Quran həm də dözümlülük
nümunəsidir
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və
millətin ən ümdə və ülvi
vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin
varlıq qayəsini qorumaqdır. Fitratdan
verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü
inanclı bəndə kimi təqdim edə
bilər. Dinin tələb etdiyi
qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət
gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin
nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını
istər.
İslamda dinin varlıq qayəsi
aşağıdakı təməl haqq və
azadlıqların gerçəkləşdirilməsindən
ibarətdir: 1) yaşamaq haqqı olan canının qorunması (dinindən,
irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə
vətəndaşının dövlət mühafizəsi
altında olması), 2) düşüncə və
söz azadlığının
qorunması, 3) insan kimi
yaşamasını təmin edən malının qoruması
(ölkənin yeraltı, yerüstü sərvətlərinin
hər hansı müdaxilədən mühafizə edilməsi),
4) hər bir vətəndaşın,
icmanın dininin qorunması, 5) soy və tarixini davam etdirən nəslinin yaşamaq
haqqının təminatı (gələcək nəslin
qorunması). Qeyd edək ki, Peyğəmbər(ə)
dövlətçiliyi dövründə ciddi
qorunan bu təməl
prinsiplər tarixən uzun və keşməkeşli
yol keçdikdən sonra
yenidən formalaşaraq, müasir
beynəlxalq hüquq və ölkə konstitusiyalarda "Əsas İnsan
və Ölkə Hüquqları və Azadlıqları" kimi təsbit edilib.
Quranda
qorunması vacib olan bu 5 prinsipin dünyəvi qanunlarla qorunmasına ilk təşəbbüs
ilk vəhyin nazilindən yalnız 605 il sonra baş
tutub. Belə ki, ilk dəfə 1215-ci ildə İngiltərə
Ali Xartiyasında yazılıb: "Biz Allahın iradə və istəyini yerinə
yetirmək məqsədilə qərara aldıq ki, hər bir insan yaradılışdan maddi
və mənəvi dəyərlərə malikdir.
Onların qorunması və inkişafı üçün
dövlət və cəmiyyət məsuliyyət
daşıyır".
Bundan 572-il sonra, yəni 1787-ci il
ABŞ Konstitusiyasının yaradıcılarından biri olan A.Homilton
insan haqlarının
yaradılışdan gəldiyini nəzərə alaraq, həmin dəyərləri hətta Ali Qanunda yazmağa
lüzum görmədi. Quran
hikmətindən doğan bu
prinsiplərin qorunması barədə İnsan
və Vətəndaş Hüquqları Bəyannaməsinin
(1789, Fransa) Preambulasında isə deyilir: "Biz Allah qarşısında və Onun
köməyilə yaradılışdan gətirilən insan azadlıqlarını
tanıyırıq. Bu hüquqlara
hörmət etməyən, ona
qarşı çıxan hər kəs cəmiyyətin bədbəxtliyi
və dövlətin çürüməsinə gömək
edir". Sonralar bu haqqlar BMT tərəfindən
vacib bir tələb olaraq BMT-nin Ümumdünya İnsan
Hüquqları Bəyannaməsində (10 dekabr,
1948) beynəlxalq sənəd kimi qəbul
olundu.
Təəssüflə
qeyd edək ki, bu azadlıqların istər səməvi kitablarda (xüsusən Quranda),
istərsə də sonradan beynəlxalq sənədlərdə
yer almasına baxmayaraq,
hələ də dünyada irq, din, dil
və düşüncə tərzinə görə diskriminasiyalar kifayət qədərdir.
Məlumdur ki,
İslamın 5 varlıq qayəsinin qorunmasında ölkənin
suverenliyinə xidmət edən müdafiə tədbirlərilə
yanaşı, həm də mənəvi-əxlaqi dəyərlərin
xüsusi rolu var. Bu dəyərlərdən ən vacibi
dözümlülük və
tolerantlıqdır. Çünki öz dəyərlərinə hörmət edən
və onların qorunmasına mükəlləf olan hər bir şəxs,
başqa birisinin də
inanc və düşüncələrinə
hörmət etməli, onlara dözümlü
yanaşmalıdır. Başqa sözlə,
öz dininin müqəddəsliyini
görmək istəyən bəndə başqasının
inancına xələl gətirməməlidir. Hətta
qarşı tərəf kafir, ateist olsa belə. Bu, Rəbb tələbidir: "Allahdan başqalarına tapınanları
söyməyin. Yoxsa onlar
da (Allaha qarşı
hörmət və ehtiram) bilmədikləri
üzündən Allahı düşməncəsinə
söyərlər" (Ənam, 108).
Ümumiyyətlə, Qurani-Kərimdə
dözümlülüyü
reallaşdıran əxlaqi prinsiplər bilavasitə və ya dolayısı ilə əmr və tövsiyə
şəklində verilib. Bunlardan
bəzilərinə nəzər salaq.
"(Ya Rəsulum!)
