İslamda
yas mərasimləri və əyintilər
Əyintilər
nədən qaynaqlanır? Kimdir günahkar?
Qloballaşan
dünyamızda
milli-mənəvi
və dini dəyərlərin
qorunması bu gün
ən
aktual problemlərdən
biri, bəlkə
də birincisidir. Belə
taleyüklü məsələdə gözləmə
mövqeyi tutmaq öz ayağınla uçuruma doğru getmək,
sabaha, gələcəyə qəsd etmək deməkdir.
Xüsusilə,
dini dəyərlərimizdə
zaman-zaman baş
verən və
bizim laqeydliyimiz ucbatından
sezmədiyimiz ən
xırda əyintilər
belə, ağacı
qurd içindən
yeyən kimi,
gizli-gizli "öz işini
görür",
səmavi dinlər
sırasında
ən
möhtəşəm
və humanist din
olan İslamın
bel sütununu
zədələyir.
Tanrının bizə bəxş etdiyi bu gözəl dinə
- İslamın və onun bəşəri dəyərlərinə
barmaqarası baxmaq ən böyük günah deyilmi?!
Günahı görə-görə göz yummaq, yaxud ona qəsdən
rəvac vermək, həmin dəyərləri maddi təmannaya,
nəfsə qurban vermək, sadəcə, cinayətdir.
Bugünkü dini mərasimlərdə (yas mərasimləri də
daxil olmaqla) yol verdiyimiz əyintilər şübhəsiz bir
günün, beş günün işi deyil, illərin
yüküdür. Biz bu yükü çiynimizdən ata bilməsək,
o qədər ağırlaşacaq, elə
qarşısıalınmaz fəsadlara gətirib
çıxaracaq ki, diz üstə çökmək məcburiyyətində
qalacağıq. Bəs bu əyintilər hardan və nədən
qaynaqlanır? Bu suala cavab kimi "gördüklərimi" və
"eşitdiklərimi" oxucalarla bölüşmək istərdim.
İsam əfəndi İslami
qayda-qanunların təminatçısı idi
Doğulduğum Şamaxı rayonunun dağlıq ərazisində
yerləşən Hasılı və Əhmədli
obalarından ibarət Kürdəmir kəndində nə məscid
vardı, nə molla. Hər halda biz 50-60-cı illərin
uşaqları belə görmüşdük. O zaman hələ
sovet hakimiyyətinin nəfsinin "tox" vaxtı idi.
Uşaq yaddaşı möhkəm olur.
Kənddə
yas mərasimlərini,
orucluq və qurban
bayramlarını yola
vermək üçün
kəndimizdən
25-30 kilometr aralıda-Pirqulu
rəsədxanasına
gedən yolun
yaxınlığında
yerləşən Avaxıl
kəndindən
İsam əfəndini
gətirərdilər. Arıq,
ortaboylu, ortayaşlı, nurani çöhrəsi olan bu adam
rayonun əksər dağ kəndləri sakinlərinin
sitayiş etdiyi Hacı Seyyid ocağının nümayəndəsi
idi. Kəndimizə gələndə
böyüklü-kiçikli hamı onun əlindən, ətəyindən
öpərdi. O da yaşlılarla hal-əhval tutar,
uşaqların başını sığallayardı. O, kəndə
öz atında gələrdi. Bir evdə hüzür
düşəndə mərhum həyətdə, xalça, gəvə
və sumaq çeşnili, yun palazla tutulmuş "yuvat"
yerində, əsasən səriştəsi olan qan qohumları
tərəfindən, mollanın nəzarəti altında
yuyulub kəfənlənərdi. Ölünü "yad
göz" görməməli idi. Sonra tabut çiyinlərdə,
yaxınlıqdakı Şeyx Səid kənd qəbiristanlığına
aparılırdı. Dəfndə yalnız kişilər
iştirak edirdi. Qəbir səriştəli kənd
adamları tərəfindən qazılardı. Üzü qibləyə
namaz qılınır, sonra meyit daşla
hörülmüş "əlhədə" qoyular,
üstü tava daşlarla örtülür və torpaq
tökülürdü. Hamı çalışırdı
ki, mərhuma son borc kimi qəbirə bir ovuc torpaq ata bilsin. Həmin
gün, dəfndən sonra "süfrə" verilirdi.
