Azərbaycan müasir və klassik rəsm əsərləri ilə dünya miqyasında...

 

  Ziyadxan Əliyev: "İndi də ölkəmizin təsviri sənəti Azərbaycan xalqının bir tanınma nişanı olaraq qalmaqdadır"

 

   Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var. Sadalanan bu faktorlar hər bir millətin kimliyini özündə əks etdirən bir etalondur. Nəzərə almaq lazımdır ki, hər bir xalq ona məxsus olan milli dəyərləri, fərqlilikləri özündə əks etdirən ənənələri yaşada, tanıda bilirsə, o zaman dünya miqyasında bir millət olaraq öz möhürünü vurur.

   Təsadüfi deyil ki, hər bir dövlətin ümdə vəzifələrindən biri də özünü dünya miqyasında, digər ölkələrin xalqları arasında tanıtmaqdan ibarətdir. Bütün dövlətlər çalışır ki, öz həqiqətlərini dünya ictimaiyyətinə doğru-düzgün çatdıra bilsinlər. Bunun üçün isə, təbliğat aparılan ölkələrdə geniş işlər görülməsinə ehtiyac var. Azərbaycan da, öz növbəsində, öz həqiqətlərini, mədəniyyət, incəsənət, iqtisadiyyat, potensial imkanları, milli ideologiyasını və s. sahələri doğru-düzgün dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlidir. Buna çatmaq çətin vəzifə olmaqla yanaşı, həm də şərəf işidir. Özünü bəşər ictimaiyyətinə elə göstərmək lazımdır ki, onlar da ölkəmizin hərtərəfli potensialından bəhrələnməkdə maraqlı olsunlar. Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, ölkəmiz hələ gəncdir. O üzdən, ölkəmizin dünyada təbliğ olunmasına ehtiyacı daha böyükdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya ölkələrinə sərbəst çıxış əldə edib. Bu isə, ölkəmizə dünya birliyilə daha geniş əlaqələr qurmağa imkan verir. Belədə ölkəmiz, həm öz nailiyyətlərini dünyaya yayır, həm də başqa ölkələrdən yaxşı nə varsa əxz edir. Azərbaycan yenicə müstəqil olmasına baxmayaraq, böyük çətinliklərlə üzləşib. Ölkəmiz, birinci növbədə, işğala mərzuz qalmasını dünya ictimaiyyətinə çatdırmalıdır. Ancaq məsələ təkcə bununla bitmir. Ona görə ki, dünya həddən ziyadə sürətlə qloballaşır. Qloballaşan dünya isə sayca bir qədər az olan xalqlara məxsus dəyərləri yox edir. İstəsək də, istəməsək də bu belədir. Belə olan halda, xalqların kimlik məsələsinin qorunması xeyli çətinləşir. Ona görə də bu istiqamətdə görülən işlər kompleks şəkildə həyata keçirilməklə yanaşı, son dərəcə sistemli olmalıdır ki, effekti böyük olsun. Yəni görülən işlər müasir dövrün tələblərinə cavab verəcək səviyyədə olmalıdır. Müasir dövrlə ayaqlaşmadan bu işi arzuolunan səviyyədə qurmaq mümkün görünmür. Hər addımda nəzərə almalıyıq ki, bu yöndə görülən işlər, atılan addımlar milli ideologiyanın tərkib hissəsini təşkil edir.

