Mühacirətdəki soydaşlarımızın milli toy mərasimləri - Azərbaycançılığın mühüm əlamətidir

 

İsmayıl Ağayev: "Avropadan fərqli olaraq, Rusiyadakı həmyerlilər milli toy adətlərinə çox sadiqdir"

 

Hər bir xalqın aparıcı adət-ənənələrindən biri də toy mərasimidir. Oğlanla qızın evlənməsi mərasimi hər bir ölkədə müxtəlif cür icra olunur. Azərbaycan xalqının toy adətləri də bir sıra qədim ənənələr kimi çoxəsrlik tarixə malikdir. Bu proses uzun əsrlərdən bəri gələrək indiki hala düşüb. Ölkəmizdə bölgələr üzrə belə toylar və onlara hazırlıq prosesində nəzərəçarpacaq dərəcədə fərqlər müşahidə olunur.

Bu da bizdəki toyların rəngarəngliyindən, onun çoxşaxəli olmasından xəbər verir. Azərbaycanda adət-ənənəyə uyğun olaraq, ailə qurmaq prosesinin başlanğıcından sonuna qədər uzun bir müddət keçir. İlkin olaraq qız bəyənmə olur. Oğlan evi arayıb qız evinə adam göndərir ki, kim tərəfindən elçi gəlmək istədiklərini onlara xəbər versinlər. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda el-obanın ən mötəbər, hörmətli adamlarını göndərib, qız evini razı salmağa çalışırlar. Sonra xəbər göndərmə adəti həyata keçirilir. Bu zaman adət üzrə iki nəfər-oğul anası və yaxın qohumdan biri elçi gedir. Çünki həmişə analar qızın ürəyindəkilərini daha yaxından bilir. Elə ki, qadınlar razılığa gəldi, ailənin "şah" damarı sayılan atalar görüşür. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedir. Elçiliyə gecə getməzlər. Onların qarşısına qoyulan çay içilməz. Burada hələ qəti fikir bildirilmir. Qız tərəfi yaxın qohumlarla məsləhətləşdikdən sonra qəti fikirlərini bildirəcəklərini deyir. Qızdan məsələyə münasibət soruşulduqda onun susması razılıq əlaməti sayılır. Ardınca kiçik elçiliyə gedilir. Bu barədə oğlan anası qızın anasına məlumat verir. O da öz növbəsində evdəkiləri bundan xəbərdar edir. Yaxın qohumları məsləhətləşmək üçün evə çağırırlar. Məsləhətləşdikdən sonra razılığa gəlirlərsə, qızın da fikrini öyrənirlər. Bundan sonra elçilər gəlir. Məclisdə hər iki tərəfdən yaxın qohum-əqraba olur. Hamı süfrə başında oturur, bircə qızın anasından başqa. Bu söhbətləşmədə razılıq verilsə, süfrəyə şirin çay gətirilir. Buradan qız yiyələri gəlinin "bacılığı" gilə yollanır. Çünki, elçi gələndə qız evdə olmur. Qızın "hə"si alındıqdan sonra uzağı bir aya ona kiçik nişan və xonça gətirirlər. Yenə də əvvəldən qız evini xəbərdar edirlər. Bu məclisdə 25-30 adam iştirak edir. Burada əsasən qızın rəfiqələri olur. Oğlan evə gələrək özlərilə bir nişan üzüyü, bir yaylıq və şirniyyat gətirir. Məclis başlanmamış oğlanın yaxınlarından biri üzüyü qızın barmağına taxır, yaylığı isə çiyninə salır. Təzəgəlin bir-bir sağ əlini subay qızların başına qoyur. Nişanda təzə gəlinə hər nə lazımdır, alıb gətirirlər. Nişan xərci oğlan tərəfinin boynuna düşür. Bu zaman soğandan başqa, ət, düyü, yağ, un, göyərti gətirilir. Soğan isə acılıq əlaməti olduğundan, ondan istifadə olunmur. Oğlan evi nişanı qırmızı lentlə bəzədilmiş xonça və çamadanlarda gətirir. Oğlan yengəsi xonçaların üstünə nəmər atır. Bunu qız yengəsi də edir. Ardınca oğlanın bacısı gətirilən şeyləri nümayiş etdirir. Toy gününə kimi olan