("Süfrə" Şirvan mahalında dəfn
günü verilən ehsana deyirlər). Bu işdə
böyüklü - kiçikli bütün kənd iştirak
edirdi-odun doğrayan kim, su daşıyan kim, xörək
hazırlayan kim, sac asıb yuxa bişirən kim, bir sözlə,
heç kəs kənarda qalmırdı. "Yasin" surəsi
oxunandan sonra süfrəyə kasada iki iri dolma, bir kartof, bir
iri tikə ət verilər, göy-göyərti qoyulardı.
Ehsan yeməyi başa çatandan sonra dua oxunar, əvvəlcə
süfrədən çörək götürülərdi.
Süfrə yığışar, gedənlər
başsağlığı verib gedər, qalmaq istəyənlər
qalar, mollanın dini söhbətlərinə qulaq
asardılar. Şübhəsiz, İsam əfəndinin
vaxtında məclisdə milçək uçsaydı səsi
eşidilərdi. Bu minvalla mərhumun
"üçü", "yeddisi", və
"qırxı" verilərdi. "Üç"
günü halvanı nəzərə almasaq, hamısında
eyni menyu təkrar olardı. 70-ci illərin əvvəlində,
İsam əfəndi vəfat edəndən sonra
ildönümü də dəbə düşdü, bu
azmış kimi, cümə axşamları da peyda oldu.
Cümə axşamları əsas mərasim günlərindən
o qədər də fərqlənmirdi. Artıq bu illərdə
ehsan süfrəsi "simasını" dəyişdi. Ət
xörəyi, qaralı aşla yanaşı, mövsümə
uyğun olmayan, əcnəbi ölkələrdən gətirilən
meyvələr, o cümlədən xurma süfrənin əsas
menyusuna daxil oldu. Üzdəniraq bəzi mollalar İran
xurmasını cani-dildən təbliğ edə-edə onun
yerini möhkəmlətdilər. Güya xurma olmasa ehsanın
"qəbul" məsələsində problem yaranar. Beləliklə,
Allahla "gizlənpaç" oynayan, Qasım Bəy Zakir
demişkən, "batində lum-lum udub, zahirdə başqa
söz deyən" çalmalı siyasətçilər
sovetin tikanlı çəpərini hələ ki, "xurma
şirinliyi" ilə keçməyə
çalışırdılar. Onlar əsrlər boyu Azərbaycanı
zəhərli ideyalarının hədəfinə çevirməkdən
usanmamışlar. Azərbaycana "qardaşlıq
dini-imanı" ixrac etmək üçün min oyundan
çıxan bu ölkə 90-cı illərdə
"bakkuş" qutularında Ermənistana müxtəlif
çaplı patronları (gilizləri) ərməğan
aparırdı. Tökülən qanımızda həmin
patronlardan çıxan güllələrin də payı var.
Bu rəzaləti unutmağa bizim mənəvi haqqımız
yoxdur. Bu sözləri gəlişigözəl olsun deyə
xatırlamıram. Bu gün yas mərasimlərimizdə də
bu barmaq oynamaqdadır.
"Görəcəyimiz vaxt
imiş..."
Bu
sözləri
dindar atamdan eşitmişəm. O
bu dünyanın faniliyinə, o biri dünyanın
varlığına elə sidq-ürəkdən
inanırdı ki, "kommunist" şinelindən
çıxan biz övladları təəccübləndirirdi.
Əslində, özümüzdən asılı olmayaraq,
haqq-ədaləti, düzlüyü ondan əxz eləmişdik.
