Ramazan ayının 25, 26 və 27 -ci günlərinin duasına qısa şərh

 

   XXV dua: "Allah! Məni bu gündə Öz dostlarını sevənlərdən qərar ver. Düşmənlərinə qarşı düşmən et! Məni peyğəmbərlərindən sonuncusunun yolunu tutanlardan qərar ver! Ey peyğəmbərlərin qəlbinə hakim olan Allah!"

   "Müsəlmanlar qardaşdırlar. Heç birinin başqasından üstünlüyü yoxdur. Ancaq Tanrıdan çəkinməklə üstünlük əldə edilə bilər" Peyğəmbər(ə) kəlamıdır. Allahdan çəkinənlər isə, Onun dostlarıdır. Deməli, Allahdan çəkinənlər həm də bir-birinin dostudurlar. Bəndə də dua edir ki, Allah onu Öz dostlarına sevdirsin.

   Həmin səbəbdən bəndə Həz.Peyğəmbərin: "Hər bir adam sevdiyi adamla olmalıdır. Sən də kimi sevirsənsə, onunla ol" kəlamını rəhbər tutaraq, Allahın sevdiyi bəndələrlə dost, onlarla bir yerdə olmaq istəyindədir. Çünki o bilir ki, Allahu-Təalə buyurub: "Kim Mənim dostuma düşmən olarsa, Mən də ona düşmənəm. Kim mənim dostuma dostdursa, Mən də onun dostuyam. Bu zaman Mən onun eşidən qulağı, görən gözü, tutan əli, gəzən ayağı olaram". Hədisdən göründüyü kimi, insan kimi sevərsə, sevdiyi şəxs onunla olar. Allahı sevərsə, Allah və Onun dostları da onunla olar. Əslində, Xaliqin hər hansı bir şəxsi istəməsi, xalqın həmin adamı istəməsi deməkdir. Allah "bir qulunu sevərsə, Cəbrayıl(ə)-yə buyurar: "Şübhəsiz ki, Mən o qulu sevirəm, sən də onu sev". Cəbrayıl(ə) də həmin qulu sevər və səma əhlinə, mələklərə belə deyər: "Allah filan qulunu sevir, siz də onu sevin" (Həz.Məhəmməd).

   Allah yaxşı adamları (Bəqara 195), tövbə edənləri və pak olanları (Bəqara 222), ədalətli olanları (Mumtəhinə 8), Allah uğrunda mübarizə aparanları (Saf 4) sevir. Allahın düşmənləri isə kafirlər (Alimran 32), zalımlar (Alimran 57), özünü bəyənənlər (Nisə 36), günaha batan xainlərdir (Nisə 107).

   Dostsuz adam ölü kimidir. Dostluq insanın bəzəyidir. Allah dostlarının kimliyi barədə həz.Əli buyurub: "Allah dostları o adamlardır ki, insanlar dünyanın zahirinə baxdığı zaman, onlar dünyanın batinini görərlər. İnsanlar dünyanın nəğd işlərilə məşğul ikən, onlar Axirəti əldə etmək qayğılarını çəkərlər, axirət üçün yaşayarlar. Onları öldürə biləcək zövqlərdən əl çəkib, o zövqləri öldürərlər. Pis və tərk ediləsi işlərə yaxın durmazlar. Onlar görürlər və bilirlər ki, başqalarının dünyadan əldə etdiyi şeylər nə qədər çox olsa da, yenə də azdır. Onların dünyanı əldə etməsi, onu itirməkdən başqa bir şey deyildir". Həz.Əli kimlərlə dost olmaqdan çəkinmək barədə isə buyurub: "Axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; o sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar".

   Oruclu bəndənin növbəti duası belədir: "Məni peyğəmbərlərdən sonuncusunun yolunu tutanlardan qərar ver!". Peyğəmbərlərin sonuncusu Məhəmməd Mustafa(ə)-dir. Onun yolunu tutanlar isə əhli-beyt, dörd rəşidi xəlifə, səhabə, tabiin, tabei-tabiin və Peyğəmbər(ə) sünnətini əməli işlə davam etdirən hər bir müsəlman, ümumən ümmətdir. Bunlar Allahın dostlarına dost, düşmənlərinə düşmən olan kəslərdir.

