Qurani - Kərimin tərcümə qüsurları...

 

  III yazı

 

  Qurani-Kərimin Azərbaycan dilinə mərhum Z.Bünyadov və V.Məmmədəliyev tərəfindən ədəbi tərcüməsi şübhəsiz ki, müstəqilliyimizin əldə etdiyi mühüm mənəvi dəyərlərdən biridir. Müqəddəs Kitabın 1992-ci ildən 2007-ci ilə kimi işıq üzü görən doqquz nəşrindən məqsəd, həm çoxminli oxucu tələbini ödəmək, həm də tərcümənin orijinala-nazil olan dilə daha yaxın olmasını təmin etmək olub.

   Təəssüf ki, 15 il keçməsinə baxmayaraq tərcümə hələ də qüsurlardan xali deyil. Bu amili və dini maariflənmənin vacibliyini nəzərə alan "Bakı-Xəbər" qəzeti keçən saylarının davamı kimi (bax: 31 yanvar və 21 fevral 2011-ci il) "Qurani-Kərimin tərcümə qüsurları..." adlı növbəti yazını oxucularına təqdim edir.

   1) "Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!" (Ən-Nəhl 78, IX nəşr, 2007). Ayənin qüsurlu tərcüməsinə görə, güya Rəbbimiz əvvəl insanları ana bətnindən çıxarır, sonra isə onlara qulaq, göz və qəlb verir. Lakin bir aksiomadır ki, insan anadan bütün əzalarla birlikdə o cümlədən, qulaq, göz və qəlblə doğulur. Göründüyü kimi, ayənin tərcüməsini qüsurlu edən müəlliflərin "sonra" sözünü "kəşf" etməsidir. Halbuki, Rəbbimiz ayənin orijinalında "summə" (Azərbaycan dilində-sonra) sözünə ehtiyac duymayıb. İkincisi, insanın həm də tələsən və nankor olduğunu bilən Rəbbimiz ("Yaradan bilməzmi?!") orijinalda "ləalləkum təşkurun" (bəlkə şükür edəsiniz) ifadəsini işlədib. Yəni "ey nankor və təkəbbürlü insan, başqalarının sənə verdiyi paraya, vəzifəyə görə onlara dəfələrlə təşəkkür edirsən. Axı səni yaradan, sənə göz, qulaq və qəlb verən də, başqasından aldığın para-puraları yaradan da Mənəm. Bu nemətləri kimdən gəldiyinin fərqində olub, bəlkə Mənə də şükür edəsən".

   V.Məmmədəliyev isə IX nəşrdə (2007-ci il) bu ifadəni sadəcə "şükür edəsiniz" kimi təqdim edib. Halbuki, Quranın 1992-ci il I nəşrində (Z.Bunyadovun sağlığında) bu ifadə orijinala daha yaxın - "bəlkə, şükür edəsiniz" kimi tərcümə edilmişdi. Bu baxımdan I nəşr IX nəşrdən daha mükəmməl idi.

   Yuxarıdakıları nəzərə alaraq, oxucuya məlum ayənin anlamının orijinala (ərəb dilinə) daha yaxın tərcüməsini təqdim edirik: "Allah sizi analarınızın bətnindən çıxardanda heç bir şey bilmirdiniz. Və sizə qulaq, göz, qəlb verdi ki, bəlkə, (Ona) şükür edəsiniz".

   2) "And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü onun hüzuruna gələcək". (Z.Bünyadov, V.Məmmədəliyev, Qurani-Kərim, Məali, 2007, Məryəm 94-95). Əvvəla, Məryəm 94 ayəsinin orijinalında (nazil olan dildə-ərəbcədə) "and olsun ki" ifadəsi yoxdur. Bu, mütərcimlərin əslə əlavəsidir. İkincisi, hər şeyin sayını, ömrünü, ümumiyyətlə kəmiyyət və keyfiyyət göstəricilərini mütləq bilən Allahın "təkrar-təkrar saymasına" ehtiyac varmı?! Rəbbin "Alim" isimləşmiş sifəti və ümumən Quran hikməti bu sualı birmənalı yox edir. Ayənin ərəbcədəki "və əddəhum əddən" ifadəsinin məanil (mənasının) tərcüməsi də "onları təkrar-təkrar"-dan daha çox "onları bir-bir" ifadəsinə daha yaxın edir". Yəni Rəbbimiz onların hamısını son nəfərinə kimi, birər-birər, xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır. Yuxarıdakı arqumentləri nəzərə olaraq, ayənin orjinala daha yaxın məalinin tərcüməsinin belə olması fikrindəyik: "(Allah) onları hesablamış və birər-birər saymışdır" (Məryəm 94).

