Azərbaycanın
saxta xəritələrinin çapı etirazlara yol
açdı
Ekspertlər "əks
hücuma" keçməyin zəruri olduğu qənaətindədir
Hər
bir dövlətin ərazisinin tanıdılmasında onun sərhədlərini
göstərən xəritələrin çapı önəmli
əhəmiyyət daşıyır. Yəni dövlətin
tanınmasında xəritələrin də rolu
danılmazdır. Xəritələr bir növ bu və ya digər
dövlətin ərazisinin hardan başlayıb, harda
qurtardığını bildirən sənəddir. Başqa
dövlətlərdə yaşayan insanlar da digər ölkənin
ərazisini məhz xəritələr vasitəsilə müəyyənləşdirir,
ona uyğun xəritələr tərtib edirlər.
Bir-birinə düşmən
dövlətlər isə, bəzən xəritələrdən
də istifadə edərək, rəqibinə qarşı təbliğat
kampaniyası həyata keçirir. Məsələn, vaxtilə
Hitler Almaniyası qonşu ölkələri işğal etməzdən
öncə Avstriya, Çexiyanın Sudes və Polşanın
qərb torpaqlarının özlərinə məxsus
olduğunu iddia edən xəritələr
buraxdırmışdı. Buradan belə başa düşmək
olar ki, bəzi xalqlar xəritələri saxtalaşdırmaqla
da məşğuldur. Onlardan biri də farslarla ermənilərdir.
Uzun illərdir, mənfur qonşularımız olan ermənilər
ölkəmizə münasibətdə hərtərəfli
saxtakarlığa qol qoyur. Onlar tərtib etdikləri xəritələrdə
tarixən Azərbaycana məxsus torpaqları özlərinki
kimi göstərərək dünya ictimaiyyətini aldatmaqla məşğuldur.
Bunun üçün erməni diasporası hələ
çox-çox illər əvvəldən fəaliyyət
göstərir. Çar Rusiyası zamanından belə xarici
ölkələrdə azərbaycanlılara məxsus ərazilərin
guya qədimdə ermənilərə aid olduğu barədə
xəritələr çıxırdı. Müstəqil Azərbaycan
Xalq Cumhuriyyəti dövründə belə Ermənistan
dövləti saxta xəritələr buraxmaqla məşğul
idi. Dünya ölkələrini də bu yolla aldatmağa
çalışırdılar. Son zamanlar isə xaricdə Azərbaycan
barədə saxta xəritələrin dərc olunması
prosesi genişlənib. Bu işdə əcnəbi ölkələrin
bəzi qeyri-hökumət təşkilatları da ara-sıra
ermənilərə dəstək olur. Həmin xəritələrdə
Azərbaycan torpağı olan ərazilər, Dağlıq
Qarabağ, Naxçıvan, hətta Gəncə şəhəri
belə Ermənistan ərazisi kimi göstərilir. Ermənilər
tərtib etdikləri saxta xəritələrdə Azərbaycan
torpaqları hesabına "Böyük Ermənistan"
xülyasında bulunur. Bununda onlar bir tərəfdən
özlərinin gələcək nəslini türk millətinə
qarşı nifrət ruhunda tərbiyə edir. Çünki
bu xəritə ilə tanış olan erməni gəncin
düşüncəsində Azərbaycan torpaqlarının
böyük bir hissəsinin guya Ermənistana məxsus
olduğu fikri formalaşır. Həmin saxta xəritələrin
çapında maraqlı olan qüvvələr dünya
ölkələrinin xalqlarını da bu üsulla
yanlış yola sürükləməyə
çalışır. Yəni onlarda Dağlıq
Qarabağın, Naxçıvanın və digər qədim
azəri torpaqlarının guya sırf erməni ərazisi
olduğu illüziyasını yaradır. Cənub
qonşularımız farslar da zaman-zaman buraxdıqları bəzi
xəritələrdə İndiki Şimali Azərbaycan ərazisini
İran dövlətinin torpağı kimi təqdim etməyə
çalışırlar. Yəni digər məsələlər
kimi, bu işdə də onlar müsəlman qardaşları
olan azərbaycanlılara düşmən çıxaraq, ermənilərlə
əlbir hərəkət edir. Bütün bu saxta hərəkətlərin
qarşısı yerindəcə alınmalıdır ki,
dünya ictimaiyyəti belə yalanlara uymasın. Bunun
üçünsə, Azərbaycan tərəfi də adekvat
addımlar atmalıdır. Ən azından, saxta xəritələr
üzə çıxan kimi onların yalan olduğu barədə
ictimaiyyəti məlumatlandırmaq lazımdır. Bununla
bağlı müvafiq qurumlar yeri gələndə cavab tədbirləri
görür. Eyni zamanda, Azərbaycanın qeyri-hökumət təşkilatları
da son illər saxta xəritələrin faş edilməsi
istiqamətində ardıcıl addımlar atır. Amma əvvəllər
heç bunlar da yox idi. Sovet dövründə "Azərbaycan
tarixi" dərsliyində ölkəmizdə mövcud olan qədim
və orta əsr türk dövlətlərinin ərazisini
göstərən bir xəritəyə belə rast gəlinmirdi.