   Dünyada təbliğat vasitələrindən biri də rəssamlıqdır. Rəssamlıq sənəti, əsasən Avropada intişar tapsa da, sonralar digər ölkələrdə də geniş yayılıb. Avropanın məşhur rəssamları olan Leonardo Da Vinçi, Pablo Pikasso, Salvador Dali bütün dünyada tanınır. Həmin rəssamların yaratdığı sənət əsərləri uzun illərdir ki, bəşəriyyəti valeh edir. Təsviri incəsənət sahəsi olan rəssamlıq həm də özünə görə böyük bir təbliğat vasitəsidir. Çünki bəzən hansısa ciddi bir rəsm əsəri böyük bir təbliğat işini görür. Azərbaycanın inkişaf edən incəsənət sahələrindən biri də rəssamlıqdır. Ölkəmizin çox tanınmış rəssəmları var ki, onların yaratdıqları sənət əsərlərində Azərbaycanın əsrarəngiz gözəllikləri təsvir olunub. Məsələn, görkəmli rəssam Səttar Bəhlulzadənin yaratdığı tablolar dünya şöhrətli rəssamların əsərlərindən heç də geri qalmır. Azərbaycanın təbliği rəssamların əsərləri timsalında necə öz əksini tapıb? Bu sahədə hansı işlərin görülməsinə ehtiyac var?

   Sözügedən mövzu ilə bağlı "Bakı-Xəbər"ə fikirlərinə bölüşən tanınmış sənətşünas, əməkdar incəsənt xadimi Ziyadxan Əliyev bir sıra məqamlara aydınlıq gətirdi. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan incəsənəti həmişə xalqımızın beynəlxalq aləmdə tanınma nişanına çevrilib: "Qədim zamanlarda bu həm muğam, həm də xalça və miniatür sənətinin timsalında baş verib. Ölkə sovetləşəndən sonra bu sənəti daha çox ideoloji tərəfə yönəldiblər. Bütün bunlara baxmayaraq, sovet dövründə rəssamlıq kifayət qədər Azərbaycan incəsənətinin, xalqının bir tanınma nişanına çevrilə bilib. Baxmayaraq ki, sovet dönəmində Azərbaycan incəsənəti daha çox SSRİ mədəniyyətinin, incəsənətinin tərkibində dünyaya təqdim olunurdu. Yəni bütün əsərləri SSRİ adından təqdim edirdilər və Azərbaycan xalqının bir fərd, ayrıca millət kimi incəsənətinin incəliklərindən dünyanın o qədər də xəbəri yox idi. O dövrdə ölkə rəssamlığı daha çox sosialist ideologiyasına xidmət etsə də, Azərbaycan rəssamlarından Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Rasim Babayev, Mircəvad Mircəvadov, Fazil Nəcəfov, Fuad Bakıxanov, Xanlar Əhmədov, Arif Hüseynov, Cəmil Yusifzadə, Altay Hacıyev, Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Fuad Salayev və digərləri bir sıra sənət əsərləri yaratdılar. Onlar yaratdıqları əsərlərilə Azərbaycan sənətinin öz simasını müəyyən etdilər. Müstəqillik illərində bu sahədə nəzərəçarpacaq dərəcədə irəliləyişlər olub. Belə ki, müxtəlif ölkələrdə ayrı-ayrı sərgilər təşkil olunur. Ölkə rəssamları tez-tez beynəlxalq tədbirlərdə iştirak edirlər. YUNESKO-nun 2009-cu ili Səttar Bəhlulzadə ili elan etməsi beynəlxalq aləmdə Azərbaycan təsviri sənətinin təqdir olunması kimi qəbul olundu. Yəni o dövrdə bütün dünya ölkələrində Səttar Bəhlulzadənin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Bu da onu göstərir ki, Azərbaycan incəsənətinin bir nümayəndəsi öz xalqının hardasa tanınma nişanına çevrildi. İndiki halda rəssamlıqla bağlı Bakıda da vaxtaşırı müxtəlif tədbirlər, simpoziumlar, sərgilər keçirilir. Keçirilən sərgilərdə xarici ölkələrin diplomatları, səfirliklərin nümayəndələri iştirak edirlər. Bütün bu kimi tədbirlər əlbəttə ki, Azərbaycan xalqının mədəniyyətinin, incəsənətinin, ölkə həqiqətlərinin dünyada yayılmasında müəyyən rol oynayır. Ona görə də bu istiqamətdə işlərin mütəmadi olaraq davam etdirilməsi faydalı olar. Bu sahədə, xüsusilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müxtəlif xarici ölkə səfirliklərilə əlaqəli işlər qurulur. Yəni burda rəssamların dünya ölkələrinə münasibətlərini əks etdirən əsərlərin sərgiləri təşkil olunur. Deməyim odur ki, indiki halda Azərbaycan rəssamları kifayət qədər dünya ilə əlaqə qura bilirlər. Qədim zamanlarda olduğu kimi, indi də ölkəmizin təsviri sənəti, Azərbaycan xalqının bir tanınma nişanı olaraq qalmaqdadır".