   Günün duasında bəndənin son sözü: "Ey peyğəmbərlərin qəlbinə hakim olan Allah" - kəlamıdır. Əlbəttə, yaradan Xaliq, yaradılan xalq olduğu üçün Allah hər bir bəndəsinin qəlbinə hakimdir. "Məgər Yaradan bilməzmi?! O yaratdığı insana onun şah damarından da yaxındır". İnsanların ən şərəflisi isə, Allahın Özünün seçdiyi, Özünün bəyəndiyi peyğəmbərlərdir. Onlar insanlarla Allahu-Təalə arasındakı elçilərdir. Allah peyğəmbərlərin qəlbini elm və hikmət dəryası etməklə yanaşı, onlar həm də kafirin küfrünü qırmaq və möminin imanını qüvvətləndirmək üçün möcüzələr verilən kəslərdir. "(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin qəlbini açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! Sənin ad-sanını ucaltmadıqmı?! Elə isə ancaq Rəbbinə yalvar!" (İnşirah 1, 2, 4, 8).

   Göründüyü kimi, bəndə peyğəmbərlərin süfrəsində müsafir olmaq üçün ona verilən Ramazan fürsətinin hər anından istifadə edir. Lakin bu fürsətdən istifadə yalnız maddi-mənəvi pəhrizlə mümkündür. Zira deyilib: "Mədəsini, namusunu və iffətini qorumaq qədər fəzilətli ibadət yoxdur" (Məhəmməd Baqir, v.e.732 və ya 735/736).

   Elə isə Ya Rəbb, ilahi şəriətinin-dininin namusu sayılan Ramazanda tövbələrimizi qəbul et! Bizi iffətli və izzətli et! Düşmənlərimizin "dəlillərini" batil et! Bayrağımızın bakirəliyini, torpaqlarımızın bütövlüyünü, xalqımızın birliyini bərqərar et!

   XXVI dua: "Allah! Mənə Qədr gecəsinin fəzilətini nəsib elə! Mənim işlərimi yüngülləşdir! Üzrümü qəbul et! Günah yükümü üstümdən götür! Ey saleh bəndələrinə mehriban olan Allah!"

   Əvvəli rəhmət, ortası məxfirət, sonu Cəhənnəmdən qurtuluş olan Ramazan ayında min aydan daha xeyirli olan Qədr gecəsi də var. Qədr, Ramazan tövbəsilə günahlarını yandırıb, yenidən həyata qayıdan insanın diriliş gecəsidir. Həmin səbəbdən, bu gecəyə ihya (diriltmə, yeni həyata qovuşdurma) gecəsi də deyilir. Bu gecə Quranın nazil edilməsilə bəşərin yeni bir eraya - zülmdən nura, sapıqlıqdan hidayətə, düşmənçilikdən qardaşlığa, nifrətdən məhəbbətə qədəm qoyması gecəsidir. Qədr, həm də qəbrin dəhşət və vəhşətindən əzab çəkən tənha insanın təsəlliverici qulaq yoldaşıdır. Zira Peyğəmbər(ə) buyurub: "İbadət üçün ən xeyirli gecə Qədr gecəsidir. Ən qorxunc gecə isə qəbirdə olan gecədir. Ən gözəl gecədə ən qorxunc gecə üçün ibadət edənlərə müjdələr olsun".

   Rəbbdən Qədr gecəsinin fəzilətini istəyən bəndə bilir ki, Qədr mübarək bir gecə kimi, Allahu-Təalənin Məhəmməd(ə) hörmətinə İslam aləminə bəxş etdiyi məxsusi lütf və nemətidir. Onun xəzinəsi, comərdliyi, kərəm və lütfü əsla başqalarınkına bənzəməz. Azaltmaq, verməmək Onun nemətini çoxaltmaz; vermək və səxavət göstərmək də xeyirini, lütfünü azaltmaz. Ondan başqa hər kəsin verdiyi nemət yox, nikmət adlanır. Böyüklüyü qədər bəxşişi də böyükdür Onun. Kimə nəyi, nə zaman, harada və nə qədər verəcəyini də, O Özü bilir. Üstün adlanan hər bir varlıq da, Onun müqabilində zəif, zəlil və fanidir.