bayramlarda da qız evinə gələrək bayram hədiyələri verilir. Ardınca toyun vaxtını müəyyənləşdirmək üçün danışığa gəlirlər. Toyda xərci oğlan evi verir. Bəzən qız tərəfi xərc istəmir. Ancaq oğlan evi bacardığını göndərir. Toya bir neçə gün qalmış gəlinin cehizini köçəcəyi evə gətirirlər. Qaynana bu münasibətlə gəlinin qardaşına nəmər verir. Sonra isə gəlinin yengəsilə bacısı evi bəzəməyə gəlir. Toy günündən üç gün öncə qız gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişdi"yə gəlirlər. İlk bişirilən çörəyi oğlan və yaxud da qız anasına verirlər. Qız evində isə qadınların iştirakı ilə "paltarbiçdi" olur. Burada qıza alınan hədiyyələr nümayiş etdirilir. Toy adətlərindən biri də xınayaxdıdır. Burada gəlinin əli və ayaqlarına xına yaxılır, ardınca digərləri də xına qoyub nəmər salır. Toy ərəfəsi kəbin də kəsilir. Bu zaman hər iki tərəfdən bir nəfər şahid qismində çıxış edir. Toy zamanı gəlini "vağzalı" sədaları altında gətirirlər. Toy təamları arasında Azərbaycanda başlıca rolu aş oynayır. Bəy atası xələt verməyənə kimi qız evi gəlini otaqdan çıxmağa qoymaz. Gəlinin belini qayın qırmızı yaylıqla bağlayır. Həyətdə tonqal yandırıb, gəlini onun ətrafında üç dəfə fırladırlar ki, getdiyi yer isti və işıqlı olsun. Oğlan evinə çatan gəlinin ayağının altına qab qoyurlar ki, sındırsın. Ayağının altında qoyun qurbanı kəsirlər. Toydan sonra üzə çıxdı, gəlin gördü kimi adətlər də icra olunur. Ardınca əvvəlcə qız, sonra isə oğlan tərəfi bir-birinə qonaq gedir. Bu açıqlamadan da göründüyü kimi, Azərbaycan toyları rəngarəngliyi, möhtəşəmliyi və cəlbediciliyilə seçilir. Ölkə vətəndaşlarımızın bir hissəsi müxtəlif səbəblərdən artıq xaricdə məskunlaşıb. Onların bir hissəsi milli adət-ənənəyə sadiq qalmaqdadır. Bunu toy mərasimlərinə də şamil etmək olar. Toy adətlərimizin xaricdə soydaşlarımız tərəfindən əməl olunmasının onun əcnəbilər arasında təbliğində də böyük əhəmiyyəti var. Bununla özümüzün zəngin adət-ənənəyə malik olduğumuzu sübut etmiş olarıq. Toy adətlərimizin xaricdə nə dərəcədə icra olunub-olunmadığı və bunun əhəmiyyətini mütəxəssislərlə dəyərləndirməyə çalışdıq.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev xaricdə milli toylarımızın az olduğunu dedi. Olanlar arasında da toy adət-ənənələrimizə riayət edənlər də var, etməyənlər də: "Ümumiyyətlə, Azərbaycandan kənarda yaşayan soydaşlarımızı milli adət-ənənələrimizi saxlamaq baxımından təcrübəmə görə iki hissəyə bölərdim. Bir qrup azərbaycanlı öz soy köklərinə, azərbaycançılıq ideyalarına həmişə sadiq qalır. Onların özləri, övladları Avropada olarkən belə geyimləri, ictimai davranışlarında bir türk olmalarını yaddan çıxarmırlar. Bununla azərbaycanlı olmalarını unutmurlar. Saç düzümlərindən tutmuş geyimləri, ailə münasibətlərinə qədər milli xüsusiyyətlərə əməl edirlər. Belə ailələrdə toy mərasimlərində də milli xüsusiyyətlərin qorunub saxlandığının şahidi oluruq. Soy kökü olan insanlar bu adət-ənənələrimizə hər yerdə əməl edir və başqalarına da bir ibrət dərsi göstərirlər. Ancaq təəssüf ki, bir çoxları Bakıdan o tərəfə keçəndən sonra, Azərbaycandan çıxan kimi avropalının 10 ildə görmədiyi bir