Din və siyasət

 

   "Dini alət edərək dünyanı qazanmaq istəyənlərin vay halına"

 

   Din və siyasətin tarixən formalaşmış qarşılıqlı əlaqələrində diqqəti cəlb edən mühüm amillərdən biri onun qədim kökləri və zəngin məzmunudur. İctimai sosial həyatın hər sahəsində olduğu kimi, onların hər ikisi həm bir sıra oxşarlığı, həm də fərqli cəhətlərilə tarixən müxtəlif kombinasiyalarda qarşılıqlı əlaqədə olublar.

   Danılmaz faktdır ki, hakimiyyət uğrunda mübarizənin sosial qruplar arasında münasibətlər formasında təzahür edən siyasət kimi, inam və etiqada əsaslanan din də özünə məxsus şəkildə gücə, təsirə malikdir. Lakin siyasət və dinin güc subyekti kimi özünəməxsusluğu və özünü təsdiqi bir-birindən əhəməiyyətli dərəcədə fərqlidir. J.J.Russo deyirdi: "Tabe edə bilmək üçün gücü hüquqa, etiqadı borca çevirmədən ən güclü də belə yetərincə güclü olmür". Həmin səbəbdən tarixən siyəsətin gücü hüquqda, dinin gücü isə etiqadın, imanın borca çevrilməsində təzahür etmişdir.

 

   Siyasətin yaratdığı qanun inzibati əxlaqdır

 

   "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir" (Ənam, 159) ayəsində ərəbcədəki firqə sözü latın dilindəki "partis" sözünün sinonimi olub dəstə, qrup, partiya mənalarını verir. Partiya müəyyən ictimai təbəqənin (sinfin) məqsəd və mənafeyini ifadə edən siyasi təşkilatdır. Onun əsasında dövlət hakimiyyətini ələ almaq, saxlamaq və ondan istifadə durur. Din isə "mən kiməm, haradan gəlib, haraya gedirəm, gəlməyimdə məqsəd nədir" suallarının yeganə cavab qaynağıdır. Gözəl əxlaq, fəzilət və hikmətlər mənzuməsi olan din, bəşərin yaradılışdan gətirdiyi fitri və zəruri ehtiyacdır. İslamda bu dəyərlərin qaynağı Quran və Peyğəmbər(ə) kəlamlarıdır.

   Cəmiyyət əxlaqla idarə olunmadıqda siyasət, siyasi partiyalar və siyasi hakimiyyət mövcud olur və o, öz qanunlarını yaradır. Deməli, qanun həm də bir növ əxlaqdır. Fəqət o, gücə, zora istinad edən qanundur. Zira qanunun təminatçısı onun arxasında duran qüvvədir. Başqa sözlə, dindən fərqli olaraq siyasətin yaratdığı qanun inzibati əxlaqdır. Dində isə zor yoxdur və o, nəsihətdir. Bu baxımdan din qanunun əsasında dayana bilər, qanun isə heç vaxt gözəl əxlaq nümunəsi olan dinin əsasında dayana bilməz. Hər siyasətin özünəməxsus əxlaqı olduğu halda, dinin əxlaqı birdir və o, Allah əxlaqıdır. Deməli, İslamın siyasətə xidmət etməsi onun həm qüdsi və ilahiyyətçilik məramına, həm də ümumbəşəri sülhün bərqərarına ziddir. Zira siyasətə xidmət edən din zor aparatına çevrilərək dövlətləşir, xalqı dövlət itaətində saxlayan vasitəyə çevrilir. Siyasiləşməklə ilahi əxlaqa xəyanət edən din, iqtidarın məsuliyyətini onunla bölür və nəticədə xalqın iqtidara qarşı mənfi münasibət bəsləyən hissəsi dini də günahlandırır.

   1922-ci ildə K.Atatürkün israrlı xahişilə ona kömək etməyə dəvət olunan XX əsr İslam kəlamçısı S.Nursiyə Atatürkün: "Sənin kimi fədakar bir din xadiminin yüksək fikirlərindən istifadə etmək bizə çox lazımdır. Lakin siz ilk əvvəl namazın vacibliyindən danışdınız" sözlərinə S.Nursi: "Paşam, islamiyyətdə imandan sonra ən yüksək həqiqət namazdır" - deyib, Atatürkün təklifindən imtina etdi.