İnsanları hikmətlə (Quranla, təkzib
olunmaz dəlillərlə), gözəl
öyüd-nəsihətlə Rəbbinin yoluna
dəvət et, onlarla
ən gözəl tərzdə davran"
(Nəhl, 125); "Dində zor işlətmək
yoxdur". (Bəqara, 256) ayələri
İslamın digər din və inanc sahiblərinə münasibətini ortaya qoyur. Təsadüfi
deyil ki, sonuncu mükəmməl din
olan İslam,
yarandığı vaxtdan bu
günə kimi zorən müsəlmanlaşdırmağa
lüzum görməmişdir. İslam müsəlmanların fəth etdiyi torpaqlarda yaşayan heç kimi zorla İslama
dəvət etməmişdir. Hər kəsi öz inancında sərbəst buraxan bu din,
nələrin haq və batil
olduğunu göstərməklə kifayətlənmişdir.
Vaxtı ilə müsəlman dövlətinin idarəsi
altında yaşayan qeyri
müsəlmanların da, Azərbaycan daxil olmaqla bəzi çağdaş İslam
ölkələrinin də bu prinsipə sadiq qalmaları deyilənlərin bariz nümunəsidir. Vurğulanması vacibdir ki, inanca
və dinə qarşı zor işlətməmək
əmri İslamın zəif olduğu
dövrdə yox, onun siyasi, sosial və hərbi
gücə sahib olmasından sonra nazil olub.
"Dində zor
işlətmək yoxdur" ayəsinin nazil olama səbəbi də
çox maraqlı və ibrətamizdir. Təbəri (v.e. 923) və İbni Kəsirdən (v.e.
1377) gələn qaynağa görə, bu ayə ənsardan (Ənsar-Məkkədən
hicrət etdiyi zaman Həz.Peyğəmbəri
yaxşı qəbul və ona yardım edənlərə
verilən ad) Əbul-Hüseynlə əlaqəlidir.
Belə ki, xristian
tacirlərilə sıx əlaqədə olan
Əbul-Hüseynin iki oğlu
xristianlığı qəbul etmişdi. Bu isə Əbul-Hüseyni çox
darıxdırırdı. Heç bir tədbirin fayda vermədiyinə
əmin olan Hüseyn əhvalatı
Həz.Peyğəmbərə danışır. Bundan sonra atanın
sıxıntısına son qoyan və övladların
xristianlığı seçməsində sərbəst olduğunu bildirən "Dində zor yoxdur" ayəsi nazil oldu. Məlum
ayəni şərh edən Əlmalılı Məhəmməd
Həmdi (v.e. 1942) daha
irəli gedərək deyib ki, burada yasaqlanan
zor, güc yalnız dinin qəbulu ilə əlaqəli deyil, din həm də istənilən
sahədə insana güc
tətbiq edilməsini qadağan edir". Deməli, ayənin müasir təfsirlərindən biri də insan şərəf
və ləyaqətinin alçaldılmasınınəqətiyyən
yolverilməzliyidir.
İslami əxlaqda
dözümlülüklə yanaşı əfv etmək də
çox önəmlidir. "Bilərəkdən
və ya bilməzlikdən haqsızlıq
edən, səhf və günah işlədən
adamı bağışlamaq, cəzalandırmamaq"
anlamını verən əfv, vətəndaş həmrəyliyini
təmin edən mühüm dəyərlərdən
biridir. Bu barədə
Rəbbimiz buyurub: "(Ey
möminlər!) Kitab əhlindən bir çoxu həqiqət
onlara bəlli olduqdan sonra belə, həsəd üzündən sizi iman gətirmiş olduğunuz halda, yenidən
küfrə sövq etmək istərlər.
Allahın əmri gəlincəyə qədər həmin
şəxsləri əfv edin və
onları qınamayın (dözümlü
olun, onlardan üz çevirməyin)" (Bəqara, 109). Məlumdur
ki, İslamdan
qabaqkı Cahiliyyət dövründə pisliyə pisliklə
cavab vermək qəbul edilmiş
bir qayda idi. Bunun əksinə davranış
zəiflik və acizlik kimi
dəyərləndirildiyi üçün
insanlar əfv etmək əvəzinə, çox vaxt cəzalandırmağa
üstünlük verirdi.
Qurani-Kərimə görə, bir pisliyin qarşılığı ona bərabər bir cəzadır
və bu, ədalətin ölçüsü
olsa da,
bağışlamaq daha
yaxşıdır: "Hər bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik
edəni) bağışlasa və (onunla)
barışsa, onun mükafatı Allaha aiddir" (Şura, 40). Həmin səbəbdən
Peyğəmbər(ə) pislik edənlərə
qarşı münasibətini "Sən bağışlama yolunu tut, yaxşı
işlər görməyi əmr et" (Ərəf,
199) prinsipi üzrə qurmuşdu.
"Allahdan qorxan kimsələr qəzəblərini udar, insanların günahlarından keçərlər.
