Şərqdə ilk
demokratik respublika faktoru Azərbaycanın beynəlxalq imicində
necə rol oynayır?
Elçin
Mirzəbəyli: "ADR-lə bağlı tarixi həqiqəti
dünyaya çatdıra bilsək, o zaman Azərbaycanın
dünya miqyasında imici yüksələcək"
Cəmil Həsənli: "Bu həm
də dünyada Azərbaycan demokratizminin, liberalizminin
tarixidir"
Əhməd Qəşəmoğlu:
"Azərbaycanın tarixi nailiyyətlərini dünya
bildikcə, ölkəmizin imici daha da yüksələcək"
Tarix boyu Azərbaycan xalqı min bir
faciə ilə üzləşib. Bir sıra istilaçı
hücumlar nəticəsində zaman-zaman malik olduğu tarixi əraziləri
itirmək məcburiyyətində qalıb. Bu da millətimizin
yaddaşında acı izlər buraxıb. Məsələ
ondadır ki, XIX-XX əsrlər bununla bağlı ən faciəli
və dramatik hadisələrin baş verməsilə yadda
qalıb. Belə ki, 1813-cü ildə İranla Rusiya
arasında imzalanan Gülüstan, daha sonra 1828-ci ildə
imzalanan Türkmənçay müqavilələrilə
böyük Azərbaycan iki yerə bölünərək
işğal edildi.
Yüzlərlə kənd
yandırıldı, tarixi abidələr məhv edildi və
s. Nəticədə xeyli sayda soydaşımız doğma
yurdunu tərk etməli oldu. Ancaq bütün çətinliklərə
baxmayaraq, Azərbaycan xalqı xoşbəxtdir ki, dünyaya
örnək sayıla biləcək bir sıra tarixi hadisələrdə
öz adını qızıl hərflərlə həkk edə
bilib. Baxmayaraq ki, xalqımız keşməkeşli və
çox mürəkkəb, eyni zamanda, ziddiyyətli mərhələlərdən
keçib. Həmçinin, tarixdə bir sıra ağır məhrumiyyətlərə,
ədalətsizliklərə məruz qalıb. Müstəmləkəçiliyin,
cəhalətin tüğyan etdiyi XX əsrin əvvəllərində
Şərqdə ilk demokratik dövlətin əsasını
azərbaycanlılar qoyub. Çoxlarına məlumdur ki,
1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Demokratik
Respublikası 23 ay yaşasa da, Şərqdə ilk demokratik
dövlət olaraq tarixə düşdü. Parlamentdə bir
sıra fərqli siyasi görüşləri təmsil edən
partiya və fraksiyalar təmsil olunurdu ki, bu da Şərq
ölkələri timsalında
çoxpartiyalılığı özündə əks
etdirən ilk nümunədir. Burada diqqətçəkən
məqamlardan biri də odur ki, ADR-i təmsil edən hökumət
bütün parametrləri özündə əks etdirən
sanballı bir elitadan təşkil olunmuşdu. Halbuki, o
dövrün bir sıra Avropa ölkələrində belə,
bu qədər demokratik əsaslara söykənən dövlət
yox idi. ADR nəinki Şərq dünyasına, eyni zamanda
bütün dünyaya örnək sayıla biləcək bir
sivil dövlətçilik institutu modelini ortaya qoydu. Buna daha
bir əyani misal ondan ibarətdir ki, müsəlman Şərq
dünyasında qadınlara seçkilərdə iştirak
hüququ ilk dəfə, məhz 23 ay mövcud olan ADR-də
verilib. Halbuki, demokratiyanın beşiyi sayılan ABŞ-da
qadınlara seçkilərdə iştirak hüququnun verilməsi
30-cu illərin ortalarına təsadüf edir. Hələ onu
demirəm ki, Şərqdə ilk operanın, baletin
yaranması Azərbaycanda baş verib.
Bütün bunların fonunda,
1918-ci ildə müsəlman şərqində ilk demokratik
respublikanın əsasının Azərbaycanda qoyulması, dəyərlər
sistemində böyük bir inqilab idi. Nəyə görə?
Ona görə ki, o dövrün mürəkkəb tarixi
reallıqları kontekstindən yanaşsaq, bunun nə dərəcədə
misilsiz bir dəyər olduğunu anlamış olarıq.
