşir. Mənim bu ölkəyə səfərlərim
həmişə yaz və yay aylarına təsadüf edib. Bu
dəfə isə Tehranın payızına gəlmişdik.
Tehranın küçələrində tez-tez əli
süpürgəli adamlara rast gəlmək olurdu. Diqqəti
çəkən bir yarpaq, bir kağız parçası həmin
andaca süpürülüb götürülür.
Sentyabrın 27-də şəhərin Niyavəran Mədəniyyət
Sarayında Azərbaycan Mədəniyyət Günlərinin təntənəli
açılışı oldu. Hələ bir
gün əvvəl sarayın bağına və ətrafına
sonsuz sayda gül-çiçəklər gətirilib
düzülmüşdü. Deyirlər Məhəmməd Rza
şah zamanında bu sarayı özünün qış
tamaşa zalı kimi inşa etdiribmiş. Salona toplaşanlar
İran İslam Respublikasının islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd
Hüseynini, İran prezidentinin müşaviri, Mədəni və
İslami Əlaqələr təşkilatının sədri
Mehdi Mustafavini, Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevi, digər rəsmi
şəxsləri alqışlarla qarşıladılar.
Aparıcı xanım İran İslam Respublikasında Azərbaycan
Mədəniyyəti Günlərinin
başlandığını elan etdi. Azərbaycanın və
İranın dövlət himnləri səsləndi. Ürəyimdə
"nə xoşbəxtik ki, bu günləri
gördük" deyirdim. Müstəqil Vətənimin
dövlət himni səslənir, dövlət
bayrağımız salonlara yaraşıq verir. Günlərin
də bəxti var deyirlər. 25-30 sentyabr 2010-cu il tarixdə
bir də onunla yadda qalacaq ki, həmin vaxt Tehranda və Təbrizdə
dilimizin gözəllikləri, musiqimizin incəlikləri, nəğmələrimizin
ecazkarlığı yaddaşlara, könüllərə
sonsuz məhəbbət və təravət bəxş elədi.
Azərbaycan mədəniyyətini ümumilikdə
İran İslam Respublikasında 70 nəfərədək sənət
adamı - musiqiçilər, ziyalılar, dövlət xadimləri
təmsil edirdi. Hər bir kəs isə Azərbaycanı, onun
zəngin mədəniyyətini bizə dost və qardaş
ölkədə təmsil etdiyindən qürur və
iftixarını gizlətmirdi. Sənətçilərimiz və
musiqiçilərimiz böyük şövqlə oxuyur, rəqs
edir, nitqlər söyləyirdilər. İranla Azərbaycanı
kökləri daha qədimlərə gedən yaxınlıq,
mehriban dostluq, qardaşlıq telləri bir-birinə
qovuşdurur. Müştərək tariximiz, dini
bağlılığımız, oxşar mədəniyyətlərimiz
həmişə iftixar mənbəyi olub. Nümayəndə
heyətinin başçısı, Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev keçirdiyi rəsmi
görüşlərdə, təntənəli
açılışda bu münasibətləri bir daha önə
çəkməklə təkcə tariximizə
qayıdış etmədi, nazir həm də gələcəyimizin
öyünüləcək bir tarixə çevriləcəyinə
dərin ümidlər bəslədiyini diqqətə
çatdırdı.
Rəsmi çıxışlardan sonra Tehranın mərkəzində
"Qarabağ şikəstəsi" səsləndi. Xalq
artisti Mənsum İbarhimov, əməkdar artist Təyyar
Bayramov çiyin-çiyinə verib Niyavəran sarayına,
könüllərə, ürəklərə təravət
yaydılar. Bir qədər bundan əvvəl
hörmətli nazirimiz ermənilərin Azərbaycana
qarşı təcavüzkarlıq siyasətindən, fitnəkar
qonşularımızın füsunkar Qarabağa sahib
çıxmaq niyyətlərindən,
torpaqlarımızın işğalından, maddi-mədəni
irsimizin, tarixi memarlıq abidələrimizin qəddarcasına
məhv edilməsindən söhbət
açmışdı. Bu bizim "şikəstəmiz",
bu da irəli sürdüyümüz haqlı ittihamlar. Bəs
dünya ictimaiyyəti nə vaxtadək susacaq - deyə yanımda
əyləşən iranlı qardaşım gileyini bildirdi.
Sonra isə xalq artisti Mənsum İbrahimov:
Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm,
Dilim ölsə, mən də ölləm -
Ana dilim ölən deyil! - söylədi.
