And Allaha sədaqət rəmzidir
"Allah
ilə olan əhd və andlarını ucuz qiymətə
satanları şiddətli əzab gözləyir"
Söz ilahi lütfdən
bir xəzinədir. Söz olmasaydı,
mövcudatı tanımaq olmazdı. Lakin o da məlumdur ki,
danışmağı öyrənmək üçün
insana iki il lazım olursa, yeri gələndə
danışmamağı, sözü harada və necə
söyləməyi öyrənmək üçün isə
ona bəzən qalan bütün ömrü belə kifayət
etmir. Başqa sözlə, insana bəxş edilən
nitq Rəbbin ən önəmli nemətidirsə, fəqət
ondan yerində və düzgün istifadə etmək isə,
həmin nemətdən də qiymətlidir.
Zira verilən
nitqin dəyəri onun istifadəsində bilinir. Necə deyərlər,
"söz ruhun ölçüsüdür, ağıl isə
tərəzisidir. Ölçü sözə
lazımdır, ancaq miqdarı tərəzi təyin edir"
(Q.Təbrizi).
Ölçüsü
və miqdarı Rəbb tərəfindən tənzimlənən
və bəndəni hidayətə aparan sözlərdən ən
ülvisi əhd və andlardır. "Əhdə
vəfa edin. Çünki (insan) əhd barəsində
(qiyamətdə) cavabdehdir": "Əhd etdiyiniz zaman Allaha
verdiyiniz əhdi yerinə yetirin... Aralarınızdakı
andları yalana çevirib, fidnə-fəsad aləti etməyin.
Yoxsa ayağınız möhkəm olduğu ikən
sürüşər (imana gəldikdən sonra ondan xaric
olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə
görə əzabı dadarsınız". (Nəhl
91, 94) Rəbb kəlamları, əhd və
andın müqəddəsliyinə şahidlik edir.
And içən adam xalif, and içmək bərr, andına əməl
edən isə barr adlanır. Andı pozmağa
və ya yalan and içməyə xins, belə adama xanis
deyilir. Ərəbcədəki "yəmin"
sözünün anlamı olan andiçmənin lüğəti
mənası qüvvət, güc deməkdir. Bu
sözün dində sinonimi isə bir iş və sözə
əməl etmək və ya etməmək barədə iddia və
əzmini qüvvətləndirmək üçün fərdin
ya Allaha and içməsi, ya da niyyətini talağa
(boşanmaya) bağlayaraq etdiyi əhd, verdiyi söz və ya
imzaladığı sazişdir. Allaha andiçmə
hökmən "Valləhi, Billəhi və Talləhi"
(Allaha and olsun, Allah üçün and içirəm)
sözlərindən biri ilə olmalıdır. Məs., "Valləhi, filan işi edəcəm
(və ya etməyəcəyəm)" kimi. Talağa söykənən
andın nümunəsi isə belədir: "Bu işi etsəm
(və ya etməsəm) arvadım azaddır". Göründüyü kimi, düzgün andiçmə
yalnız ya yaradan Allahla, ya da dinə sahib çıxmada ən
önəmli faktor olan qeyrət və namusla əlaqəlidir.
Birinci hala görə Rəbb buyurur: "Allah ilə olan əhd
və andlarını ucuz qiymətə satanları şiddətli
əzab gözləyir". (Ali İmran 77).
İkinci hala görə isə deyilir: "Qeyrəti-namusu
olmayanın dini də olmaz". Həmin səbəbdən Peyğəmbər(ə) buyurub:
"Üç şey var ki, bunların hətta zarafatla deyilməsi
belə, ciddi sayılır: "Nigah, talaq və yəmin
(andiçmə)".
Göründüyü
kimi dinə görə, obyektiv səbəb istisna olmaqla kiminsə
əhdinə əməl etməməsi onun şərəf və
izzətinə kölgə salır. Əgər
bu and talaqa söykənərsə, onda o, bəndənin
arvadını özgənin malına çevirmək
anlamını verir. Halbuki müsəlman
üçün hətta yataq otağı ailə və millət
namusunun məbədi kimi çox müqəddəsdir. Çünki soy orada mayalanır və orada
inkişaf edir. Həmin səbəbdən
o sehirli guşə hər kəsə açılmaz. Ora nəinki kənar şəxs, hətta digər
ailə üzvləri də istədikləri vaxt girə bilməzlər.
Əgər namuslu bir adamı həmin guşəyə zorən
aparsalar belə, o, aldığı tərbiyə nəticəsində
orada yata bilməz və Peyğəmbər Yusif(ə)
kimi köynəyi arxadan cırılar...