O, İsam əfəndiyə az qalapeyğəmbər kimi
baxırdı. Aşdım-daşdım ehsan mərasimləri
onu əsəbiləşdirirdi: "İsam əfəndi
deyirdi ki, ehsanın mərhuma heç bir xeyri yoxdur, yalnız
onun ruhuna dua etmək vacibdir". Əfəndinin
sağlığında beş-altı namaz qılıb, oruc
tutan vardısa, əfəndinin vəfatından sonra son nəfəsinədək
oruc-namazını keçirməyən, özgə təamı
yeməyən yeganə adam mənim atam oldu. Kəndçilərim
buna şahiddir.
Atam
deyirdi ki, 50-ci
illərə qədər
yas düşən
evdə ehsan verməzdilər
ki, ev sahibinin əli-üzü
qanlıdır, hüzn
içindədir.
Ehsanı yaxın qohumların birinin evində verirdilər.
"Süfrə" günü pendir, çörək,
çay, "üç"də isə halva qoyulardı.
"Yeddi" yox idi. "Qırx"da imkanı olan
özü xərc çəkər, olmayana əl
tutardılar. Atamın dediyinə görə, 30-cu illərə
qədər kəndimizdə yas mərasimlərini bizim təbəhdən
olan qohumumuz molla İsrafil əfəndi idarə edirmiş.
Atam onu da vurğulayırdı ki, "Əlhədi"
daşdan hörmək olmaz. Qəbir daşına çəkic
vurulmamalıdır. İnsan torpağa qarışmalı, qəbir
itməlidir. Onun vəsiyyətinə əməl etdik - "əlhədi"
torpaqdan qazdırdıq - 1991-ci ildə.
Ağıllısı Gülüm olanın,
başına külüm olar
Bu zərb-məsəldə
böyük həqiqət var. Yas mərasimlərini idarə
edən mollanın savadlı, qabiliyyətli, natiq olması
vacib şərtlərdəndir. Yas mərasimləri əvvəlcədən
məxsusi təşkil olunmuş məqsədli yığıncaq
deyil ki, dəvət olunanların kimliyini biləsən. Yasa cəmiyyətin
ağıllısı, savadlısı, cahili və s. zümrələrini
təmsil edən nümayəndələr gəlir. Molla
ağzından çıxan sözə diqqət etməli,
dediyinə inandırmağı bacarmalıdır. Din tarixini
bilməyən, hədisləri saf-çürük etməyə
qabiliyyəti çatmayan, kənar təsirlərə uyub
ağlına gələni danışan mollanın
sözünün kəsərindən söhbət gedə
bilməz. Belə anormal hadisələrin çox şahidi
olmuşam.
Yas mərasimlərində
israfçılığın, yeni-yeni qondarma adətlərin
yaranması onları maraqlandırmır, əslində işlərinə
yarayır. Məsələn,
mərhumun 52-si günü. Bəli, 9 məclisin üstünə
biri də gəldi. Qırxdan sonra 52-si gün qeyd olunur. Yenə
qohum-əqraba, yenə tanış-biliş ehsan süfrəsinə
yığışır. Hansı molla etiraz edib ki, İslamda
belə şey yoxdur? Bu xristianlardan gəlmədir. Bizim nəyimizə
lazımdır? Deməzlər, çünki məclisə
havayı gəlmirlər. Özü də qiymət oxuyurlar.
İslam qanunlarına görə bu yasaqdır. Kim deyər ki,
molla gəlib atası üçün təmənnasız
Quran xətm eləsin? Molla da insandır, o da yaşamalıdır.
Lakin sui-istifadə edib, yas sahibini küncə qısnamaq
hansı dinə, hansı məzhəbə sığar?!
İndi az qala "ara xəlvət, tülkü bəy"
prinsipi hökm sürür. İslam Universitetində təhsil
alanların bir çoxu təkcə "Yasin" surəsini əzbərləyən,
yaxud kiril, həmçinin latın qrafikası ilə
buraxılan kitabçalardın surələri oxuyanlardan fərqlənmir:
nitq yox, təbliğ qabiliyyəti yox, meydan qalıb
özündən mollalara.
