“Beynəlxalq qadın hüquqlarının müdafiə günü və Azərbaycan...

 

Qadın müqəddəs varlıq olduğundan, onun hüquqlarının qorunmasına əks cinsin nümayəndələrilə müqayisədə daha böyük ehtiyac var. Zaman-zaman bütün dünya miqyasında kişilər tərəfindən qadınlara qarşı zorakılıq halları baş verib. Təəssüf ki, bir çox hallarda güclü cinsin nümayəndələri zərif məxduqlara münasibətdə insanlıqdan kənar davranışlar sərgiləməkdən belə çəkinməyib.

   Bu mənada qadınların müdafiəsi hər zaman aktual olaraq qalır. Uzun əsrlərdən bəri qadın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyələrdə çoxsaylı işlər görülüb. Qadınların apardığı mübarizənin nəticəsidir ki, 1910-cu ildən başlayaraq 8 mart tarixi qadınlar günü kimi qeyd olunmağa başlayıb. Artıq bir əsrdən çoxdur ki, hər il əksər dünya ölkələrində 8 mart bayramı böyük təntənə ilə qeyd olunur. Həmin gün hətta qeyri-iş günü sayılır. Bundan başqa, qadınların hüquqlarının daha intensiv şəkildə müdafiəsinə nail olmaq üçün noyabrın 29-u Qadın Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi yad edilir. Əksər ölkələrin ali qanunverici aktlarında da qadınların kişilərlə bərabər hüquqlara malik olduğu göstərilir. O cümlədən Azərbaycan Konstitusiyası, hər bir ölkə vətəndaşı kimi, qadınların da hüquqlarını qoruyur. Bizdə kişilər kimi, qadınlar da eyni hüquq və vəzifələrə sahibdir. Yəni kişi cinsindən olan insanların istifadə etdiyi hüquq və azadlıqlardan qadınlar da heç bir fərq qoyulmadan istifadə edə bilir. Ailənin formalaşması və inkişafında qadın eyni, bərabər status və üstünlüklərə malik olduğu kimi, cəmiyyət həyatının bütün sahələrində də onun hüquqları bərabərdir. Bundan başqa hər bir kəs, o cümlədən zərif cins nümayəndələri də doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Ölkə Konstitusiyasının 24-cü maddəsi məhz həmin məsələyə həsr olunub. Qadınlarla bağlı digər Konstitusiya aktı isə 25-ci maddədə öz əksini tapıb. Burada bərabərlik amili əks olunub. Həmin maddənin 1-ci bəndində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. İkinci bənddə isə deyilir ki, kişilə qadının eyni hüquq və azadlıqları var. Qadınlar həmçinin kişi ilə bərabər yaşamaq, azadlıq, mülkiyyət kimi hüquqlara sahibdir. Boşanma hallarında qadına məxsus mülkiyyət qanunla ona qaytarılmalıdır. Ailə qurmaqboşanma prosesində də qadın sərbəstdir. Onun istəyi olmadan heç kim qadını bunlara məcbur edə bilməz. Kişinin şəxsi toxunulmazlıq hüququ olduğu kimi, bu, cəmiyyətin bir üzvü olaraq qadına da şamildir. Qadın da qanunla nəzərdə tutulmuş yaşa çatdıqda nikaha girmək səlahiyyətindədir. Heç kim onu zorla ərə verə bilməz. İndiki şəraitdə zərif cins nümayəndələri Konstitusiyanın 35-ci maddəsindən istifadə edərək əmək hüququndan da lazımi dərəcədə istifadə etmək imkanı qazanıb. Əməyə qiymət verilərkən də qanun qadınla kişiyə fərq qoymur. Qadın da istirahət, təhsil və mənzil sahibi olmaq kimi hüquqlara sahibdir. Onun təhsil almaq istəyinə qanunla heç kim maneə ola bilməz. Bundan başqa, 54-cü maddəyə uyğun olaraq nənəmiz Həvvanın davamçıları cəmiyyət və dövlətin siyasi-ictimai həyatında da kişilərlə yanaşı aktiv iştirak etmək həququna malikdir. Bir sözlə, Konstitusiyada vətəndaşlar üçün öz əksini tapan hüquq və azadlıqlar, güclü cins nümayəndələri kimi, eyni dərəcədə qadınlara da aiddir. XX əsrin əvvəllərinə kimi Azərbaycanda qadınlar əsasən hüquqsuz idi. Bir tərəfdən mövhumatçı İslam qaydaları qadınları hüquqsuz etmişdisə, digər tərəfdən qadınların maariflənməsi çar rejiminin ürəyincə deyildi. Yalnız Azərbaycan 1918-ci ilin mayın 28-də müstəqillik əldə etdikdən sonra qadınlar da əks cinsin nümayəndələri kimi bir sıra hüquqlar əldə etdi. Hətta qadınlara verilən bir sıra hüquqlar baxımından həmin dövrdə Azərbaycan demokratiyanın beşiyi sayılan bir sıra ölkələri belə geridə qoymuşdu. Belə ki, Xalq Cumhuriyyəti dövründə qadınlara seçki hüququ veriləndə hələ ABŞ və Fransa kimi ölkələrdə onların həmcinsləri bu hüquqa sahib çıxa bilməmişdi.