Hətta 1918-1920-ci illər ərzində mövcud olan və
sonradan müstəmləkəçi rejimi müstəqillikdən
üstün tutan Nərimanovun
başçılığı altında işğala məruz
qalan Azərbaycan Xalq Cumhuriyyəti zamanı mövcud olan
torpaqlarımızı göstərən xəritə belə
yox idi. Ermənistan isə hələ sovet dönəmində
saxta xəritələr buraxırdı. Hazırda Azərbaycanın
ərazisi Birləşmiş Millətlər Təşkilatı
tərəfindən 86 min kvadratkilometrlik ərazisində
tanınsa da, həmin saxta xəritələrdə ərazilərimiz
qat-qat kiçik göstərilir. Burada bir daha xatırlatmaq
yerinə düşər ki, indiki Ermənistanın yerləşdiyi
ərazilər də bir vaxtlar bütünlüklə Azərbaycan
torpaqları olub. Yəni ermənilər hazırda
yaşadıqları əraziyə əslində gəlmədirlər.
Ümumiyyyətlə, Azərbaycanın orta əsrlərdə
ərazisi 400 min kvadratkilometrlik bir sahəni tuturdu. Mütəxəssislərdən
ölkəmiz barədə xaricdə dərc olunan saxta xəritələrin
qarşısını bütünlüklə necə ala biləcəyimizi
soruşduq.
Siyasi şərhçi, professor
Vaqif Arzumanlı öncə bildirdi ki, Azərbaycan
coğrafiyası, tarixi, ölkənin inzibati-ərazi vahidilə
bağlı son illər ölkə hüdudlarından kənarda
buraxılan xəritələrdə müəyyən naqisliklər
özünü büruzə verir: "Bu da əsasən
Dağlıq Qarabağ münaqişəsindən sonra baş
verən hadisələrdir. Bəzi xüsusi
broşüralarda, turist bukletlərində, bir sıra ermənipərəst
dövlətlərin rəsmi çaplarında Dağlıq
Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi
hallarına rast gəlinib. Tarixi xəritələrdə
Naxçıvan Muxtar Respublikasının ərazisi Ermənistan
torpağı kimi verilirdi. Buna qədər də belə təxribatlar
olub. Məsələn, XIX əsrin 60-70-ci illərindən
başlayaraq ermənilər dənizdən-dənizə,
üç dəniz arasındakı əraziləri
Böyük Ermənistan ərazisi kimi təqdim etməyə
çalışır. Bura nəinki Azərbaycanın, hətta
Gürcüstanın da torpaqlarını daxil edirdilər".
Həmsöhbətimizə görə, bu sahədə onlara ən
tutarlı cavab dövlət xəritəçəkmə təşkilatları
qarşısında məsələnin qaldırılması
olardı: "Onlar vasitəsilə ölkəmizin tarixini, qədim,
orta əsrlər və müasir dövrü əhatə edən
zamanı özündə əks etdirən xəritələrin
tez-tez nəşr olunması vacibdir. Özü də proses
müxtəlif dillərdə aparılmalıdır ki,
dünya ictimaiyyəti geniş şəkildə tanış
ola bilsin. Bu yaxınlarda Çexiyada olarkən burada "Azərbaycanın
tarixi və maddi-mədəniyyət abidələri"
adlı bir xəritənin böyük buklet şəklində
Praqada nəşr olunduğunun şahidi oldum. Həmin nəşr
çex və ingilis dillərində idi. Bu bukletdə Azərbaycanın
eramızdan əvvəlki dövründən tutmuş
hazırkı günə qədər dövrü əhatə
edən xəritələri, yəni 2005-ci ilə qədər
olan memarlıq, tarixi, maddi-mədəni abidələrimiz
gözəl şəkildə əks olunmuşdu. Burada
coğrafi və inzibati-ərazi məqamları da verilib. Həmin
istiqamətdə xarici ölkələrdə fəaliyyət
göstərən səfirliklərimiz çox iş görə
bilər. Bu
cəhətdən Azərbaycanın Çexiyadakı səfirliyinin
fəaliyyəti diqqətə layiqdir. Belə xəritələr
ingilis dilində başqa Avropa ölkələri və Amerikada
da nəşr olunmalıdır ki, ermənilərin saxta xəritə
diplomatiyasına sarsıdıcı zərbə vurulsun. Azərbaycan
təkcə daxildə yox, xarici ölkələrdə fəaliyyət
göstərən diplomatik təşkilatları və
missiyaları ilə də bağlı belə addımlar
atmalıdır". Onun fikrincə, sözügedən təbliğat
Ermənistan-Azərbaycan münaqişəsindən sonra daha
güclü aparılmalı idi: "Bunu bir müddət diqqətdən
qaçırdıq. Bir xəritə çap etdik, "Azərbaycanın
işğal olunmuş əraziləri". Amma bu az idi. Azərbaycanın
qədim, orta əsrlər və XX əsrə aid xəritələrini
də tez-tez çap etdirməliyik. Təəssüf edirəm
ki, Azərbaycan Xalq Cumhuriyyəti dövründəki ölkəmizin
ərazi-inzibati vəziyyətini əks etdirən xəritələrimiz
olduqca azdır. Bu dövrün, ölkəmizin ərazisinin
113 min kvadratkilometr olduğunu göstərən xəritələrin
çapı, əlbəttə, çox vacibdir. Özü də
dönə-dönə, dəfələrlə".