anlayışı özündə əks etdirirlər. Birmənalı şəkildə, özlərini "avropasayağı" aparırlar. Hansı ki, avropalıların özləri bunu bu formada etmir. Onların çoxu ilə söhbət edərkən özləri azərbaycanlı olduqlarını deməyənə qədər onların soydaşımız olduğuna inana bilmirsən. Təəssüf ki, içərimizdə belələri də var. Amma çox halda azərbaycanlılar xaricdə toy etmir. Bildiyimiz kimi, soydaşlarımızın Avropaya axını, əsasən keçən əsrin 90-cı illərindən sonra başlayıb. Daha çox tələbə və gənclər, iş adamları olur. Onlar iş müddəti bitdikdən sonra gəlib toylarını Azərbaycanda edir. Çexiyada, Polşa və Avstriyada yaşayan soydaşlarımızın orada kütləvi şəkildə toy mərasimləri təşkil etmələri müşahidə olunmur. Buna az rast gəlinir. Əsasən ad günləri keçirirlər. Toy edənlərə gəldikdə, bir çoxları dediyim kimi, adət-ənənəmizə riayət etsə də, bəziləri bundan uzaqdır. Özlərini daha çox avropalıya oxşatmaq istəyirlər, bu da əksər halda gülünc doğurur. Ya həddindən artıq qısa geyinir, ya da özlərini həddindən artıq formazon kimi aparırlar. Bu da insanlarda ikrah hissi yaradır. Hazırda Bakının özündə toy edərkən zurna balabanı, sazı görmək mümkün deyil. Bu milli musiqi adətlərinə elə də önəm vermirlər. Qaldı Avropanın mərkəzində buna ciddi əməl etsinlər. Azərbaycandakı toyların əksər hissəsində badələri konyak, araqla doldururlar. Bu da dini nöqteyi-nəzərdən qəbul olunmazdır". Həmsöhbətimizin fikrincə, xaricdə təşkil olunan toylarımız milli xüsusiyyətlərimizin təbliğində böyük rola malikdir: "İstərdim ki, xaricdəki toylarımız xalqımızın adət-ənənələrinin təbliği baxımından böyük əhəmiyyət daşısın. Bunun özü bir siyasətdir. Toya gələn qeyri-azərbaycanlı bununla bizim adət-ənənəmiz, milli musiqi alətləri və mahnıları ilə geniş tanış olmaq imkanı əldə edər. Bunun üçün isə xaricdə təşkil olunan milli əhval-ruhiyyəli toyların çox olması vacibdir. Nə qədər çox olsa, bir o qədər təbliğ olunarıq. Məsələn, Rusiyada toylarımız daha çox olur. Burada milli adət-ənənələrimiz daha çox qorunub saxlanır. Ona görə ki, burada bir kənddən olan insanlar bir-birinə daha çox nəzarət etmək imkanındadır. Yəni Avropadakı soydaşlarımızdan fərqli olaraq, Rusiyada yaşayan həmyerlilərimiz milli toy adət-ənənəsinə daha çox sadiqdir. Xaricdəki toylarımızda milli mədəniyyət qədər çox təbliğ olunsa, ermənilərin musiqi alət mahnılarımızı özününkiləşdirməsinə qarşı da ciddi addım atmış olarıq.

"Sarı gəlin", "Tərəkəmə", "Yanıq Kərəm", "Qarabağ şikəstəsi" kimi mahnılarımız nə qədər çox oxunsa, bu bizim xeyrimizədir. Türkiyənin İqdır-Qars bölgəsində əslən İrəvandan olan azərbaycanlılar adət-ənənəmizi qoruyub saxlayır. Demək olar ki, bütün toylarında adam özünü Zəngəzur, Göyçə mahalında olduğu kimi hiss edir. Hər bir azərbaycanlı bu məslələri öz içində yaşatmalı, ailəsinə tətbiq etməlidir ki, xaricə gedəndə layiqincə təbliğ edə bilsin. Amma təəssüf ki, bəziləri hətta ailəsində belə azərbaycanca danışmır. Danışmamağın da səbəbini daha yaxşı elmli və daha yaxşı avropalı olması kimi göstərir. Dil bilmək hələ daha çox avropalı olmaq demək deyil".

 

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 20 aprel.- S. 15.