Başqa ölkələrin
şəhərləri ilə qardaşlaşan şəhərlərimiz...
Azərbaycan şəhərləri
ilə qardaşlığa meyllər artır
Azərbaycan həqiqətlərini, mədəniyyət,
incəsənət, iqtisadiyyatını, potensial
imkanlarını, milli ideologiyasını və s. sahələri
doğru-düzgün dünya ictimaiyyətinə
çatdırmaq üçün bütün vasitələrdən
istifadə olunmalıdır. Bu bir aksiomdur.
Ölkəmizin tanıdılmasında atılan
addımlardan biri də başqa dövlətlərin bu və
ya digər şəhərlərilə qardaşlaşma
prosesidir.
Müxtəlif dövlətlər arasında mehriban dostluq və əməkdaşlıq mühitinin formalaşmasında bu ölkələrin şəhərləri arasında birbaşa əlaqələrin qurulması faktı da mühüm rol oynayır. Son illər ayrı-ayrı ölkələrin şəhərləri arasında qardaşlaşma prosesi geniş vüsət alıb. Bu zaman müxtəlif şəhərlər bir-birilə iqtisadi, sosial, mədəni, elmi, təsərrüfat və digər sahələr üzrə əlaqələr qurur. Bir-birinin bayram tədbirlərində aktiv iştirakçıya çevrilirlər. Proses ölkələr arasında möhkəm əlaqələrin qurulması istiqamətində başlıca meyarlardan biridir. Azərbaycanda da son illər müxtəlif ölkələrin şəhərlərilə qardaşlaşma prosesi geniş vüsət alıb. Bu sahədə ölkəmizin bir sıra şəhərləri iştirak etsə də, paytaxt Bakının daha aktiv olduğu hiss olunmaqdadır. Bu da başadüşüləndir. Axı Bakı ölkənin mərkəzi, döyünən ürəyi olmaqla yanaşı, həm də əhalinin cəmləşdiyi başlıca məkandır. Bakının qardaşlaşdığı xarici ölkə şəhərləri çoxdur. Bunlardan biri Türkiyənin İzmir şəhəridir. Onunla 1994-cü ildən əlaqə yaradılıb. Bundan başqa, paytaxtımız ABŞ-ın Hyuston, Misirin Qalubiyyə şəhəri ilə qardaşlaşmış şəhərlərdir. Bakının Xətai rayonu ilə Türkiyənin Mersin vilayətinin Tarsus rayonu da analoji vəziyyətdədir. Bu qardaşlaşmanın dünya ölkələri və onların əhalisi arasında ölkəmiz və onun paytaxtı barədə məlumat əldə etməsində böyük əhəmiyyəti vardır. Bildiyimiz kimi, hər bir həyata keçirilən fəaliyyətin geniş yayılmasında təbliğat prosesi mühüm önəm daşıyır. Bu yolla xarici vətəndaşlar Azərbaycanın tarixi, qədim zamanlardakı vəziyyəti, xalqı, onun adət-ənənələri, coğrafiyası, başına gətirilən müsibətlər, erməni təcavüzü və onun nəticələri barədə geniş və doğlun biliyə yiyələnir. Hansı ki, bununla da ermənilərin saxta təbliğatının yalan olduğunun əyani surətdə şahidi olurlar. Turizmin inkişafı baxımından da belə qardaşlaşmanın xüsusi yeri vardır. Bunun nəticəsində, xarici ölkələrdə Azərbaycanın müxtəlif dövrünə aid tarixi abidələr, Bakı ilə bağlı olan məqamlara həsr olunan sərgilər keçirilir, ayrı-ayrı şəhərlərdə paytaxtımıza həsr olunan adibələr ucaldılır. Məsələn, Niderlandın liman şəhəri Rotterdamın küçələrindən biri hələ 1950-ci ildən Bakı adını daşıyır. Bu yaxınlarda orada Bakı küçəsi barelyefinin açılışı da olmalıdır. Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda isə "Xətai uşaq parkı" fəaliyyət göstərir. Belə qardaşlaşma müxtəlif millətlər arasında dostluq və əməkdaşlıq mühitinin geniş vüsət almasına da təkan verir. Bizim başlıca ideologiyamız azərbaycançılıqdır. Onun əsasında isə burada bütün millət və xalqların bərabər və azad şəraitdə yaşaması, ölkəmizin bütövlüyü dayanır. Bu ideologiyanın təkcə ölkə daxilində deyil, ondan kənarda da təbliği vacibdir. Bakı ilə müxtəlif ölkə şəhərlərinin qardaşlaşması azərbaycançılığın xaricdə yayılması və onun müdafiəsində də vacib məqamdır. Düşmənlərimiz hər an çalışır ki, ölkəmiz barədə dünyada mənfi imic formalaşdırsınlar. Bu yolda onlar bütün vasitələrdən istifadə etməkdən belə çəkinmir. Hətta bu zaman çirkin və yalan məlumatları verməkdə də pərgardırlar. Onlar azərbaycançılıq ideologiyasına da qara yaxmağa çalışırlar. Belə hallara yol verməmək, xaricdə əsl həqiqətlərin üzə çıxması üçün şəhərlərimizin başqa ölkə şəhərlərilə qardaşlaşmasının böyük əhəmiyyəti danılmazdır. Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər bir millətin kimliyini özündə əks etdirən bir etalondur. Qardaşlaşma yolu ilə xalqımız öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini də başqa xalqlar arasında yayır və təbliğ edir. Hazırkı qloballaşan dünyada isə milli-mənəvi dəyərlərin qorunub saxlanması olduqca çətindir.