   Qədr gecəsi 11 ayın sultanı olan Ramazanın tacıdır. Ərəbcə "güc, qüvvə, hökm, qədr, qiymət, şərəf, ululuq, təzyiq, qədər, qadir" anlamlarında işlədilən Qədr, Ramazanda Quranın nazil edildiyi gecələrdən birinin adıdır. Bu fövqəlbəşər hadisə 1400 il bundan öncə baş verdiyi üçün səhvən elə düşünülə bilər ki, o, möcüzə kimi bir dəfə olub keçib. Əslində isə Qədr gecəsi keçmiş ilə yanaşı həm də indi və gələcəkdə bəşər həyatı və kainatda mütləq baş verəcək fövqəlbəşər hadisələrlə əlaqəlidir. Bu gecə bəşər həyatını qədər qələmi ilə yazan Allahın hər bir işi ayırd edib, hökm verdiyi gecədir. Başqa sözlə, Qədr qədərdən qəzaya, yazılandan əmələ, elmdən praktikaya, layihədən işə keçid gecəsidir.

   Təfsirçilərə görə Quran Allah dərgahında saxlanılan Lövhi Məhfuzdan (Ana kitabdan) dünya səmasına bu gecə endirilib. Buradan isə o, 23 il ərzində Cəbrəail(ə) vasitəsilə yer üzünə, Məhəmməd(ə)-yə hissə-hissə verilib.

   Bəzi təfsirçilər Qədr gecəsinin təqdir, qədər, qismət, bəyənmə gecəsi olduğunu söyləyiblər. Digərləri Qədrin qadir və ləyaqət, şərəf və əzəmət mənasında israrlı olublar. Üçüncü qrup təfsirçilər isə ona təzyiq, sıxışdırma mənalarını veriblər. Çünki Quranın nazil edilməsi Cəbrail(ə)-nin yer səmasına vahiməli gəlişilə başlamışdı. Və həmin gecə yerə enən çoxsaylı mələklər üçün yer darlıq edirdi. Yeri gəlmişkən, "Qədr" termininin surədə üç dəfə təkrar olunması, Qədrin hər üç mənasını ehtiva edir. Bəlkə də bu səbəbdən bütün təfsiçilər həmin mənaları yekdilliklə qəbul ediblər.

   "Qədr gecəsi min aydan daha xeyirlidir". Yəni o gecə əməl, ibadət, çalışmaq, səy və cihad etmək, bayraq və din uğrunda mübarizə ilə əldə ediləcək xeyir və savablar, içində Qədr gecəsi olmayan min ayın xeyir və savabından daha fəzilətlidir. Qədr gecəsinin mübarəkliyi və onun gətirdiyi bərəkət min yox, on minlərlə ayın verdiyi xeyirdən də üstün ola bilər. Zira Allah Qədr gecəsinin xeyirlilik dərəcəsini yaratdığı bəşərə başa salmaq üçün ayədə "daha" sözünü işlədib. O ki qaldı nə üçün ayədə başqa rəqəm yox, məhz min rəqəminin ifadə olunmasına, bu barədə iki fikir var: a) Beyhakiyə görə, Allahın Rəsulu səhabəyə nəql edib ki, İsrail oğullarından bir saleh bəndə Allah yolunda min ay cihad edib. Peyğəmbər(ə)-yə qulaq asanlar həmin ərin əməlini öz əməllərilə müqayisə etdikdən sonra çox məyus olublar. Peyğəmbər (ə)-yə can və malla qulluq edən səhabə belə hesab edib ki, onların İslama xidmətləri hələ yetərincə deyil. Bu səbəbdən də Allah həmin ayəni nazil etdi; b) Əlmalılı isə ayənin təfsirini belə verir: "Ayədəki min ayın hikməti, ya qədim İsrail oğullarından imanlı bir kişinin zülm və haqsızlığa qarşı min ay (83,3 il - V.C) cihad etməsinə, ya da həmin zümrədən olan 4 əməlisaleh kişinin min ay müddətindəki ibadətlərinə müsəlmanların qibtə etmələrilə əlaqəlidir. Bu ayə ilə Rəbb sanki seçdiyi Rəsulu və onun səhabəsinə deyir: "Sizə lütf etdiyim Qədr gecəsininin fəziləti həmin imanlı bəndələrin 83,3 illik cihad ibadətlərindən daha üstündür". Həmin mütəfəkkirlərin təfsirlərinin mötəbərliyini qəbul edən müəllif həm də ona əmindir ki, Qədr gecəsinin mübarəkliyinin həqiqi ölçüsünü yalnız onu Verən bilir.

