Xarici
muzeylərə daşınan milli-mənəvi sərvətlərimiz
Onlar haqqında nə bilirik?
Doqquz
iqlim qurşağından yeddisinə sahib olan vətənimiz
öz maddi və mənəvi sərvətlərilə
bütün dünyada məşhurdur. Lakin təəssüflər
olsun ki, zəngin məmləkətimizin bu var-dövləti həmişə
özümüzə qismət olmayıb. Onu yadlara ya
özümüz hədiyyə eləmişik, ya güclə əlimizdən
alıblar, ya da başımızı aldadaraq ona sahib durublar. Hazırda
Azərbaycan tarixinin qiymətli inciləri sayılan yüzlərlə
ədəbi, fəlsəfi, mənəvi, folklor və
etnoqrafik abidə xarici muzey və kitabxanalarda saxlanır.
Vaxtilə müxtəlif yollarla
ölkəmizdən aparılan bu sərvətimiz o muzeylərdə
özünə böyük tamaşaçı kütləsi
qazanıb. Bizə aid olan bu dəyərlərin xarici ölkələrə
daşınmasında öz günahımız heç də
əcnəbilərinkindən az olmayıb. Çar Rusiyası
dövründə camaatın avamlığından,
insanların çox hissəsinin təhsildən, bilikdən
uzaq olmasından istifadə edərək
torpağımızın altını və üstünü
bəzəyən tarixi materiallar Azərbaycan ərazisindən
çıxarılaraq Sankt-Peterburq, Moskva, Kiyev, Tiflis muzeylərinə,
arxivlərinə daşınıb. Guya ki, onları Azərbaycanda
saxlamaq mümkün deyildi. Görkəmli şair, alim və
filosoflarımızın əlyazmalarının böyük
hissəsi də eyni aqibətlə üzləşib. Onların
müəyyən qədəri ailələrdə, şəxsi
kitabxana və arxivlərdə qorunsa da, çoxu başqa
ölkələrə aparılıb.
Tarixçilər bildirir ki, Azərbaycanda
uzun əsrlər maddi-mənəvi sərvətlərimiz
sahibsiz qaldığından, yadlar ondan istədiyi kimi istifadə
edib. Nədənsə, bu dəyərlərə yiyə
durmağa çəsarəti çatan adamlar az olub. XIX əsrə
qədər yalnız yerüstü abidələrimiz, sənət
incilərimiz xarici məmləkətlərdə
alqı-satqı obyektinə çevrilirdisə, bu dövrdən
etibarən yeraltı sərvətlərimiz də həmin aqibətlə
üzləşdi. Ötən yazımızda qeyd eləmişdik
ki, Azərbaycana varlanmaq həvəsilə gələn əcnəbi
sahibkarlar neftimizə, misimizə, filizimizə və başqa təbii
sərvətlərimizə qane olmayıb qazıntı
zamanı üzə çıxan abidələri, misgərlik
nümunələrini, saxsı əşyaları,
qızıl-gümüşlə süslənmiş qiymətli
eksponatları və s. də öz ölkələrinə
daşıyıb. Halbuki, onlara toxunmaya da bilərdilər.
1918-20-ci illərdə isə vəziyyət bir qədər dəyişib.
Yenicə qurulan Azərbaycan Demokratik Cumhuriyyəti bu qiymətli
nümunələrimizin xaricə
çıxarılmasının qarşısını
almaqdan ötrü qərar qəbul edib. Ölkədə muzey
təşkil edilib və arxeoloji qazıntılar zamanı
üzə çıxan bütün abidələri,
bütün sərvətləri həmin muzeyə toplayıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycanın
bu dəyərlərinin talanması istiqamətində işlər
davam etdirilib. Sərvətlərimizin bir hissəsi Azərbaycanda
qalsa da, xalçalarımızdan tutmuş, arxeoloji
qazıntılar nəticəsində üzə çıxan
əşyalara qədər çox şey keçmiş
SSRİ-nin başqa respublikalarına daşınıb. Çox
zaman isə onları başqa xalqların adı ilə təqdim
etməyə cəhd ediblər. Amma bütün bunlara baxmayaraq
həqiqət üzə çıxıb. Bu gün
dünyanın bir sıra muzey və kitabxanalarında saxlanan dəyərlərimiz
haqda nəinki ziyalı kəsimin, tarixçilərin, mətbuat
nümayəndələrinin, hətta sadə vətəndaşların
da məlumatı var. Düzdür, bu sahədə geniş
bilgiyə malik olan qeyri-elm adamları çox azdır. Bu da
onunla bağlıdır ki, kütləvi informasiya vasitələrində
bu məsələ həddindən artıq az
işıqlandırılır.
Xarici muzey və kitabxanalarda Azərbaycana
aid hansı maddi-mənəvi abidələr, qiymətli əşyalar,
tariximizə, ədəbiyyatımıza dair nümunələr,
dəyərlər var?