Ölkəmiz 70 ilə yaxın bolşevik Rusiyasının müstəmləkə əsarətində olub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini itirməyib. İyirmi ilə yaxındır ki, müstəqil şəraitdə yaşayırıq. Artıq Azərbaycanda inkişaf templəri hiss olunmaqdadır. Onun beynəlxalq aləmə inteqrasiyası genişlənir. Ötən müddət ərzində ölkəmizin xarici dövlətlərlə əlaqələri hərtərəfli inkişaf edib. Azərbaycanın 30-dan artıq ölkədə səfirliyi fəaliyyət göstərir. Bundan başqa, əksər dövlətin Bakıda da səfirliyi var. Həmçinin bəllidir ki, ölkəmiz bir müddət informasiya blokadası şəraitində yaşayıb. Bu da, öz növbəsində, Azərbaycan həqiqətlərinin dünyaya vaxtında, doğru-düzgün çatdırılmasında problemlər yaradıb. Həmin blokadanın aradan götürülməsində məhz dünya ölkələrindəki şəhərlərlə qardaşlaşmanın da əhəmiyyəti böyükdür. Bununla həmin şəhərlərin əhalisi əsl həqiqətləri bilərək işğalçının kim olduğundan da xəbərdar oldu.
Görəsən, mütəxəssislər nə düşünür, Bakının xarici ölkə şəhərlərilə qardaşlaşması yolu ilə azərbaycançılığın müdafiəsi və yayılması nə dərəcədə mümkündür?
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, qardaşlaşmış şəhərlər prinsipi həm Azərbaycanın tanıdılması üçün, həm də azərbaycançılıq ideyalarının təbliği baxımından kifayət qədər önəmli faktordur: "Bu baxımdan, təkcə həmin prinsipdən deyil, eyni zamanda qardaşlaşmış xarici ölkə şəhərlərində yaşayan azərbaycanlılar və diaspor nümayəndələri də fəal hərəkət etməlidir. Ümumiyyətlə, azərbaycançılıq ideologiyasının özü mahiyyət etibarilə dünyanın bütün qütblərində toplum və ayrı-ayrılıqda yaşayan azərbaycanlılara aid məsələdir. Prinsip ilk növbədə azərbaycanlıların bir araya gəlməsinə, həmrəyliyinə, vahid mövqedən çıxış etməsinə zəmin yaradan, eyni zamanda, diaspor quruculuğu fəaliyyətini stimullaşdıran, onun ideya və əsaslarını formalaşdıran bir faktordur. Ona görə də bu məqam ilk növbədə azərbaycanlılar tərəfindən mənimsənilməli bir ideyadır. Həmin istiqamətdə müxtəlif addımların atılması mümkündür. Hesab edirəm ki, ideyanın özünün ilk növbədə bütün azərbaycanlılar arasında tamamilə təşəkkül tapması, onun mahiyyətinin dərk olunması istiqamətində də müəyyən addımlar atılmalıdır. Qardaşlaşmış şəhərlər prinsipi mənfur qonşularımızın xalqımız və dövlətimiz barədə yaydığı saxta fikirlərin faş olmasında da önəmli rol oynayır. Bu şübhəsizdir. Nə qədər bütöv oluruqsa, nə qədər vahid ideya ətrafında birləşiriksə, doğmalaşır və yaxınlaşırıqsa, həm təşkilatlanma aspekti, həm də müqavimət göstərmək baxımından kifayət qədər ciddi potensial və imkanlar əldə edirik. Ermənilər və bizə qarşı olan digər düşmənlərin qarşısında dayanmaq, həqiqətlərimizi bütün dünyaya çatdırmaq üçün kifayət qədər imkanlar əldə etmiş oluruq. Başqa