Sənət adamlarımız xaricdə Azərbaycanı necə təqdim edə bilirlər?

 

   Xeyrəddin Qoca: "Azərbaycanı xaricdə təmsil edən sənət adamının birinci növbədə yüksək mədəniyyəti olmalıdır"

 

   Vaqif Cəliloğlu: "Yüksək səviyyəli sənətkar bu məsuliyyəti dərk edir əlindən gəlirsə onu edir"

 

   Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər bir millətin kimliyini özündə əks etdirən bir etalon hesab olunur. Unutmaq olmaz ki, xalq ona məxsus olan milli dəyərləri, fərqlilikləri özündə əks etdirən ənənələri yaşada, tanıda bilirsə, o zaman dünya miqyasında bir millət olaraq öz möhürünü vurur.

   Həmçinin, bu minvalla dünyada millət olaraq assimilyasiya olunmaqdan özünü sığortalayır. O üzdən bu kimi fərqli dəyərlər toplusundan ibarət ənənələrin qorunub saxlanması müasir dövrün tələblərilə uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, zamanında onları qorumaq, tanıtmaq ən başlıcası - böyüməkdə olan gənc nəslə təlqin etmək başlıca vəzifələrdən biri olmalıdır. Ona görə ki, dünya həddən ziyadə sürətlə qloballaşır. Qloballaşan dünya isə sayca bir qədər az olan xalqlara məxsus dəyərləri yox edir. İstəsək , istəməsək bu belədir. Belə olan halda xalqların kimlik məsələsinin qorunması xeyli çətinləşir. O üzdən bu istiqamətdə görülən işlər kompleks şəkildə həyata keçirilməklə yanaşı, son dərəcə sistemli olmalıdır ki, arzuolunmaz nəticələr ortaya çıxmasın. Yəni görülən işlər müasir dövrün tələblərinə cavab verəcək səviyyədə olmalıdır. Müasir dövrlə ayaqlaşmadan bu işi arzuolunan səviyyədə qurmaq mümkün görünmür. Hər addımda nəzərə almalıyıq ki, bu yöndə görülən işlər, atılan addımlar milli ideologiyanın tərkib hissəsini təşkil edir. Yəni bunları milli ideologiyadan ayrı təsəvvür etmək doğru olmaz. Ayrı təsəvvür olunarsa, o zaman bir natamamlıq yaranacaq. Çünki unutmaq olmaz ki, dövlətin oturuşmasında, möhkəmlənməsində dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bütün bunların cəm halında var olması ciddi əhəmiyyət kəsb edir. Yəni bu faktorların hamısı nəticə etibarilə bir-birini tamamlamalıdır. Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha dövlətin monolitliyini, bütövlüyünü özündə ehtiva edir.

   Məlum obyektiv subyektiv səbəblər üzündən Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olub. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz kimliyini itirməyib. İyirmi ilə yaxındır Azərbaycan Respublikası müstəqillik əldə edib. Ötən dövrün bir hissəsi çox keşməkeşli mərhələlərə təsadüf etsə , ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq aləmə inteqrasiyası davam edir. Digər tərəfdən, Azərbaycan hələ Rusiyanın işğalı altında olanda dünyaya örnək sayılacaq bir sıra ciddi mədəniyyət hadisələrinə imza atdı. Məsələn, 1908-ci ildə görkəmli bəstəkar Üzeyir Hacıbəyov "Leyli Məcnun" operasını yaratdı. O dövrdə müsəlman Şərqində sözügedən operanın səhnəyə çıxması olduqca böyük hadisə idi. Daha sonra, 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baleti nümayiş olundu. 1945-ci ildə nümayiş olunan "Arşın mal alan" musiqili filmi sonralar dünyanın əksər ölkələrində tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Xüsusən filmdə baş rolu ifa edən görkəmli sənətkar Rəşid Behbudovun əsrarəngiz əvəzsiz ifası böyük tamaşaçı rəğbətini qazandı. Ümumilikdə mədəniyyət sahəsində yüksək səviyyəli sənət əsəri həm onu yaradan xalqın inkişafının göstəricisidir. Bununla yanaşı, həmin sənət əsəri xalqa baş ucalığı gətirir. Yəni orijinallığı ilə seçilən sənət əsərinin dünya miqyasında nümayiş olunması, eyni zamanda, həmin xalqın tanıdılmasına xidmət edir. Məsələn, Hindistan kinolarının bu ölkənin mədəniyyətinin, folklorunun, məişətinin, sosial həyatının s. xüsusiyyyətlərinin dünyada tanıdılmasında böyük rolu olub indinin özündə var. Həmin kinolara baxanda, istər-istəməz, tamaşaçıda Hindistan barəsində müəyyən təsəvvür formalaşır.