   Bəs, qiyamət günü onlar (insanlar) Onun hüzuruna necə gələcəklər? Bir-bir (fərdən), ya cəm şəklində? Bu durum ayənin (Məryəm 95) orijinalında açıq-aydın verilib. Lakin tərcümədə (IX nəşr, 2007) bu sual-cavabsız qalıb. Həmin nəşrdə V.Məmmədəliyev Məryəm 95 ayəsini belə tərcümə edib: "Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək". Bu ayənin nazil olan dildə latın qrafikası ilə ifadəsi belədir: "və kulluhum ətiyhi yəvməl-qiyaməti fərdən". Orijinaldakı "fərdən" sözü göstərir ki, onların hamısı Onun hüzuruna - dərgahına tək-tək, fərd olaraq gələcək. Yəni qiyamət günü insanların hamısı Allahın yanına tək-dünyaya gələndə olduğu kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəklər. Həmin səbəbdən ayənin anlamının orjinala daha yaxın tərcüməsini oxucuya təqdim edirik: "Onların hamısı qiyamət günü Onun hüzuruna tək-tək (fərdən) gələcək" (Məryəm 95).

   Maraqlıdır ki, bu ayə Qurani-Kərimin I nəşrində (1992-ci ildə) Ziya müəllimin bilavasitə iştirakı ilə tərcümədə əslə daha yaxın formada belə verilib: "Onların hamısı qiyamət günü Onun hüzuruna tək tənha gələcəklər". Təəssüf ki, bu ayənin tərcüməsi 15 ildən sonra "işıq üzü görən IX nəşrdə əvvəlkilərə nisbətən daha mükəmməl" (V.Məmmədəliyev) yox, əksinə, qeyri-mükəmməl, qüsurlu verilib.

   3) "(Ya Rəsulum! Elədə Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükr edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl), gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun müqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) razı (xoşhal) olasan!" (Taha 130, həmin müəlliflər və kitab). Ayənin mütərcimlər tərəfindən tərcüməsinin təhlilini aşağıdakı mərhələlərlə aparacağıq: a) Ayənin "Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükür edib şəninə təriflər de (sübh və əsr namazlarını qıl)" hissəsinin latın qrafikası ilə nazil olan dildə (ərəbcədə) daha yaxın ifadəsi belədir: "və səbbih bihamdi rabbikə qablə tuluiş-şəmsi və qablə ğurubihə". Kəlamın hərfi tərcüməsi belədir: "təriflə (təsbih et) həmd ilə Rabbini əvvəl günəşin doğmasından və əvvəl onun qurubundan". Göründüyü kimi Rəbbimiz orijinalda "şükür" yox, "həmd" sözünü işlədib. Çünki "şükür" sözü insanlara da şamil edilir. Həmd isə yalnız və yalnız Ona məxsusdur. Təşəkkürün, minnətdarlığın ən ali dərəcəsi olan Həmd, şükür və mədhi də ehtiva edir. "Həmd Allaha təşəkkürün başıdır" buyurub Peyğəmbər(ə). Həmddə Allahın nemətlərinin bizə çatıb-çatmaması əsas deyil; önəmli olan yeri, göyləri və onların içindəkilərini şəriksiz yaradan mütləq bir Xaliqin belə minnətdarlığa layiq olmasıdır. Həmin səbəbdən Quranda "Bismilləh"dən sonra "Əlhamdulilləhi Rabbilələmun" zikr olunub. Şükür isə yalnız verilən nemətə qarşı minnətdarlıqdır və o, heç vəchlə həmdi ehtiva edə bilməz. Başqa sözlə, həmddə həm də şükür və mədh olduğu halda, şükürdə həmd yoxdur.