Tarzən Elçin Həşimovun,
kamança ustası Elnur Əhmədovun, udda Mircavad Cəfərovun,
nağarada Kamran Kərimovun ifaları tamaşaçılar tərəfindən
gurultulu alqışlarla qarşılandı. Əməkdar
mədəniyyət işçisi Nemət Qasımlı sinəsində
saz səhnəyə çıxanda alqışlar elə bəri
başdanca salonu başına aldı. "Ruhani",
"Yanıq Kərəmi" sazda dilə gəldi. Hər görüşün, hər bir ünsiyyətin
elə anları olur ki, gözə, ürəyə
köçüb insan yaddaşının lqızıl
fondu"na yazılır. Tehran və Təbriz
görüşlərində belə məqamlar
saysız-hesabsız oldu. Nəzərlərimi
salonlara gəzdirəndə üzlərdəki mehriban təbəssümü,
gözlərdəki sevinc və həsrət
işığını
yığıb-yığışdıra bilmirdim. Bu görüşlər dünyamız içində
bir dünyaya çevrilmişdi. Adı və
ünvanı olan bir dünyaya
Xalq artisti,
görkəmli dirijor Teymur Göyçayevin rəhbərliyilə
Azərbaycan Dövlət Kamera Orkestri özünün silsilə
çıxışları ilə İran
tamaşaçılarının yaddaşından,
şübhəsiz ki, uzun zaman silinməyəcək. Nəğmə var ki, gəlib-gedir, nəğmə
var ki, heç nədən və heç kimdən
asılı olmayaraq əbədiyaşarlıq qazanır.
Bu orkestrin ifasında və onun müşayiətilə
səslənən mahnıların bir ünvanı var idi - əbədiyyət.
Vokalçılar, əməkdar artist Samir Cəfərov,
Anar Şuşalı klassik müsiqidən və
mahnılarımızdan nümunələr oxudular. Bu səfərdə şahidi olduğum bir məqamın
da üzərində dayanmaq istəyirəm. O da Azərbaycan
Dövlət Mahnı və Rəqs Ansamblının
oğlanlardan ibarət rəqs qrupunun peşəkarlığı
ilə bağlıdır. Gənc rəqqaslarımız
"Toy", "Qaytağı", "Çobanlar",
"Qılınc oynadanlar" rəqslərini, mən deyərdim
ki, iranlı tamaşaçıların, qardaş və
bacılarımızın ürəklərinə, gözlərinə
köçürə bildilər. Səhnədəki
hər bir an, hər bir çevik hərəkət maraq və
heyrət doğururdu. Bu, gənc sənət
ustalarımızın əsl peşəkarlığı, mən
deyərdim ki, qəhrəmanlıqları idi. Azərbaycan
Dövlət Filarmoniyasının direktor müavini, dostum Afət
Mikayılov "Təəssüf ki, qızlardan ibarət rəqs
qrupumuzu gətirə bilmədik" - dedi.
Sentyabrın
28-də Əbülfəs Qarayevin rəhbərliyilə
nümayəndə heyətimizin kiçik bir qrupu təyyarə
ilə Tehrandan Təbrizə yola düşdü. Günorta çağlarında təyyarəmiz Təbrizin
göylərindən yerə endi. Hava limanından
Təbrizə doğru gedirdik. Təbrizdə
də isti bir payız günü idi. Ətrafda
sanki təravətli bir bahar nəfəsi dolaşmaqda idi.
Yollar boyu salxım söyüdlərin naz-qəmzəsi
ürəkləri riqqətə gətirirdi. Hamımız bir ağızdan "Salam, doğma Təbriz!"
dedik. Yaddaşlarda böyük şairimiz Süleyman
Rüstəmin misraları səslənirdi:
Nə gözəldir yol
boyunca söyüdlər,
Söyüdlərin
kölgəsində igidlər
Təbrizin
ən gözəl otellərindən sayılan "Pars"da
gecələdik. Otel şəhərin kənarındadır.
Buradan baxanda Eynal-Zeynal dağlarının sərt
qayaları, yastıq təpələri adamın
gözünü oxşayır. Bəlkə
uzunillik həsrətimizdəndir, bəlkə də sonsuz
sevgimizdən - Təbrizdə hər şey adama doğma və
əziz görünürdü. Ana dilimizin Təbrizə
məxsus ləhcəsi bizimlə söhbət edən təbrizli
qardaşlarımızın dilindən şipşirin bal kimi süzülüb gəlirdi.
Mənə qardaş deyən
dilinə qurban,
Çiçəyinə
qurban, gülünə qurban
Axşam Şərqi Azərbaycanın
ostandarı Əlirza Belginin və Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın
İran İslam Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Cavanşir Axundovun, Azəbaycanın
Təbrizdəki baş konsulu Əli Əlizədənin,
Naxçıvan Muxtar Respublikasının mədəniyyət
və turizm naziri Sarvan İbrahimovun fəxri qonaq kimi
iştirak etdiyi böyük bir konsert proqramı nümayiş
etdirildi. Şair dostum Adil Cəmil ilk olaraq səhnəyə
çıxıb qonaqları salamladı. Sonra
söz mənə verildi. Söylədiyim şeirin son bəndi
bu misralarla bitirdi:
Bizə nə gətirdi
zaman gətirdi,
Hərdən üzü
döndü hicran gətirdi,
Axır ki, vüsallı
bir an gətirdi,
Deyirəm nə
yaxşı görüşə bildik!