   Din xadiminin "siyasət vasitəsilə dinə xidmət edəcəyəm" deyib, siyasi səhnəyə bilavasitə və ya dolayısı ilə atılması dinin siyasətə alət olması ilə nəticələnir. Halbuki islamiyyət günəşi yerdəki işıqlara alət və tabe ola bilməz. Məhz bu baxımdan "Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur" - Rəbb kəlamı, din xadiminin siyasətlə məşğul olmasına icazə vermir. Din xadimi üçün əsas məsələ iman, rəqibi isə imansızlıq olsa da, fəqət o rəqibi ilə əxlaq çərçivəsində dolanmalı, tolerantlıq nümayiş etdirməlidir. Dinin qayəsi qardaşlıq, bərabərlik və birlikdirsə, siyasətdəki tərəfkeşlik, partiya təəssübkeşliyi istər-istəməz həmin dəyərlərə ziyan vurur. Dində yaxşı və pisin ölçüsü və mənbəyi ilahi fərman və sərəncam olan Qurandadır. Siyasətdə isə bu sifətlər ikinci plandadır. Quran bütün bəşər üçün nazil edildiyi halda, siyasət tərəfdarlıq vasitəsi ilə xalqın müəyyən hissəsini ehtiva edir. Dində qayə bəşər övladının inteqrasiyası olduğu halda, siyasətdə bu proses differensasiya yolu ilə gedir. Bu barədə S.Nursi yazıb: "Bir zaman qərəzkaranə tərəfgirlik nəticəsi olaraq gördüm ki, dindar bir alim siyasi düşüncəsinə müxalif olan bir əməli-saleh alimi kafir dərəcəsinə kimi təhqir etdi. O, siyasi əqidəsinə müvafiq olan münafiqi isə tərif edib müdafiəsinə qalxdı. Elə həmin anda "şeytan və siyasətdən Allaha sıığınıram" deyib, siyasətdən uzaqlaşdım".

   "Dini alət edərək dünyanı qazanmaq istəyənlərin vay halına" - buyurub Peyğəmbər (ə). Kəlamdan göründüyü kimi, Quranın müqəddəs həqiqətləri bir para mənfəətlərə alət edilə bilməz. Dində son nəticə Axirəti qazanmaqdırsa, siyasətdəki məqsəd hakimiyyətə gəlməkdir. Siyasətə girənlərin əksəriyyəti ondan mənfəət və vəzifə gözlədikləri halda, dindəki qayə iman, əqidə, mənəviyyat və əxlaqdır. Deməli, hər hansı din xadiminin, necə deyərlər, dünyanın hər iki döşündən süd sağması, yəni siyasət və dindən bəhrələnməsi dinin firqələnməsinə xidmət etdiyi üçün, Peyğəmbər (ə) kəlamı ilə desək, "vay onların halına!".

   Çağdaş dünyanın bütün dünyəvi sivil ölkələrində din siyasətə qarışmır. Fəqət etiraf edək ki, inacsız, dinsiz cəmiyyət də yoxdur. Din xadimləri siyasi partiyaların üzvü olmadıqları üçün onlar nə iqtidara, nə də müxalifətə yararlanmamalıdır. Peyğəmbərlərin vərəsələri adlanan din xadimlərinin qayəsi fərz üstü fərz olan Allah və Onun kəlamlarının irşad və təbliğidir. O ki qaldı siyasətçiyə, o da hər işini Allah rizası naminə qurmalıdır. Öncə yaranan Tağutun ("tüğyan edən" sözündəndir) yox, Rəbbin sözü olduğu üçün, siyasətçi siyasi fəaliyyətinin mayasını Onun sözü ilə yoğurmalı və iqtidarın təbil vuran vicdanı olmalıdır. Unutmamalı ki, dini siyasiləşən, iqtidarı kar və müxalifəti kor olan cəmiyyət zəlalət və səfalət içindədir.

 

   Din və siyasət münasibətlərində tarixi modellər

 

   Mövcud olduqları gündən din və siyasət arasındakı qarşılıqlı əlaqə və münasibətləri şərti olaraq əsasən iki modellə fərqləndirmək olar: 1) din və siyasətin qarşılıqlı təsiri; 2) din və siyasətin müstəqil olaraq yanaşı, yaxud paralel fəaliyyət göstərməsi. Birinci model müxtəlifliyilə iki variant ilə səciyyəlidir: a) dinin siyasəti təyin etməsi, yəni siyasətin əsasında dini dəyərlərin dayanması. Bu forma əsasən XVIII əsrin Avropa inqilabına (1789-1792 Fransa inqilabı) qədər davam edib.