Paytaxt əhalisi arasında
sorğu keçirib, kimin bu haqda nələr bildiyini öyrənməyə
çalışdıq. Hər halda, cəmiyyətimizin
müxtəlif təbəqələrində təmsil olunan bu
insanların məsələyə münasibəti, bu haqda
bilgiləri maraq doğurur. Sorğudan öncə İnternet
saytlarında bəzi gəzişmələr elədik.
Xaricdəki abidələrimizin
heç də hamısından vətəndaşlarımızın
xəbərdar olmadığı bu sorğudan açıq
göründü. Burada, əsasən Şah İsmayıl Xətainin
Türkiyənin məşhur "Topqapı" Sarayında
saxlanan şahlıq taxtından və onun İran şahı
kimi təqdim edilməsindən danışılır. Bəzi
yerlərdə Gürcüstanın Kutaisidəki Helat
monastırında saxlanan çar Dmitri tərəfindən
oğurlanaraq ölkəmizdən aparılan məşhur Gəncə
qapıları və hazırda orjinalı Londonun Viktoriya-Albert
muzeyində saxlanan "Şeyx Səfi" xalçası barədə
xəbərlər var. Qalan abidələrimiz isə respondentləri
maraqlandırmayıb.
Bakı küçələrində
keçirdiyimiz sorğu zamanı da sakinlərin çoxunun bu
məsələ haqda geniş məlumata sahib
olmadığı aydın oldu.
İxtisasca əczaçı olan
müsahibimiz Zamin Hümbətov sakinlər arasında bu
cür sorğuların keçirilməsini yaxşı hal
saydığını dedi. O bildirdi ki, xalqımızın mənəviyyat,
mədəniyyət, dövlətçilik tarixində önəmli
rolu olan bu abidələrin hər biri barədə vətəndaşlarımızın
məlumatı olmalıdır: "Vallah, bu barədə təbliğat
çox zəif olduğundan, mənim də bu haqda məlumatım
elə də geniş deyil. Eşitmişəm ki, böyük
Azərbaycan mütəfəkkiri, "Əxlaqi-Nasiri" və
başqa əsərlərin müəllifi Nəsirəddin
Tusinin əlyazmaları Tiflis arxivlərində saxlanır. Gəncə
qapılarının da Gürcüstanın hansısa bir
monastırında olduğunu bilirəm. Hətta Azərbaycan
dövləti rəsmi şəkildə bir neçə dəfə
qapıların qaytarılması ilə bağlı
Gürcüstan hökumətinə müraciət eləsə
də istəyinə nail ola bilməyib. Nizami Gəncəvinin
hansısa bir poemasının orjinalının Sankt-Peterburqda
olması haqda da hardasa oxumuşam. Çox istəyirəm ki,
onlar ölkəmizə gətirilərək Tarix Muzeyində
qorunsun və bütün turistlər onlara baxıb Azərbaycanın
necə qədim olduğunu öyrənsin".
Erməni işğalında olan
Xocalı şəhərində doğulan Zamin Hümbətovun
sözlərinə görə, ermənilər tərəfindən
yerlə-yeksan edilən Xocalı şəhərində də
qədim abidələr, xalçalar, əntiq əşyalar
var imiş: "Onların isə ermənilər tərəfindən
yağmalanaraq indiki Ermənistan ərazisinə
aparılması faktdır. Onlar bizə aid bu qiymətli sərvəti
öz adlarına çıxıb".
Səhiyyə Nazirliyinin 548
saylı Aptekinin əməkdaşı Roza Xudayeva isə
Şah İsmayıl Xətainin Türkiyədə olan
şahlıq taxt-tacından xəbərdar olduğunu dedi:
"Şah İsmayılın taxtı və tacı
"Topqapı"dadır. Bunu Türkiyəyə gedən
qohumlarımızdan biri mənə danışıb. Yəqin
dünyanın digər muzeylərində də bizim qədim
abidələrimiz saxlanır".
Əslən Şuşa şəhərindən
olan Könül Əhmədova adlı paytaxt sakini isə dedi
ki, Şuşa şəhərindəki bütün abidələr
ermənilər tərəfindən oğurlanıb. "Şuşanın
yerüstü təbii muzey olduğu hər kəsə məlumdur.
Bizim bütün qiymətli əşyalarımız -
xalçalarımız, digər xalq sənəti nümunələrimiz
ermənilərdədir. İbrahim xana və onun ailəsinə
məxsus qiymətli əşyalar, Xurşud Banu Natəvanın,
Üzeyir Hacıbəyovun, Bülbülün və başqa
şəxsiyyətlərin ev muzeylərindəki maddi və mənəvi
sərvətlər, "Gövhər Ağa" Məscidinin
bütün varidatı - hamısı ermənilərin əlindədir.
Xaricdə olan sərvətlərimizə gəlincə,
"Kitabi-Dədə Qorqud" dastanının əlyazmasının
"Vatikan" və "Drezden"də
saxlandığını bilirəm".
Digər respondent - peşəsi
sürücülük olan Elvin Qurbanov bildirdi ki, Gəncə
qapıların Gürcüstanda saxlanır və ermənilər
Azərbaycan xalqına aid bir sıra abidələri mənimsəyib:
"Bildiyimə görə, Gəncənin qala
qapılarını vaxtilə hansısa gürcü
çarı oğurlayaraq Gürcüstana aparıb. İndi
onu qaytarmaq istəmirlər".