Bu
yaxınlarda bir
qohumun yas mərasimində
belə bir mənzərənin
şahidi oldum. Çox
ağır məclis idi, molla da başında təsək
cavan adam. Süfrədə nə desən vardı,
şadlıq saraylarındakı kimi masada barmaq basmağa yer
yox idi. Məclis boyu "Amin", "Fatihə",
"filankəslərin ərvahına bir salavat çevirək"
deyən mollanın səsi hərdənbir eşidilirdi. Camaat
da yemək-içməyində, sözündə-söhbətində.
Məclis yasdan çox, çadıra toplanmış turist əhval-ruhiyyəsində
idi. Vay o gündən ki, mərhum yaşlı, qoca ola, toydan
seçilməz. Yas yasdır nə cavan, nə qoca? Bu da bizim ən
kəsir cəhətimiz. Digər dinlərin heç bir
nümayəndəsi belə hərəkət etmir. Kim istəsə,
maraqlansın və görsün ki, onlar belə mərasimlərdə
necə hüzrlü görünürlər. Qeyd etdiyim kimi,
iki-üç surəni əzbərləyib adam arasına
çıxan, "Mən mollayam" deyənlər
üçün münbit şərait var. İndi bir
çox bölgələrdə yasda pul yığmaq adəti
var. Həmin bölgələrin şəhərlərdə,
o cümlədən paytaxtda məskunlaşan sakinləri bu adəti
şəhərdə də davam etdirir. Bir cəhətdən
bu yaxşıdır, yas sahibinə köməkdir. Digər tərəfdən,
elə də ürəkaçan deyil. Şəhər məclislərindəki
israfçılıq ağlagəlməz rəqəmlərlə
ölçülür ki, bu adətin də bir
yaxşılığı qalmır. Stolun arxasına keçər
- keçməz çoxları süfrəyə göz gəzdirib,
bir-birinin üzünə baxır: üzlərdə
açıq-aşkar ya məmununluq, ya da təəssüf
hissi görünür. Çadırdan restorandan
çıxan kimi çıxırlar. Elə bil ödədikləri
pulun əvəzinə ofisant onları aldadıb-yeyib-içməkdən
narazı qalıblar. Bir-birinə: "Necə idi?" "Əşşi,
belə də, zəif" deyənləri də
görmüşəm. Yas mərasimlərində əyintilərin
yaranma səbəblərindən biri də, cüzi sayda
maraqlananları nəzərə almasaq, əksəriyyətin
"Qurani-Kərim"dən xəbərsiz olmasıdır.
Ən
vacib məsələ:
müqəddəs
kitabımız
"Qurani-Kərimin hər
bir evdə stolüstü
kitaba çevrilməməsi
belə əyintilərə
rəvac vermirmi?
Bu məsələyə birbaşa cavabdeh olan Qafqaz Müsəlmanları
İdarəsinin başbilənləri görəsən nə
fikirləşir? Bəlkə idarənin maddi imkanı yoxdur?!
Azərbaycanda nə qədər müqəddəs ocaqlar,
ziyarətgahlar, məscidlər var, əksəriyyətinin də
qapısında neçə-neçə nəzir qutusu,
yanında da bığıburma nəzarətçilər.
Onlar da gələnlərin üzünə elə
acgözlüklə baxırlar ki, adam xəcalət çəkir,
elə bil ziyarətə yox, tamaşaya baxmağa gəlmisən,
hökmən pul verməlisən. Qutular da dolub-boşalır.