   O da məlumdur ki, hələ sovet dövründə Azərbaycanın mədəniyyət və incəsənət işçiləri bir sıra xarici dövlətlərdə qastrol səfərlərində olurdu. Düzdür, onlar rəsmi olaraq SSRİ-ni təmsil etsələr də, ifaları azərbaycan dilində olurdu. Bu, nə qədər olmasa da, Azərbaycan haqda təəssüratların formalaşmasına, bu xalqın mədəniyyətinə, sənət incilərinə olan marağın artmasına xidmət edirdi. Ölkə müstəqillik əldə etdikdən sonra isə bu imkanlar bir az da genişləndi. İndi istənilən xarici ölkəyə qastrol səfəri edən mədəniyyət və incəsənət işçiləri müstəqil Azərbaycanı təmsil etdiklərini bəyan edir. Bütövlükdə ölkəni xaricdə təmsil edən mədəniyyət və incəsənət təmsilçisinin istənilən davranışı əcnəbi tamaşaçılarda həmin xalq haqda rəy formalaşdırır. Elə incəsənət xadimləri var ki, həqiqətən də dövləti və xalqı çox yüksək səviyyədə təmsil edir. Yaranan fürsətdən istifadə edib, Azərbaycan həqiqətlərini əcnəbilərə çatdırmağa çalışır. Ancaq bunu bütün mədəniyyət və incəsənət xadimlərinə şamil etmək mümkün deyil. Ümumiyyətlə, xarici ölkələrdə qastrol səfərlərində olan mədəniyyət və incəsənət xadimlərinin Azərbaycanı layiqincə təmsil etməsi üçün hansı maarifləndirici işlər görülməlidr? Bunun üçün tövsiyə, nizamlayıcı xarakterli bir orqanın yaradılmasına ehtiyac varmı?

