Bəzi
sosial xidmətlərin QHT-yə verilməsi maraqlı
müzakirələrə yol açıb
Ekspertlər bununla şəffaflığın
təmin olunacağını bildirir
Milli Məclisin
Sosial siyasət komitəsi bir sıra sosial xidmətlərin
dövlətdən alınıb qeyri-hökumət təşkilatlarına
(QHT) verilməsini təklif edir. Komitənin sədri Hadı Rəcəbli
bununla bağlı müzakirələrin
aparıldığını və həmin məsələlərin
qanunvericilikdə əksini tapacağını bildirib. Doğrudan
da Qərb ölkələrinin bir neçəsində QHT
strukturuna güclü inam mövcuddur və onlar bəzi xidmətlərin
həyata keçirilməsində heç də dövlətdən
az iş görmür.
Ən əsası isə, görüləcək işlər
şəffaf şəkildə açıqlanır və
bunun da bariz nümunəsi kimi sonda yerinə yetirilmiş
işlərin hesabatı verilir.
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd
Nuriyevin sözlərinə görə, bəzi sosial xidmətlərin
QHT-yə verilməsi məsələsini dəfələrlə
gündəmə gətirib: "Çünki həm
geniş büdcə vəsaitləri xərclənir, həm də
əlavə resurslara ehtiyac yaranır. Eyni zamanda, bəzi
dövlət orqanları funksiyasından kənar elə xidmətlər
həyata keçirir. Bəzən bir işin həm də nəzarəti
üçün fəaliyyət göstərirlər. Bu isə
idarəetmə baxımından düzgün
qarşılanmır. Hesab edirəm ki, idarəetmənin
yaxşılaşdırılması, onun səmərə və
effektivliyinin artırılması, dövləti bir çox
yüklərdən azad etmək üçün bəzi sosial
xidmətlərin QHT-lərə verilməsi vacibdir. Yəni bu
zaman vətəndaş təşəbbüsləri göstərmək,
vətəndaş cəmiyyətini səfərbər etmək
baxımından əhəmiyyətlidir".
Ə.Nuriyev deyir ki, QHT, xüsusən ünvanlı sosial
yardım, sosial müdafiəyə ehtiyacı olan şəxslərə
sosial xidmətlərin göstərilməsinə öz
töhfəsini verə bilər: "Həmçinin,
sağlamlığı məhdud olan şəxslərə
xidmətlər göstərilməsilə əlaqədar
işi QHT-lər həyata keçirə bilər. Ona görə
ki, artıq vətəndaş cəmiyyətinin bunlara
uyğun hazırlığı və təcrübəsi
mövcuddur. Digər məsələlər də var. Sosial
xidmətin belə bölüşdürülməsi həm
şəffaflığın təmin olunmasına, həm də
idarəetmədə effektivliyin təmin edilməsinə gətirib
çıxara bilər. Həmçinin, vətəndaş cəmiyyətinin
bu sahədə peşəkarlığının
artırılmasına səbəb ola bilər. Çünki
vətəndaş cəmiyyəti dövlətlə vətəndaş
arasında birbaşa körpüdür. Həmçinin şəffaflıq,
həm də hesabatlılıq təmin olunar. Hansı ki, cənab
prezident də dövlət orqanlarını hər zaman buna
çağırır".
"Bununla yanaşı, bu gün qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi şurası tərəfindən də
"Dövlət Sifarişi Haqqında" Qanunun
hazırlanmasına başlanıb. "Sosial Sifarişlər
Haqqında" Qanun layihəsinin hazırlanmasına start
verilib. Düşünürəm ki, bu da həmin xidmətlərin
daha effektiv həyata keçirilməsində önəmli rol
oynayacaq. Pullu xidmət göstərən bəzi orqanlar bu
funksiyadan azad olunacaq və vətəndaş cəmiyyətinə
böyük üstünlük veriləcək.Burada rəqabətliliyi
təmin etmək lazımdır" - deyə o
vurğuladı.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri
Məhərrəm Zülfüqarlı sosial xidmətlərin
bəzilərinin QHT-yə verilməsi məsələsini
müsbət qarşılayır: "İndiki vaxtda kommunal təsərrüfat
fəaliyyətinin icra strukturları həyata keçirir. Həmçinin
bələdiyyə mexanizmi də Azərbaycanda yetərincə
işləyə bilmir. Çünki bələdiyyə səlahiyyəti
olmayan, səlahiyyəti təkrarlanan qurumdur. Hardasa icra hakimiyyətinin
əlavəsidir. Tutaq ki, mənzil istismar idarələri
yalnız əhaliyə ev pulu yığmaq xidməti göstərir.
Təbii, bu, dırnaqarası xidmət sayılır. Qalan
işləri isə həyata keçirmirlər, ancaq əslində
onlar müqavilə əsasında iş görməli və
daha sonra pul almalıdır. Bəzi icra strukturlarının
qanunsuz sərəncamları ilə idarələr məcburi
qaydada pul yığır. Belə xidmətləri daha
çevik qurum olan QHT-lər həyata keçirə bilər.
Görürsən ki, yolun mənzil kommunal istismar sahəsinə
düşür, o da sənə arayış vermir və bunu
borclarla əlaqələndirir. Məsələn, təmir
briqadası kimi qurum yarana bilər, o da özəl evlərlə
müqavilə bağlayır ki, göstərəcəyim xidmətlər
müqabilində bu qədər ödəniş edəcəksən.
Amma indi biz həm ev pulu veririk, həm də əlavə usta
çağırıb iş gördürürük. Belə
mexanizmlər elmdə, səhiyyədə və digər sahələrdə
də var. Yəqin ki, Hadı Rəcəbli də həmin
strukturları nəzərdə tutur.
"ABŞ, bir sıra Qərbi Avropa ölkələrində
QHT dövlətə çevik xidmətlər göstərir.
Belə ki, hansısa dövlət strukturu müəyyən
xidməti ləng həyata keçirirsə, yaxud işinin
öhdəsindən gələ bilmirsə, bu zaman QHT-lərə
imkan yaradılır. Əlbəttə, işləməyən
dövlət mexanizmləri mövcuddursa, onları ləğv
edib QHT-lərə sifariş verməklə dövlət bu
problemləri həll edə bilər" - deyə
M.Zülfüqarlı diqqətə çatdırdı.
Zaur ZAHİDOĞLU
Bakı xəbər.- 2011.- 6 aprel.- S.12.