   Azərbaycan qadınları son illərdə bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə edib. Gender probleminin aradan qaldırılması sahəsində ciddi işlər görülüb və görülməkdədir. Artıq ölkədə çalışan müəllim kollektivinin əksəriyyətini zərif cinsdən olanlar təşkil edir. Bunu səhiyyə sisteminə də aid etmək olar. Müəlllimliklə bağlı olan sahələrdə rəhbər strukturlarda da qadınların çəkisi artmaqdadır. Xeyli sayda orta məktəb var ki, onlara qadın direktorlar rəhbərlik edir. Amma hələ ki, bunu ali məktəblərlə bağlı demək olmaz.

   Ölkəmizdə sahibkarlıq fəaliyyətilə də əsasən güclü cinsdən olanlar məşğul olur. Cəmiyyət, nədənsə, bu sahədə qadınların çalışması və rəhbərlik etməsinə bir qədər ehtiyatla yanaşır. Amma bununla belə, azdan-çoxdan qadın biznesmenlərimiz də formalaşıb. Qadınlarımızın ölkənin ictimai-siyasi həyatında da fəaliyyəti tam qənaətbəxş sayıla bilməz. Düzdür, son illər bu prosesdə qadın aktivliyi də gözə dəyməkdədir. Parlamentdə təmsil olunanlar arasında qadınların sayında artım müşahidə olunur. Bəzi siyasi partiyalarda qadınların da irəli çəkilməsinə şərait yaradılır. Lakin hələ də elə bir nazirlik yoxdur ki, ona qadın başçılıq etsin. Belə demək mümkünsə, ailə məsələlərində qadına münasibətdə bərabərliyə əsasən riayət olunsa da, ictimai arenaya münasibətdə bunu demək olmaq. Konstitusiya və müxtəlif qanunlarda öz əksini tapan qadın hüquqlarına bir sıra hallarda reallıqda tam şəkildə riayət olunmur. Bunu da bir çoxları yerli adət-ənənə, mentalitetlə bağlamağa çalışır. Amma bütün hallarda, bir çox ölkələrlə müqayisədə bizdə qadına münasibətlə bağlı vəziyyət elə də pis deyil. Elə Şərq ölkələri var ki, orada qadınların avtomobil sürməsinə belə qadağa qoyulub. Ölkəmizdə isə qadınlar ölkənin ictimai-siyasi həyatında azdan-çoxdan iştirak edə bilirbu proses son illər daha intensiv xarakter almağa başlayıb. Ölkədə qanunvericilik sahəsində qadın-kişi bərabərliyində heç bir istisna nəzərdə tutulmayıb. Amma qanunvericiliyin çox sivil olmasına, gender bərabərliyinə önəm verməsinə baxmayaraq, reallıqda vəziyyət tamam başqa cürdür. Konstitusiyada əksini tapan qadın hüquqları ilə reallıq arasında fərqin olması əsasən mövcud stereotiplərlə bağlıdır. Azərbaycanda qadınların hüquqlarını məhdudlaşdıran kifayət qədər stereotiplər mövcuddur. Bir çoxları bunu milli mentalitetlə bağlayır. Azərbaycan qadını kifayət qədər zəhmətkeş, ailəsinə bağlı, əks cinsin nümayəndələrinə sayğı və hörmətlə yanaşan məxluqdur. Bununla belə, Azərbaycan qadını bəzən cəmiyyətin yersiz basqılarına məruz qalır. Bizim ailə kultumuzda belə bir məqam var ki, qadın ailənin idarə olunması, onun yükünü çəkmək, uşaqların böyüməsi və tərbiyəsində bir nömrəli rola malikdir. Ancaq həmin məqam, nədənsə, cəmiyyətdə öz sözünü deyə bilmir. Azərbaycan qadını cəmiyyətdə kifayət qədər passivdir. Azərbaycanda bir çox insanlarda yanlış olaraq belə təsəvvür formalaşıb ki, qadın siyasətlə məşğuldursa, deməli pis yolun yolçusudur. Onlar hansısa ictimai həyatda aktivdirsə, deməli normal ailə qadını deyil. Bu mənada qadınların hüquqlarının beynəlxalq səviyyələrdə müdafiəsinin böyük əhəmiyyəti var. 29 noyabr qadınların hüquqlarının beynəlxalq müdafiəsi gününün nələri özündə əks etdirdiyini aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik. Digər tərəfdən, məsələ ilə bağlı ortaya başqa bir sual çıxır, Azərbaycanda bu sahədə hansı işlər görülüb və görülməkdədir?

   Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva qadın hüquqları ilə bağlı belə bir beynəlxalq müdafiə gününün olmasının həmin sahədə fəaliyyətin genişlənməsinə təkan verdiyini vurğuladı: "Ailə zorakılığı ilə bağlı məsələlər keçən əsrin 60-cı illərindən sonra gündəmə gəlib. Ona qədər isə insan haqları ilə qadın hüquqları ümumi götürülürdü. Yəni məsələyə dövlət-vətəndaş müstəvisində baxılırdı. Uzun müddət ailə münasibətləri insanların özəl şəxsi hüquqları içərisində olduğundan, hər kəs bildirirdi ki, hüquq və dövlət sistemi şəxsi işlərə qarışa bilməz. Ona görə də həmişə qadın hüquqları məsələsi baxılmamış qalırdı. Lakin 60-cı illərdən sonra gender münasibətləri, qadına qarşı ayrıseçkilik, zorakılıq məsələsi dünya ictimaiyyətinin geniş diqqət mərkəzinə keçdi. Həmin vaxt hesabladılar ki, cinayətkarlıq edənlərin 60-70 faizi məhz zorakılığa məruz qalan ailələrdə böyüyən insanlardır. Ona görə də həmin illərdə qadın hüquqları da dünya ictimaiyyətinin diqqət mərkəzinə keçdi. 1999-cu ildə BMT Baş Assambleyası 29 noyabr hadisəsini qadınlara qarşı zorakılıq günü kimi elan etdi. Keçən əsrin 60-cı ilində Dominikan ölkəsində məişət zorakılığı zəminində iki bacı vəhşicəsinə qətlə yetirilir. 1999-cu ildə həmin gün qadın hüquqlarının beynəlxalq müdafiəsi günü elan edilib. Monitorinq aparılarkən məlum olur ki, gerçəkdən də qadınların əksəriyyəti ailə zorakılığından əziyyət çəkir. Dünya üzrə qadınların 70-80 faizi bu zorakılıqdan ziyan görür. Bizdə məişət zorakılığı hadisəsi cinayət əməli sayılmadığından, bu sahədə rəsmi statistika yoxdur. Amma çətinliklər çoxdur. Zorakılıq hallarının çoxu düşüncə tərzindən irəli gəlsə də, işsizliyinburada rolu vardır. Azərbaycanda hələlik ailədə qadın-kişi münasibətləri qeyri-müəyyəndir. Ona görə də zorakılıq halları hələ də var. Bu istiqamətdə maarifləndirmə işləri aparılır. Cəmiyyətimizin bu istiqamətdə bir layihəsi Marşal Fondunun dəstəyilə gerçəkləşib. Uzun müddət bizdə deyirdilər ki, ailə haqqında qanun qəbul etsək bununla onun dağılmasına rəvac verərik. Ona görə də çox vaxt ailə ilə bağlı məsələlər gündəmdən kənarda qalırdı. "Məişət Zorakılığı Haqqında" qanun da uzun çək-çevirdən sonra qəbul olundu. Bu istiqamətdə əlaqəli dövlət proqramlarına da ehtiyac var. Son 20 ildə qadın hüquqları ilə bağlı bizdə də bir sıra işlər görülüb. Dövlət Qadın Komitəsi yaradılıb.

   Bununla bağlı dövlət qadın proqramları mövcuddur. Qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması, gender hüququ haqqında beynəlxalq konvensiyaya qoşulmuşuq. Lakin cəmiyyətdə bu istiqamətdə düşüncə tərzini dəyişməyə hələ də nail olmamışıq. Qadınlar bir sıra sahələrdə icraçı funksiyasında çoxluq təşkil etsə də, qərar qəbul etmədə onların rolu yox dərəcəsindədir. Bu problemləri bir çox hallarda gündəmə gətirmirlər".

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 1 dekabr.- S. 15