Minsk Qrupunun həmsədr ölkəsi Qarabağ münaqişəsilə bağlı bədbin proqnozlar verir

 

  Qarabağ dünyanın prioritet münaqişələri arasından çıxıb?

 

   Dağlıq Qarabağ münaqişəsinin həllinin danışıqlar yolu ilə həllinin uzanmasının Azərbaycanın haqlı narazılığına səbəb olması, artıq beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur. Xüsusən də münaqişənin dinc yolla həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun mövqeyi və indiyədək heç bir irəliləyişə nail olmaması haqlı narazılıq predmetidir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı qeyd edir:

   "ATƏT-in həmsədrlər institutu ya münaqişənin həllində bir irəliləyişə nail olmalı, ya da geri çəkilməlidir. Onlar bu məsələ ilə bağlı bəyanat verməlidir ki, bu işi bacarmırlar və Azərbaycan öz milli və beynəlxalq hüququnu necə bacarırsa, elə də bərpa etsin".

   İndi isə görünür, Minsk Qrupunun fəaliyyyətsizliyinin nəticəsidir ki, son illərdə konfliktin çözümündə əsas vasitəçilik təşəbbüsünü Rusiya ələ alıb. ABŞ və Fransanın isə Rusiya qədər fəal olmadığı aydın nəzərə çarpır. Lakin bunun belə olmasını tərəflər heç də açıq şəkildə qəbul etmək istəmir. Məsələn, Fransa Senatının üzvü Natali Qule Qarabağ probleminin nizamlanmasında fəallığına görə, onun ölkəsinin ATƏT-in Minsk Qrupunun iki digər həmsədr ölkəsi olan ABŞ və Rusiyadan geri qalması fikrilə razı deyil.

   "Mənim ölkəm vasitəçi kimi ondan asılı olan hər şeyi edir, lakin nizamlanma prosesi hazırda çox yavaş irəliləyir. Siz gördünüz ki, dünya indi başqa problemlərdən narahatdır və mən ehtiyat edirəm ki, Dağlıq Qarabağ problemi dünyanın məşğul olduğu prioritetli problemlər gündəliyində yoxdur" - deyə o "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.

   N.Qule izah edir ki, indi dünya cəmiyyəti Yaxın Şərqdə, Yaponiyada zəlzələylə və başqa problemlərlə əlaqədar vəziyyətlə məşğuldur: "Heyfsilənirəm, lakin görünür ki, dünya cəmiyyətinin Qarabağ probleminə diqqətini bir az gözləmək lazım olacaq".

   Bununla yanaşı, o qeyd edib ki, o şəxsən Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan vətəndaşlarının problemlərindən narahatdır: "Mən Azərbaycana səfər zamanı həmişə qaçqınlara baş çəkirəm. Bu, mənim üçün çox əhəmiyyətli məsələdir, o məni çox narahat edir və mən onunla fəal məşğul oluram".

   Qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün son iki ildə Moskva kifayət qədər böyük fəallıq nümayiş etdirir. İndi Ermənistanda da belə bir fikir formalaşıb ki, Rusiya münaqişənin Azərbaycanın mövqeyinə cavab verən bir müstəvidə həllinə meyllənir. Moskva Dövlət Universiteti, postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Aleksey Vlasov da bununla bağlı bildirir ki, Rusiya bu gün Qarabağ üzrə vasitəçilər arasında öz sülhməramlı fəallığı ilə seçilir: "Bu çox vacib faktı əks etdirən reallıqdır. Biz Qafqaz siyasətinin bir hissəsiyik və bəzi ölkələr kimi, regionun maraqları ilə qətiyyən üst-üstə düşməyən mürəkkəb bir oyun oynaya bilmərik".

   Erməni ekspert Geqam Baqdasaryan bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni tendensiyalar müşahidə olunmur. Onun fikrincə, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri səylərini danışıqlar prosesini olduğu kimi saxlamağa yönəldib. Azərbaycanın danışıqlar prosesindən çıxması və hərbi yolu seçməsi təhlükəsi var.

   O da faktdır ki, Rusiyanın da ayrıca təşəbbüsü hələ ki, münaqişənin dinc yolla həllində hansısa irəliləyişə gətirib çıxarmır. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə çözülməyəcəyi təqdirdə, güc variantından istifadənin qaçılmaz olduğunu dəfələrlə bəyan edib. Bu fonda isə Dağlıq Qarabağ münaqişəsinin artıq hərbi müstəviyə keçmə ehtimalının kifayət qədər yüksəlməsinə dair yerli və beynəlxalq ekspertlər tərəfindən verilən proqnozların sayı artmaqdadır.

   Əsasən də, rusiyalı ekspertlər belə mövqedən çıxış edir. Əslində, müharibə ilə bağlı Qərb düşərgəsindən də müəyyən xəbərlər gəlir. Qərb ekspertləri də vurğulayır ki, Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyət nəzarətdən çıxa bilər. Onlar bu fikrini son vaxtlar cəbhə bəlgəsində insident və atəşkəsin pozulması hallarının artması ilə izah edir. Bildirilir ki, münaqişə tam həllini tapmayanadək bölgədə müharibənin bərpası risqi qalacaq. Ancaq o da xatırlanır ki, Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olan zaman problemin sülh yolu ilə həllinə dair öhdəlik götürüb.

   Bununla belə, rəsmi Bakı ərazisində müharibə aparmaq və ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququnu özündə saxladığını açıq bəyan edir. Bu fonda isə ölkəmizin cəbhə zonasında yeni hərbi təlimə start verməsi, həm də qarşı tərəfə bir xəbərdarlıq kimi çıxış edir. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr və döyüş vertolyotları Ağdam, Tərtər, Ağcabədi istiqamətində təmas xətti boyunca uçuşlar həyata keçirir. Uçuşların təlim, manevr xarakterli olduğu bildirilir. Uçuşlarda 10-dan artıq qırıcı təyyarə və döyüş vertolyotları iştirak edir. Uçuşlar fasilələrlə təkrarlanır.

   Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu "Trend"ə bildirib ki, cəbhə bölgəsində hərbi təlimlər keçirilir. Təlimləri müdafiə naziri genral-polkovnik Səfər Əbiyev şəxsən izləyir.

 

   Tahir TAĞIYEV

 

   Bakı xəbər.- 2011.- 15-17 aprel.- S. 9.