Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə
xidmət edir
Tarix boyu Azərbaycan
xalqı min bir faciə ilə üzləşib. Bir sıra
istilaçı hücumlar nəticəsində zaman-zaman malik
olduğu tarixi əraziləri itirmək məcburiyyətində
qalıb. Bu da millətimizin yaddaşında acı izlər
buraxıb. Xüsusən də ötən yüz il ərzində
millətimizin başına bir sıra müsibətlər gəlib
və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə
düçar olub. İndinin özündə də o yaralar
sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız
olsa da, bütün bu baş verənləri heç cür
unutmaq olmaz.
Məsələ ondadır ki,
XIX-XX əsrlər bununla bağlı ən faciəli və
dramatik hadisələrin baş verməsilə yadda qalıb. Belə
ki, 1813-cü ildə İranla Rusiya arasında imzalanan
Gülüstan, daha sonra 1828-ci ildə imzalanan Türkmənçay
müqavilələri ilə böyük Azərbaycan iki yerə
bölünərək işğal edildi. Yüzlərlə kənd
yandırıldı, tarixi abidələr məhv edildi və
s. Nəticədə xeyli sayda soydaşımız doğma
yurdunu tərk etməli oldu. Bununla kifayətlənməyən
rus imperiyası şimali Azərbaycanda erməniləri məskunlaşdırmağa
başladı. 1918-ci ildə Azərbaycan müstəqillik əldə
etsə də, bunun ömürü çox uzun olmadı. İyirmi
üç aydan sonra bolşevik Rusiyası Azərbaycan
Demokratik Respublikasının müstəqilliyinə son qoydu.
Həmçinin, Qərbi Azərbaycandan,
indiki Ermənistandan tarixi dədə-baba torpaqlarından mərhələ-mərhələ
deportasiya edilən azərbaycanlıların üzləşdiyi
faciələr yaddaşlarda dərin iz buraxıb. Tarix nə qədər
amansız olsa da, bütün bu baş verənləri
heç cür unutmaq olmaz. Belə ki, ilk dəfə 1905-ci ildə
Çar Rusiyasının himayəsi sayəsində Qərbi
Azərbaycandan soydaşlarımız didərgin
salındı. Yüzlərlə kənd yandırıldı,
tarixi abidələr məhv edildi və s. Nəticədə
xeyli sayda soydaşımız doğma yurdunu tərk etməli
oldu. Bununla kifayətlənməyən ermənilər bir
neçə il sonra daha da irəli gedərək, 1918-ci ildə
yoxdan özlərinə Ermənistan dövləti
yaratdılar. 1920-ci ildə bolşevik Rusiyasının məkrli
siyasəti nəticəsində 20 min kvadrat kilometr Azərbaycan
ərazisi Ermənistana qatıldı. On minlərlə
soydaşımız didərgin salındı. Bu azmış
kimi, 1948-1953-cü illərdə 100 min azərbaycanlı
deportasiya edildi. Ən nəhayət, 1988-ci ildə 250 min
soydaşımız tarixi torpaqlarından qovularaq, birdəfəlik
bu məsələyə son qoyuldu. Yəni Ermənistanda bir nəfər
belə azərbaycanlı qalmadı.