Bu vəsait hara gedir? Hələ indiyədək bu suala
yerli-yataqlı cavab verən olmayıb. Xalqın verdiyi nəzir-niyazın
hesabına "Quran"ı kütləvi tirajla nəşr
edib xalqın özünə paylamaq savab deyilmi? Şahidi
olduğum bir mənzərə: 2003-cü ildə Azər
TAc-da işlədiyim vaxt soyuq fevral ayında əlində bir
neçə kitab olan kəs məni saxladı,
"Krişna" kitabını uzatdı "xahiş edirəm
alın, dedi: - pulsuzdur". Üzünə baxdım - soyuqdan
gömgöy göyərmişdi. Aldım. Yəqin
çoxları görüb. Qalın, gözoxşayan
illüstrasiyalarla bəzədilmiş, nəfis tərtibatlı
bu kitab bütpərəstliyin yeni qolunun təbliği məqsədilə
nəşr edilib və Azərbaycanın paytaxtında pulsuz
paylanır. "Qurani-Kərim" isə
pulla satılır. Buna nə ad qoymaq olar? Şəxsən mən
ad tapa bilmirəm. Dini kitablar, xüsusilə hədislərin əksəriyyəti
İran alimləri tərəfindən
"quraşdırılıb". İslamda sünni-şiə
təriqətləri arasında daim əsassız təfriqə
salan bu "çalmalılar deyilmi? Çadır düşərgəsində
öz didərginliyinə yas tutan qaçqınlara yardım
adıyla bir ovuc düyü paylayıb, o saat ayrıca bir
çadırda mədrəsə açanların məqsədi
nədir görəsən?! Sonra da baş
sındırırıq ki, bu əyintilər hardan
qaynaqlanır. Məsələ ondadır ki, hər hansı ərzaqdan,
yaxud meyvə-tərəvəzdən zəhərlənənləri
sağaltmaq elə də çətin problem deyil. Vay o
gündən ki, beyinlər zəhərlənsin.
Qəbiristanlıq,
yoxsa "ölülər" şəhəri?
Qəbiristanlıqlar əzizlərimizin
uyuduğu və bizim gedəcəyimiz son mənzildir. Bu
dünyada müvəqqəti qonaq olan bizlər qəbirstanlığa
torpaq altda yatanlarımızı yad etmək üçün
gedirik, muzeyə yox. Bu gün şəhər qəbirstanlığına
(rayonlar da geri qalmayıb) yolu düşənlər sanki
başqa bir məkana - "ölülər" şəhərinə
qədəm basır. Sadə ağ daşdan yonulmuş
baş və sinə daşlarından ibarət qəbirlər
azdır, əksinə, mərhumun şəkli əks
olunmuş mərmər qəbrüstülər, qranit heykəllər,
bir sözlə, sükuta bürünmüş cah-cəlal
daha çox diqqəti cəlb edir. Dinimizdə buna yol verilirmi?
Belə təm-təraq yalnız mərhumun əziz xatirəsinə
münasibətdən irəli gəlirmi? Belə möhtəşəm
qəbirüstülərin yanında sadə qəbirlər nə
qədər yazıq və miskin görünür!...
İlahi, son məkanımızda da təbəqələşməyə
rəvac vermişik - burada yatan kasıb, orada yatan isə
imkanlı imiş. Budurmu müsəlmançılıq?
Uzağa getməyin. Türkiyənin nə şəhərində,
nə də köyündə belə qəbirlərə rast
gələrsən. Məgər onların arasında
tanınmış, yaxud imkanlı adamlar olmayıb?! Sadəcə,
onlar dinimizin qayda-qanunundan kənar çıxmırlar. Demək,
nöqsanı özümüzdə axtarmalıyıq.
Göz
qabağında, lakin görünməyən "kölgə"
iqtisadiyyatı
Bu yarımbaşlıq ilk
baxışda qəribə görünə bilər,
çünki dövlətdən, xalqdan gizli, müxtəlif
yollarla qanunsuz əldə edilən qazanca əsaslanan
iqtisadiyyata "kölgə" iqtisadiyyatı deyirlər. Hər
şey münbit şəraitdə inkişaf edir. Yas mərasimlərindən
"qidalanan", gün-gündən intişar tapan əsl
"gölgə" iqtisadiyyatı - əcaib bir biznes
növü də öz işindədir. Onu hamımız həm
görür, həm də görməzdən gəlirik. Ona
görə görməzdən gəlirik ki, onu biz öz
"səxavətimiz"lə bəsləyirik. Ən acınacaqlı
hal da odur ki, bütün bunlar Qafqaz Müsəlmanları
İdarəsinin gözü qarşısında baş verir.