İllər
də, günlər də sular kimi axıb gedir. Təbrizlilər qarşısında, qardaş və
bacılarımızın önündə
çıxış etmək, şeir söyləmək bəlkə
də həyatımızın ən unudulmaz anları kimi həm
şair qardaşım Adil Cəmilin, həm də mənim
yaddışımdan uzun zaman silinməyəcək.
Sentyabrın 29-da
sübhün gözü açılar-açılmaz Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
səfir Cavanşir Axundov, baş konsul Əli Əlizadə və
Təbrizə yola düşmüş kiçik nümayəndə
heyətimiz üstad şair Məmmədhüseyn Şəhriyarın
məzarının ziyarətinə yollandı. Qədim
"Sürhab" qəbiristanlığının
qapıları açıldı. Biz Məmmədhüseyn
Şəhriyanın məzarı önündəydik. Buraya şairlər qəbiristanlığı da
deyirlər. Bələdçi diqqətimizə
çatdırdı ki, "Sürhab"da 60-a yaxın
söz və sənət bahadırı uyumaqdadır. Onların sırasında ədəbiyyatımızın
klassikləri Xaqani Şirvani, Qətran Təbrizi və digərləri
var. Ən son dəfn olunan isə böyük Məmmədhüseyn
Şəhriyardır. O bu yeri hələ
sağlığında seçibmiş. Söz
sözə, şair şairə söykənibdi
"Sürhab"da. Ürəyimdən misralarım
keçirdi:
Sübhün ala
gözü üstünə gəldik,
Alovuna gəldik,
tüstünə gəldik.
Ey Tanrım, nə
gözəl xoş günə gəldik -
Salam, Şəhriyarım,
salam, ustadım!
Mənzili
yaxınmış səadətin də,
Könül
duyğulandı ziyarətində.
Dost, qardaş tanınar
düşsə çətində -
Salam, Şəhriyarım,
salam, ustadım!
Mən olmasam belə
ürək dinəcək,
Arzular
güləcək, dilək güləcək.
Səcdənə hər
zaman ellər gələcək -
Salam, Şəhriyarım,
salam, ustadım!
Şairlər beşiyi
bu yerin adı,
Xaqani
burdadı, Qətran burdadı.
Məni ovsunlayan min an burdadı -
Salam, Şəhriyarım,
salam, ustadım!
Sanma yuxudadır söz sərrafları,
Şeirin, sənətin
solmaz baharı,
Dil açır
könlümün min arzuları -
Salam, Şəhriyarım,
salam, ustadım!
Hər vaxt
qulağımda səsləndi səsin,
Savalan yelləri
doğma nəfəsin.
Bakıdan gəlmişik,
bir səsin gəlsin -
Salam, Şəhriyarım,
salam, ustadım!
Həmin
gün Təbrizdə VIII Beynəlxalq Kitab Yarmarkası
açılırdı. Azərbaycanın
İran İslam Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Cavanşir Axundovun rəhbərliyilə
sərginin açılışında iştirak etdik. Fars dilində gedən təntənəli
açılışda nümayəndə heyətimizi Azərbaycan
dilində salamladılar. Təbrizdən
Tehrana qayıdırıq. Həmin axşam
Tehranda Azərbaycan Mədəniyyəti Günlərinin
bağlanış mərasimi oldu. Yenə
də mahnılar, yenə də çıxışlar.
Uşaqlıqda anamın dilindən tez-tez eşitdiyim bir
bayatı bu günlərdə tez-tez yaddaşımda
dolaşırdı:
Əzizim Təbriz
yaxşı,
Tehran, Təbriz
yaxşı.
Arazı dərya etdi,
Gözlərin
qan yağışı.
Bəli,
günün də bəxti var deyirlər. 25-30
sentyabr hər halda bəxti gətirən günlər kimi
ürəklərdə, könüllərdə və ən nəhayət
tarixin səhifələrində yaşayacaq. Məhz bu
günlərdə Azərbaycanın tarixində ilk dəfə
olaraq dost və yaxın ölkədə Azərbaycan Mədəniyyəti
Günləri baş tutdu. Bu böyük bir qələbə
idi - Azərbaycan mədəniyyətinin qələbəsi
Taleh HƏMİD
Tehran-Təbriz-Bakı
25-30 sentyabr 2010-cu il
Bakı xəbər.-
2010.- 12 oktyabr.- S. 15.