Bununla kifayətlənməyən
ermənilər Dağlıq Qarabağı və 7 ətraf
rayonu işğal etdilər. Ermənilərin Malıbəylidə,
Bağanıs-Ayrımda, Qaradağlıda, Xocalıda və
digər yaşayış məntəqələrində
törətdiyi kütləvi qırğınları hər
il biz faciə günü olaraq qeyd edirik. İyirmi ildən
çoxdur azərbaycanlıların bu cür acı tarixi ədalətsizliklə
üzləşməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət
bu haqsızlıqları görmək istəmir. Halbuki,
soydaşlarımızın hüquqlarının bərpasını
təmin edə bilsək, o zaman ciddi dönüşə nail
ola bilərik. Bu yöndə görülən işlər həm
də azərbaycançılıq ideologiyasının
möhkəmlənməsinə xidmət edir. Azərbaycan
1991-ci ildə ölkə müstəqilliyinə qovuşandan
sonra bir sıra beynəlxalq təşkilatlara üzv oldu. Belə
ki, Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına,
İslam Konfransı Təşkilatına və s. nüfuzlu
beynəlxalq qurumlara üzv qəbul olundu. Nə qədər ədalətsiz,
ikili standartların hökm sürdüyü bir dünyada
yaşasaq da, Azərbaycan həqiqətlərinin beynəlxalq
qurumlar vasitəsilə dünyaya çatdırılması
istiqamətində səy göstərməliyik. Ölkə mənafelərinin
beynəlxalq hüquq çərçivəsində
qorunması istiqamətində yorulmadan, qətiyyətlə
mübarizə aparmalıyıq. Bu yöndə bütün
beynəlxalq hüquq normalarının tələblərindən
istifadə edərək fəaliyyətimizi gücləndirməliyik.
Bunu etsək, o zaman müstəqil dövlət olaraq ciddi
dönüşə nail ola bilərik.
Yuxarıda sadalanan bütün bu
faktorların vəhdəti bir daha onu sübut edir ki, Azərbaycanın
uğurlarını şətləndirən mühüm amillərdən
biri də beynəlxalq qurumlar vasitəsilə ölkə həqiqətlərinin
dünyaya çatdırılmasıdır. Bütün
bunlarla yanaşı, hər il xarici dövlətlərdə
yaşayan soydaşlarımız və dövlətimiz faciə
günlərin qeyd edilməsi ilə bağlı tədbirlər
keçirir. Bu işdə diaspor qurumları və digər təşkilatlar
da fəal rol oynayır. Bütövlükdə faciə
günləri ilə bağlı xarici ölkələrdə
keçirilən tədbirlər ölkəmiz barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında nə
kimi rol oynayır?
Məsələyə münasibət
bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə
görə, bu kimi tədbirlərin ölkə həqiqətlərinin
dünyada yayılmasında müəyyən rolu var:
"Çünki dünya elədir ki, heç bir ölkə,
millət, xalq qapalı şəraitdə yaşaya bilmir. Bəşəriyyət
elmi-texniki tərəqqinin çox yüksək səviyyədə
inkişaf etdiyi bir dövrdə yaşayır. Bütün
bunlar əlaqələri daha da genişləndirmək və təbliğatı
müasir dövrün tələblərinə uyğun təşkil
etmək zərurətini ortaya qoyur. Bizi düşündürən
məsələlər odur ki, yaranan bu imkanlardan millətimizin
taleyi üçün vacib olan məqamları xüsusilə
qabardaq və hər zaman diqqət mərkəzində saxlayaq.
Müxalifət təmsilçisi olmaq heç də o demək
deyil ki, hər şeyə qara prizmadan yanaşasan. İnsafən
etiraf etmək lazımdır ki, bu istiqamətdə müəyyən
işlər görülür, tədbirlər həyata
keçirilir. Yəni Azərbaycanın başına gətirilən
faciələrlə bağlı xarici ölkələrdə
silsilə tədbirlər keçirilir. İstər-istəməz,
bu kimi tədbirlər Azərbaycanla bağlı həqiqətlərin
doğru-düzgün dünya ictimaiyyətinə
çatdırılmasında müəyyən rol oynayır. Xüsusən,
Xocalı soyqırımının qeyd olunması ilə
bağlı keçirilən tədbirlər çox yüksək
səviyyədə təşkil olunur. O baxımdan hesab edirəm
ki, digər faciələrimizlə bağlı tədbirlər
də belə təşkil olunsa, o zaman bu tədbirlərin
faydalılıq əmsalı böyük olar. Ancaq məni bir
vətəndaş olaraq narahat edən odur ki, bəzən bu
kimi tədbirlər kampaniya xarakteri daşıyır. Belə
hallara qəti yol vermək olmaz. Digər tərəfdən,
biz bütün mümkün vasitələrlə
çalışmalıyıq ki, başımıza gətirilən
facilərlə daha çox xarici dövlətlərdə təbliğ
edək. Bəzən
elə olur ki, özümüz deyib, özümüz
eşidirik. Halbuki, beynəlxalq aləmin başımıza gələn
faciələrlə bağlı daha geniş məlumatlanmasına
ehtiyac var. Baxın, ermənilər olmayan
"soyqırım" məsələsini həmişə
gündəmdə saxlayır. Bunun üçün heç nəyi
əsirgəmirlər. Baxmayaraq ki, onların dedikləri tamamilə
uydurmadır. Ona görə də işğala məruz qalan
bir dövlət, millət olaraq indiki məqamda ermənilərin
əsl simasını üzə çıxarmalıyıq.