   Ayənin sözügedən hissəsində izaha ehtiyac hiss edən mütərcimlər mötərizə daxilində "sübh və əsr namazlarını qıl" ifadəsini də veriblər. Oxucu marağında olan və dini maariflənməyə stimul verən belə izahlar sözsüz ki, təqdirəlayiqdir. Lakin bu izahlar müəyyən qüsurlardan xali deyil.

   Belə ki, müəlliflərin fikrinə görə, "Günəş doğmamışdan və batmamışdan əvvəl" Rəbbin şəninə təriflər sübh və əsr namazlarının qılınması vaxtı deyilməlidir. Bu məntiqdən çıxış etsək aydın olar ki, Günəş doğmamışdan və batmamışdan əvvəl qılınan namazlar tərcümədə olduğu kimi iki yox, üçdür (sübh, zöhr-günorta və əsr-günortadan sonra).

   Bununla yanaşı həm də hesab edirik ki, ayənin tərcüməsindəki "Günəş doğmamışdan və batmamışdan əvvəl" ifadələri "Günəşin doğmasından və batmasından əvvəl" kimi verilsəydi, ədəbi tərcümə baxımından daha uğurlu olardı. Beləliklə, ayənin birinci hissəsinin əslə daha yaxın ədəbi tərcüməsini oxucuya təqdim edirik: "Günəşin doğmasından və batmasından qabaq Rəbbini həmd ilə təsbih et (təriflə)".

   b) Ayənin ikinci hissəsi belə tərcümə olunub: "Gecənin bir vədəsində (axşam və gecə saatlarında) və günorta radələrində də Rəbbini öyüb təqdis et (şam, gecə və günorta namazlarını qıl) ki, (bunun muqabilində Allahın səni böyük savaba, yüksək dərəcələrə, yaxud ümmətin üçün şəfaətə nail etməsindən) rəzı (xoşhal) olasan!"

   Bu hissənin nazil olan dildə latın qrafikası ilə ifadəsi belədir: "və min ənəil-ləyli fəsəbbih və ətrafən-nəhəri ləəlləkə tərza". Kəlamın hərfən tərcüməsini təqdim edirik: "gecə saatlarında təsbih et və gündüz radələrində də. Bəlkə sən Rəbbinin rizasını qazana biləsən". Əvvəla, orijinaldakı "ətrafən-nəhəri" mütərcimlər tərəfindən səhv tərcümə edilərək, gündüz əvəzinə, günorta radələri kimi təqdim edilib. Halbuki, Rəbbimiz orijinalda "bədəz-zuhr" (günorta) yox, "nəhəran" (gündüz) sözündən istifadə edib. İkincisi, müəlliflərin mötərizədə verdiyi "şam, gecə namazlarını qıl" ifadəsi gündüz və ya günorta radələrinə uyğun deyil. Üçüncüsü, "ləəlləkə tərza" ifadəsi tərcümədə verildiyi kimi "razı olasan!" yox, "bəlkə Onun rizasını qazana biləsən" anlamını verir. Yəni mahiyyət Peyğəmbər(ə)-nin razı olmasından yox, onun Rəbb rizasını qazana biləcəyi şansından ibarətdir. Beləliklə, ayənin orijinala daha yaxın məalinin tərcüməsini təqdim edirik: "(Ya Rəsulum! Məkkə müşriklərinin) dediklərinə səbr et. Günəşin doğmasından və batmasından qabaq Rəbbini həmd ilə təsbih et (təriflə); Gecə saatlarında və gündüz radələrində də təsbih et ki, bəlkə sən Onun rizasını qazana biləsən!" (Taha 130).

   4) (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş (Cəhənnəmdəki Zəqqum adlı) ağacı insanlar üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox)" (İsra, 60). Bu kəlamın latın qrafikası ilə nazil olan dildə daha yaxın ifadəsi belədir: "və mə cəalnər-ruyəllətiy əraynəkə illə fitnətən linnəsi vəş-şəcəratəl-məlunətə fil-Qurani". Cümlənin hərfi tərcüməsi aşağıdakı mənaya uyğundur: "nə ki yuxuda göstərmişdik sənə yalnız fitnə idi insanlar üçün və Quranda lənətlənmiş ağac da". Orijinaldan göründüyü kimi Rəbbimiz "ruyə" (röya) sözündən istifadə edib. Bu terminin lüğəti mənası isə: a) yuxuda görülən şey, hadisə; 2) yuxugörmədir! Tərcümənin "sənə göstərdiyimiz mənzərəni" hissəsində isə "ruyə" sözünün anlamını verən ifadə (yuxuda görülən hadisə, yuxugörmə) yoxdur. Həmin səbəbdən kəlamın ədəbi tərcüməsi natamamdır.