   "Qədr gecəsi nə xam və nadan insanlar, nə də Kəbə qarşısında qibləni axtaran zavallılar üçündür. O, qədr-qiymət bilən, inanan insanlar üçündür. "Kim fəzilətinə inanaraq və əcrini umaraq Qədr gecəsini ihya edərsə, keçmiş günahları bağışlanar" (Həz.Məhəmməd). Göründüyü kimi, kəlamdakı əsas şərtlərdən biri həmin gecədə oyaq qalmaqdır. Quran oxumaq, namaz qılmaz, təfəkkürə dalmaq, günahların bağışlanması üçün dua və həmdü sənada bulunmaq, Ondan məxfirət və istəklər diləmək, əlillərə, kasıb sosial təbəqəyə, yetim və qocalar evlərinə yardım etmək, əfv və aministiya fərmanları vermək və digər xeyirli işlər görmək bu gecənin tələb etdiyi qayələrdir. Qədr gecəsi həm də bəndənin keçdiyi ömür yolunun təftişi, təhlili və hesabatıdır. Necə deyərlər, bu məqam "yanıb dirilmə məqamıdır". Zira "Qədr gecəsi səhərə qədər Şeytan bayıra çıxa bilməz, heç kimə vəsvəsə verə bilməz. O gecə sehrlə məşğul olanın sehri də təsirsiz olar" (Həz.Məhəmməd).

   Qədr gecəsinin dəqiq vaxtı bilinmir. Bəzi üləma və təfsirçilər bu gecənin Ramazan ayının 18-i, yaxud 20-si, digərləri isə həmin ayın 20-29-u arasında olduğunu söyləyiblər. Lakin əksər mənbələr "bu gecə Ramazanın 26-dan 27-nə keçən gecəsidir" qərarında israrlıdırlar. Peyğəmbər(ə) buyurub: "Qədr gecəsi mənə bildirildi və sonra unutduruldu". Həmin səbəbdən, o, Ramazanını son on gününü özünü sırf Allaha ibadətə sərf edərdi.

   Peyğəmbər(ə) həm də buyurub: "Qədr gecəsi ikidir". Biri bütün il içərisində, digəri Ramazanın son on günü içərisindədir". Bu kəlama görə Qədr, il ərzində bəndənin damla-damla yığdığı savabların rəhmət bardağından daşdığı gecədir. Yəni mömin və saleh bəndə üçün ilin hər gecəsində Qədrin qədr-qiymətindən bir nişanə var. Bəlkə də Rəbb tərəfindən Peyğəmbər(ə)-yə bu gecənin dəqiq vaxtının unutdurulması həmin səbəbdəndir.

   Peyğəmbər(ə) Qədr gecəsində: "Allahım, Sən çox bağışlayansan, əvf edənsən, məni də bağışla" duasını təkrar edərdi. Biz də özümüz üçün bu duanı edərkən, millətimizin birliyi, vətənimizin diriliyi, dinimizin müqəddəsliyi, bayrağımızın bakirəliyi uğrunda özlərini fəda edən şəhidlərimiz, əsgərlərimiz, məhbuslarımız və bütün xalqımız üçün dua etməliyik.

   XXVII dua: "Allah! Mənim səyimi puç etmə! Bu gündə günahlarımı bağışla! Yaxşı əməllərimi qəbul et! Mənim eybimi ört, ey eşidənlərin Eşidəni!"

   Kainatdakı sonsuz sayda varlıqların həm eyni, həm də müxtəlif zaman və məkanlarda fəaliyyətləri özbaşına deyil. Onlar ilahi bir proqramla idarə edilir. Xaliqə qulluq edən bu mövcudatın təzim və ibadəti qədər qələmilə yazılan bir nizam içində, o da bir mizan içində, o da bir təvzin içində, o da gözəl bir yaradılış içindədir. Sözsüz ki, gəlişi və gedişi iradəsindən asılı olmayan insan da Rəbbin şah əsəri kimi həmin varlıqların ibadət məclisində ən şüurlu öndərdir. Lakin bu öndərliyin öhdəsindən Onu razı salmaq üçün insan hər şeydən əvvəl səy edib əməklə məşğul olmalı, maddi-mənəvi dəyərlər yaratmalıdır ki, ən azı, özünü və himayəsində olanları dolandıra bilsin. Yeri gəlmişkən, bu nemətlərin ərsəyə gəlməsində insan özü də daxil olmaqla günəş, su, hava, torpaq və s. ünsürlər Rəbb iradəsilə yaradılıb. İnsana düşən vəzifə isə yalnız səy göstərib, ona verilən iradəni səfərbər etməkdir. Əlbəttə, ruzini Allah verir. Lakin "çalışmaq ibadətdəndir" (həz.Peyğəmbər) və "İnsana ancaq öz əməli, öz zəhməti qalar! Şübhəsiz ki, onun əməli, zəhməti görünəcəkdir. Sonra onun əməlinin tam əvəzi veriləcəkdir" (Nəcm 39-41).