   Bundan sonra cəmiyyət tədricən dinə həyatın bütün sahələrinə, o cümlədən, siyasətə birbaşa təsir göstərən universal substansiya kimi yanaşmadan uzaqlaşaraq, onu inam, inanc mənbəyi kimi qəbul etmək fəlsəfəsinə üstünlük verməyə başladı. Sonradan bu model dinin dövlətdən ayrılması şəklində ifadə olunaraq həyata vəsiqə aldı. İkinci forma isə dinin fəaliyyət göstərməsi üçün şərtlərin və hüdudların siyasət tərəfindən müəyyən edilməsilə özünü biruzə verib. Məs., vaxtilə kommunist rejiminə əsaslanan dövlətlərdə olduğu kimi.

   Din və siyasət arasında qarşılıqlı münasibətlərin ikinci tarixi modeli onların müstəqil olaraq, yanaşı, yaxud paralel yaşaması, fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan da daxil olmaqla, dünyanın əksər mədəni, demokratik ölkələrində məhz bu modelə üstünlük verirlər. Çünki dindən tam ayrılmış siyasət olmadığı kimi, siyasətin təsirindən tam və qəti şəkildə təcrid olunan din də yoxdur. Dini siyasətdən ayırmaq, bu prosesi mütləqə çevirmək cəhdi istər-istəməz özündə ifrat hədləri əxz edən iki ziyanlı tendensiyaya gətirib çıxara bilər: 1) Din siyasət tərəfindən qanundan kənar edilir; 2) Din siyasəti özünə tabe edir və nətcədə teokratik dövlət yaranır.

   Yuxarıdakıları nəzərə alaraq çağdaş müstəqil Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində prioritet modeli onların yanaşı (paralel) yaşaması və fəaliyyətini nəzərdə tutan modeldir. Bu model əsasən aşağıdakı prinsipləri özündə ehtiva edir: a) Din və siyasət bir-birindən asılı olmayaraq paralel fəaliyyət göstərir; b) Din siyasətin, siyasət də dinin predmeti deyil; v) dinə və dini qurumların inkişafına yardım göstərmək dövlətin mənəvi borcudur (buraya dini etiqad azadlığının təmin edilməsi, dini dəyərlərin qorunmasına dəstək, dini dözümlülüyün təbliği və s. dəyərlər daxildir); c) Din cəmiyyətin əxlaqi-mənəvi dünyagörüşü sistemi olaraq dünyəvi dövlətin mənəvi əsaslarının möhkəmləndirilməsinə dəstək verməlidir; d) Din xalqın özünütəsdiqinin və bütövlüyünün fundamental dəyərlərindən biri kimi dövlətçiliyin mənəvi dayağı rolunda çıxış edir; din dövlət siyasətində ifadə olunan milli maraqların qorunmasına mənəvi dəstək verir.

   Qeyd: İslam aləmində dövlət-din münasibətlərinin müzakirəsini, daha dəqiq ifadə etsək sekulyarizm mövzusunun (Müsəlman ölkələrdə sekulyarizm deyiləndə dövlət idarəsində dini hökm və dəyərlərə əsaslanmamaq, dünyəvilik nəzərdə tutulur) ilk dəfə misirli alim Əli Əbdürrazzaq başlamışdır. Onun iddialarına görə "xilafətin, yəni İslam idarə sisteminin heç bir əsası yoxdur. Beləliklə, Əbdürrazzaq İslam dinini dünya işlərinə müdaxilə etməyən, mənəvi və ruhani bir din olaraq əsaslandırmağa çalışmışdır" Lakin əksər teoloqlar bu prinsipi qəbul etmirlər. Çünki İslamda dünya işləri fəaliyyət dairəsi kimi ayrı deyil. Quran hikməti konteksindən onu ayırmaq mümkün deyil.

   Müasir Azərbaycanda din və dövlət münasibətlərinə toxunan prezident İlham Əliyev Ramazan ayı münasibətində verilən iftar süfrəsində demişdir: "Azərbaycanda din ilə dövlət arasında münasibətlər çox sağlam zəmində qurulmuşdur. Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər əvvəlki əsrlərdə artıq təşkil olunmuşdur. Azərbaycan isə cəmi 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayır və bizdə dinlə dövlət arasındakı münasibətlərin tənzimlənməsi böyük səylər tələb edir. Mən çox şadam ki, Azərbacyan xalqının və Azərbaycanda əsrlər boyu yaşamış və yaşayan bütün millətlərin nümayəndələrinin həmrəyliyi, birliyi müstəqillik dövründə də özünü biruzə verdi, özünü göstərdi. Müstəqillik dövründə din ilə dövlət arasında yaranan münasibətlər bu gün Azərbaycanın uğurlu inkişafını təmin edir."

  

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.- 2010.- 20 sentyabr.- S. 15.