Təəssüf
və ürək ağrısı ilə qeyd etmək
lazımdır ki, şəxsi mənfəət və mənsəb
dalınca qaçanların əksəriyyəti dindən də
vacib olan belə andlara əhəmiyyət vermirlər.
Belələri üçün deyilib: "Pul itirmisənsə
az itirmisən. Vicdanı itirmisənsə,
çox itirmisən. Qeyrəti itirmisənsə,
hər şeyi itirmisən" (Höte); "Həyat qiymətlidir,
fəqət namus həyatdan da qiymətlidir. (Şekspir).
İslama
görə, doğru olsa belə, çox andiçmə son nəfəsdə
imansız getməyə səbəb olur. Çünki
belə and Allahın isminə qiymət verməməkdir.
Əslində doğru danışan adam
çox nadir hallarda and içir. Yerli-yersiz and içənlər
üçün isə Peyğəmbər(ə)
buyurub: "Ticarətdə Valləhi belədir, Billəhi elədir"
- deyib and içənlərə və vəzifə sahiblərindən
(məmurlardan) "sabah gəl, o biri gün gəl" - deyənlərə
də yazıqlar olsun". Kəlam müasirlik
baxımından çox aktualdır.
İslam aləmində
İlahi kəlam olan Qurana əl basıb, ona and içmək
adət halını aldığı üçün, o,
yalnız bir görüşə görə məqbul hesab edilib.
Yeri gəlmişkən, həm şiə aləminin mərcəi-təqlidi
sayılan Fazil Lənkəraninin "Şəriət
hökmlərinin izahı" kitabında (bax: M, 2747-2752), həm
də sünni mənbələrində and içməyin
Qurana və varlıqlardan hər hansı birinə yox,
yalnız Allaha edilməsi vurğulanır. O ki qaldı əli
Qurana qoyub, and içməyə, bu zaman tövsiyyə edilir
ki, niyyət hökmən Allaha edilsin. "And olsun bu
Quranın Sahibinə ki..." kimi.
Qeyd edək ki,
ABŞ-ın ilk prezidentindən (1789) tutmuş, bugünkü
prezidentinə qədər hamısı inaqurasiya vaxtı əllərini
"Bibliyaya" qoyub belə and içirlər: "And olsun
Allaha ki, mən Onun kəlamlarına xidmət edəcəyəm..."
Haşiyə: "Sələfə
görə (ortodoksal İslam), Quran Allah kəlamıdır və
məxluqi (yaradılmış) deyil. O, əzəli sifət
kimi Allahla qaimdir, Ondan ayrı deyil. Bu tezisə
görə Qurana and içilər. İslamda
teoloji sistem olan mötəziləyə görə isə,
Quran məxluqidir. Bu variantda Qurana and
içilməz. Əhli sünnətin bir
hissəsi hesab edir ki, Allah kəlam sifəti ilə vəsfləndiyi
üçün danışandır. Yəni,
Allah danışığı yaratdığı
üçün danışan deyil. Bu cərəyanın
digər hissəsi isə sələflə mötəzilər
arasında orta mövqe tutaraq, kəlamın nəfsi və ləfzi
olaraq, iki hissəyə ayırıblar. Onlara
görə, nəfsi kəlam Allahın zatı ilə qaim olan
və mahiyyətini dərk edə bilmədiyimiz əzəli
bir sifətdir. Ləfzi kəlam isə nəfsi
kəlama dəlalət edən hərf və səslərdən
təşəkkül tapan Quranın ləfzidir
(sözüdür). Bu ləfzi kəlam əzəli
yox, məxluqidir. Və həmin səbəbə
görə də, Qurana and içilməsi tövsiyə
edilmir. Bəs, Allah və Peyğəmbərlər
necə and içiblər? Rəbbin
heç bir Peyğəmbəri Allah ismindən başqa,
heç kimə və heç nəyə and içməyib.
Zahirdə
ağcaqanadı süzən, batildə isə dəvəni
udan din xadimləri üçün İsa(ə)
buyurub: "Heç and içmə. Nə Qüdsə, nə
göyə, nə də yerə. Göy
Allahın qatıdır, yer isə Onun üçün payəndazdır.
Başına da and içmə, çünki sən bir dənə
də olsa saçı ağ və ya qara
edə bilməzsən. Əlin və
ayağın səni pis yola çəksə, onları kəs.