Xalq olaraq çəkdiyimiz əzab-əziyyətləri beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Yəni
bu istiqamətdə işlərimizi daha da intensivləşdirməliyik.
Bu yöndə dövrün, zamanın tələblərilə
ayaqlaşmaq lazımdır. Çünki ədalət
üzülür, amma qırılmır. Belə məsələlərdə
iqtidar-müxalifət sərhədləri olmamalıdır. Hər
bir kəs var gücü ilə üzərinə düşən
missiyanı həyata keçirməlidir. Ona görə ki, bu
kimi məsələlər hamımızı
düşündürməlidir".
Dinşünas Vaqif Cəliloğlu
da hesab edir ki, bu səpkili silsilə tədbirlərin
keçirilməsi çox əhəmiyyətlidir:
"İlk öncə bu kimi tədbirlər Azərbaycan
xalqının keçmişini, kimliyini göstərir. Həmçinin,
hansı torpaqların bizə məxsus olduğunun göstəricisidir.
Tariximizdə baş verən faciələrin anılması,
dünya ictimaiyyətinə çatdırılması
çox lazımlı işdir. İyirminci əsr boyu
işğal olunan Azərbaycan torpaqlarının kimlər tərəfindən
zəbt olunmasını dünya ictimaiyyətinə
çatdırmaq, beynəlxalq hüquq müstəvisində
bu məsələnin qaldırmaq əsas məsələ
olmalıdır. Bu həm də işğal olunan
torpaqların geri qaytarılması istiqamətində
atılan addımlardan biridir. Bütün bu tədbirlər
kompleks şəkildə Azərbaycanın işğal olunan
torpaqlarının geri qaytarılması, ölkə
suverenliyinin bütün ərazilər üzərində bərpa
olunması baxımından faydalıdır. Çünki
ölkənin ərazi bütövlüyünün bərpa
olunması dövlət siyasətinin prioritet məsələlərindən
biridir. Bu işdə faciələrimizlə bağlı xaricdə
keçirilən silsilə tədbirlərin də müəyyən
köməyi dəyə bilər və dəyir. Başqa bir tərəfdən,
bu kimi tədbirlərin mənəvi əhəmiyyəti də
yetərincə böyükdür. Bu həm də onun göstəricisidir
ki, Azərbaycan xalqı mənsub olduğu ərazini,
torpağı, milli-mənəvi, dini dəyərləri
qorumağa məhkum olan və ona layiqincə sahib
çıxa bilən bir ölkədir, xalqdır. O
baxımdan hesab edirəm ki, bu yöndə görülən
işlərin daha da keyfiyyətli təşkil olunmasına
çalışmalıyıq. Çünki uzun illər
dünya ictimaiyyəti Azərbaycanla bağlı həqiqətlərdən
bixəbər olub. Yəni Azərbaycanın üzləşdiyi
faciələr barəsində dolğun informasiyaya malik
olmayıb. Zaman-zaman beynəlxalq ictimaiyyətin Azərbaycanla
bağlı reallıqları doğru-düzgün bilməməsindən
əziyyət çəkmişik. Azərbaycanı sevməyən
qüvvələr bu boşluqdan istifadə edərək bizə
qarşı qərəzli kampaniyalara rəvac verib. Ona görə
də biz bu yöndə səylərimizi artırmalı və
köhnə stereiotipləri dağıtmalıyıq".
Vidadi
ORDAHALLI
Bakı xəbər.-
2011.- 1 aprel.- S. 12.