Dünyanın ünlü muzeylərində saxlanan Azərbaycanın əntiq əşyaları

 

  "Sen-Jermen muzeyində 40 minə qədər Azərbaycana aid eksponat saxlanır"

 

  Səfər Aşurov: "Avropadan maliyyə yardımı alan bir sıra "tədqiqatçılar" yerlərdən əntiq materialları toplayıb Avropanın müxtəlif muzeylərinə satmaqla məşğul olub"

  Hər saxsı parçası, hər məzar daşı, maddi-mənəvi sərvətimizə aid hər bir əşya bizdən böyük diqqət, qayğı tələb edir. Tariximizin müxtəlif dönəmlərini özündə yaşadan arxeoloji abidələr xalqımızın regionda aborigen olduğunu bir daha təsdiq edir. Azərbaycan yalnız indi deyil, qədim və orta əsrlərdən başlayaraq dünyanı öyrənmək istəyən şəxslərin diqqətini cəlb edib.

   Belə demək mümkünsə, məmləkətimiz ta qədimdən öz zənginliyi, təbii yeraltı və yerüstü sərvətlərilə hər zaman dünyanın diqqət mərkəzində olub. Varlanmaq istəyənlər zəli kimi ölkəmizin qanını sorub maddi-mədəniyyət abidələrini, qızıl-gümüşünü, arxeoloji baxımdan qiymətli olan materialları xaricə aparıb, onu satmaqla qazanc əldə edib. Bu həqiqət olduqca acıdır və çoxumuz bununla barışmaq istəmirik. Amma bizim istəyimizdən asılı olmayaraq bu olaylar baş verib.

   XIX əsr xalıqımızın tarixinə yalnız Çar Rusiyasının işğal dövrü kimi düşməyib, bu həm də mədəniyyətimizin, maddi-mənəvi sərvətlərimizin xarici ölkələrə daşınaraq alqı-satqı predimetinə çevrilməsi dönəmi kimi yadda qalıb.

   On doqquzuncu yüzillikdə Azərbaycan bütün dünyanın gözünü dikdiyi bir məmləkət idi. Hər bir əcnəbi buradan onu maraqlandıran sərvəti aparmaq istəyirdi. Almanların Azərbaycan ərazisinə köçməsi də bu tarixi dövrlə bağlıdır. Qafqaz dağlarının ətəklərində, Gəncədən bir qədər cənubda yerləşən Göygöl (Xanlar) şəhəri XIX əsrdə (Xanıqlar adlı qədim kəndin yerində) köçkün almanlar tərəfindən salınıb. Onlar buranı 1819-cu ildə Yeleniyendorf adlandırıb. SSRİ dövründə Stalinin göstərişilə buradakı almanlar Orta Asiyaya sürgün edilib.

   Daşkəsən Azərbaycanın filiz hasilatı mərkəzi olub. Bölgədə məşhur olan Şəmkir şəhərində də qədimlərdən miras qalan tunc dövrünə, erkən dəmir dövrünə aid çoxlu arxeoloji obyektlər var. XIX əsrdə burada alman köçkünlərinin Annenfeld adlanan kiçik koloniyası var idi. Göygöldə olduğu kimi, burada da onlarla bağlı yerlər qalıb. Söhbət hamar vəziyyətdə olan bir neçə küçədən və lüteran kilsəsindən gedir.

 

   Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən digər şəhər isə Gədəbəydir.

 

   Burada Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş qədim mədəniyyət abidələri tunc dövrünə aid tsiklopik tikililər, eləcə də "Gədəbəy Xəzinələri" - ev əşyaları və daş-qaş saxlamaq üçün nəzərdə tutulan qədim mücrülər, XVI əsrə - Şah Təhmasibin hakimiyyətdə olduğu dövrə aid gümüş pul sikkələri tapılıb. Bütün bu yerlərin almanlarla bağlı olmasını xatırlatmamız təsadüfi deyil. Çünki qədim insan yaşayış məskəni olan bu yerlərdə sonradan elə almanların və digər avropalı alim və işbazların iştirakı ilə böyük arxeoloji qazıntılar aparılıb. Azərbaycanın var-dövlətini də xaricə onlar daşıyıb.