Çünki sənin şikəst halda yaşamağın, Cəhənnəm
atəşində iki gözlü və iki ayağlı
yanmağından daha yaxşıdır" (İncil, Matta,
5:29,30, 35, 36). Həz.Məhəmməd isə
belə and içərdi: "Canım əlində olan Allaha
and olsun ki,...", "Allaha and olsun
ki...", "And olsun ki..." və s. və i. Peyğəmbər(ə)-dən
sonra 4 xəlifənin andları belə olub:
"Toxumu yarıb bitirənə,
bədəni xəlq edənə and olsun ki...", "Valləhi",
"Allaha and içirəm ki...", "And olsun səni haqq
üçün Peyğəmbər göndərən
Allaha" və i. Burada imanda elməl-yaxından eynəl-yaxına,
ondan da haqqal-yaxına qovuşan Həz.Əlinin bir
andını qeyd etməmək mümkün deyil. Pərdəarxası
hadisələri görən böyük kəramət
sahibinin belə and içməsi də olub: "And olsun Allaha
ki, sizin hər birinizin haradan və necə gəldiyini, hara və
necə gedəcəyinizi xəbər verərəm. Özü də bunu çətinlik çəkmədən
edərəm. Fəqət mənim
üzümdən Rəsulullahı da inkar edəcəyinizdən
qorxuram!!"
Göründüyü
kimi, istər səmavi kitablarda, istərsə də Peyğəmbər(ə) kəlamlarında Məhəmməd(ə)
də daxil olmaqla, heç bir kəs Allahdan başqasına and
içməyib. Zira, Ondan başqasına edilən
ibadət və dualar haram olduğu kimi, Allahdan qeyrisinə də
and içmək doğru deyil. Allahdan
başqasına necə and içilə bilər ki, and
içilən məxluq da Onun məmulatıdır. Allah isə yaratdığı və sərgilədiyi
hər bir əsərinə and içə bilər. Çünki mülkün sahibi Odur. Bunu Quran və ondan əvvəlki müqəddəs
kitablar da təsdiq edir. Məs: Quranda Rəbb and içərkən
bu sözlərdən istifadə edib: "(Ya Məhəmməd!)
Canına and olsun ki..." (hicr 72); "And
olsun ki, insanı biz yaratdıq" (Qaf 16); "And olsun ki, Biz
sizin kimiləri çox məhv etmişik, amma heç ibrət
alan varmı"(Qamər 51). And olsun - göyə və gecə
gələnə, dan yerinə, cüt və təkə, Məkkəyə,
Günəş və onun işığına, aya,
gündüzə, insanı, göyü və yeri yaradana; Əncir
və zeytuna, Tur dağına, atlara, qiyamətə, şəhadət
verənlərə, ulduzlara, mələklərə, Peyğəmbərlərə,
Allah kəlamlarını təbliğ edənlərə, qələmə,
kitablara, küləklərə, gəmilərə, buludlara və
s. və i.
And içməyin şərtləri:
1) And içən şəxs həddi-buluğa
yetişməli və ağlı başında
olmalıdır. 2) yerinə yetirilməsinə
and içilən iş haram və məkruh olmamalıdır;
tərk edilməsinə and içilən iş isə vacib və
müstəhəb olmamalıdır. 3) Allahın müqəddəs
zatından olan Allah, Rəhman, Rahim kimi isimlərə and
içilməlidir. Əgər Allahın isimlərindən
insanlara qoyulan adlardan istifadə edilərsə (Əziz, Cabbar,
Kərim, Rauf, Cəlil və s.), bu zaman nəzərdə Allah
tutulmalıdır. 4) And içmək dil ilə deyilməlidir.
Yazmaq və qəlbdə qəsd etmək səhih
deyil. Lal adam işarə ilə and
içməlidir. 5) Görüləcək və ya
görülməyəcək iş dərk olunmalıdır
ki, anda əməl etmək mümkün olsun.
Əgər
insan unutqanlıq və ya çarəsizlik üzündən
andına əməl etməsə və ya o, andına əməl
etməməyə məcbur edilsə, kəffarə lazım
deyil. And içən özünün və
ya başqasını zalım şərindən xilas etmək
üçün yalandan and içsə də, günah deyil.
Lakin bu zaman onun niyyətinin yalan olmaması vacib
şərtdir. Əsəbi halda qəsd etmədən
və ya ixtiyarsız olaraq and içmək də səhih
deyil. Çünki andiçmə
düşünülmüş, qərarlı və əzm tələb
edən bir prosesdir. Ümumiyyətlə, andiçmə
və kəffarə barədə Quran buyurur: "
Allah sizi bilmədən, (səhvən) içdiyiniz
andlarınıza görə cəzalandırmaz, lakin bilə-bilə
və qəsdən içdiyininz andları pozmağa görə
cəzalandırar. Belə bir andı
pozmağın kəffarəsi ailənizə yedirdiyinizin orta
hesabından on yoxsulu yedirdib, doyurmaq, yaxud geyindirmək, yaxud da
bir kölə azad etməkdir. Bunları
etməyə imkanı olmayan şəxs üç gün
(dalbadal) oruc tutmalıdır. Bu,
içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun" (Məidə
89).
