Bu gün "Məmməd
Araz günüdür"..
"Biz Cənubi Azərbaycan, o "Azərbaycanın
cənubu" deyirdi
Gülxanım Fətəliqızı böyük
şairlə ailə qurmasının tarixçəsini bir
daha xatırladı
Sinəsində Azərbaycan
boyda ürək gəzdirirdi Məmməd Araz. 77 il əvvəl
Şahbuzun Nurs kəndində, Arazın kənarında
doğulmuşdu böyük şair. Arazın qanlı, həsrətli
suları onu şair eləmişdi. Sağlığında
iyirmiyə qədər kitabı nəşr edilmişdi. Hər
kəs onun yazdıqlarını vətən nəğməsi
bilib oxuyurdu. M.Araz vətəndaş şair idi.
2004-cü ildə
dünyadan xalq şairi kimi köçən Məmməd Araz
tükənməz söz sərvəti qoyub gedib
xalqımıza. Həmkarı Tofiq Mütəllibov deyirdi:
"İndi şairin dostları da, düşmənləri də
etiraf etməyə məcbur olub ki, hər xalqın
yaxşı şairləri olsa da, Məmməd Arazı
yoxdur". Haqlı idi. 41 yaşında amansızlıqla
çarəsiz xəstəlik sinəsinə
çökmüşdü. Həkimlər bunun əsəblə
bağlı olduğunu desə də, dərdinə əlac edə
bilmirdi. Düz otuz il o bu xəstəliklə mübarizə
apardı. Sonda ölüm qələbə çaldı, əcəl
sevindi.
Oktyabrın 14-ü
Məmməd Arazın doğum günüdür. Ailəsi
xalq şairinin ad günündə onun məzarını ziyarət
eləməkdən ötrü I Fəxri Xiyabana gedəcək.
Qırx yeddi il xalq şairilə birgə ömür sürən
həyat yoldaşı Gülxanım Fətəliqızı
bizimlə söhbətində dedi ki, Məmməd Arazla
yaşadığı illərə görə qətiyyən
təəssüflənmir. Birgə həyatın sevinci də,
ağrı-acısı da, söz-söhbəti də olub,
lakin bir-birinin əlindən möhkəm yapışıblar
ki, yıxılmasınlar: "Kim desə ki, ailəmdə
söz-söhbət olmur, inanmayın. Təbii ki, xırda
söz-söhbətlər yaşamışıq. O 30 il xəstə
olub. 41 yaşında bu xəstəliyə düçar
olmuşdu. 30 il bir xəstənin nazını çəkmək,
ona qulluq eləmək çox çətindir. Amma mən
heç vaxt onunla ailə həyatı qurmağıma təəssüflənməmişəm.
Aramızda inciklik olsa da tez barışmışıq, Əliağa
Kürçaylı demiş bir-birimizin əlindən tutub
üzü küləyə doğru getmişik. O, məni
özülə bir çox respublikalara aparıb. Ən
böyük arzusu isə məni Orta Asiyaya aparmaq idi. Amma xəstəlik
aman vermədi. Uşaqları qoymaq üçün yer tapan
kimi gedirdik, səfərimiz maraqlı alınırdı".
Gülxanım Fətəliqızı
ilə Məmməd Araz 1957-ci ildə tanış olub. Tələbə
qız Məmmədi əməlli-başlı
övsunlayıbmış. Gənc Gülxanım da Məmməd
İbrahimin (o vaxt Məmməd Araz Məmməd İbrahim idi)
əvvəlcə şeirlərinə, sonra isə özünə
vurulubmuş":1957-ci ildə tanış olmuşduq. Həmin
ərəfədə Məmməd Səid Ordubadinin
"Qılınc və qələm" əsərini
oxumuşdum. Orada Qətibənin Nizami haqda bir sözü
vardı":Sənin yaratdığın incilər mənim
boynumdan asılsın". O sözlər mənim daim beynimdə
dolaşırdı. Tanışlıq zamanı Məmməd
dedi ki, mən şairəm. Söhbətimiz tutdu. 1958-ci il
noyabrın 8-də ailə həyatı qurduq. Bir ildən sonra
noyabrın 9-da ilkimiz İradə doğuldu. O Məmməd
İbrahimov idi. Sonra "ov"u atıb Məmməd
İbrahim oldu. 1969-cu ilin sonu 1970-ci ilin əvvəllərində
Araz təxəllüsünü götürdü. Özü
deyirdi ki, mən Araz sahilində doğulmuşam, Araz dərdi
mənim də dərdimdir. Biz "Cənubi Azərbaycan"
deyirik. O isə həmişə "Azərbaycanın cənubu"
deyirdi".