V.Arzumanlı çoxsaylı Vahid Azərbaycan xəritəsinin
buraxılmasını da vacib bildi: "Xarici ölkələrdə
vahid Azərbaycan, məsələn, Dərbənddən
başlamış, Həmədana qədər olan ərazilərimizin
xəritəsinin çapını da həyata keçirirlər.
Həmin xəritələrdən birini 1994-cü ildə
Almaniyanın paytaxtı Bonnda "Ana dili" qəzetinin
baş redaktoru Nurəddin bəy Qərəvi ilə birgə
çap etmişdik. Xarici ölkələrdə yaşayan cənublu
soydaşlarımız, az-az olsa da, belə xəritələri
çap edib. Bu işi iki istiqamətdə aparsaq daha xeyirli
olar. Biri tarixi xəritələrimiz, bir də, xüsusən
1918-1920-ci illərin bütün Şərqin ilk demokratik
dövləti olan Xalq Cumhuriyyəti dövrünün və
Bütöv Azərbaycanın xəritəsini. Bununla
bağlı İrandan çəkinmək lazım deyil. Cənub
qonşumuzda Cənubi Azərbaycanı İran ərazisi kimi
göstərən çoxsaylı xəritələr
çap edilib. Biz də Dərbənddən Həmədana qədər
ərazinin Azərbaycana məxsusluğu barədə geniş
həcmli xəritələr buraxmalıyıq. Reallıq
bundan ibarətdir ki, Türkmənçay və
Gülüstan müqavilələrindən sonra
parçalanmışıq. Amma buna qədər
Borçalının bir tərəfdə qalması,
Naxçıvanla Azərbaycanın əsas hissəsi
arasında ərazi məsələlərilə bağlı
təbliğatı güclündirsək, bu ümumi işin
xeyrinə olar. Belədə ermənilərin
işğalçı və düşmən siyasəti
dünya ictimaiyyətinə daha aydın şəkildə təqdim
oluna bilər".
Millət
vəkili Fərəc Quliyev qeyd etdi ki, indi Azərbaycanın
istənilən dövlətə təsir etmək imkanları
var: "Azərbaycan bir halda ciddi təpki göstərsə,
qalan hallarda belə davranışlar olmayacaq. Hər hansı
bir ölkə Azərbaycan xəritəsi və ərazisilə
bağlı təhriflərə yol verəcəksə və
bu gələcəkdə təkrarlanarsa, nota verməklə
bütün münasibətlərə yenidən baxma tələbilə
çıxış edilərsə, onda bu məsələyə,
düşünürəm ki, birdəfəlik son qoyulacaq. Azərbaycanın
siyasi həyatında fəaliyyət göstərən təşkilatlar
da ona öz münasibətini bildirməlidir. Diasporumuz da həmçinin.
Eyni zamanda, belə hallara münasibətdə adekvat
addımlar da atılmalıdır. Ən azından, mütəxəssislərimiz
qarşılıqlı olaraq "səhvlər" edər və
həmin dövlətlər başa düşər ki, etdikləri
əməllər əbəsdir. Bu yaxınlarda Ramiz Mehdiyevin nəşr
etdirdiyi kitab da göstərdi ki, Azərbaycan hakimiyyətində
məmurlar da bir vaxtlar bizim bildiyimiz gerçəklikləri qəbul
edir və onun doğrudan-doğruya ictimailəşməsinin
labüd olduğu qənaətindədir. Çünki bu məsələləri
rəsmi şəkildə ortaya qoymadıqda İran kimi
dövlət ölkəmizin ərazilərinə iddia edəcək,
başqaları da ərazi iddiasında bulunacaq, xəritələrimizə
toxunacaq. Milli Elmlər Akademiyasının özündə
müvafiq strukturlar var. Bütün dövrlərə aid ərazilərimizlə
bağlı xəritələrimizi əcnəbi dillərdə
olmaqla kitablar halında müxtəlif ölkələrin
kitabxanalarına, universitetlərinə, senatorlar və dövlət
adamlarına göndərməklə də
özümüzü tanıtmağı bacarmalıyıq.
Amma haqqımızda xəritədə təhriflər olursa,
dövlət tərəfindən ciddi ölçü
götürülməlidir. Məsələn, şərt
qoymaq olar ki, mövcud kəm-kəsir qısa zamanda düzəlməsə,
təkzib verilməsə, üzr istənilməsə neft
müqavilələrinə yenidən baxmaq məcburiyyətində
qalacağıq. Dünya iqtisadiyyat dünyasıdır və
bu baxımdan istifadə etmək lazımdır".
Rüfət
SULTAN
Bakı xəbər.-
2011.- 4 aprel.- S. 15.