   Z.Əliyev verdiyi açıqlamasında onu da bildirdi ki, indiki dövrdə rəsm əsərlərinin böyük bir təbliğat əhəmiyyəti var: "Məsələ ondadır ki, bəzən bir neçə siyasətçinin görə bilmədiyi işi, hansısa sənət əsərləri görə bilir. O baxımdan mənə elə gəlir ki, beynəlxalq aləmdə Azərbaycan təsviri sənətinin imkanlarından daha geniş səviyyədə istifadə etmək olar. Ona görə də, Azərbaycan rəssamlarının təkcə sərgilərini yox, həm də xarici ölkələrdə satış sərgilərini təşkil etməyə ciddi ehtiyac var. Çünki həmin sənət əsərlərinin xarici dövlətlərdə satılması, bir tərəfdən Azərbaycanın tanınması üçün, digər tərəfdən ölkə rəssamlarına maddi cəhətdən böyük dəstək olardı. Problem ondadır ki, rəssamların çoxu maddi cəhətdən o qədər də arzuolunan səviyyədə yaşamırlar. Sovet dönəmində bədii fond mövcud idi və həmin qurum vasitəsilə kifayət qədər sifarişlər alırdılar. Bu minvalla özlərinin maddi durumlarını yaxşılaşdırırdılar. Ancaq müstəqillik dövründə rəssamlar özlərini maddi baxımdan dolandırmaqda çətinlik çəkirlər. Rəssam adi bir tablosunu xaricə aparmaq istədikdə çoxlu gömrük rüsumu tələb olunur. Ona görə də bəzi rəssamlar bu cəhətdən bir qədər çətinlik çəkirlər. Hesab edirəm ki, sözügedən gömrük rüsumları götürülsə, o zaman Azərbaycan rəssamlarının Avropaya, dünyanın digər ölkələrinə çıxması xeyli asanlaşacaq. Digər tərəfdən, satış sərgilərinin keçirilməsi, Azərbaycanda auksionların təşkil olunması, ölkə incəsənətilə yanaşı, həm də xalqımızın tanınması üçün önəmli rol oynaya bilər".

   Z.Əliyev müasir Azərbaycan rəssamlığında müşahidə olunan bəzi nüanslara da diqqəti yönəltdi: "Hazırkı dövrdə rəssamlıqda daha çox avanqard meyllər duyulmaqdadır. Bəzi rəssamlarımız özümüzün qədim ənənələrini öyrənməyə tənbəllik edirlər. Daha çox Avropada mövcud olan avanqard meylləri azərbaycansayağı təkrarlamağa çalışırlar. Bu tendensiya mənə elə gəlir ki, ziyanlıdır. Ona görə ki, bu Azərbaycanın rəssamlıq ənənələrinin gələcəkdə itməsinə səbəb ola bilər. Ümumilikdə rəssamlıqla məşğul olan sıravi gənclərimiz çoxdur. Onların özləri də müəyyən yerli və beynəlxalq sərgilərdə uğurla çıxış edirlər. Bütün bunlarla yanaşı, hesab edirəm ki, biz nə qədər milli kökə tapınsaq, bir o qədər xaric üçün də maraqlı ola bilərik. Çünki Avropada yüz il bundan əvvəl baş verən abstrak cərəyanları, meylləri bu gün Azərbaycanda təkrarlamaqla, dünyanı heç nə ilə təəccübləndirə bilmərik. Ona görə də milli kökə qayıtmaq və milli ənənələri müasir şəkildə dünyaya çıxartmaq daha vacibdir".

  

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.- 2011.- 15-17 aprel.- S. 15.