Naxçıvanlıların 15 illik qazanc(lar)ı...

 

  Təbii ehtiyatların, istehsalat imkanlarının birləşdirilməsi ilə yaradılan reallıqlar...

 

  Bu gün Naxçıvan Muxtar Respublikasında müşahidə edilən irimiqyaslı quruculuq işlərinin, iqtisadiyyata sürətli investisiya qoyuluşlarının təməlində uzun dövr üçün əsası qoyulmuş makroiqtisadi sabitlik və davamlı inkişaf dayanmaqdadır ki, bu da ilk növbədə səmərəli idarəetmənin nəticəsidir. Son 15 il ərzində əsas kapitala 2 milyard manata yaxın həcmdə investisiya yönəldilib.

 

   2010-cu il ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki müvafiq göstəricini 164 dəfə üstələyərək, 501 milyon 105 min manatdan çox olub.

   1995-ci ildən 2011-ci ilədək bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2 milyard manata yaxın olub. Bu investisiyanın sərfi nəticəsində ötən dövr ərzində 393 inzibati bina, mənzil-kommunal təsərrüfatı sahəsində 593 obyekt, 153 nasos stansiyası, 356 subartezian quyusu, 119 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu, 2110 müxtəlif güclü transformator yarımstansiyası tikilərək işə salınıb. 45 məişət evi və ticarət mərkəzi, 231 elm və təhsil müəssisəsi, 272 mədəniyyət müəssisəsi, 173 səhiyyə müəssisəsi, 33 idman obyekti, 312 halda su, kanalizasiya və drenaj xətləri, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 457 fərdi ev, 3394 istehsal, xidmət və digər bu kimi infranstruktur obyektləri istifadəyə verilib.

   Dövlət idarəetməsinin səmərəli təşkili prosesinin mühüm elementi qismində inzibati binaların inşası və yenidən qurulması ötən dövr ərzində də diqqət mərkəzində saxlanıb və ümumilikdə 393 inzibati bina inşa olunub. Son dörd ildə Muxtar Respublikada 284 yaşayış binasında tikinti, yenidənqurma və bərpa işləri aparılıb, 301 yaşayış binasında istilik xətnləri yenilərilə əvəzlənib, 35 lift quraşdırılıb. Yaşayış mənzillərində dövlət vəsaiti hesabına daxili istilik xətlərinin çəkilişi və vətəndaşlardan hər hansı bir ödəniş tələb olunmadan panel randiatorların quraşdırılması prosesi davam etdirilməkdədir.

   Əhalinin istifadə etdiyi suyun ekoloji cəhətdən təmizliyini yaxşılaşdırmaq məqsədilə Araz çayının suyundan istifadə edən yaşayış məntəqələrində 6 ədəd modul tipli sutəmizləyici qurğu istifadəyə verilib. Hazırda Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə uyğun olaraq "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Naxçıvan şəhərinə su çəkilişi davam etdirilməkdədir.

   Muxtar Respublikada aqrar sektorun innkişafında mühüm element kimi soyuducu anbarların yaradılması işi üstün istiqamət alıb. Son dövrlər ərzində ümumi tutumu 7 min 920 ton olan 12 soyuducu anbar istifadəyə verilib.

   Ötən dövr ərzində məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdığı problemləri aradan qaldırmaq məqsədilə tutumu 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılıb. Bu dövr ərzində ümumilikdə 25 un dəyirmanı istifadəyə verilib.

   Muxtar Respublikada suvarma əkinçiliyinin geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Son 15 ildə bu sahədə tədbirlər intensivləşdirilib, Heydər Əliyev Su Anbarı tikilib, Arpaçay Su Anbarı isə yenidən qurulub. Bu dövr ərzində 153 nasos stansiyası, 356 subartezian quyusu istifadəyə verilib.

   Bu dövr ərzində Muxtar Respublikada 2934 kilometr uzunluğunda avtomobil yolları və 119 körpü salınıb.

   Ötən 15 il ərzində rabitə və informasiya texnologiyaları sahəsində 260 obyekt və qurğu istifadəyə verilib.

   Muxtar Respublikanın elektroenergetika sahəsində də genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir. Belə ki, bu dövr ərzində ümumi gücü 87 mVt olan Modul Elektrik Stansiyasının, 22 mVt olan Biləv Su Elektrik Stansiyasının və ümumi gücü 4,5 mVt olan Heydər Əliyev Su Anbarı üzərində Elektrik Stansiyasının tikintisi, ümumi gücü 60 mVt olan Naxçıvan Qaz Turbin Elektrik Stansiyasının yenidən qurulması başa çatdırılıb. 1995-ci ildən 2011-ci ilədək olan dövrdə ümumilikdə Muxtar Respublikada 2110 transformator yarımstansiyası quraşdırılmışdır.

   Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də Muxtar Respublikanın təbii qazla tam təmin olunmasıdır. Ötən dövr ərzində təbii qaz təminatının bərpası layihəsi çərçivəsində Muxtar Respublika üzrə əhali təsərrüfatlarına qaz çəkilişi prosesi başa çatdırılıb, 1 yanvar 2011-ci il tarixə 78 min 157 əhali abonenti təbii qazla təmin olunub.

   Ali təhsil ocaqlarının və elmi-tədqiqat mərkəzlərinin tikintisi də diqqət mərkəzində saxlanılıb və son 15 il ərzində Muxtar Respublikada 17 elmi-tədqiqat mərkəzinin və ali təhsil ocağının inşası başa çatdırılıb.

   Təkcə son 15 il ərzində Muxtar Respublikada 168 ümumtəhsil məktəbi istifadəyə verilib.

   Gənc nəslin hərtərəfli inkişafı və dünyagörüşünün formalaşmasında musiqi məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tədris müəssisələrin də rolu böyükdür. Bu baxımdan, ümumtəhsil məktəbləri ilə yanaşı, musiqi məktəbləri, uşaq bağçaları və məktəbdənkənar təhsil müəssisələrinin normal fəaliyyəti üçün yeni binaların inşası diqqət mərkəzində saxlanıb və ötən dövr ərzində 43 musiqi məktəbi, məktəbəqədər və məktəbdənkənar tədris müəssisəsi istifadəyə verilib.

   Muxtar Respublikada tarixi-mədəni irsin qorunması və mədəni potensialın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib və ötən 15 il ərzində 272 mədəniyyət obyekti həyata vəsiqə alıb.

   Muxtar Respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Ötən 15 il ərzində 173 səhiyyə obyekti inşa olunaraq əhalinin istifadəsinə verilib.

   Muxtar Respublikada bədən tərbiyəsi və idman insanlarda sağlam həyat tərzinin təmin edilməsində, gənclərin fiziki və mənəvi cəhətdən sağlamlığının qorumasında və onların asudə vaxtının səmərəli keçirilməsində mühüm bir vasitə kimi həmişə diqqət mərkəzində saxlanıb və ötən 15 il ərzində 33 idman obyekti tikilərək istifadəyə verilib.

   Muxtar Respublikada məhkəmə hakimiyyəti orqanlarının və güc strukturlarının iş şəraitinin, müvafiq infrastrukturlarının təkmilləşdirilməsi müntəzəm xarakter alıb və bu sahədə son 15 ildə 87 inzibati bina inşa olunub.

   Ötən 15 il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 822 min kvadratmetr yaşayış sahəsi tikilib.

   Aparılan məqsədyönlü tədbirlər muxtar respublikada yeni iş yerlərinin yaradılmasına və rifahın davamlı yüksəlişinə əsaslı zəmin yaradıb. 2010-cu ildə Muxtar Respublikada tikinti sektorunda çalışan işçilərin sayı 1995-ci illə müqayisədə 3 dəfə artaraq 11,2 min nəfər təşkil edib. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 379 manata çatıb ki, bu da 1995-ci illə müqayisədə 33 dəfə çoxdur.

   2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin I rübündə Muxtar Respublikada ümumi daxili məhsulun həcmi 59,3 faiz artaraq 323 milyon 921 min 400 manata, onun hər bir nəfərə düşən həcmi isə 60,5 faizlik artımla 787,9 manata çatıb.

   Sənaye sahəsində aparılan uğurlu islahatların nəticəsidir ki, 2011-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulu istehsalının dinamik artımı davam edib və 152 milyon 890 min manatlıq məhsul istehsal edilib. Bu da bir il öncəki səviyyəni 2,1 dəfə üstələyir. Sənaye istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 13 milyon 448 min manatlıq, qeyri-dövlət sektorunda isə 139 milyon 442 min manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 91 faizi özəl sektorun payına düşüb.

   2011-ci ilin yanvar-mart ayları ərzində Muxtar Respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 187 milyon 239 min manat həcmində investisiya yönəldilib ki, bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 2,4 dəfə çoxdur. İnvestisiya qoyuluşlarının 157 milyon 819 min manatı və ya 84,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.

   Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin yanvar-mart aylarında da bitkiçiliyin inkişafı diqqət mərkəzində saxlanıb, bank və kredit təşkilatları tərəfindən istehsalçılara 1 milyon 240 min manatdan çox kredit verilib. Kreditlərin 80 min manatı taxılçılığın, 1 milyon 133 min manatı kartofçuluğun, 27 min 800 manatı isə şəkər çuğunduru sahəsinin inkişafına yönəldilib.

   Ötən rüb ərzində 2011-ci ilin məhsulu üçün 2 min 513 hektar sahədə yazlıq əkin aparılıb ki, bu da 2010-cu ilin müvafiq dövründə əkilmiş 1 min 951 hektar sahədən 562 hektar və ya 29 faiz çoxdur. 2011-ci ilin yanvar-mart aylarında 762 hektar sahədə taxıl, 177 hektar sahədə dənli paxlalılar, 205,3 hektar sahədə şəkər çuğunduru, 3 hektar sahədə dən üçün günəbaxan, 727,2 hektar sahədə kartof, 289 hektar sahədə tərəvəz, 115,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri, 207,5 hektar sahədə cari ilin çoxillik otları, 27 hektar sahədə birillik otlar əkilib. 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə taxıl əkini sahəsi 46 faiz, dənli paxlalıların əkini sahəsi 11,3 faiz, şəkər çuğunduru əkini sahəsi 2,3 dəfə, kartof əkini sahəsi 2 faiz, tərəvəz əkini sahəsi 15,2 faiz, ərzaq üçün bostan bitkilərinin əkini sahəsi isə 5 dəfə artıb.

   2011-ci ilin ilk rübü ərzində "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə məhsul istehsalçılarına ümumi dəyəri 1 milyon 376 min manatdan çox olan 3 min 720 tona yaxın mineral gübrə paylanıb. Bundan başqa, 50 ədədi 2011-ci ilin yanvar-mart aylarında olmaqla cəmi 627 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq Muxtar Respublikaya gətirilib. Təkcə 2011-ci ilin yanvar-mart aylarında əvvəlki dövrlərdə gətirilənlər də nəzərə alınmaqla cəmi maşın və mexanizmlərdən 97-si lizinq yolu ilə istehsalçılara verilib. 1 aprel 2011-ci il tarixə Muxtar Respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 498 baş, qoyun və keçilərin sayı isə 653 min 136 baş olub ki, bu da müvafiq olaraq 1 aprel 2010-cu il tarixə olan göstəriciləri 1,6 və 1,7 faiz üstələyib. Müqayisə üçün qeyd etmək olar ki, 1 yanvar 1989-cu ildə Muxtar Respublikada saxlanan qaramalın baş sayı 77 min 301 baş, xırdabuynuzlu heyvanların baş sayı isə 304 min 405 baş səviyyəsində idi.

   540 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilib.

   2011-ci ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4 faiz artaraq 4914 tona, süd istehsalı isə 2 faiz artaraq 11411 tona çatıb.

   2011-ci ilin yanvar-mart aylarında bank və kredit təşkilatları tərəfindən sahibkarlara keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çox, yəni 12 milyon 153 min manatdan artıq güzəştli kreditlərin verilməsi təmin olunub ki, bu da sosial-iqtisadi inkişafa yeni müsbət meylli impulslar qazandırmaqdadır.

   2011-ci ilin yanvar-mart aylarında verilən kreditlərin 2 milyon 555 min manatı sənayenin, 44 min manatı tikinti sektorunun, 3 milyon 236 min manatı kənd təsərrüfatının, 6 milyon 318 min manatı isə ticarət, nəqliyyat, maliyyə fəaliyyəti, kommunal və digər xidmət sahələrinin inkişafına yönəldilib.

   Yerli istehsalın gücləndirilməsinə yönəldilmiş kompleks islahatların səmərəli nəticəsidir ki, bu gün Muxtar Respublikada 109 növdə, 320 çeşiddə ərzaq, 185 növdə, 462 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 294 növdə, 782 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 89 növdə ərzaq, 159 növdə qeyri-ərzaq olmaqla, cəmi 248 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

   2003-cü il oktyabr ayının 1-dən 2011-ci ilin aprel ayının 1-dək muxtar respublikada 46220 yeni iş yeri yaradılıb ki, onun da 30645-i və ya 66,3 faizi daimi iş yerləridir. 2011-ci ilin yanvar-mart aylarında açılmış 849 yeni iş yerinin isə 675-i və ya 79,5 faizi daimi iş yerlərinin payına düşür.

 

 

   Telman QULİYEV,

   qocaman naxçıvanlı ziyalı

 

   Bakı xəbər.- 2011.- 19-21 avqust.- S. 11.