Çünki Birinci Dünya Müharibəsinin hələ
başa çatmadığı, despotizmin kifayət qədər
güclü olduğu müsəlman Şərq
dünyasında demokratik bir dövlət yaratmaq həqiqətən
də çox böyük tarixi fədakarlıq idi. Çox
çətin bir tarixi şəraitdə, imperializmin
dünyanın müqəddəratını həll etdiyi bir
dönəmdə 1920-ci ilin yanvarında Versalda keçirilən
görüşdə aparıcı dövlətlər Azərbaycanın
müstəqilliyini tanıdı. Ortada tarixi bir reallıq var və
heç kəs bunu dana bilməz. Həmin tarixi reallıqdan
çıxış edərək, bizim öyünməyə,
Şərqə və dünyaya örnək göstərməyə
haqqımız var.
1918-ci ildə Azərbaycan müstəqillik
əldə etsə də, bunun ömrü çox uzun
olmadı. İyirmi üç aydan sonra bolşevik Rusiyası
Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə
son qoydu. Bütün bunlara rəğmən, Azərbaycan
1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini bərpa
etdi. Bütövlükdə Şərqdə ilk demokratik
dövlət yaratmaq missiyasının Azərbaycana nəsib olması,
ölkəmizin dünyadaki imicinə necə təsir edir?
Ölkəmiz üçün hansı mənəvi
üstünlükləri var?
Politoloq Elçin Mirzəbəyli
Hesab edir ki, müsəlman Şərqində ilk demokratik
rkspublikanın Azərbaycanda yaradılması ölkəmizin
demokratik ənənələrə malik olmasının tarixi
sübutudur: "Bununla belə, Azərbaycanın demokratik
ölkə olaraq beynəlxalq aləmdə qəbul
olunmasına yardım göstərir. Həmçinin, bu onu
göstərir ki, o zamanki dünyanın öncül dövlətlərində
təməl insan haqları və azadlıqlarına əməl
edilmədiyi bir dövrdə, Azərbaycanda demokratik ənənələri
olan parlamentli respublikanın əsası qoyulub. Bu olduqca
mühüm çəkiyə malik olan tarixi faktordur. O
dövr üçün bu sıradan bir hadisə kimi dəyərləndirilməməlidir.
Nəzərə alsaq ki, bu proses çox qarışıq bir
dönəmdə, əksər Şərq ölkələrində
cəhalətin hökm sürdüyü bir dövrdə
baş verib, o zaman ADR-in yaranmasının nə qədər
böyük tarixi əhəmiyyətə malik olması bir
daha aydın olacaq. Digər tərəfdən, ADR-i yaradan
insanların zəkasına, dünya görüşünə,
eyni zamanda Azərbaycan xalqının bütövlükdə
potensialına heyran qalmamaq mümkün deyil. Bu istiqamətdə
müəyyən addımlar atılır. O mənada ki, ADR-in
araşdırılması və cumhuriyyətçilik ənənələrinin
təbliği baxımından çoxlu sayda
araşdırmalar var. Ancaq hesab edirəm ki, ADR-lə
bağlı daha geniş araşdırmaların
aparılmasına və addımların atılmasına
ehtiyac var. Çünki dünya təkcə kitab və yaxud
prinsip versiyası şəklində həqiqətləri bir o
qədər də qəbul etmir. Mənə elə gəlir
ki, ADR-lə bağlı çox geniş həcmli bir sənədli
filmin hazırlanmasına ehtiyac var. Bununla yanaşı, həmin
sənədli filmin müxtəlif dillərdə səsləndirilməsi
başlıca faktorlardan biri olmalıdır. Yəni dünya
bu tarixi həqiqətlə tanış ola bilsin. Ona görə
də bu tarixi həqiqəti dünyaya çatdıra bilsək,
o zaman Azərbaycanın dünya miqyasında imici yüksələcək".