   Sözügedən mövzu ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tanınmış yazıçı-publisist Xeyrəddin Qocanın sözlərinə görə, bunun üçün hansısa xüsusi bir maarifləndirici orqanın yaradılmasına ehtiyac yoxdur: "Bu keyfiyyətlər gərək hər bir incəsənət adamının öz daxilində olsun. Yəni Azərbaycanı xaricdə təmsil edən sənət adamının birinci növbədə yüksək mədəniyyəti olmalıdır. Həmçinin, yüksət sənəti, danışıq qabiliyyəti, davranış keyfiyyətləri olmalıdır. Bütün bunlar kompleks şəkildə olduğu halda, həmin incəsənət adamı ölkəni xarici dövlətlərdə yüksək səviyyədə təmsil edə bilər. Deməyim odur ki, bu bir növ diplomatik fəaliyyətə bənzəyir. O mənada ki, hansısa müğənni bir azərbaycanlı kimi xarici ölkəyə gedirsə, yüksək səviyyəli bir azərbaycanlı olduğunu göstərməlidir. Bunun üçün müğənnilərin üzərinə öhtəlik qoymaq olmaz ki, onlar hansısa ölkəyə qastrol səfərinə gedərkən mütləq ölkə həqiqətlərini əcinəbilərə çatdırmalıdır. Çünki onların öz missiyası var - oxumaq və çalmaq. Yüksək səviyyədə sənət nümayiş etdirmək. Yoxsa hansısa müğənni konsert verməyə gedibsə, borclu deyil ki, hansısa təbliğat işini mütləq aparsın. İmkan daxilində bunları görsə yaxşı olar. Məsələn, görkəmli sənətkar Rəşid Behbudov hansı ölkəyə səfər edirdisə, birinci Azərbaycan mahnısı ilə başlayırdı. Ancaq o da var ki, Rəşid kimi məlahətli, şirin səsi olan sənətkarlar dünyaya bir dəfə gəlir. Hamı onun kimi sənətkar ola bilməz. Çünki Rəşid Behbudov bütün dünya dillərində oxuya bilirdi. Həm də Rəşidin çox gözəl ifa və səhnə mədəniyyəti var idi. Bütün bu keyfiyyətlərin hamısının indiki sənətkarlarda olması mümkün deyil. Bunun üçün yüz dənə diplom da alsalar xeyri yoxdur. Yəni Bülbüldən, Xan Şuşinskidən, Sara Qədimovadan bir dənədir. İndiki müğənnilərə baxanda çox şey onlarda çatmır. Əfsuslar olsun ki, bir çoxunun səhnə mədəniyyəti, davranışı yox səviyyəsindədir. Elələri var ki, Azərbaycan dilini düz-əməlli bilmir. Belələri ölkəni xaricdə nə cür təmsil edər? Elə müğənnilər var ki, hansısa xarici ölkəyə yeyib-içməyə gedir, ancaq qayıdandan sonra yalandan deyirlər qastrol səfərində idik. Bax belə problemlər var. Bəzən görürsən ki, hansısa incəsənət işçisi xaricə səfər edərkən öz maddi mənafeyini güddüyü üçün onu qınayırlar. Fikrimcə, bu cür yanaşma doğru deyil. Lazım gələrsə, incəsənət adamı öz mənafeyini də güdməlidir. Hansısa incəsənət ustası sənətinə görə Azərbaycanda pul tapa bilmirsə və bunu xaricdə əldə edirsə, buna pis pis baxmaq olmaz. Məsələn, ABŞ-da bir film üçün 170 milyon dollar pul ayırırlar. Azərbaycanda hansısa aktyor acından ölürsə, niyə bu seçimi etməsin?".

   Dinşünas Vaqif Cəliloğlu hesab edir ki, ölkəni xaricdə təmsil edən sənət adamının daxilində birinci növbədə gərək azərbaycançılıq olsun: "Yüksək səviyyəli sənətkar bu məsuliyyəti dərk edir əlindən gəlirsə onu edir. Belələrini xüsusi olaraq təlimatlandırmağa ehtiyac olmur. Ən azından, onlar bunu özləri üçün bir mənəvi borc hesab edirlər. Digər tərəfdən, Mədəniyyət Turizm Nazirliyi sənət adamlarını ölkə xaricinə göndərərkən ən yaxşılarını seçməlidir. Çünki hər incəsənət xadimi bu missiyanı həyata keçirmək qüdrətində olmur. Ona görə bu kimi məqamlara diqqət etmək lazımdır. Məsələn, bir vaxtlar Müslüm Maqomayevlə Rəşid Behbudov çox uğurla xaricdə ölkə mədəniyyətini təmsil edirdi. Belə ki, Müslüm Maqomayev, Rəşid Behbudov hansı xarici ölkədə səfərdə olubsa, orada məhz Azərbaycanı təmsil ediblər. Təəssüf ki, hazırkı dövrdə belə sənətkarlar yox səviyyəsindədir bu olduqca pis bir haldır. Bir-iki incəsənət xadimini çıxmaq şərtilə, digərləri ancaq pul, səyahət, ticarət naminə bu işi görür. Sovet dövründə Brejnev Müslüm Maqomayevə belə bir müraciət etmişdi, Müslüm məndən istəyirsən? Görkəmli sənətkarın cavabı belə olmuşdu ki, çox sağ olun, Azərbaycan hökuməti məni hər cür təmin edib".

 qalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

Vidadi Ordahallı

 

Bakı xəbər.- 2011.- 11 aprel.- S. 15.