   Qeyd elədiyimiz kimi, Azərbaycanın ərazisi qərbdəki bəzi məşhur sahibkarların diqqət mərkəzində olub. Məsələn, Nobel qardaşlarının Bakı nefti hesabına varlandığı faktdır. Almaniyanın "Siemens" firması isə XIX əsrin axırlarında Gədəbəydə iki misəritmə zavodu tikib. Çar Rusiyasında əridilən bütün misin dörddə bip hissəsi bu zavodlarda alınırdı. Siemens qardaşları bu qeyri-adi diyarın tarixi ilə ciddi maraqlanırdılar və bu regionda arxeoloji qazıntılar aparılmasını təşkil etmişdilər. Həmin tədqiqatlar nəticəsində əsasən "Qalakənd" adlı elmi əsər yazılmışdır. Bakı neftilə milyonlarla sərvət əldə edən Nobel qardaşlarının quruda neft çıxardığı məlum idi və onların neft quyularını qazarkən üzə çıxan qiymətli materialları öz məmləkətlərinə aparmasına dair təsdiqlənməmiş məlumatlar var. Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Tükəzban Göyüşova telekanallardan birində çıxış edərkən bir sıra faktlara toxundu. Xanım arxeoloq bildirdi ki, uzun illərdir Gədəbəy ərazisində işləyən arxeoloji ekspedisiyanın tərkibində qazıntılar aparır. T.Göyüşovanın verdiyi məlumatlara görə, XIX əsrdə Gədəbəydə Mis Emalı Zavodu qurmuş Simens qardaşları Gədəbəydən kütləvi qiymətli nümunələr aparıb. Onların içində qızıl məmulatından hazırlanmış müxtəlif materiallar, digər arxeoloji baxımdan əhəmiyyətli əşyalar da olub. Arxeoloqun sözlərinə görə, hər qazıntı zamanı üzə çıxan bütün misilsiz əşyaları Simenslər xüsusi yüklərin içində Almaniyaya göndərib. Tükəzban Göyüşova bildirdi ki, bütün bunlar elmi dəlillərlə sübut edilib. Onun dediyinə görə, xarici muzey və şəxsi kolleksiyalarda vaxtilə əcnəbi sahibkarların əlilə aparılan çoxlu sərvətimiz var. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun digər əməkdaşı, tarix elmləri namizədi, arxeoloq Səfər Aşurovun sözlərinə görə isə, yalnız Simenslər deyil, digərləri də ölkəmizdən xaricə çox şey aparıb. Səfər Aşurov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisi bütün tarixi mərhələlərdə Şərqdə baş vermiş iqtisadi və siyasi proseslərin önündə dayanıb. S,Aşurovun dediyinə görə, ölkəmizin qədim tranzit ticarət yollarının üzərində yerləşməsi və strateji baxımdan əlverişli mövqeyə malik olması bunun üçün əsas zəmin olub. S.Aşurovun sözlərinə görə, on doqquzuncu yüzillikdə ölkəmizdə bir sıra sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq Azərbaycana müxtəlif sənət sahiblərinin axını başlayıb, onlar elə ilk gəlişindən yerli sənətkarların yaratdığı müxtəlif maddi mədəniyyət nümunələrinə maraq göstəriblər: "Avropadan maliyyə yardımı alan bir sıra "tədqiqatçılar" yerlərdə əntiq materiallar toplamaq və onları Avropanın müxtəlif muzeylərinə satmaqla məşğul olub. Bəzən belə maliyyə yardımlarına arxalanaraq daha qədim dövrlərə aid arxeoloji abidələrdə qazıntılar aparılıb və Azərbaycan tarixinin öyrənilməsi üçün çox dəyərli olan materiallar Avropaya göndərilib. Simens qardaşlarının mis əritmə zavodlarında misin elektrolizi ilə məşğul olan Valdemar Belk Daşkəsən-Gədəbəy bölgəsində çoxsaylı daş qutu qəbirləri açaraq onların arxeoloji materiallarını Almaniyanın Berlin muzeyinə göndərir. İlk əvvəllər qəbirlərdən çıxan saxsı qablara fikir verməyən V.Belk özünün qiymətli saydığı müxtəlif sənətkarlıq məmulatları toplayır. Onun apardığı qazıntı işləri qeyri- elmi xarakter daşımış, və abidələr kompleks şəkildə tədqiq edilməmişdir". Alim bildirir ki, eyni hal C.De.Morqanın Cənub (Talış) bölgəsində apardığı arxeoloji qazıntılar zamanı da baş verib: "Onun bölgədən toplayaraq Fransaya göndərdiyi materiallar hazırda Parisin Sen-Jermen muzeyində nümayiş etdirilir.