ölkə şəhərlərilə qardaşlaşma prosesi davam etdirilməlidir. Bu istiqamətdə müəyyən addımların atılması üçün, düşünürəm ki, ölkənin aparıcı şəhərlərinin müəyyən addımlar atmasına ehtiyac var. Bildiyiniz kimi, dünyanın ayrı-ayrı ölkələrində şəhər rəhbərliyi seçki yolu ilə seçilir. Seçki yolu ilə seçilən rəhbərliyin isə qardaşlaşma prosesini dərinləşdirmək üçün kifayət qədər addımlar atmaq imkanı və səlahiyyəti olur. Çünki onlar təkcə inzibati işlərlə məşğul olmur, eyni zamanda, şəhərin özünün imicinin digər aspektlər istiqamətində yüksəldilməsi ətrafında da addımlar atmaqda geniş imkanlar əldə edir. Bu baxımdan ölkəmizdə mərkəzi şəhər bələdiyyələrinin yaradılması təklifilə çıxış etmişdik. Bakı və Gəncə merlərinin seçilməsi məsələsini gündəmə gətirmişdik. Həmin istiqamətdə təkcə inzibati struktur və ayrı-ayrı dövlət qurumları deyil, bələdiyyələrin özünün də fəaliyyət göstərməsinə ehtiyac yaranıb. Çünki dünya miqyasında şəhərlərarası əlaqələrin qurulmasında bələdiyyə sistemlərinin iştirakı daha yaxından qəbul olunur".
Millət vəkili Zahid Oruc bu istiqamətdə baza rolunu soydaşlarımızın oynaya biləcəyinə diqqət yetirdi: "Azərbaycançılığın daha geniş coğrafiyada yayılması, xüsusən də ideyanın soydaşlarımız içərisində bərkiməsi, onun daha artıq birləşdirici rol alması üçün birinci növbədə baza rolunu dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar oynaya bilər. Bilirsiniz ki, onlar öz milli-dini kimliklərini saxlamaq üçün müxtəlif təhsil, elmi proqramlar, yaxud da ictimai-mədəni tədbirlər həyata keçirir. Başlıca olaraq biz azərbaycançılığı ideya müstəvisindən mədəniyyət, elm və daha başqa xarakterli proseslərə keçirə bilərik. Mədəniyyət sferasında onu kifayət qədər nümunələrlə zənginləşdirmək mümkündür. Bu yaxınlarda Fransada Azərbaycanın mədəniyyət günləri keçirildi. Mühüm mədəniyyət hadisəsi kimi bunu Fransa cəmiyyətinə göstərmək mümkün oldu. Görünən odur ki, bunun özü xeyli reaksiya qazandı. Hesab edirəm, hətta azsaylı xalqlar da mədəniyyət identifikasiyası kimi ideya-siyasi müstəviyə çıxıb, yalnız ondan sonra dünyanın ayrı-ayrı yerlərində bərkiyə bilir. Ona görə də düşünürəm ki, bəlkə də qardaşlaşmış şəhərlər modelindən daha çox oradakı azərbaycanlıların geniş əlaqələrindən, onların ictimai-siyasi mühitdəki imkanlarından faydalanmaq lazımdır. Bunun üçün müvafiq proqramlar da qəbul oluna bilər. Dünyada hər şey millətə ümumi münasibətdən başlayır. Bəzən hansısa ada və münasibətə görə addımlar atılır və onun maddi faydaları da öz-özünə formalaşır. Azərbaycanlılıq bu istiqamətdə bizim milli sifətimizi dünyaya yaxşı mənada göstərə bilər. Bunun üçün ilk baza rolunu isə soydaşlarımız oynamalıdır".
Rüfət SULTAN
Bakı xəbər.-
2011.- 6 aprel.- S. 15.