   Dua edən bəndə bu hikmətləri bildiyi üçün Rəbbə yalvarır ki, onun səyini, əzmini, əməlini puç etməsin. Bəs, səylərinin puç olmasını istəməyən bəndə necə çalışmalıdır? Mövzuya toxunan Peyğəmbər(ə) buyurub: "Halal qazanmaq hər bir müsəlman üzərində vacibdir". Kəlama görə müsəlmanın özünü və himayəsində olanları dolandıracaq, onların borclarını ödəyəcək və başqalarının minnətini götürməyəcək miqdarda halalından qazanması fərzdir. Bu prinsip hər bir müsəlman üçün namus, ləyaqət və şərəf məsələsi olmalıdır. Çünki qeyri-islami, qeyri-insafi və qeyri-insani yollarla çalışmaq - rüşvət, korrupsiya, qumar, sələm, qadın alveri, oğurluq və s. kimi haram qazanclar həm fərd, həm də millət və dövlət üçün bir illət və zillətdir.

   Halal dairəsindəki zəhmət və xidmətdə isə, əksinə, izzət, ləzzət, ümid, ləyaqət və rahatlıq vardır. Çünki ailə və cəmiyyət üçün halal zəhmətlə qazanc əldə edənlər həm insanlar, həm də Allah tərəfindən sevilir. "İnsanların ən xeyirlisi cəmiyyətə ən çox faydalı olanıdır" (həz.Peyğəmbər). Və təbii ki, belə insanlar Allah rəhmətilə əhatə olunur və Onun məğfirətilə bağışlanırlar. Onların səyləri həm də günahlarına kəffarədir. Dua edən bəndə də bunları bildiyi üçün, "Səyimi puç etmə!" deməklə, Rəbbdən həm dünya, həm də axirət nemətlərini istəyir.

   Rəbb hikmətinə görə, xalqın cibində yaşayıb, firqə, fərd və tayfa mənafeyini güdən qazancda isə illət, zillət, killət (qəlbin qapanması), qəm, qüssə, sıxıntı, "indi qapını döyəcəklər" əndişəsi və nəhayət Cəhənnəm əzabı var. Belələri dünyanı əldə etsələr belə, dünyadakı nəsibləri Xaliq və xalq lənətləri, axirətdə isə Rəbb intiqamıdır.

   Çalışmanın, səyin ziddi tənbəllikdir. Tənbəllik isə rəzillik olmaqla yanaşı, həm də bir çox fəsadların mayası və anasıdır. "Yoxsulluq olan yerdə kafirlik var". Peyğəmbər(ə) kəlamıdır. Təsadüfi deyil ki, Rəsuli-Əkrəm(ə): "Allahım! Tənbəllikdən, acizlikdən, ixtiyarlıq və xəsislikdən Sənə sığınıram" - duasını tez-tez zikr edərdi. Tənbəl iş görməz, fəqət əcdadları ilə fəxr edər. Elə çağdaş İslam aləminin yaşayış səviyyəsinin, elm, texnika və demokratik dəyərlər sahəsində geriliyinin səbəblərindən biri də budur desək, məncə yanılmarıq.

   Çağdaş durumda millət və ümmət üçün çox önəmli və aktual olan bu duaya biz də qoşularaq deyirik: Ya Rəbb! Ərazi bütövlüyümüz, dinimiz və bayrağımızın bakirəliyini qorumaq üçün iman, elm və səylərimizi artır. Dua və oruclarımızı qəbul et. Amin!

   Qeyd: Bəndənin eyiblərinin örtülməsi, günahlarının bağışlanması və yaxşı əməllərinin qəbul edilməsi üçün etdiyi dualara əvvəlki yazılarda şərh verilib.

 

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2010.- 3-5 sentyabr.- S. 12.