Dünya muzeylərində saxlanan Azərbaycan eksponatlarının sayı hələ dəqiqləşdirilməyib

 

           Mədəniyyət və Turizm Nazirliyi: "Bu eksponatlara "bizim" demək düzgün deyil"

          

           Dünyanın bir çox nüfuzlu muzey və kitabxanalarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə, tarixdə yaşamış şəxsiyyətlərimizə aid çoxlu sayda eksponat qorunub saxlanır. Təəssüf ki, uzun illər böyük əhəmiyyətə malik olan bu maddi sərvətlərimiz başqa xalqların adı ilə təqdim edilib.

           Azərbaycan xalqının mənəviyyatını, dövlətçilik, tarixini, söz və xalça mədəniyyətini əks etdirən bu eksponatlara başqaları sahib çıxıb. Bəlkə də bu özümüzün başısoyuqluğumuzdan irəli gəlib.

           Məlumatlara görə, son illər Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də digər rəsmi qurumlar xarici muzey və kitabxanalarda saxlanan Azərbaycan mənşəli eksponatların öz adımızdan dünyaya təqdim edilməsinə nail olub.

           Bəllidir ki, "Kitabi Dədə Qorqud"un əlyazmasının bir nüsxəsi "Vatikan", o birisi isə "Drezden" kitabxanasında, əfsanəvi Şeyx Səfi xalçası "Viktoriya və Albert" muzeyində, Şah İsmayıl Xətainin şahlıq taxtı Topqapı muzeyində, qədim xalçalarımız Luvr muzeyində saxlanır. Gəncə qapılarının isə Gürcüstanda monastırda saxlandığından çoxumuzun xəbəri var. Deyilənə görə, Nizami Gəncəvinin əsərlərindən birinin əlyazması Nyu-Yorkun Metropoliten muzeyində saxlanır. "Koroğlu" dastanının hansısa bir qolunun da əcnəbi muzeylərindən birində olduğu bildirilir.

           Xarici muzeylərdəki Azərbaycan mənşəli eksponatların sayının dəqiqləşdirilib-dəqiqləşdirilmədiyi bəlli aydın deyil. Ümumiyyətlə, hazırda dünyada belə bir ənənə formalaşmaqdadır, hər bir dövlət, xalq öz tarixinə, tarixi şəxsiyyətlərinə məxsus eksponatları öz ölkəsinə gətirmək üçün nüfuzlu muzeylərə müraciət edir. Bəzən o eksponatları geri ala bilirlər də.

           Xarici muzey və kitabxanalarda Azərbaycana aid nə qədər eksponat var? Onların dəqiq sayı məlumdurmu? Azərbaycan tərəfi bu maddi sərvətlərimizi geri qaytarmaq üçün hər hansı bir iş görürmü?

           Bu işlə birbaşa Mədəniyyət və Turizm Nazirliyi məşğul olduğu üçün bu qurumla əlaqə saxladıq.

           Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva "Bakı-Xəbər"ə bildirdi ki, xarici muzeylərdə olan eksponatlardan təmsil etdiyi qurumun xəbəri var. O hesab edir ki, bu eksponatları "bizim" adlandırmaq düzgün deyil: "O eksponatlara "bizim eksponat" deməyimiz düzgün deyil. Onlar Azərbaycan mənşəli eksponatlardır. O eksponatlar çox qədim tarixə malikdir və uzun illərdir ki, həmin muzeyində saxlanır. Bilirsiz, heç bir muzey heç kəsin qarşısında öz fondlarını açıb göstərməz. Yaxud deməz ki, gəlin burada istədiyiniz kimi işləyin. Ancaq bütün dünya və yerli muzeylər arasında səssiz müqavilələr var. Heç bir muzey öz fondundakı eksponatları hamıya göstərmir. Bu həm təhlükəsizlik, həm eksponatların qorunub-saxlanması baxımından düzgündür. Amma dünya muzeyləri arasında təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və s. ilə bağlı müqavilələr var. Bu müqavilələr əsasında muzeylər bir-birilə əlaqə saxlayır, öyrənirlər. Dövlətimizin nümayəndələri xarici muzeylərdə Azərbaycan mənşəli eksponatların müəyyən edilib üzə çıxarılması ilə bağlı işlər aparır. Dəfələrlə bu işlərlə əlaqədar mətbuata məlumatlar vermişik. Məsələn, Luvr və başqa muzeylərdə Azərbaycan mənşəli qiymətli eksponatları o muzeylərə gedib görürük. Bəzən bizim xalça və digər eksponatlarımız başqa xalqların adı ilə təqdim olunur. Təbii ki, biz gəlib araşdırma aparır, bu barədə rəhbərliyə məlumat veririk. Bizim muzey şöbəsi əməkdaşlarının bildirdiyinə görə, bu yöndə gördüyümüz işə müsbət baxırlar. O ki, qaldı o eksponatların ölkəmizə gətirilməsinə, ümumiyyətlə, bu heç bir hüquq qaydalarına, normativlərinə uyğun deyil. Çünki bütün eksponatların sənədi olmalıdır. O eksponatların o muzeylərə düşməsinin üstündən illər keçib, bu o qədər çoxdan baş verib ki, onların bir çoxunun heç sənədi mövcud da deyil. Ona görə də bizə sənədsiz heç bir ölkə, heç bir muzey heç nə verməz".

            Dünyada nə qədər eksponatımızın olduğuna gəlincə, Z.Əliyeva bildirdi ki, hələlik dəqiq say məlum deyil":Amma müəyyən şeyləri bilirik. Məşhur "Şeyx Səfi" xalçası İran xalçası adı altında gedirdi. Məlumdur ki, o Ərdəbil xalçasıdır və o dövrdə də Ərdəbil Azərbaycan ərazisi idi. Luvr muzeyində xalçalarımız saxlanır. Bu xalçalar da başqalarının adı ilə gedirdi. Ancaq bütövlükdə dəqiq siyahı mövcud deyil. Bilirik ki, artıq Azərbaycan Luvrda İslam Mədəniyyətinə aid zallar yaradır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyilə Luvr Muzeyi arasında müqavilə imzalanıb. O zallar hazırlanır, Azərbaycan dövləti də bu layihənin reallaşmasına 1 milyon (təəssüf ki, nazirliyin sözçüsü bu məbləğin manatla, yaxud digər valyuta ilə ayrıldığını dəqiqləşdirə bilmədi-red.) həcmində vəsait ayırıb. Hətta razılığa gəlinib ki, ekspozisiya hazırlanarkən Azərbaycan ekspertləri də xarici ekspertlərin sırasında olsun. Bu da bizim üçün çox müsbət haldır".

            Z.Əliyevanın sözlərinə görə, bu yaxınlarda Azərbaycan nümayəndələri eksponatlarımızın izilə Qətərə getməyi planlaşdırır":Onlar gedirlər ki, fondlarda olan materialların bir-ikisinin Azərbaycana aid olduğunu dəqiqləşdirsinlər. Hələlik bu eksponatların nədən ibarət olduğu məlum deyil. Bütün bunlar bizim təmsilçilər ora gedib-gəldikdən sonra aydın olacaq. Hətta onlar özləri də bəzən dəvət edirlər. Buna çox yaxşı baxırlar. Artıq dünyada da belə proseslər getməyə başlayıb. Ümumiyyətlə isə, bütün muzeylər öz fondlarını ciddi şəkildə qoruyur".

 

 

         İradə SARIYEVA

 

        Bakı xəbər.- 2010.- 8-10 yanvar.- S. 14.