Aldığım qeyri-rəsmi məlumata görə (rəsmi
məlumatlar bu sahədə reallığı əks etdirmir),
çadırın bir günlük kirayəsi 300-400
manatadır. "Qırx"a qədər 8 mərasimi nəzərə
alsaq, 2400-3200 manat çadır haqqı verməlisən.
"Şəhər qəbiristanlığında qəbir
yeri 2000-10000 manat arası vəsaitə, şəhər ətrafı
qəsəbələrdə bu yer 150-2500 manata başa gəlir.
Qəbirüstü mərmərlər, qranitlər, heykəllərin
hədsiz-hüdudsuz qiymətləri haqda danışmağa
belə dəyməz. İndi bu məsrəfləri də
üst-üstə gəlsək, yas mərasiminin neçəyə
başa gəldiyini hesablamaq çətin deyil. Qazanılan vəsait
hesabına "bal tutub barmaq yalayanlar" barınır. Nə
haqq tələb edən, nə hesab çəkən var.
Yasdan qazanc umanlardan isə din-iman, insaf-mürvət ummağa
dəyərmi?!
Cəmiyyətin
qınağı
Hamıya məlum olan - qeyd etdiyim və
etmədiyim əyintilərin qarşısını almaq
üçün ən kəsərəli vasitə cəmiyyətin
qınağıdır. Bu gün bu varmı? Yoxdur.
Çünki hamı dəb dərdindədir. Cəmiyyətin
varlısı da, kasıbı da, eyni zamanda ziyalısı da,
savadlısı da bir nöqtəyə vurmaq əvəzinə
"qınaq hədəfi"nə çevrilməmək
üçün dəbdən kənar
çıxmamağı üstün tutur. Gəlin, əyri
oturaq, düz danışaq. Tutaq ki, bir imkanlının, yaxud
bir kasıbın doğması-əzizi dünyasını dəyişir.
O da məsciddə mürdəşirin, mollanın, eləcə
də çadır sahibinin, qəbiristanlıqda yer satanın
və s. "oxuduğu" qiymətlə
razılaşmır. Mərhum da qalıb ortalıqda. Kimsə
onu haqlı sayacaqmı? Əksinə, hərə bir tərəfdən
dodaq büzüb onu qınayacaq: "Əşi malına-puluna
qıymır. Heç utanmır, ölüsü ortalıqda
qalıb, deyə araya qoyub, şər-şəbədə
qoşacaq. Bizim bu "eqoistliyimiz" əyintilər
üçün yaşıl işıqdır. Laqeydliyimizdən,
mütəhərrik düşüncələrimizdən
istifadə edənlər mövcud əyintilərdən diqqətimizi
yayındırmaq üçün yeni-yeni
"ideyaları" şüurumuza yeritmək məqsədilə
hər vasitəyə əl atırlar. Məsələn,
hicabın qalmaqala çevrilməsi. Vaxt var idi,
çarşabı cırıb yandırırdıq, indi
baş örtüyü ölüm-dirim məsələsinə
çevrilib, daha doğrusu çeviriblər. Hər
yarağımız düzəlibmiş, bircə saqqal
darağımız çatmırmış. Onsuz da kiminsə
baş örtüyünə toxunan yoxdur. Lakin onu kütləviləşdirmək
məqsədli siyasətdən xəbər verir. Cəmiyyət
birmənalı təpgi versə, belə təsirlər
reallığa çevrilməz. Görünür, İslami dəyərlərimizə
münasibətimiz hələ, istənilən səviyyədə
deyil ki, yas mərasimlərimiz də əndazəsindən
çıxıb. Bəlkə inzibati üsula əl
atmağımız daha düzgün olardı? Qafqaz Müsəlmanları
İdarəsi bu məsələdə sərt mövqe
tutmalı, qayda-qanun yaratmalı və ciddi nəzarətdə
saxlamalıdır. Bəs indiyəcək niyə belə tədbirlərin
keçirilməsi heç kəsi maraqlandırmayıb? Kim
udur? Kim uduzur? Və nəhayət... Kimdir günahkar?
Mən, sən, o, yəni
hamımız.
Etibar Etibarlı
Bakı xəbər.-
2011.- 4 aprel.- S. 12.