Özünü Rəna Camalova kimi
təqdim edən orta yaşlı xanım isə xarici muzeylərdə
olan abidələrimiz haqda məlumatsız olduğunu dedi:
"Yox, bu barədə heç nə bilmirəm.
Açığı, bu mənim maraqlanmadığım
mövzudur".
Nigar Şahverdiyeva adlı gənc
qız da bu məsələnin onun maraq dairəsindən kənar
olduğunu bildirdi.
Azərbaycan Turizm İnstitutunun III
kurs tələbəsi Əlizadə Malikin bildirdiyinə
görə, "Şeyx Səfi" xalçası Londonun
"Viktoriya-Albert" muzeyindədir.
"Təfəkkür"
Universitetinin III kurs tələbəsi Asim Əliyev isə
bizimlə söhbətində xarici muzeylərdə məşhur
Qarabağ xalçalarının və Azərbaycana aid bəzi
arxeoloji materialların olması haqda məlumata malik
olduğunu dedi: "Azərbaycanda tarixən
xalçaçılıq geniş inkişaf edib. Bu gün qədim
xalçalarımızın çoxu xarici muzeylərdədir.
Qarabağ xalçaları da onların sırasındadır.
Təəssüflənirəm ki, çox vaxt
xalçalarımız öz adımızdan təqdim edilmir.
Onlar bizim şöhrətimizdir".
İxtisasca hüquqşünas
olan Vüsal Məmmədzadənin, digər sorğu
iştirakçılarından fərqli olaraq, bu sahədə
daha məlumatlı olduğu məlum oldu. Vüsal bəy
bildirdi ki, istər Azərbaycanın cənub bölgəsində,
istər Mil-Muğan düzlərində, istər Qərb
regionunda vaxtilə aparılan arxeoloji tədqiqatlar zamanı
külli miqdarda qədim abidələr üzə
çıxarılıb: "Bilirik ki, əvvəllər
ixtiyarımız öz əlimizdə olmayıb və
bütün sərvətlərimiz xaricə aparılıb. Məlumatıma
görə, Lənkəran ərazisində aparılan arxeoloji
qazıntılar zamanı tapılan materialların çoxu
ilk vaxtlar bu şəhərdə yerləşən
diyarşünaslıq muzeyində saxlansa da, sonra - keçid
dövründə müxtəlif vasitələrlə xaricə
satılıb. "Şeyx Səfi" xalçası xaricdədir.
"Dədə Qorqud" abidəsi də onun kimi. Qərbi Azərbaycanda
olan bütün qoç, buğa heykəlləri, qəbirüstü
abidələr, qiymətli əşyalar ermənilər tərəfindən
mənimsənilib, bəzilərini xarici muzeylərə baha
qiymətə satıblar. Mil-Muğan düzündən
tapılan kurqanlardakı eksponatların çoxunun da taleyi naməlumdur.
Küp qəbirlərdə,
insan sümüklərilə yanaşı, qızıl-zinət
əşyaları da basdırılırdı. Onları da
xaricə aparıblar. Bizim Tarix Muzeyində küp qəbirlər
var, amma hamısının içi boşdur, Bu mümkün
deyil, onlarının içini çoxdan
satıb-sovublar".
Nazim Tahirov adlı orta yaşlı kişi müəllim
olduğunu bildirdi. Onun sözlərinə görə,
Cavanşirin at üstündəki heykəli, Babəkin
qılıncı, Şah İsmayılın taxtı və
qılıncı xaricdədir.
Şamil Məmmədov adlı tələbə
isə (harada təhsil aldığını demədi) bildirdi
ki, onu bu məsələlər maraqlandırmır: "Adama
elə sual verirsiniz ki. Mən bu barədə
maraqlanmıram".
Aygün Zamanova adlı 11-ci sinif
şagirdinin bildirdiyinə görə, "Dədə
Qorqud" abidəsi xaricdədir: "Müəllimimizdən
eşitmişəm ki, "Dədə Qorqud"un əlyazması
hansısa muzeydədir".
Sorğumuzu buradaca
yekunlaşdırırıq. Oxucularımızdan istəyimiz
odur ki, öz tariximizə, milli dəyərlərimizə, yad
məmləkətlərdə qolu qandallı qalan abidələrimizin
taleyinə biganə qalmasınlar. Bütün vasitələrlərdən
istifadə edərək onlar haqda müfəssəl məlumata
malik olmaq hər birimizin borcudur. Onları öyrənməsək,
barələrində geniş məlumat əldə eləməsək
yadlar onlara sahib duracaq. Halal haqqımıza yiyə duraq ki,
xalqımızın şərəfi olan o maddi və mənəvi
abidələri nə vaxtsa öz vətəninə qaytaraq.
Axı, hər quşa öz yuvası şirindir.
İradə SARIYEVA
Bakı xəbər.-
2011.- 4 aprel.- S. 11.