Allaha ünvanlanan
andların növləri: 1. Yəmini ləğv, yəni səhv
və doğru olduğu zənn və güman edilən yalan
andlar. Məs., bir şəxsin borcunu
ödəmədiyi halda, ödədiyini zənn edərək,
"Valləhi ödəmişəm" - deyib, and içməsi
kimi. Əksər təlimə görə, burada
kəffarə verilmir. Allahdan əfv və
bağışlama umulur. 2. Yəmini Qamus, yəni bilərəkdən,
qəsdən edilən yalan and. Məs.,
Borcunu ödəmədiyi halda, bilərəkdən "Valləhi
ödəmişəm" - deyərək yalandan içmək
kimi. Belələri üçün Peyğəmbər(ə)
buyurub: "Kim (bilərəkdən) yalandan and içsə,
Allah onu Cəhənnəmə atar". Göründüyü
kimi, bu böyük günahdır. Bu zaman
peşiman olmalı, dərhal Tövbə edilməlidir.
Həmin
günaha görə kəffarə verilməz, çünki
ortada bilərəkdən edilən bir qəsd var. Əgər
bu günaha görə haqqı tapdalanan varsa, hökmən
ondan halallıq da alınmalıdır.
3. Yəmini Munakidə, yəni
mümkün olan və gələcəyə aid müəyyən
bir şey barədə içilən and. Məs.,
"Valləhi sabah borcumu verəcəyəm" demək
kimi. Bu anda əməl etmək vacibdir. Əgər bu and ümumin (cəmiyyətin) zərərinə
olarsa, o zaman ona əməl olunmaz və and pozulur. Lakin kəffarə verilir və Allahdan əfv dilənir.
Əgər birisi borcunu verməməyə and
içərsə, həmin anda əməl etmək yox, etməmək
vacibdir. Bu zaman and pozulur və kəffarə
verilir. "Andların dəfələrlə
pozulduğu təqdirdə, hər and üçün kəffarə
verilirmi" sualına ictihad sahibləri yekdil rəydə
deyillər. Bəziləri kəffarənin
bir dəfə, digərləri isə əməl edilməyən
hər anda görə verilməsini hökm ediblər.
İstər
keçmiş, istərsə də çağdaş
dünyanın istənilən dövlətində ən
müqəddəs və məsul anlardan biri də andiçmə
prosesidir. Məhkəmələrin, həkimlərin,
şahidlərin, seçilən prezidentlərin içdikləri
andlar Allah və onun xalqına sədaqət rəmzidir. 1895-ci ildəki inaqurasiya nitqində prezident Linkoln
"İlahi üçlüy"ə yox, vahid Allaha and
içdi. O Linkoln ki, deyirdi: "Əsl demokratiya
Allahın yerdəki xəlifəsi olan xalq hakimiyyətidir".
İnaqurasiyada Allaha and içən Karter isə
KİV vasitəsilə xalqa çatdırdı ki, "Vətəndaş
qanunlarına riayət etmək lazımdır. Əgər Allah kəlamları ilə dünyəvi
qanunlar ziddiyyət təşkil eləsə, onda biz Allah
qanunlarını əsas götürəcəyik".
Pifaqor demişkən: "Allahdan sonra valideyn və qanunlara
tabe olmaq lazımdır".
Xalis and
Allahın yaratdıqlarına (məxluqa) yox, Allaha edilir.
And həm də, "bir adamı həmişə aldatmaq olar,
bəzi adamları müəyyən vaxt aldatmaq olar, lakin həmişə
aldatmaq olmaz". (A.Linkoln) tezisinin qarantı
olmalıdır. Çox məsul və
taleyüklü günlərini yaşayan Azərbaycan məhz
həmin andlara möhtacdır. Bəli, biz təmiz, halal
əllərini müqəddəs Qurana basan və öhdəsinə
düşən vəzifənin
ağırlığını qəlblərinin zəkatı
ilə dərk edən insanların: "And olsun Allaha ki, ailəmin
və xalqımın səadəti, İslamın
ucalığı, ərazimizin suverenliyi və qanunların bərqərarı
naminə əlimdən gələn hər şeyi edəcəyəm"
andına və onun felən işləkliyinə
möhtacıq.
Allahım,
bu seçimdə çaşdırma bizi, doğrunu söylət,
sapdırma bizi, haqqa yönəlt. Amin.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 13 sentyabr.- S. 15.