Gülxanım Fətəliqızının
sözlərinə görə, M.Arazın şeirlərini qəzet
kanarından bir yerə yığıb üzünü
köçürürmüş":Onun rəhmətə
gedənə qədər evi oldu, əvvəl bir şəraitimiz
yox idi. Heç yazı masasını qoymağa evdə yer
tapa bilmirdik. Məmməd şeirlərini qəzet
küncünə, ora-bura yazırda, mən də onu
köçürürdüm. Məndən başqa heç kəs
onun xəttini oxuya bilmirdi. Şeirlərini bir yerə mən
toplamışam, özü isə çap etdirib. Mən ona
bir həyat yoldaşı kimi deyil, bir vətəndaş, ədəbiyyat
müəllimi kimi yanaşmışam. Onun haqqında
yazılan bütün məqalələri, yazıları
toplayıb böyük bir kitab çap etdirmişəm. Onun
sevgi və təbiət lirikasını ayrıca bir kitab
şəkilində çap etdirmək istəyirəm".
G.Fətəliqızı
dedi ki, Məmməd Araz bütün fəxri adlara layiq
görülsə də, xəstəlik onu sevinməyə
qoymayıb":Xəstə olduğu üçün
heç bir fəxri adı onu sevindirməyib.
"İstiqlal" ordenini ilk alanlardandır Məmməd.
Yalnız nəvələrinin dünyaya gəlməsi onu
sevindirib. İradənin oğlu Toğrul doğlulanda Məmmədin
sevincinin həddi-hüdudu yox idi. Bundan əvvəl deyirdi ki, mənim
oğlum yoxdur, qəbir evinə yadların çiynində gedəcəyəm.
Oğulsuzluğu ona çox pis təsir edirdi. Biz əkiz
oğlanlarımızı körpəykən itirmişdik, o,
bunu özünə böyük dərd edirdi. Nəvələr
dünyaya gələndən sonra isə əməlli-başlı
təsəlli tapdı. Yeri gəlmişkən, bəzi
televiziyalarda müxbirlər şairlərin şeirlərini səhv
salır. Bir jurnalist Məmməd Arazın məşhur "vətən
daşı olmayandan olmaz ölkə vətəndaşı
şeirini" Bəxtiyar Vahabzadənin şeiri kimi təqdim
eləmişdi. Bu mənə pis təsir elədim".
Məmməd
Arazın amansız xəstəliyə tutulmasında bədhaxlarının
"zəhməti"nin çox olduğunu deyən həyat
yoldaşının sözlərinə görə, onun vətənpərvərliyi,
ana dilimizə sevgisi çoxlarını qane eləmirdi. Barəsində
Mərkəzi Komitəyə "danos" yazanların az
olmadığını bildirən G.Fətəliqızının
bildirdiyinə görə, bunun nəticəsində M.Araz
işdən çıxırılıbmış, bu da ona
çox pis təsir edirmiş: "Onun millətçiliyi, vətənsevərliyi
Kommunist Partiyasının nökərlərinə xoş gəlmirdi.
İşdən çıxarılması ona pis təsir
edirdi. Elə olurdu ki, o günlərlə yatmırdı. Əsəbləşmək
onu o vəziyyətə saldı. Bununla yanaşı onun
şeirlərini böyük ürəklə çap edən
oğullar da vardı".
İradə SARIYEVA
Bakı xəbər.- 2010.- 14 oktyabr.- S. 14.