Tarixçi alim Cəmil Həsənli
də ADR-in yaranmasını çox böyük tarixi hadisə
kimi dəyərləndirərək, bunun Azərbaycanın
imicinə müsbət təsir göstərdiyi qənaətindədir:
"Bu həm də millətin diriliyinin bir nümunəsidir. O
mənada ki, 1918-ci ildə bizim xalq demokratik respublika
formasında öz istiqlaliyyətini elan edibdir. Xalqların
hüquqlarını tanımaq, insan haqlarına hörmət
etmək, demokratik bir cəmiyyət quruculuğu
baxımından ADR-in yaranması tək Azərbaycanın
dövlətçilik tarixi deyil. Bu, həm də dünyada Azərbaycan
demokratizminin, liberalizminin tarixidir. İnsəfən qeyd etmək
lazımdır ki, bu tarixi həqiqəti dünyaya bəyan etmək
üçün müəyyən işlər
görülür. Bu
istiqamətdə hazırkı dövlət kifayət qədər
iş görüb. Görülən işlər ondan ibarətdir
ki, parlament sənədləri, hökumətin, Müdafiə
Nazirliyinin, Xarici İşlər Nazirliyinin 8 cilddən ibarət
sənədləri çap olunubdur. O cümlədən,
yaxşı tədqiqat işləri də aparılıb. Onu
da qeyd edim ki, bununla bağlı Rusiyada mənim kitabım
çap olunub. Hazırda ABŞ-daki Con Hopkins Universitetində
həmin kitabın ingilis dilində nəşri çapa
hazırlanır. ADR-lə bağlı digər müəlliflərin
də yaxşı işləri var. Bütün bunların
hamısı görülən işdir və Azərbaycanın
dünyadaki imicinə müsbət mənada öz təsirini
göstərir".
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki,
müsəlman Şərqində ilk demokratik dövləti biz
yaratsaq da, bununla arxayınlaşmaq doğru olmaz:
"Çalışmaq lazımdır ki, bu tarixi
reallığı dünyaya çatdıra bilək. ADR-in yaranması tarixi reallıq olsa da, həm də təbii
bir hadisədir. Çünki Azərbaycan coğrafi
mövqeyinə görə Qərblə Şərqin
qovuşduğu bir məkanda yerləşir. Digər tərəfdən,
Azərbaycanın çox unikal bir mədəniyyəti var.
Biz təkcə statistik rəqəmləri saymaqla, Azərbaycanın
imicini yüksəldə bilmərik. Bunun üçün digər
işlər də görülməlidir. Əvvəla,
bütün bunların kökündə Azərbaycanın
unikal mədəniyyətinin xüsusiyyətləri
dayanır. Gərək, birinci növbədə, bütün
dünyaya bunu sübut edək. Çünki Azərbaycanda elə
bir mədəniyyət sistemi var ki, dünyanın heç bir
yerində belə bir unikal mədəniyyət sistemi yoxdur. Nəyə
görə yoxdur? Ona görə ki, Azərbaycanda bütün
əsrlər boyu dünyanın ən aparıcı mədəniyyətləri
inteqrasiya olunaraq çulğalaşıb. Deməyim odur ki, Azərbaycanda
türk, yəhudi, fars, İslam, xristian, qafqaz, slavyan mədəniyyətləri
tarix boyu çulğalaşıb inkişaf edib. Dünyada
analoqu olan ikinci belə dövlət yoxdur. Biz bu mədəniyyətin
spesifikasını açsaq çox şeyə nail
olarıq. Yəni həmin bu unikal mədəniyyətin
hesabınadır ki, Azərbaycanda bu cür demokratik
düşüncə öndə olubdur. Bununla belə, Azərbaycanda
20-ci əsrdə dünyanın nəhəng insanları
yetişib. Onların arasında Üzeyir Hacıbəyov, Cəlil
Məmmədquluzadə, Qara Qarayev, Səttar Bəhlulzadə,
Vaqif Mustafazadə, Rəşid Behbudov və digərlərinin
adını çəkmək olar. Sadaladığım bu
görkəmli insanların hamısının kökündə
unikal Azərbaycan mədəniyyətinin xüsusiyyətləri
dayanır. Ona görə də biz ölkəmizin imicini
yüksəltmək üçün təkcə statistik məqamlara
istinad etməməliyik. Statistikanı deyəndə, onu ortaya
qoyan, şərtləndirən səbəbləri də demək
lazımdır. Bunu edəndə, dünyada Azərbaycanın
imici daha da yüksələ bilər. Azərbaycanın tarixi
nailiyyətlərini dünya bildikcə, ölkəmizin imici
daha da yüksələcək".
Vidadi
ORDAHALLI
Bakı xəbər.- 2011.-13 aprel.-S. 12.