Allah
yaxşılıq edənləri sevər" (Ali-İmran, 134) ayəsi isə nəfsin dərinliklərindən
"vuracam, yıxacam" təhdidlərilə
coşa-coşa gələn qəzəb selini boğmağın böyük
ərlik, üstünlük, fəzilət
olduğunu ortaya qoyan barış düsturudur.
Bu baxımdan xalqımızın
"yamanlığa yaxşılıq nər kişinin
işidir" məsəli ilə
üst-üstə düşən Quranın: "Rahmənin
(əsl) bəndələri o kəslərdir
ki, onlar yer üzündə təmkinlə gəzər,
cahillər onlara söz
atdıqları zaman (onları incitməmək
üçün) salam
verərlər" (Furqan, 63) ayəsi, dini və dünyəvi dözümlülüyün
vəhdətinə sahib olan
Azərbaycanın məxsusi dəyəri kimi
qiymətləndirilə bilər.
Lakin
barış, sülh, əmin-amanlıq dini olan İslam
bununla kifayətlənmir. Rəbbimiz buyurub: "Yaxşılıqla pislik eyni ola
bilməz! Sən pisliyi
(yaxşılıqla) dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki
yaxın bir dost
görərsən!" (Fussilət, 34). Göründüyü kimi, ayə düşməni dost
etməklə ölkə daxilində vətəndaş həmrəyliyinin
və ölkənin digər ölkələrlə
dostlaşmasının açarıdır. İfrata
varılmayan belə dözümlülüyün
adına helm də deyilə bilər.
Qəzəbin əksi olan helm
mülayimlik, səbirli olmaq,
əndazəni aşmamaq, haqqa
uyğun davranmaq kimi terminləri əhatə edir.
Helm həm
də əlində ixtiyarı var ikən
tələsik qərar verməmək, əks fikirli
tərəfi əfv etmək anlamlarına uyğun
gəldiyi üçün onu əsla şəxsin öz
azadlıqlarından imtinası kimi qəbul
etmək olmaz. Çünki
fitratdan gətirdiyi haqları qoruya bilməyən bəndənin başqasının
haqqlarına dözümlü
olmasının dəyəri küləyin apardığı saman çöpünün
dəyəri qədərdir.
"Əgər Allah
istəsəydi, onlar müşrik
olmazdılar. Biz səni onların üzərində
gözətçi qoymamışıq və sən
onların vəkili də deyilsən!" (Ənam, 107) ayəsi
Peyğəmbər(ə)-nin vəzifəsinin nədən ibarət
olduğunu bəyan edir.
Peyğəmbərlərin vəzifəsi nəzarətçi,
vəkillik, kiminsə işinə müdaxilə yox, ancaq vəhyə tabe olmaq və onu təbliğ etməkdir. Vəhy isə
haqqı təbliğ etməklə yanaşı, həm də
hər hansı zorakılığı, güc
tətbiqini qadağan edir.
Əgər Allah batil
(pis, çirkin) bir şeyin
olmamasını istəsəydi, bunu edərdi
və peyğəmbərləri də göndərməzdi.
Peyğəmbərlərin əsas işi
insanlara təməl haqqlarını
tanıtmaqdır.
Yuxarıda qeyd
edildiyi kimi, dözümlülüyün vacibliyini
əmr və tövsiyə edən Quran onun ifratından da çəkinməyə
çağırır. Bunu: "Elə
isə (Ya Peyğəmbər!) qoy onlar vəd
olunduqları günə qovuşanadək (batil
əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!"
(Məaric, 42) ayəsi də təsdiq edir.
Quranda zikr olunan dözümlülük
qarşı tərəfə itaət etmək deyil:
"Kafirlərə və münafiqlərə itaət etmə.
Onların əziyyətverici sözlərinə əhəmiyyət
vermə, Allaha bel bağla. Allahın sənə vəkil
olması kifayət edər" (Əhzab, 48).
Beləliklə, Rəbbimizin
buyurduğu kəlamlardan göründüyü
kimi dinimiz tarix boyu insan
şəxsiyyətinə, haqq və
azadlıqlarına hörmət bəsləmiş, dini, irqi, dili,
baxışlarından asılı olmayaraq
insanlar arasında sülh,
əminamanlıq, dözümlülük,
tolerantlıq kimi əxlaqi dəyərlərin
bərqərarı üçün
lazım olan hər şeyi
ehtiva etmişdir.
Dinimiz çağdaş zamanda bəzi
qərəzli məqsədlərlə uydurulan
"islam terrorizmi",
"islam təcavüzü", "islam qorxusu" kimi cəfəng iftiraları da
rədd edir. Dinimiz həm
də "İslam" və "Müsəlman"
terminlərini eyniləşdirənləri "oxu və dərkə" dəvət edir. Dəvət edir ki, Rəbbimizin son və şah əsəri olan İnsan fitratdan gətirdiyi
dəyərlərlə öz məxsusluğunu
fəxrlə təqdim etsin.
Vaqif
Cəliloğlu
Bakı
xəbər.- 2010.- 18 oktyabr.- S. 15.