   Ayə Peyğəmbər(ə)-nin bilavasitə meracı ilə əlaqəlidir. Merac isə bəşər idrakının fövqündə dayanan əsrarəngiz bir hadisədir. Bu zaman dilin başa sala bilməyəcəyi, ağlın aciz olduğu qeyri-dünyəvi hadisələrin bir qismi Həz.Məhəmmədə göstərilmişdir. Lakin Maracın Peyğəmbər(ə)-nin ruhu və ya bədəni ilə baş verdiyi, ayaq və ya yuxuda olduğu zaman həyata keçdiyi də mübahisəlidir. Meracın ruhla olduğunu qəbul edənlər azdır. Bu azlığın başında duran Həz.Aişə deyib: "Rəsulu Əkrəmin cismi yerindən qalxmadı. O, ancaq ruhu ilə səmaya, yuksəkliklərə qalxdı". Səhabədən gələn digər hədisdə deyilir: "O, Allah tərəfindən doğru bir röyadır. (yuxudur-V.C)". Bununla yanaşı röyanın ruyət (bir şeyi yuxuda yox, bilavasitə gözlə görmək) mənasını verə biləcəyini də qəbul etmək lazımdır. Müfəssirlərin bəziləri isə İsranın (Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə getməsi) bədənlə, oradan göylərə çıxmasının (Meracın) ruhla olduğunu söyləmişdir. Bu barədə fikirlər çox və müxtəlifdir. Biz də daxil olmaqla, əksəriyyət meracın bədən və ruh vəhdətilə olduğuna inanır.

   Təəssüf ki, Quranı Azərbaycan dilinə tərcümə edən müəlliflər nə orijinaldakı "ruyə", nə də "ruyət" sözündən istifadə ediblər.

   Ayədə mötərizə daxilində verilən "İsra gecəsi" ifadəsi də qüsurludur. Çünki "gecə vaxtı yerimək "mənasını verən İsra Peyğəmbər(ə)-nin Məkkədən Qüdsə səyahətidir (bax: İsra 1). "Merac isə çıxmaq, yüksəlmək mənalarını ehtiva edir. Deməli, Meracın birinci hissəsi İsra, ikinci hissəsi isə Həz.Məhəmmədin Cəbrail(ə) müşayətilə səmadakı səyahəti, ona əsrarəngiz mənzərənin göstərilməsidir. Bu baxımdan mötərizə daxilində "Merac vaxtı" ifadəsi daha mükəmməl olardı.

   Beləliklə, yuxarıdakı qeydləri nəzərə alaraq ayənin sözügedən hissəsinin əslə daha yaxın anlamının ədəbi tərcüməsini təqdim edirik: "Və Biz (Merac vaxtı) sənə göstərdiyimiz yuxunu və Quranda lənətlənmiş (Cəhənnəmdəki Zəqqum adlı) ağacı insanlar üçün bir imtahan etdik".

   5) "Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etmədim və Mən (insanları haqq yoldan) çıxardanları Özümə köməkçi də tutmadım" (Kəhf 51). Həm orijinaldakı ifadə tərzi və Quran hikməti, həm də Azərbaycan dilinin xüsusiyyətləri təsdiq edir ki, ayənin birinci cümləsinin tərcüməsi səhfdir. Ayənin sözügedən hissəsinin dəqiq tərcüməsi belədir: "Mən onları nə göylərin, nə yerin yaradılışına, nə də öz yaradılışlarına şahid etdim"; və ya: "Mən onları göylərin və yerin yaradılışına, həm də öz yaradılışlarına şahid etmədim". Təəssüf ki, bu qüsur I nəşrdən (1992-ci il) sonuncu-IX nəşrə kimi diqqətdən kənarda qalıb.

  

 

  Vaqif Cəliloğlu

 

  Bakı xəbər.- 2011.- 4 aprel.- S. 14.