   Çar Rusiyasının işğalı altında olan Azərbaycanda abidələrin dağıdılması və arxeoloji materialların aparılması davam edib. 1918-ci ildə-Cumhuriyyət dövründə bu prosesin qarşısı alınsa da, 1920-ci ilədək Azərbaycan ərazisindən əldə edilmiş müxtəlif maddi mədəniyyət nümunələri Rusiyanın müxtəlif muzeylərinə daşınıb. İrəvan-Culfa dəmir yolunun çəkilməsilə əlaqədar Naxçıvan ərazisində bir sıra abidələr dağıntıya məruz qalıb. Sərhəd gözətçi dəstəsinin zabiti N.V.Fyodorov tərəfindən Qızılburunda daş qutu qəbirlər qazdırılıb, əldə edilmiş çox dəyərli maddi mədəniyyət nümunələri Moskvaya, Lalayan tərəfindən Kültəpədən və b. abidələrdən toplanmış materiallar isə Tbilisi muzeyinə göndərilir. Tiflisdə fəaliyyət göstərən Ter Avetisyan Ordubad rayonu ərazisindəki Xaraba-Gilan şəhər yerində axtarışlar aparır və topladığı bir sıra qiymətli materialları (qızıl sikkələr, ərəb qrafikası ilə yazılmış kitabələr və s.) Tiflis şəhərinə aparır".

   Alim dedi ki, akademik Marın Azərbaycana səfəri zamanı Juğa şəhər yerindən və nekropolundan əldə edilmiş materiallar Tbilisi muzeyinə verilib. Məhz onun tərəfindən Naxçıvanın Batabat yaylağındakı Fərhad evi adlanan tarixi abidə üzərində yazılı kitabə olması haqqında məlumat erməni tədqiqatçılarına verilib. Bundan sonra Naxçıvana gələn naməlum şıxslər bu abidəni oxunmaz hala sala bilib.

   Arxeoloq qeyd etdi ki, abidələrimizin ölkəmizdən kənara aparılmasında ermənilərin də xüsusi səyi olub: "Batabat yaylağındakı daş vişap oğurlanıb və Ayvazyan tərəfindən erməni abidəsi kimi verilib. Naxçıvanın daş qoç fiqurlarının taleyi daha acınacaqlı olub.

   Naxçıvanın Çalxanqala kəndində vaxtilə yaşayan ermənilər bu ərazidə qədim türklərin nişanələri olan kurqan abidələrini də birmənalı şəkildə yer üzündən siliblər. SSRİ-nin dağılmasından sonra sərhədlərin qorunmaması qonşu ölkələrdən gələn tacirlərə müxtəlif əşyaları Azərbaycandan çıxarmağa imkan verdi. Naxçıvan Dövlət Tarix muzeyindəki nadir antropomorf gil qab, İçəri şəhərdə Şirvanşahlar Sarayında qorunan Mingəçevir arxeoloji qazıntıları materiallarının bir qismi, Naxçıvan ərazisindən tapılan tunc qrifon və Alban hökmdarı Cavanşirin at üstündəki tunc heykəli vaxtilə Azərbaycandan çıxarılıb və hazırda Sankt-Peterburqda - Ermitajda saxlanır".

   Səfər Aşurovun bildirdiyinə görə, təqdiqatlar göstərir ki, yalnız Sen-Jermen muzeyində 40 minə qədər Azərbaycana aid eksponat saxlanılır.

   Fransanın "İmperator" muzeyində də Azərbaycanın sərvətləri var. S.Aşurovun bildirdiyinə görə, hazırda təmsil olunduğu institutla Fransanın müvafiq qurumları arasında müqavilə imzalanıb və xüsusi layihə hazırlanır. Bu layihəyə əsasən aprelin sonlarında Azərbaycanın arxeoloq alimləri Fransa alimlərilə birgə adları çəkilən muzeylərdə tədqiqat işləri aparacaq. Onun sözlərinə görə, bu muzeylərdə Azərbaycanla bağlı çox zəngin materialların olduğu dəqiqdir. Lakin bu eksponatların ölkəmizə gətirilməsi mümkünsüzdür.

 

 

   İradə SARIYEVA

 

  Bakı xəbər.-2011.- 1aprel.- S. 15.